Valyuta.com

Virus infeksiyaları epidemik həddi keçməyib

Virus infeksiyaları epidemik həddi keçməyib


“Ötən ilin oktyabr ayından indiyədək Respublika Taun Əleyhinə Stansiyasına kəskin respirator viruslara yoluxmalara görə laborator müayinələrin aparılması üçün tibb müəssisələrindən 291 nümunə daxil olub. Onların müayinəsi nəticəsində 5 nəfərdə paraqrip, 6 nəfərdə adenovirus, 10 nəfərdə A qripinin H3N2 virusu (Honkonq qripi), digərlərində isə kəskin respirator virus infeksiyaları aşkarlanıb. Ölkədə qrip virusundan ölüm halı qeydə alınmayıb”. Bu haqda bizə Respublika Taun Əleyhinə Stansiyasının Xüsusi təhlükəli yoluxucu xəstəliklərin epidemiologiyası şöbəsinin müdiri Rita İsmayılova məlumat verdi.
Müsahibimiz hər il əhali arasında mövsümlə əlaqədar olaraq oktyabr ayından aprel ayına qədər respirator xəstəliklərə yoluxanların sayının artdığını dedi. Bildirdi ki, bu payız-qış mövsümündə də artım müşahidə olunur, lakin qeydə alınan kəskin respirator virus infeksiyaları epidemik həddi keçməyib. R.İsmayılova vurğuladı ki, hazırda bizdə qeydə alınan H3N2 qrip virusu yüngül klinik əlamətlərlə müşahidə edilir. Adenovirus və H3N2 viruslarından hansının insan orqanizmi üçün daha təhlükəli olması barədə fikir yürütməyin çətin olduğunu söyləyən mütəxəssis qeyd etdi ki, bu xəstəliklərin ağırlıq dərəcəsi insanların immunitetindən, qidalanmasından, gigiyenik qaydalara, yataq rejiminə nə dərəcədə riayət etməsindən və s. asılıdır.
Şöbə müdiri bir sıra hallarda xəstəliklərin ağırlaşmasına və daha geniş yayılmasına insanların özlərinin səbəb olduğunu dilə gətirdi: “Virus infeksiyalarına yoluxan insanlar əksər hallarda yataq rejiminə riayət etmirlər, həkimə gedib düzgün müalicə almırlar, tibbi maskalardan istifadə etmirlər. Bu qaydalara riayət edilmədiyinə görə xəstəlik ağırlaşır, təkrar yoluxmalar baş verir. İnsanlar bilməlidirlər ki, onlar xəstə vəziyyətdə, tam sağalmadan evdən çıxanda təkcə öz sağlamlıqlarını təhlükəyə atmırlar, eyni zamanda, digərlərini də yoluxdururlar”.
Mütəxəssis virus infeksiyalarının, o cümlədən H3N2 virusunun ölkəyə kənardan gətirilmədiyini, bunlara yoluxmanın Azərbaycanda baş verdiyini də diqqətə çatdırdı.
Kəskin respirator xəstəliklərin, virus infeksiyalarının yayılmasının qarşısını almaq üçün əhali arasında maarifləndirmə işlərinin, ciddi qabaqlayıcı tədbirlərin həyata keçirildiyini deyən R.İsmayılova məktəblərin, uşaq bağçalarının, nəqliyyat vasitələrinin dezinfeksiya edildiyini vurğuladı. Görülən bu və digər tədbirlər nəticəsində yanvar ayında Taun Əleyhinə Stansiyaya cəmi 7 nümunə daxil olduğunu bildirdi. Şöbə müdiri profilaktik tədbirlərin bundan sonra da davam etdiriləcəyini dedi.
Bəs H3N2 qrip virusu nədir? Əlamətləri və doğurduğu təhlükə hansılardır? Əhalini bu barədə ətraflı məlumatlandırmaq üçün V.Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktor müavini, professor Həqiqət Qədirova ilə əlaqə saxladıq. O hazırda dünyada insanlar arasında dövr edən qrip viruslarının A(H1N1) və A(H3N2) olduğunu bildirdi. Qeyd etdi ki, qrip virusunun antigen formulu H və N hərfləri ilə işarə olunur. Burada H hemaqqlütinin, N isə neyraminidaza sözünün qısalmasıdır və bunlar virusun üzərində olan, onun antigen xüsusiyyətini təmin edən reseptoplardır. Onun sözlərinə görə, bunların dəyişməsi nəticəsində qrip virusunun yeni, müxtəlif variantları əmələ gəlir.
H.Qədirova bu gün dünyada dövr edən H3N2 virusunun 1968-1969-cu illərdə pandemiya törətdiyini xatırlatdı: “H3N2 qrip virusuna “Honkonq qripi” də deyilir. Ötən il H1N1 (“İspan qripi”) virusu daha geniş yayılmışdı. Ümumdünya Səhiyyə Təşkilatının son məlumatına görə isə, 2016-cı ilin sonu və bu ilin əvvəllərində əksər Avropa dövlətlərində və bir sıra digər ölkələrdə xəstələnənlər arasında H3N2 virusu daha çox qeydə alınıb. Bu virusun törətdiyi xəstəlik ağır pandemiya yaradan o biri viruslarla müqayisədə daha yüngüldür, çünki fəsadları daha az olur.
Hazırda əhali arasında sürətlə yayılmış virus infeksiyası yüngül keçən mövsümi qrip xəstəliyidir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il dünyada böyüklərin təxminən 5-10, uşaqların isə 20-30%-i mövsümi qripə tutulur”.
Direktor müavini H3N2 virusunun törətdiyi xəstəliyin əlamətlərini də sadaladı: “Xəstələr əsasən zəiflikdən, 38 dərəcədən yüksək hərarət, titrətmə, baş, göz, boğaz, əzələ və oynaq ağrısından şikayət edirlər. Bunlarla yanaşı, yuxarı tənəffüs yollarının iltihabı, boğazda yanma, öskürək və zökəm kimi şikayətlər də ola bilər. Bəzi hallarda isə ürək bulanma və qusma halları da yaşanır.
Bu əlamətlər müşahidə edilən şəxs mütləq ayrıca otaqda yataq rejimində olmalı, evdən çıxmamalıdır. Otağın havası tez-tez dəyişdirilməlidir. Xəstənin istifadə etdiyi birdəfəlik salfetlər ayrıca sellofan torbaya yığılıb zərərsizləşdirilməlidir. Xəstəyə çoxlu maye – su, kompot, itburnu çayı içirmək lazımdır, çünki bu virusun orqanizmdən çıxması üçün bol maye qəbulu zəruridir”.
Həqiqət Qədirova qripin ən təhlükəli xüsusiyyətinin onun fəsadları olduğunu vurğuladı. Bildirdi ki, “Honkonq qripi”nin ən ağır fəsadı ağciyər pnevmoniyası, ağciyər çatışmazlığı, meningit və qulaq iltihabıdır. Belə ağır fəsadlaşmalar olduğu halda evə həkim çağırılmalı, xəstə mütləq müalicə olunmalıdır. Həkimin məsləhəti ilə antibiotik müalicəsinə başlamaq olar”.
H.Qədirova H3N2 qrip virusuna qarşı vaksinin mövcud olduğunu da dedi: “Xəstəliyin yayılma təhlükəsi yarananda – oktyabr-noyabr aylarından vaksinasiya etmək lazımdır. Bu, insanı qripdən tam müdafiə etməsə də, xeyli qoruyur. Həm H1N1, həm də H3N2 və digər qrip viruslarına qarşı vaksinlərdən istifadə edilə bilər. İmmunitetin əmələ gəlməsi üçün isə bir-iki həftə vaxt lazımdır”.
Yuxarıda sadalanan əlamətlərin qripəbənzər kəskin respirator virus infeksiyaları və adenovirus zamanı da özünü göstərdiyini vurğulayan Həqiqət xanım xəstəliyin qrip olduğunu dəqiqləşdirmək üçün diaqnostika üsulları ilə virusoloji diaqnoz qoyulmasının zəruriliyini diqqətə çatdırdı.
Qrip epidemiyasının Azərbaycana xaricdən daxil olmasının qarşısını almaq üçün görülən tədbirlər barədə bizə Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva məlumat verdi. O qeyd etdi ki, ölkəmizdə təşkil edilən beynəlxalq tədbirlər zamanı xaricdən gələn insanlara güclü tibbi nəzarət olunur: “Bu ilin may ayında Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları zamanı həm qrip, həm də digər yoluxucu xəstəliklərin qarşısına sədd çəkmək üçün yalnız Səhiyyə Nazirliyi deyil, Dövlət Miqrasiya Xidməti, Dövlət Sərhəd Xidməti və digər aidiyyətli qurumlar tərəfindən bütün profilaktik tədbirlər görüləcək”.
Afaq Əliyeva məlumat üçün bildirdi ki, bu gün heç bir ölkədə, o cümlədən Rusiyada və digər həmsərhəd ölkələrdə qrip virusu ilə bağlı pandemik vəziyyət qeydə alınmayib. O bu sahədə heç bir qorxu, təşviş və narahatlığa ehtiyac olmadığını qeyd etdi.шаблоны для dle 11.2





Oktyabr 2017

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova