Valyuta.com

Mərkəzi Neftçilər Xəstəxanası – 60

Mərkəzi Neftçilər Xəstəxanası – 60

1956-cı ildə “Azneft” İB-nin nəzdindəki tibb şöbəsinin əsasında neft kəşfiyyatçıları üçün dünyada analoqu olmayan xəstəxana yaradıldı. O, bir vaxtlar ikicə kiçik otağa sığırdı, indi isə ölkənin ən önəmli şəfa ocaqlarından birinə çevrilib. Bu 60 yaşlı qocaman səhiyyə müəssisəsi hazırda dünya tibb sənayesinin ən yeni nailiyyəti olan müasir avadanlıq və cihazlarla təchiz edilmiş, insanlara layiqincə xidmət göstərən, peşəkarların çalışdığı çoxprofilli, modern klinikadır.
Söhbət Azərbaycanın səhiyyə tarixində önəmli yeri olan Mərkəzi Neftçilər Xəstəxanasından (MNX) gedir. Yubileyi ərəfəsində bu tibb müəssisəsi haqqında daha ətraflı onun direktoru Leyla Seyidbəyova danışdı.


Mərkəzi Neftçilər Xəstəxanası – 60

- Fəaliyyəti müddətində MNX-na rəhbərlik edənlərin sayı çox olmasa da, onların hər biri bu şəfa ocağının keyfiyyətcə yeni inkişaf mərhələsinə keçməsi üçün əməli addımlar atıb...
- Elədir, bu klinikanın ərsəyə gəlməsində iki parlaq şəxsiyyətin böyük əməyi olub. Onlardan biri 60 il öncə yaradılan Neft Kəşfiyyatçılarının Birləşmiş Xəstəxanasının ilk baş həkimi kimi uzun illər səmərəli fəaliyyət göstərən Həsən Əliyev, digəri isə 2000-2009-cu illərdə Mərkəzi Neftçilər Xəstəxanasına rəhbərlik edərək bu şəfa ocağında köklü islahatlar aparmış tibb elmləri doktoru Fəxrəddin Cavadovdur. Son yeddi ildə MNX-nın baş həkimi vəzifəsində çalışan Həbib Yüzbaşıyevin də klinikamızın inkişafında xidmətləri çoxdur.
Xəstəxananın həyatında son illərin ən əhəmiyyətli hadisəsi isə bu qurumun Azərbaycan Dövlət Neft Şirkətinin tabeliyindən çıxarılaraq Səhiyyə Nazirliyinin tərkibinə daxil edilməsidir. Ötən müddət ərzində MNX-da qazanılan çoxsaylı uğurlar bunun nə qədər düzgün qərar olduğunu göstərdi.
2012-ci ildən mən burada baş direktor kimi fəaliyyət gostərirəm. Bu müddətdə xəstəxanamızda 8 şöbə təmir olunaraq ən müasir avadanlıqla təchiz edilib, kilinikanın həkimləri tərəfindən çox sayda çətin, mürəkkəb əməliyyatlar aparılıb, yüzlərlə xəstələr gəlib, şəfa taparaq evinə dönüb.
Xəstəxananın yeni avadanlıqla təchizatı işi indi də davam etdirilir.

- “Bizim məqsədimiz sizin sağlamlığınızın qayğısına qalmaqdır!” Mərkəzi Neftçilər Xəstəxanası öz devizi kimi qəbul etdiyi bu amala nə dərəcədə sadiqdir?
- Biz hər zaman çalışırıq ki, xəstəxanamıza müraciət edən hər kəs bizdən razı getsin. Tutduğu vəzifədən asılı olmayaraq, müəssisəmizin işçi heyətinin məramı budur. Bizə üz tutan hər pasiyent həssas münasibət və peşəkar diqqətlə əhatə olunur. Dünyanın aparıcı klinikalarının da təcrübəsi göstərir ki, pasiyentlərə hərtərəfli qayğı normaya çevrilirsə, bu, uğur gətirir. Uğurlar da inkişafın hərəkətverici qüvvəsidir. Bu yanaşmanın bəhrəsi isə klinikanın yüksək peşəkar tibb müəssisəsi nüfuzunu qazanmasıdır ki, bu da hökmən özünü insanlarımızın sağlamlığında və MNX-nın hər bir fərdinin maddi rifahının yüksəlməsində büruzə verir. Ümumiyyətlə, tibbi xidmət sənətində xırda, əhəmiyyətsiz məqam yoxdur, ən kiçik diqqət nümunəsi belə, böyük uğurların açarına çevrilə bilir.
Sevindirici haldır ki, son illər xəstəxanamızda bir sıra mütərəqqi ənənələr də formalaşıb. Bunlardan biri “xəstə həkimə doğru” formulundan “həkim xəstəyə doğru” formuluna keçiddir. Məhz həmin ənənə çərçivəsində həkimlərimiz briqada şəklində Azərbaycanın müxtəlif bölgələrində olur, orada mürəkkəb cərrahi əməliyyatlar yerinə yetirirlər. İndiyədək mütəxəssislərimiz Lənkəran, Astara, Qəbələ və digər bölgələrdə neçə-neçə böyrəkköçürmə və açıq ürək əməliyyatlarını uğurla aparıblar. MNX-nın həkim briqadası ildə bir dəfə Naxçıvanda olur və orada kifayət qədər mürəkkəb əməliyyatlar kecirir.
Daha bir ənənəmiz ümumxalq bayramlarında, əlamətdar günlərdə pulsuz xidmət aksiyalarıdır. Xəstəxanamızın təsərrüfat hesablı müəssisə olmasına baxmayaraq, belə tədbirləri genişləndirməyə çalışırıq. Bu aksiyalar barədə əvvəlcədən televiziyada elan verilir. Həmin günlərdə xəstəxanaya çoxsaylı vətəndaşlar müraciət edir və biz də onların hamısına kömək üçün əlimizdən gələni əsirgəmirik.
Diqqətəlayiq haldır ki, xəstəxanamıza MDB ölkələrindən, digər yaxın xarici dövlətlərdən müraciətlər davam edir. Son vaxtlar Gürcüstandan, Qazaxıstandan gəlmiş pasiyentlərin əməliyyatını müvəffəqiyyətlə həyata keçirmişik.
Ölkəmizdə ürək cərrahiyyəsinin pionerlərindən olan MNX-nın kardiocərrahlarının yüksək peşəkarlığı hər kəsə məlumdur. Uşaq ürək cərrahiyyəsi sahəsində də xəstəxanamız Azərbaycanın öndə gedən tibb ocaqlarındandır. Eyni zamanda, klinikamızın bizi daim qürurlandıran orqan transplantasiyası şöbəsi də yarandığı gündən uğurla fəaliyyət göstərir. İndiyədək burada 300-ə qədər böyrək və 100-ə qədər qaraciyər köçürülüb.
Hazırda Azərbaycanda icra olunan xroniki böyrək çatışmazlığı üzrə proqramın böyrəkköçürmə ilə bağlı bəndləri əsas etibarilə MNX-da həyata keçirilir. Hemodializə gəlincə, on il bundan əvvəl ölkəmizdə cəmi iki-üç yerdə dializ mərkəzi var idisə, Prezident İlham Əliyevin səhiyyəmizin inkişafına daimi qayğısı sayəsində bu gün belə mərkəzlərin sayı onlarladır. Xəstəxanamızda da Hemodializ şöbəsi artıq neçə ildir uğurla fəaliyyət göstərir. Burada hazırda təqaüddə olan neftçilərimiz və haqqında danışdığım Dövlət Proqramı üzrə daxil olan xəstələr vaxtaşırı müalicə alırlar.

- Leyla xanım, MNX-nın beynəlxalq əlaqələrinin hazırkı vəziyyəti haqqında nə deyə bilərsiniz?
- Bu istiqamətdə də fəaliyyətimiz uğurla davam etdirilir. Hər il Türkiyə Standartlar İnstitutunun ekspertlərini xəstəxanamıza dəvət edirik və onlar MNX-nın fəaliyyətini, bütün otaqların vəziyyətini, müayinə, müalicə və əməliyyatların aparıldığı məkanlardakı şəraiti, hər bir sahədə yaradılmış imkanların müasir dünya təcrübəsinə uyğunluğunu diqqətlə təhlil edirlər. Xəstəxanamız neçə ildir ki, bu nüfuzlu qurumun medalına layiq görülür.
Bundan başqa, dövlət başçısının qayğısı sayəsində bir çox tibb müəssisələri kimi, MNX-nın da həkimləri xarici ölkələrdə ixtisas artırmağa göndərilir. Onlar əsasən Türkiyədə uzmanlıq mərhələsini keçərək geri dönür və pasiyentlərimizə daha yüksək səviyyədə tibbi yardım göstərirlər. Amerika, Almaniya, Yaponiya və başqa ölkələrdə təcrübə keçən həkimlərimiz də var.
Dünya təcrübəsindən bəhrələnməyin nümunələrindən biri kimi, damarlarda, xüsusən də beyin damarlarında genişlənmənin tibbi müdaxilə nəticəsində uğurla aradan qaldırılması ilə bağlı yeniliyin tətbiqini göstərmək olar. Dünyada yeni-yeni yayılmaqda olan bu unikal müalicə üsulu 2000-ci ilin əvvəllərində ilk dəfə İsveçrədə yaradılıb. Biz bu müalicə istiqamətini mənimsəmək üçün orada təcrübə keçmiş türkiyəli mütəxəssis Əhməd Məmişi xəstəxanamızda işləməyə dəvət etdik. O, MNX-da çalışdığı müddətdə yerli kadrlardan tələbələr hazırladı. İndi özu Respublika Diaqnostika Mərkəzində fəaliyyət göstərsə də, yetirmələri burada xəstələrimizə uğurla xidmət edirlər.

- Bir vaxtlar MNX öz modern təchizatına görə ölkəmizdə birinci idi. İndi isə ən yüksək səviyyədə tibbi xidmətlər göstərən şoxsaylı klinikalar, mərkəzlər fəaliyyət göstərir. Bu gün və gələcəkdə ciddi rəqabət şəraitində öncüllüyü qoruyub saxlamaq üçün nə kimi planlarınız var?
- MNX-nın son illər əldə etdiyi nailiyyətlər təkcə bu tibb müəssisəsinin deyil, bütövlükdə Azərbaycan səhiyyəsinin, ölkə rəhbərliyinin uğurlarıdır. 2005-ci ildə professor Oqtay Şirəliyevin səhiyyə naziri təyin olunması ilə Azərbaycan səhiyyəsində canlanma yarandı. Prezidentin tapşırıqlarına uyğun olaraq, ölkəmizin bölgələrində tibb müəssisələrinin inşası, əsaslı təmiri və yenidən qurulması istiqamətində genişmiqyaslı işlərə başlandı. Bu gün Bakıda və regionlarımızda tibbin ən yeni nailiyyətlərinin bacarıqla tətbiq edildiyi çox sayda səhiyyə ocaqları fəaliyyət göstərir.
Rəqabət həmişə var və olacaq. Biz də çalışırıq ki, sağlam rəqabət olsun. Çünki o, inkişafa stimul verir. MNX-nın rəhbərliyi daim mütərəqqi təşəbbüsləri dəstəkləyir, yeni müalicə üsul və istiqamətlərinin yaradılması, inkişafı üçün əlindən gələni əsirgəmir.
Ümumiyyətlə, hansı tibb müəssisəsində çalışmasından asılı olmayaraq, həkimlərimizin amalı xalqımıza xidmət etmək, insanlarımızı sağlamlığına qovuşdurmaqdır.
Bildiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamına əsasən, tezliklə bütün ölkə əhalisinin tibbi sığorta sistemi üzrə müayinə və müalicəsinə başlanacaq. Bu, insanların öz sağlamlıqlarına həssas yanaşmaları ilə yanaşı, bütövlükdə səhiyyəmizin daha sürətli inkişafına yol açacaq. Belə ki, həkimə getmək üçün maddi qayğısı olmayan şəxslər keyfiyyətli müalicə üçün həkimlərini də özləri seçə biləcəklər. Nəticədə, bacarıqlı, hazırlıqlı həkimlərə tələbat daha da artacaq, sağlam rəqabət güclənəcək. Müayinə və müalicə işində əsas meyar həkimin peşəkarlığı, klinikanın bundan qaynaqlanan nüfuzu olacaq.

- Sonda 60 illik yubileyini qeyd edən tibb ocağının rəhbəri kimi, həmkarlarınıza, şəfa tapmaq ümidi ilə sizə üz tutanlara, xalqımıza arzularınızı ifadə etmənizi istərdik.
- Arzum budur ki, heç kəs xəstələnməsin. Amma təəssuf ki, həmişə belə olmur. Həyat varsa, xəstəlik də, xəstələnmə təhlükəsi də mövcuddur. İstəyirəm ki, Allah hamıya, hər kəsin ailəsinə, doğmalarına sağlam keçən uzun ömür bəxş etsin.

Malik ŞƏRİFOV,
Şöhrət SƏLİMLİ-BUDAD
шаблоны для dle 11.2





İyun 2017

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova