Valyuta.com

Qəhrəman Çiçək

Qəhrəman Çiçək

Bir neçə gün öncə ölkəmizin virtual məkanında bir xəbər geniş yayıldı: Sumqayıt şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimi Çiçək Cahangirova 5 yaşlı Cavidin həyatını xilas edib!

Əslində, bir həkimin kiminsə həyatını xilas etməsi tibb işçilərinin gündəlik işi, bəlkə də, layiqincə qiymətləndirilməyən “adi” qəhrəmanlığıdır. Amma budəfəki hadisə həqiqətən qeyri-adi idi. Çiçək xanım, həmişə olduğu kimi, bu dəfə də “təcili yardım” göstərmişdi, ancaq tamamilə fərqli şəkildə. Belə ki, o, həssaslığı, diqqətcilliyi və fədakarlığı sayəsində 3-cü mikrorayon, ev 11/8 ünvanında, 5-ci mərtəbədə yerləşən mənzilin balkonundan qəflətən yerə düşən azyaşlını tutaraq, onu ölümdən qurtarmışdı. Hər kəsi heyrətləndirən bu hadisə ilə bağlı daha ətraflı qəhrəmanın özündən öyrəndik.
- İşdən çıxırdım, yolu keçərkən işlədiyim Təcili Tibbi Yardım Stansiyası ilə üzbəüz binada bir uşağın “ana, ana”, - deyə çağırdığını eşitdim. O, eyvanda çox təhlükəli vəziyyətdə aşağı boylanırdı və mən azyaşlının yıxılacağını təxmin etdim. Yolu keçdim, ancaq uşaq artıq eyvanda görünmürdü. Anasının gəlib onu götürdüyünü fikirləşdim və yoluma davam etdim. Amma sanki kimsə mənə dedi ki, dön, yenidən həmin eyvana bax. Dönüb baxanda uşağın 5-ci mərtəbədən sallandığını, əlləri ilə məhəccərdən bərk-bərk tutub, ayaqları ilə çabaladığını gördüm. Ancaq qışqırmırdı. Tez qaçıb eyvanın altında dayandım və yüksək səslə qışqırdım ki, bəlkə 4-cü mərtəbədən kimsə çıxıb onu tutar, ya da həyətdə kimlərsə köməyə gələr və onu zərbədən xəsarət almadan xilas edə bilərik. Təəssüf ki, həmin an heç kim yox idi, səsimə səs verən olmadı. Uşağın əli boşaldı, düşdü. Bu dəfə 4-cü mərtəbədəki ipdən bərk-bərk tutdu. Amma, təbii ki, uzun müddət asılı qala bilmədi, yenə düşdü. Şükür ki, onu havada tuta bildim və birlikdə yerə yıxıldıq.

- Uşağı tutarkən siz də ciddi zədələnə bilərdiniz. Hətta onurğa zədəsi ala bilərdiniz...
- Özümü düşünməyə macal yox idi. O anda ağlımdan ancaq bir şey keçirdi – onu elə tutmalıyam ki, əlimdən çıxmasın, boynu sınmasın, qolu, ayağı zədə almasın, maksimum az xəsarətlə qurtulsun. Hətta düşündüm ki, yıxılsam, elə etməliyəm ki, uşaq altımda qalmasın. O 4-5 saniyə mənim üçün uzun vaxt kimi gəldi. Sanki beynim aktivləşdi, bir anın içərisində xüsusi bacarıq yarandı. Cavidi tutdum. Yerə yıxılsaq da, heç birimiz ciddi xəsarət almamışdıq. Uşağın üzündə azacıq sıyrıq, əllərində isə ipin izləri var idi. Buna baxmayaraq, onu dərhal təcili yardıma çatdırdım.
Biz hər hansı bir qəza nəticəsində xəsarət alanların, müəyyən bir sağlamlıq problemi olanların, hətta eyvandan düşmüş insanın çağırışına, köməyinə yetişmişik. Amma bu, tamamilə fərqli situasiya idi. Mən xəsarət alan insanı sağaltmırdım, bir canı xəsarət almadan xilas etməyə çalışırdım. Çox həyəcanlı idim. Çox xoşbəxtəm ki, bunu bacardım. Elə sevinirdim ki, ətrafdakı bəzi insanlar elə bildilər ki, öz övladımdır.

- Özünüz hansısa xəsarət almışdınız?
- Yıxılanda hiss etdim ki, əlim əzilib. O da əzələ gərilməsindən olmuşdu. Başqa ciddi xəsarət yox idi.

- Belə güclü olduğunuzu bilirdiniz?
- Normal halda 2-3 kilo yükü daşımağa çətinlik çəksəm də, uşaq qucağıma düşəndə mənə quş kimi gəldi. Bunun səbəbini izah edə bilmirəm, amma həmin an sanki xüsusi güc qazanmışdım. Çünki bu günlərdə Cavidgildə qonaq olarkən onu yenidən qucağıma alanda bir də əmin oldum ki, adi halda bu ağırlığı nəinki yuxarıdan yüksək sürətlə gələrkən tutmaq, heç sadəcə qaldırmaq, qucaqda daşımaq mənim üçün çox çətindir.
Amma məni bir anın içərisində qazandığım gücdən daha çox, 5 yaşlı uşağın həyat üçün mübarizəsi təəccübləndirdi və heyrətləndirdi. Əgər eyvandan birbaşa düşsəydi, mən gecikə bilərdim və özümü heç vaxt bağışlamazdım. Çünki ilk görəndə onun yıxılacağını təxmin etmişdim.
Uşağın ipdən yapışmağı onu xilas etdi. Yetkin insan bəlkə də onun etdiyini bacarmazdı.

- Bir neçə dəqiqənin içərisində xilaskar qəhrəmana çevrilmək necə hissdir?
- Əlbəttə ki, insan həyatını qurtarmaq və buna görə minnətdarlıq sözləri eşitmək gözəl hissdir. Hələ bir uşağı xilas etmisənsə, bu daha da qürurvericidir. Ətrafda insanların münasibətindən hər an yaxşı nə isə etdiyimi hiss edirəm. Cavidin anası isə dəfələrlə zəng edib, çox sağ ol deyib. Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən “Azyaşlı uşağın həyatının xilas edilməsində göstərdiyi xüsusi cəsarətə və vətəndaşlıq mövqeyinə görə” Fəxri Fərmanla təltif edilməyim, buna layiq görülməyim də hədsiz sevindirici hadisədir. Ümumiyyətlə, mən uşaq yaşlarımdan həmişə düşünmüşəm ki, insanlara dəstək olmaq, kömək etmək lazımdır. Görünür, buna görə də çox çətin və məsuliyyətli həkimlik peşəsini seçmişəm.

Ü.FƏRZƏLİYEVAшаблоны для dle 11.2





İyun2019

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova