Valyuta.com

Angioloji Mərkəzin direktoru işdən azad olundu

Angioloji Mərkəzin direktoru işdən azad olundu

Məlum olduğu kimi, iyunun 24-də Səhiyyə Nazirliyinin Xüsusiləşdirilmiş Angioloji Mərkəzinin həkimi, cərrah Kərimov Valeh Ağalələ oğlu diaqnoz qoyaraq sol ayağının amputasiya olunması barədə qərar qəbul etdiyi xəstənin sağ ayağını kəsib.
Cərrah uzun müddət diabet xəstəliyindən əziyyət çəkən, 1929-cu il təvəllüdlü Bakı şəhər sakini Tərlan Həsən qızı Məmmədovanın hər iki ayağının amputasiyaya ehtiyacı olduğunu deyib. Bununla belə, etiraf edib ki, ilk növbədə daha pis vəziyyətdə olan sol ayaq kəsilməli olduğu halda, o, əməliyyat zamanı səhvən sağ ayağı amputasiya edib.
Məsələ ilə əlaqədar Səhiyyə Nazirliyinin 24.06.2016-cı il tarixli 158-S saylı sərəncamı ilə yoxlama komissiyası yaradılıb. Aparılan araşdırmalar və komissiyanın gəldiyi nəticə barədə məlumat almaq üçün Səhiyyə Nazirliyinin cərrahiyyə üzrə baş mütəxəssisi Hacıqulu Bağırova müraciət etdik.
H.Bağırov baş vermiş hadisəyə Səhiyyə Nazirliyi tərəfindən çevik münasibət bildirilərək yaradılan komissiyanın Tərlan Məmmədovanın cərrahi əməliyyatı ilə bağlı daxil olmuş şikayəti araşdırdığını söylədi, gəlinən nəticəni açıqladı: “87 yaşlı Tərlan Həsən qızı Məmmədova Angioloji Mərkəzə “ateroskleroz, sol aşağı ətrafın 4-cü, sağda 3B dərəcəli xroniki işemiya, sol dizaltı seqmentin okklüziyası, sol ayağın yaş diabetik qanqrenası, şəkərli diabet 2-ci tip, orta ağır forma, insulin tələbli. Aterosklerotik kardioskleroz” diaqnozu ilə bu il iyunun 23-də daxil olub. Xəstə şöbədə hərtərəfli müayinədən keçirilib. Dopleroqrafiya nəticəsində onun sağ ayağının səthi və dərin bud arteriyalarında 60 faiz stenoz, dizaltı və baldır arteriyalarında 80 faiz stenoz, sol ayağında isə səthi və dərin bud arteriyalarında 80 faiz stenoz, dizaltı və baldır arteriyalarında okklüziya aşkar olunub.
Kliniki və patohistoloji müayinələrə əsasən xəstənin hər iki aşağı ətrafında diabetik makroangiopatiya, arteriyaların stenozu və okklüziyası müəyyən edilsə də, sol ayaq pəncəsində prosesin daha ağır vəziyyətdə olduğu və yaş qanqrenasını nəzərə alaraq, Mərkəzin aparıcı mütəxəssislərinin – direktor, şöbə müdiri və həkimlərin iştirakı ilə keçirilmiş konsiliumda həyati göstərişlə T.Məmmədovanın sol budunun aşağı üçdə birinədək amputasiyası təklif olunub. Xəstə və qohumları bu qərarla razılaşıblar.
İyunun 24-də epidural anesteziya altında əməliyyatı icra edən cərrah Valeh Kərimov cüt üzvlərdə əməliyyatın aparılmasında kobud səhvə yol verib və xəstənin sağ ayağını amputasiya edib. Kəsilmiş ətraf həmin gün tibbi ekspertizaya göndərilib.
Xəstənin sol aşağı ətrafında olan diabetik qanqrenanın onun həyatı üçün təhlükə törətdiyini nəzərə alaraq, iyunun 25-də Mərkəzin direktorunun, Səhiyyə Nazirliyinin baş cərrahının və Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin Damar cərrahiyyəsi şöbəsi müdirinin iştirakı ilə ikinci dəfə konsilium keçirilib və sol aşağı ətrafın budun aşağı 1/3-dək amputasiyası yenidən qərara alınıb. Xəstənin və qohumlarının razılığı ilə iyunun 26-da sol budun aşağı 1/3-dək amputasiya olunub”.
H.Bağırov hazırda xəstənin müalicəsinin Xüsusiləşdirilmiş Angioloji Mərkəzdə davam etdirildiyini, vəziyyətinin orta ağır olduğunu bildirdi.
O, məhkəmə tibbi ekspertizasının rəyinin hələ ki komissiyaya təqdim edilmədiyini vurğuladı.
Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru, professor Ədalət Həsənov isə bizə açıqlamasında ekspertiza rəyinin yaxın 10 gün ərzində məlum olacağını dedi: “Amputasiya olunmuş ayaqlardan götürülmüş toxumalar müəyyən reaktivlərdən keçirilməklə onlardan laborator preparatların hazırlanması təxminən bir həftə çəkir. Bundan sonra onlara baxıb diaqnoz qoymaq və rəyini vermək üçün həkimə də əlavə 3 gün vaxt lazımdır”.
Ə.Həsənov hələ ki xəstənin hər iki kəsilmiş ayağının makroskopik müayinəsinin aparıldığını, damarların, dərialtı toxumaların, barmaqların vəziyyətinə baxıldığını və hər iki ayağın kəsilməli olması qənaətinə gəlindiyini bildirdi.
Onun sözlərinə görə, bu haqda məlumat verilərkən "xəstənin xəstə ayağının əvəzinə, sağlam ayağı kəsilib" ifadəsini işlətmək düzgün deyil: “Əslində, qadının sağ ayağı da sağlam deyildi, onların hər ikisi xəstə idi”.
Baş direktor sonda əlavə etdi ki, ekspertizanın rəyləri hazır olan kimi Yasamal Rayon Prokurorluğuna təqdim ediləcək.

P.S. Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, Nazirliyin 4 iyul tarixində keçirilən kollegiya iclasında Xüsusiləşdirilmiş Angioloji Mərkəzdə Məmmədova Tərlan Həsən qızının əməliyyatı zamanı baş vermiş hadisəyə dair araşdırmanın nəticələri geniş müzakirə edilib.
Kollegiyanın qərarına əsasən, Səhiyyə Nazirliyinin Xüsusiləşdirilmiş Angioloji Mərkəzinin həkim-cərrahı Kərimov Valeh Ağalələ oğlu işində yol verdiyi ciddi nöqsana görə Əmək Məcəlləsinin 186-cı maddəsinə uyğun olaraq tutduğu vəzifədən azad edilib.
Əməliyyatda assistent kimi iştirak edən həkim-cərrah Rzazadə Əfsər Əsgər oğluna sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.
Bundan əlavə, Xüsusiləşdirilmiş Angioloji Mərkəzin direktoru Azər Əkbər oğlu Şəmsəddinski tutduğu vəzifədən azad olunub.
Eyni zamanda, tibb idarə və müəssisələrinin rəhbərlərinə çıxarılan qərarın tibbi şuralarda müzakirə edilməsi, tibb işçiləri tərəfindən əmək və peşə funksiyalarının yerinə yetirilməsinə nəzarətin gücləndirilməsi tapşırığı verilib. Angioloji Mərkəzin direktoru vəzifəsi müvəqqəti olaraq Yunis Şaiq oğlu Eyubova həvalə olunub. Həmçinin o da vurğulanıb ki, qısa müddət ərzində Sumqayıtda baş vermiş hadisə haqqında da ictimaiyyətə açıqlama veriləcək.
шаблоны для dle 11.2





May 2019

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova