Valyuta.com

“Loqos” – peşəkar psixoloji yardım

“Loqos” – peşəkar psixoloji yardım

“Beynəlxalq aləmdə XXI yüzillik “psixologiya əsri” elan edilib. Bu, təsadüfi deyil, zamanın tələbidir. Qloballaşan dünya, sürətli inkişaf, informasiya seli, yeni texnologiyalar insandan psixoloji dözüm tələb edir. Bizim başlıca məqsədimiz də belə bir zamanda ölkəmizin ən ali sərvəti olan insanlarımıza dayaq durmaqdır. “Ailə kiçik dövlətdir” deyirlər. Sağlam ailə sağlam həyat, sağlam gələcəkdir. Biz də gücümüz, imkanlarımız daxilində, ailələrin, uşaqların, ümumən dövlətin xidmətindəyik”.

“Loqos” – peşəkar psixoloji yardım

Bu fikirləri bizimlə söhbət zamanı “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri Təranə Məmmədova səsləndirdi. O, fəaliyyət göstərdiyi qısa müddət ərzində intellektual-maarifçi təşkilat kimi əhali arasında tanınan Mərkəzlə bağlı bizi maraqlandıran digər sualları da cavablandırdı.
- “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzi hansı məqsədlə yaradılıb?
- “Loqos”u ölkəmizdə ictimai fəallıq, vətəndaş təşəbbüsləri üçün yaradılan sağlam və optimal münasibətə arxalanaraq yaratdıq. Axı, hər şeyi dövlətdən gözləyə bilmərik, biz də vətəndaş olaraq cəmiyyətə nə isə verməliyik.
Həyatın bütün sahələrində psixoloji maarifləndirməyə böyük ehtiyac var. İstər iri meqapolisdə, istərsə də ucqar dağ kəndlərində. Mərkəzimiz, adından da göründüyü kimi, psixoloji xidmət və psixoloji maarifləndirmə məqsədi daşıyır.
- Hansı fəaliyyət istiqamətləriniz, xidmət sahələriniz var?
- 2014-cü ilin mart ayından Bakının N.Nərimanov rayonunda, Qarabağ küçəsi, 71A ünvanında Uşaq Psixoloji və Nitq İnkişaf Mərkəzi kimi fəaliyyətə başlayan Mərkəzimiz hazırda üç filialdan ibarətdir. Yəni ilk mərhələdə yalnız uşaqların nitqlə bağlı qüsurlarının aradan qaldırılması, onların fərdiyyətindən irəli gələn psixoloji məqamların diqqətə alınmasına yönəlmiş tədbirlər ön plana çəkilirdi. Çox qısa vaxt ərzində Yasamal rayonu ərazisində – Şərifzadə küçəsi, 31/54 ünvanında ikinci filialı açdıq. 2015-ci ilin sentyabrında isə eyni ünvanda yeniyetmələr, gənclər, yetkin insanlar üçün nəzərdə tutulan daha bir filialla psixoloji xidmətin əhatə dairəsini genişləndirməyə nail olduq.
Hazırda Mərkəz məsələlərə kompleks yanaşma metoduna əsaslanır. Başqa sözlə desək, problemin uğurlu həlli məqsədilə mütəxəssislərimiz bütün yaş qruplarını psixoloji yardımla əhatə edirlər. Əlaqəli, kompleks yanaşma Mərkəzin fəaliyyətinə yeni məzmun verir, daha optimal nəticələr əldə etməyə imkan yaradır.
- “Loqos”un mütəxəssislərinin peşəkarlıq səviyyəsi barədə məlumat verməyinizi istərdik. Mərkəzdə tibb işçiləri də fəaliyyət göstərir, yoxsa ancaq psixoloqlar və defektoloqlar çalışır?
- Psixologiya son dərəcə həssas sahədir. Söhbət insan taleyindən gedir və burada hər hansı yanlış yanaşma, müdaxilə arzu olunmayan nəticələrə gətirib çıxara bilər. Əmilinliklə deyə bilərəm ki, “Loqos”a kifayət qədər yüksək səviyyəli peşəkarları – psixoloqları, psixopedaqoqları, loqoped və defektoloqları cəlb edə bilmişik. Rusiya, Türkiyə, İngiltərə və digər inkişaf etmiş ölkələrdə psixologiya sahəsində biliklərini zənginləşdirən və 15-20 illik təcrübəsi olan mütəxəssislərlə yanaşı, savadlı, bacarıqlı gənc kadrlarımız da var. Mərkəzimizdə tibb işçiləri çalışmır, lakin işimizi onlarla əməkdaşlıq şəklində qururuq. Yeni ildən cəmiyyətdə kifayət qədər tanınan psixoterapevtlərlə də əməkdaşlıq edirik.
- İki ilə yaxın vaxt, yəqin ki, artıq müəyyən uğurlardan danışmağa əsas verir...
- Əvvəla, insanların psixoloji durumunun şəraitə uyğun müdafiəsi kimi çətin vəzifəni üzərinə götürən Mərkəz bu müddətdə özünü təsdiqləyib, cəmiyyətdə ad-san qazanıb. Təvazökarlıqdan uzaq olsa da, deməliyəm ki, bu, ən böyük uğurumuzdur. İnsanlar bizə inanırlar, övladlarını bizə etibar edirlər. Məhz bu inamın, bu etibarın nəticəsidir ki, “Loqos” ailəsi daha böyük həvəslə çalışır.
Maarifçilik istiqamətində bir-birindən dəyərli layihələrə imza atılır. Tərəddüd etmədən deyə bilərəm ki, “Loqos” bu gün əsl təcrübə laboratoriyasına çevrilib. Heç kimə sirr deyil ki, ali məktəbi bitirən gənclərimiz sadəcə nəzəri biliklərə sahibdirlər, çünki ali məktəblərdə təcrübə bazası yoxdur. Sosial layihələrimizdə gənc psixoloqlar həvəslə iştirak edir, təcrübə toplayırlar. Ötən ilin sonunda ölkənin kifayət qədər nüfuzlu insanlarının iştirakı ilə keçirdiyimiz “Azərbaycan: Gənclik və psixologiya” I konfransı Mərkəzin qısa zaman ərzində gördüyü səmərəli fəaliyyətin nümunəsidir. “Loqos” ailəsi ölkə Prezidentinin dönə-dönə söylədiyi “Azərbaycan intibahının mahiyyəti sosial xarakterlidir” tezisinə cavab olaraq, sosial layihələrə üstünlük verir. Təcrübə göstərir ki, ölkənin hərtərəfli inkişafı üçün icra olunan dövlət əhəmiyyətli tədbirlər cəmiyyətin dəstəyi ilə yeni-yeni təşəbbüslərlə zənginləşəndə daha fərqli yekunlar, daha uğurlu nəticələr alınır.
Gənc kadrların yaradıcı ideya və təşəbbüslərinə xüsusi önəm verir və faydalı layihələrin həyata keçirilməsi üçün imkanlar yaradırıq. “Psixologiya Akademiyası” layihəsi çərçivəsində 750 nəfər arasından müsabiqə yolu ilə seçilən 160 nəfər iştirakçı ölkənin tanınmış peşəkar psixoloq və psixoterapevtərinin təlim və treninqlərindən yararlanaraq, sertifikatlar alıb. Qarabağ müharibəsində itkin düşən soydaşlarımızın ailələrinə psixoloji dəstək layihəsi bu il də davam etdirilir.
İlin əvvəlindən yeni layihələrə də start verilib. Yeni “Müasir Azərbaycan qadını” yaşından, kimliyindən, ictimai fəaliyyətindən asılı olmayaraq bütün qadınlarımızı əhatə edəcək bir layihədir. Mütəxəssislərimiz hər üç filialda fərdi və qrup terapiyalarını uğurla davam etdirirlər.
“Loqos”un sorğu və rəy kitabında ünvanımıza yazılan xoş rəyləri gördükcə kimlər üçünsə faydalı olduğumuza bir daha əmin oluruq. İnsanlar bizi mətbuatdan, radio-televiziyadan, internet səhifəmizdən davamlı izləyir, sorğular ünvanlayırlar. Heç bir çağırış, heç bir vətəndaş sorğusu cavabsız qalmır.
- Sizcə, “Loqos”un başqa mərkəzlərdən əsas üstünlüyü nədir?
- Biz problemə kompleks yanaşırıq. Deyək ki, bir uşaq kəkələmədən əziyyət çəkir, digərinin nitqində qüsurlar var. Bu və ya digər problemlər mütləq ailə ilə bağlı olur. Eləcə də ailə münasibətləri: ər-arvad, valideyn-övlad, gəlin-qaynana və s. – bütün sadalananlar kompleks yanaşma tələb edir. Hansı fəaliyyət sahəsi olursa-olsun, uğurlu nəticəni öz işini dərindən bilən, təcrübəli mütəxəssis əldə edir. Düşünürəm ki, bizdə bu məsələ müsbət yöndə həll olunub. Həm təcrübəli mütəxəssislərimiz var, həm də yeni kadrlar yetişdirmək üçün bazamız.
Mərkəzimiz dünya təcrübəsindən də faydalanır. İnkişaf etmiş ölkələrdən –Almaniya, Türkiyə və Rusiyadan tanınmış psixoloq və psixoterapevtləri dəvət edirik. Türkiyəli mütəxəssis Çetin Özbeyin, rus defektoloqu Olesya Jukovanın, Sankt-Peterburq Psixoterapiya və Klinik Psixologiya Elmi Tədqiqat İnstitutunun direktoru Şamil Taşayevin, Almaniyadan “Dünya Pozitiv Psixologiya Akademiyası”nın təlimçisi İvan Kirillovun və digərlərinin mərkəzimizdə təşkil olunan seminar və treninqləri, şübhəsiz ki, səmərəli nəticəsini verib. Eləcə də “Loqos”un əməkdaşları Türkiyə, Rusiya və digər ölkələrdə keçirilən tədbirlərdə iştirak edir, yeni biliklər qazanırlar.
“Loqos” əhatə dairəsini günbəgün genişləndirir. Azərbaycanın rayonları ilə əlaqələr yaradırıq. Ötən il bir neçə bölgədə – Tovuz, Qazax, Şəmkir və Zərdab rayonlarında keçirilən konfrans, seminar və treninqlər, eləcə də ehtiyacı olan uşaq və böyüklərə təmənnasız psixoloji xidmət nəticəsiz qalmayıb. “Loqos” maarifçilik ənənəsinə sadiq qalaraq, bu sahədəki fəaliyyətini genişləndirməkdə davam edir. Məktəb psixoloqları üçün ayda bir dəfə olmaqla pulsuz treninqlər təşkil edirik. Bakı məktəbləri ilə bərabər, rayon məktəblərindən də məktəb psixoloqlarının məşğələlərdə həvəslə iştirakı bizi çox sevindirir. Yəni sadəcə dar çərçivədə psixoloji xidmət göstərmirik. Psixoloji maarifləndirmənin əhatə dairəsini genişləndirməklə yanaşı, “Loqos”u, sözün əsl mənasında, təcrübə laboratoriyasına çevirməyə çalışırıq. Gənc psixoloqlar yerli və xarici mütəxəssislərin treninqlərində iştirak etməklə yanaşı, mərkəzimizdə fəaliyyət göstərən “Danışıq səsləri”, “Ebru sənəti”, “Beyin çalışdırma”, “Ümumi psixologiya kursu”, “Qrup terapiyası” məşğələlərinə böyük maraq göstərir, nəzəri biliklərini təcrübədə sınaqdan keçirirlər. Türkiyəli tanınmış psixoterapevt Cebrail Kısa “Loqos”un dəvətilə Bakıya gəlir, fevral ayının 6-7-sində ailə münasibətləri, duyğuların pozitiv yöndə istiqamətləndirilməsi mövzusunda treninq və məşğələlər keçirəcək. İnternet səhifəsindəki elandan sonra Cebrail Kısanın seminarına qatılmaq arzusunda olan onlarla insan müraciət edib.
Hər hansı mərkəzlə rəqabət aparmaq, seçilmək kimi bir fikirdən uzağıq. Sadəcə, qarşımıza qoyduğumuz məqsədi yüksək səviyyədə reallaşdırmaqla ölkəmizin inkişafına az-çox dəstək olmaq arzusundayıq. İndi ölkəmizdə hər sahədə seçim imkanları var: xəstəxanalar, məktəblər, müxtəlif xidmət sahələri... İnsanlar artıq ağı qaradan seçməyi bacarırlar. “Loqos”u seçənlər də nə üçün seçdiklərini yaxşı bilirlər. Bizə dəyər verən vətəndaşlarımızın hər birinə minnətdarlığımızı bildiririk.

Ü.FƏRZƏLİYEVAшаблоны для dle 11.2





]Sentyabr

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova