Valyuta.com

Tibbi müayinələr ailə quranlara məlumatlı seçim hüququ verir

Tibbi müayinələr ailə quranlara məlumatlı seçim hüququ verir

Azərbaycan Respublikası Ailə Məcəlləsinə nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinələri ilə bağlı edilən dəyişikliklər artıq öz bəhrəsini verir. 1 iyun 2015-ci il tarixindən 35 815 nəfər nikaha daxil olmaq istəyən şəxs artıq tibbi müayinədən keçib, onların arasında irsi qan xəstəlikləri və infeksion xəstəlikləri olanlar aşkarlanıb.
Xatırladaq ki, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmə Qaydası”na uyğun olaraq, ailə qurmağa hazırlaşan vətəndaşlar mütləq tibbi müayinədən keçirlər. Bunun üçün tibbi müayinə olunmalı xəstəliklərin siyahısı müəyyənləşdirilib, müayinələrin həyata keçirilməsi üçün səhiyyə müəssisələrində zəruri şərait yaradılıb. Tibbi müayinə və məsləhətlər nikaha daxil olmaq istəyən şəxslərin və ya onlardan birinin yaşayış yeri üzrə, Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş dövlət tibb müəssisələrində, pulsuz olaraq həyata keçirilir.
Səhiyyə Nazirliyinin hematologiya üzrə baş mütəxəssisi Çingiz Əsədovun verdiyi məlumata görə, ailə qurmağa hazırlaşan gənclər hemoqlobinopatiyalar (böyük beta-talassemiya, aralıq beta-talassemiya, drepano-talassemiya, oraqvari hüceyrəli anemiya), İİV/QİÇS və sifilis xəstəlikləri üzrə tibbi müayinədən keçirilir. Müayinə nəticəsində onlarda hər hansı xəstəlik müəyyən edildikdə mütəxəssislər tərəfindən lazımi məsləhətlər verilir.
Baş hematoloq qeyd etdi ki, nikaha daxil olmaqla bağlı tibbi müayinədən keçənlər arasında indiyədək 7 cütlükdə hər iki tərəfdə talassemiya aşkarlanıb. Onun sözlərinə görə, tərəflərdən birində talassemiya aşkarlanması heç bir problem yaratmır, lakin hər iki tərəf talessemiya daşıyıcısı olarsa, onların uşaqlarının talassemiya xəstəsi olmaq ehtimalı var. Hər ikisində talassemiya daşıyıcılığı aşkarlanan cütlüklər bu barədə xəbərdar edilib, onlara evlənməmək tövsiyə olunub. Ancaq buna baxmayaraq, onlardan heç biri evlənməkdən imtina etməyib. Çingiz Əsədov onu da vurğuladı ki, nikaha daxil olmaq istəyən belə gənclərə hamiləlik qeydə alınan kimi Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutuna müraciət etmək məsləhət görülür.
Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Esmira Alməmmədova isə bildirdi ki, iyun ayından indiyədək keçirilən tibbi müayinələrin gedişində 19 nəfərdə İİV infeksiyası aşkarlanıb: “Onların qan nümunələri bizə göndərilib və laborator analizlər nəticəsində onların İİV-müsbət olduqları təsdiqlənib. 19 nəfərdən 3-ü bizim Mərkəzdə daimi qeydiyyatda olanlardır. Lakin onlar virus müəyyən edildikdən sonra müayinə və müalicələrdən yayınıblar”.
E.Alməmmədova təəssüflə qeyd etdi ki, İİV aşkarlanan şəxslərin bəziləri Respublika QİÇS-lə Mübarizə Mərkəzinə tərəf müqabilləri olmadan gəlir, öz sağlamlıq vəziyyətlərini nikaha daxil olacaqları şəxsdən gizlədirlər: “Bu halda biz ancaq həmin şəxslərin ailə quracaqları insanı yoluxdurmasının qarşısını almaq üçün onlara ARV terapiya təyin edə bilirik. Eyni zamanda, İİV-ə yoluxmuş insana xəbərdarlıq imzalatdırırıq ki, bu virusa kimisə yoluxdurarsa və zərərçəkən tərəf ondan şikayət edərsə, cinayət məsuliyyətinə cəlb olunacaq.
İİV daşıyıcılığı müəyyən edilmiş 19 gəncdən bu günədək ancaq 11-i bizə müraciət edib. Onlardan ancaq dördü Mərkəzə ailə qurmaq istədiyi şəxslə birlikdə gəlmişdi. Onlara mütəxəssislər tərəfindən bütün zəruri məlumatlar verildi, xəbərdarlıq edildi, gələcəkdə qarşıya çıxacaq problemlər izah olundu. Maraqlıdır ki, yoluxma təhlükəsinə baxmayaraq, bu 4 cütlükdən heç biri nikahdan imtina etmədi, onlar ailə qurmaqda israrlı olduqlarını bildirdilər. Biz onları bu fikirlərindən daşınmağa məcbur edə bilmərik. İnsanlar azaddır və istədikləri qərarı qəbul edə bilərlər”.
Mərkəzin direktoru onu da bildirdi ki, İİV infeksiyası aşkarlananlar arasında 3 ailə var ki, onlar uzun illərdir qeyri-rəsmi nikahda olub və indi rəsmi nikah bağlamaq qərarına gəliblər: “Belə ailələrdən birində laborator müayinələr hər iki tərəfin, digərində yalnız kişinin virus daşıyıcısı olduğunu təsdiqlədi. Onların övladlarını da müayinədən keçirdik və sevindirici faktdır ki, uşaqlarda virus aşkarlanmadı. Üçüncü ailə isə hələ ki Mərkəzə müraciət etməyib”.
Yekun olaraq demək olar ki, nikaha daxil olmaq istəyənlərin tibbi müayinədən keçirilməsi praktikası insanlara məlumatlı seçim etmək hüququ qazandırıb. Ailə quran şəxslər daşıdıqları xəstəliklərdən xəbərdar olaraq, həm özlərinin, həm tərəf müqabillərinin, həm də gələcək nəsillərin məsuliyyətini daşıyırlar. Bütün bunlar isə nikaha daxil olanların tibbi müayinədən keçirilməsi qaydasının cəmiyyətimiz üçün aktuallığını bir daha təsdiq edir.

Ü.FƏRZƏLİYEVAшаблоны для dle 11.2





]Oktyabr-Noyabr

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova