Valyuta.com

Tibbi müayinəsiz nikah olmayacaq!

Tibbi müayinəsiz nikah olmayacaq!

“İyunun 1-dən etibarən ölkəmizdə ailə qurmaq istəyən şəxslərin məcburi tibbi müayinəsi həyata keçiriləcək. Bu addım sağlam ailənin formalaşması, uşaqların irsi xəstəliklər və anadangəlmə inkişaf qüsuru ilə doğulmasının qarşısının alınması baxımından zəruridir. Bununla bağlı qaydalar Ailə Məcəlləsinin 13-cü maddəsinə əsasən hazırlanıb”.

Bu haqda bizə Səhiyyə Nazirliyinin hematologiya üzrə baş mütəxəssisi Çingiz Əsədov məlumat verdi. Müsahibimiz bildirdi ki, Nazirlər Kabineti Prezident İlham Əliyevin “Ailə Məcəlləsində dəyişikliklərin edilməsi haqqında” müvafiq Qanunun tətbiqi barədə Fərmanına əsasən qərar qəbul edib. Bu sənəddə nikah bağlamağa hazırlaşan şəxslərin tibbi müayinədən keçməli olduğu xəstəliklərin siyahısı, onların tibbi müayinədən keçmə qaydası və bununla bağlı verilən arayışın forması təsdiqlənib: “Ailə qurmağa hazırlaşan hər kəs həmin siyahıdakı xəstəliklər üzrə klinik və laborator müayinələrdən keçəcək, onlara tibbi-genetik, tibbi-psixoloji və ailənin planlaşdırılması məsələləri üzrə məsləhətlər veriləcək. Bu qaydalar nikaha daxil olmaq istəyən, ölkəmizdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə də şamil ediləcək”.
Baş mütəxəssis tibbi müayinə və məsləhətlərin nikaha daxil olmaq istəyən şəxslərin və ya onlardan birinin yaşayış yeri üzrə, Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş dövlət tibb müəssisəsində, pulsuz həyata keçiriləcəyini bildirdi. Bu işə nəzarətin həmin müəssisələrin rəhbərlərinə həvalə olunduğunu dedi. Qeyd etdi ki, əgər ailə quran tərəflərdən biri azadlıqdan məhrum edilibsə, həmin şəxsin müayinəsi və ona lazımi məsləhətlərin verilməsi cəzaçəkmə müəssisəsinin tibb xidmətinin üzərinə düşəcək.
Baş hematoloq vurğuladı ki, nikaha daxil olmaq istəyən şəxslərə tibbi müayinələrin nəticələri haqqında ayrı-ayrılıqda məlumat veriləcək və onlar bu barədə bir-birini məlumatlandıracaqlar: “ Cütlüyə onların yazılı razılıqlarına əsasən həkim məsləhəti veriləcək, lazım gələrsə, onlar tibbi-genetik, tibbi-psixoloji və ailə planlaşdırılması üzrə konsultasiya olunacaqlar. Onlara müayinələrin yazılı formada cavabları ilə yanaşı, tələb olunan quruma təqdim etmək üçün tibbi müayinədən keçdiklərini təsdiq edən, tibb müəssisəsinin rəhbəri və tibbi müayinənin aparılmasına məsul həkim tərəfindən imzalanan arayış da təqdim ediləcək. Ancaq arayışda müayinənin nəticələri göstərilməyəcək – bu, həkim sirri kimi qalacaq”. Ç.Əsədovun sözlərinə görə, arayış nikaha daxil olmaq istəyən şəxslərin tibb müəssisəsinə müraciət etdiyi gündən sonrakı iki həftə ərzində veriləcək və onun etibarlılıq müddəti bir aydır.
Həmsöhbətimiz ailə quracaq insanların hemoqlobinopatiyalar (böyük beta-talassemiya, aralıq beta-talassemiya, drepanotalassemiya, oraqvari hüceyrəli anemiya), İİV/QİÇS, sifilis xəstəlikləri üzrə tibbi müayinədən keçəcəklərini diqqətə çatdırdı. Qeyd etdi ki, gələcəkdə bu siyahı genişləndirilə bilər.
Mövzu ilə bağlı mətbuata fikirlərini açıqlayan Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri Hadi Rəcəbli də Ailə Məcəlləsinə edilən dəyişikliyin talassemiya kimi son zamanlar geniş yayılan xəstəliklərlə bağlı olduğunu vurğulayıb. O bildirib ki, Azərbaycanda bununla əlaqədar artıq xeyli işlər görülsə də, hadisələrin gedişi bu xəstəliyin tükənmədiyini göstərir: “Bu insanların öz genetik göstəricilərini bilmədən nikaha daxil olmaları ilə bağlıdır. Bir çoxları yalnız ailə qurduqdan sonra öyrənir ki, tərəflərdən hansındasa ciddi xəstəlik var. Yeni qaydalar bu problemləri tamamilə aradan qaldıracaq”.
Hadi Rəcəbli onu da bildirib ki, Ailə Məcəlləsinə edilən dəyişiklik belə insanların nikahını qadağan etmir: “Yalnız anlaqsız (ruhi xəstə) insanlar istisna olmaqla, bütün xəstəliyi olanların nikahına icazə verilir. Ancaq müayinə zamanı sağlamlıqla bağlı hansısa problemlər qeydə alınarsa, gənclərə doğulacaq uşaqlarının hansı xəstəlik daşıyıcısı ola biləcəyi izah edilir, hansı yöndə müalicə almaları tövsiyə olunur”.
Komitə sədri məsələ ilə bağlı xüsusi bir məqamı da vurğulayıb ki, nikaha daxil olanlarla bağlı məlumatların düzgünlüyünə və konfidensiallığına görə müvafiq səhiyyə ocağı və arayışı verən həkim məsuliyyət daşıyır: “Bununla bağlı müvafiq şəxslərə lazımi göstərişlər verilib. Artıq məntəqələrdə müayinələr üçün laboratoriya otaqları, kabinetlər, hər bir avadanlıq ayrılıb”.
Hadi Rəcəbli qeyd edib ki, nikaha daxil olmaq istəyənlərdən arayış onlar nikahdan bir ay əvvəl VVAQ şöbəsinə müraciət edən zaman tələb olunacaq. Arayış təqdim edilmədiyi təqdirdə nikah qeydə alınmayacaq. Millət vəkili yeni qaydaların Azərbaycan genofondunun qorunmasında, gənclərin dünyaya daha sağlam körpə gətirməsində mühüm rol oynayacağını, sağlam ailə mühitinin formalaşmasına şərait yaradacağını bildirib.

Ü.FƏRZƏLİYEVAшаблоны для dle 11.2





]Oktyabr-Noyabr

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova