Valyuta.com

Hər kəs can yandırsa, canlar yanmaz

Hər kəs can yandırsa, canlar yanmaz

Həkimlər zərərçəkənlərə fədakarlıqla yardım edirlər

“Bakının Binəqədi rayonundakı 16 mərtəbəli yaşayış binasında baş vermiş yanğında xəsarət alan 10 nəfərin müalicəsi davam etdirilir. Hazırda onların vəziyyəti stabildir, heç bir həyati təhlükələri yoxdur”. Bu haqda bizə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov məlumat verdi. Hadisə baş verən ilk gündən etibarən xəstələrə bütün zəruri köməkliyin göstərildiyini bildirən müsahibimizin sözlərinə görə, zərərçəkənlərə Toksikologiya şöbəsinin mütəxəssisləri ilə yanaşı, dar ixtisaslı həkimlər – pulmonoloq, kardioloq, psixiatr, psixoloqlar və digərləri də lazımi tibbi və psixoloji xidmət edirlər. Bəzi zərərçəkənlərin yaddaş pozulması, vəziyyəti real qiymətləndirə bilməməsi, başlarına gələnləri xatırlamaması barədə mətbuatda yazılanları təkzib edən A.Maqsudov bu faktların həqiqətə uyğun olmadığını söylədi.
Qeyd edək ki, yanğın zamanı ilkin tibbi yardım göstərən təcili yardım xidməti həkimləri və digər tibb işçiləri həqiqətən fədakarlıq göstərərək, odun-alovun içində, özlərinin zərər görməsindən çəkinmədən yaralıları xilas ediblər. Bu hadisə təcili yardım xidmətinin və müvafiq tibb müəssisələrinin fövqəladə hallarda səfərbər olaraq, kifayət qədər uzlaşmış fəaliyyət göstərdiyini sübut etdi.
Baş verən faciə zamanı hadisə yerində təcili yardım briqadaları tərəfindən cəmi 56 nəfərə tibbi xidmət göstərilib, onlardan 41 nəfəri xəstəxanalara aparılıb. Yaralıların əksəriyyəti – 33 nəfəri zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib. Onların 6-sı uşaq, digərləri isə yaşca böyüklər olub. Səhiyyə Nazirliyinin referens-laboratoriyasında zərəçəkənlərin qanları müayinə olunub və qanda karboksihemoqlobin aşkarlanıb. Buna əsasən onlara natamam yanma məhsullarından (dəm qazı və digər yanma məhsullarından) zəhərlənmə diaqnozu qoyulub.
Zərərçəkənlərin digərləri Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna, 6 saylı Birləşmiş Şəhər Xəstəxanasına və Yanıq Mərkəzinə yerləşdirilib. Toksikologiya şöbəsi istisna olmaqla, digər tibb müəssisələrində müalicə olunan bütün xəstələrin vəziyyəti yaxşılaşıb və onlar evə buraxılıblar.
Yanğın başlanan andan etibarən hadisə yerində 30-dan artıq təcili tibbi yardım briqadası çalışıb. Hadisə nəticəsində 15 ölüm faktı qeydə alınıb. Bunlardan 14 nəfər yanğın zamanı, bir nəfər – 68 yaşlı qadın isə gecə saatlarında xəstəxanada vəfat edib.

Mehriban Əliyeva yanğında xəsarət alanlara baş çəkib

Mayın 20-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Kliniki Tibbi Mərkəzə gələrək, Binəqədi rayonundakı çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın nəticəsində xəsarət alanların vəziyyəti ilə maraqlanıb.
Səhiyyə naziri Oqtay Şirəliyev Azərbaycanın birinci xanımına burada müalicə alanların səhhəti barədə məlumat verib.
Mehriban xanım Əliyeva yanğın zamanı xəsarət alanlarla söhbət edib. Bildirib ki, onların müalicəsinin yüksək səviyyədə aparılması və yanan binanın sakinlərinə dəyən maddi ziyanın ödənilməsi Prezident İlham Əliyevin birbaşa nəzarətindədir.
Yanğın zamanı dünyasını dəyişənlərin ailələrinə başsağlığı verən Heydər Əliyev Fondunun prezidenti hadisənin səbəbkarlarının cəzalarını alacaqlarını deyib.
Mehriban Əliyeva xəstələrə şəfa diləyib, onların müalicəsinin daha yüksək səviyyədə aparılması üçün tapşırıqlarını verib.

Yanğın zamanı nə etməli?
Faciəvi yanğından sonra bir daha məlum oldu ki, insanların əksəriyyəti belə fövqəladə hala hazır deyil, çətin məqamda çıxılmaz vəziyyətdə qalır, nə etmək lazım olduğunu bilmir.
Bu hadisədən sonra Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini Rza Xudiyev jurnalistlərə müsahibəsində vurğulayıb ki, hadisə zamanı insanlar alovu gördükdə qapıları açaraq xilas olmağa çalışıblar. Bu zaman meydana gələn hava axını alovu daha da şiddətləndirib: “Ölənlərin əksəriyyəti təxliyə yollarında qalıblar. Ən təhlükəsiz yer isə vanna otağı olub. Sağ qalanların çoxu məhz orada gözləyənlərdir”.
FHN Dövlət Yanğın Nəzarəti Xidmətindən isə bildirirlər ki, yanğın baş verdikdə onu birinci görən şəxs təcili olaraq 101 və ya 112 nömrəli telefonlara zəng vurub yanğından mühafizə hissəsinə xəbər verməli, yanğın yerinin düzğün ünvanını söyləməlidir.
Yanğın baş verən zaman dərhal qonşuları xəbərdar etmək (gecə vaxtı onları mütləq oyatmaq), insanların köçürülməsini həyata keçirmək, sonra isə mövcud olan vəsaitlərlə (odsöndürən, qum, su və s.) yanğını söndürməyə başlamaq lazımdır. Əgər elektrik naqilləri yanırsa, dərhal naqilləri cərəyandan ayırmaq və ya qoruyucuları sayğacdan çıxarmaq, bundan sonra əl altında olan vasitələrlə yanğını söndürməyə başlamaq lazımdır.
Yanğın zamanı pəncərə və qapıları açmaq, pəncərə şüşələrini sındırmaq, eləcə də başqa cür hava cərəyanı yaratmaq olmaz. Əgər yanğın otaqda yayılmağa başlayırsa, qapısını kip bağlamaq lazımdır ki, alov digər otaqlara, mənzillərə, pilləkənlərə keçməsin. Tüstünün yayılmaması üçün qapının altını nəm əski ilə tutmaq vacibdir. Güclü tüstü olan sahədə sürünərək və ya əyilərək hərəkət etmək lazımdır. Çoxmərtəbəli binalarda yanğın zamanı binanın damına da qalxmaq olar.
Yanğın zamanı giriş qapısı alovla kəsilibsə, balkona çıxmağa cəhd göstərilməlidir. Yadda saxlamaq lazımdır ki, yanan mənzildə yanğınsöndürənlər birinci növbədə məhz balkon və pəncərələrə yaxınlaşırlar.
Yanğınlar zamanı adamların əynindəki paltarların yanmasına tez-tez rast gəlinir. Odur ki, hər şeydən əvvəl paltarı alışan adam qaçmamalıdır, çünki qaçdıqda alov daha da şiddətlənir. Buna görə də yerə, döşəməyə uzanmaqla və yuvarlanmaqla, yanan yerləri döşəməyə və ya yerə sıxmaqla söndürməyə çalışmaq lazımdır. Bunu görənlər həmin şəxsi adyalla, köhnə paltarla kip sarımağa çalışmalıdırlar.
Bakı səhəri Baş Səhiyyə İdarəsinin baş toksikoloqu, Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin həkimi İsmayıl Əfəndiyev isə bizə müsahibəsində məlum faciə zamanı insanların yanma deyil, məhz tüstüdən zəhərlənmə nəticəsində həlak olduqlarını diqqətə çatdırdı. Buna görə də zərərçəkənlərin əksəriyyətinin Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirildiyini vurğuladı. İ.Əfəndiyev bu cür hadisələr zamanı insanlara tüstünün daha çox olduğu istiqamətlərə - liftə, pilləkənlərə tərəf getməməyi tövsiyə etdi. Su və ya sidiklə isladılmış dəsmalla ağızlarını tutmaqla tənəffüs yollarını zəhərli maddələrdən və isti tüstüdən yanmaqdan qoruya biləcəklərini dedi. O, mayın 19-da baş verən faciədə xilas olanların məhz bu üsullardan istifadə etdiyini söylədi. Mütəxəssis bu cür yanğın hadisələri zamanı ən təhlükəsiz yerin vanna otağı olduğunu vurğuladı. Qeyd etdi ki, təhlükəli vəziyyət yaranan kimi hamama girib qapısını örtmək, əgər qapının üzərində deşiklər varsa, onları bağlamaq, vannanı su ilə doldurub içərisində oturmaq və xilasediciləri gözləmək lazımdır. Evlərdə respiratorların saxlanması da vacibdir.
İsmayıl Əfəndiyev xüsusi olaraq qeyd etdi ki, bizdə insanlar elementar təhlükəsizlik qaydalarına riayət etmirlər: “Qızdırıcı qaz cihazı olan istənilən evdə hökmən xüsusi qaz detektoru olmalıdır. Digər ölkələrdə ondan geniş istifadə edilir. Amma qiymətinin çox ucuz olmasına baxmayaraq, Azərbaycanda bu cihaz evlərin, demək olar ki, heç 1 faizində də yoxdur. Halbuki qaz sızması olanda, tüstü yayılanda və ya havada dəm qazının konsentrasiyası çoxalanda detektor dərhal siqnal verir və bununla da baş verə biləcək təhlükənin qarşısını almağa imkan yaradır”.
İ.Əfəndiyev sonda əhaliyə bu cür hadisələr zamanı özlərini itirməməyi, soyuqqanlı davranaraq doğru hərəkət etməyi tövsiyə etdi. Bunun üçün insanların məlumatlılıq səviyyəsinin artırılmasının önəmini diqqətə çatdırdı.шаблоны для dle 11.2





]Oktyabr-Noyabr

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova