Valyuta.com

Pandemiya və oruc şəraitində necə qidalanmalı?

Pandemiya və oruc şəraitində necə qidalanmalı?

Səhiyyə Nazirliyinin mütəxəssisi, Azərbaycan Tibb Universitetinin Qidalanma və kommunal gigiyena kafedrasının müdiri, dosent İbrahim Əhmədov onlayn müsahibəsində Ramazan ayında immun sisteminin zəifləməməsi üçün qidalanma tövsiyələri verib.

- Koronavirusdan qorunmaq üçün necə qidalanmaq lazımdır?

- Bütün dünyaya yayılan yeni tip koronavirus (COVID-19) pandemiyasından insanları qoruya bilən xüsusi bir qida yoxdur. Ümumiyyətlə, hansısa qidanın hər hansı bir xəstəliyin qoruyucusu olmasını demək doğru olmaz. COVID-19-a gəldikdə isə, bu müddət ərzində başa düşdüyümüz odur ki, bu xəstəliyə qalib gəlmək üçün insan yüksək immun sisteminə sahib olmalıdır. Bu baxımdan, hər zaman vurğulanan sağlam və balanslaşdırılmış qidalanma bir daha öz önəmini saxlayır.

- Bəs, pandemiya şəraitində Ramazan ayında necə qidalanmaq lazımdır ki, immun sistemi zəifləməsin?

- Bütün bioloji fəal komponentlər, yəni əvəzolunmaz amin turşuları, doymamış yağ turşuları, vitaminlər, mikroelementlər, minerallarla zəngin olan bütün məhsullar bu patologiyanın qarşısının alınmasında insan orqanizminə yardımçı vasitə hesab oluna bilər.
İlk növbədə, onu bilmək lazımdır ki, orqanizmdə immun sisteminin möhkəmliyi zülal komponenti ilə bağlıdır. Bu səbəbdən əvəzolunmaz amin turşuları ilə zəngin olan, tam dəyərli zülal mənbəyi olan məhsullar bilavasitə immunitetin yüksəlməsində aparıcı rol oynayır. Heyvani mənşəli qidalar: süd-ağartı məhsulları, balıq, yumurta, ət məhsulları bu qrupda olan komponentlərdir. Bu qidalar həm zülal mənbəyi olaraq dəyərlidir, həm mineral maddələrlə zəngindir, həm də yağda həll olan vitaminlərin yeganə mənbəyi məhz bu məhsullardır.
Digər tərəfdən, bilirik ki, həm antioksidant təsirə malik, həm də immun sisteminin güclənməsində əsas rol oynayan bioloji aktiv maddələr vitaminlərdir, xüsusilə də suda həll olan vitaminlər.
Müəyyən qrup vitaminlərin, xüsusilə C, D, E, A vitaminlərinin COVID-19 zamanı orqanizmə qoruyucu təsiri çox yüksəkdir. Amma unutmaq olmaz ki, orqanizm tarazlıqda qorunub saxlanılmalıdır. Bəzən təlaşa düşüb hər hansı komponentin qəbulunun artırılması disbalans yarada bilər. Tövsiyəm bunların qəbulu ilə bərabər, polivitamin preparatlarından istifadə olunmasıdır. Orqanizm çox mürəkkəb mexanizmdir. Adət etdiyimiz gündəlik qidalanmada əsas elementləri unutmamalıyıq.

- Hansı xəstələr oruc tutarkən qidalanmaya xüsusi diqqət etməlidirlər?
- Xroniki xəstəliyi olan insanlar bu baxımdan daha ehtiyatlı davranmalıdırlar. Məsələn, insan şəkərli diabet xəstəsidirsə, aydındır ki, gün ərzində maye tələbatının vaxtında ödənilməsi onun sağlamlığının qorunmasının əsas şərtidir. Yaxud bilirik ki, COVID-19 zamanı laxtalanma proseslərinin artmasının nəticəsi çox təhlükəli ola bilər. Ürək-damar sistemi çatışmazlığı olan, mədə-bağırsaq problemləri yaşayan insanların zamanında qida və maye qəbulu sağlamlıq cəhətdən çox önəmlidir. Buna görə də xroniki xəstəliyi olanlar oruc tutarkən orqanizmlərinin vəziyyətini nəzərə almalıdırlar.

- Ramazanda nə qədər su içmək lazımdır?
- Su orqanizm üçün ən vacib qida amillərindən biridir. Bəli, su qida amilidir. Maddələr mübadiləsi zamanı əmələ gələn ara maddələr çox güclü zəhərləyici xüsusiyyətlərə malik olan birləşmələrdir və insan orqanizminin həyati funksiyalarını poza bilər. Su həm də daxili təmizliyi təmin edən çox vacib amildir. Bu baxımdan, yaxşı olar ki, insanlar canlı suya üstünlük versinlər. İnsan suyu yalnız içki şəklində qəbul etmir. Gündəlik maye miqdarının təxminən 25-30 faizi xörəklərin, 15-20 faizi isə məhsulların tərkibində qəbul olunur. Sərbəst maye şəklində qəbul edilən suyun miqdarı xüsusi əhəmiyyət daşıyır. Bu miqdar insan orqanizminin maddələr mübadiləsinin intensivliyindən, gördüyü işdən, ağırlıq dərəcəsindən, hava temperaturundan və sairdən asılıdır. Orta hesabla götürsək, müasir dövrdə gündəlik 2-3 litr maye qəbulu ehtiyacı ödəyir. Əslində, maye tələbatını bədənimiz özü bizə bildirir. Əgər orqanizmdə mühitlərin qatılığı artarsa, mərkəzi sinir sisteminə gedən reaksiya hesabına susuzluq hissi yaranır. Tövsiyə edərdim ki, bu zaman canlı, yəni qaynadılmamış sudan istifadə olunsun. Əsas məqamlardan biri isə odur ki, suyu böyük həcmlə, məsələn, birdəfəlik 1 litr içməklə deyil, fasilələrlə qəbul etmək vacibdir.
Ramazan müddətində isə gün ərzində mayeyə olan tələbatın insana çətinlik yaratmaması üçün imsak zamanı 3-4 stəkan maye qəbul edilməsi kifayətdir. Əsasən də Ramazanın ilk günlərində buna diqqət etmək lazımdır. Gündəlik qəbul edilən maye miqdarının 40-50 faizi imsak zamanı qəbul olunsa, bu, iftar vaxtına kimi bədənə yardımçı olar.

- Bəs, imsak və iftarda tövsiyə olunmayan qidalar hansılardır?
- Nəinki Ramazan ayının imsakında, eləcə də adi günlərdə belə, səhər yeməyi mütləq yeyilməlidir. Əsasən də günboyu enerjiyə ehtiyacı olan iş adamları buna əməl etməlidirlər. Ona görə də imsakda insana enerji verəcək qidaların qəbul edilməsi vacibdir. Gün ərzində susuzluq yaratmasın deyə, imsakda duzlu qidaları rasiondan çıxarmaq lazımdır. Turş qidalardan, konservləşdirilmiş məhsullardan, duzlu pendirlərdən, şirniyyatlardan imsak zamanı uzaq durmaq tövsiyə olunur. Məsələn, menyuda yumurta, şit pendir, göyərti, pomidor, xiyarın olması məqsədəuyğundur. Bütün bunların həm imsak, həm də iftarda olması yaxşıdır.
İftar bir stəkan su ilə açılır. Bu, mədəni rahatlatmaq üçündür. Təbii ki, əvvəlcə ən yüngül qidaların qəbulu daha yaxşı olar. Menyuda əvvəlcə sulu yeməklərin olması vacibdir. Çünki birdən-birə ağır yeməyə keçmək, xüsusilə də mədə-bağırsaq sistemində problemi olan insanların bundan əziyyət çəkməsinə gətirib çıxaracaq.
İftar zamanı şirniyyat məhsulları, xəmir xörəkləri, yüksək kalorili qidalar oruc tutanlarda çəki artımına səbəb olur. Bu isə qan təzyiqində artıma gətirib çıxara bilər.
Kolbasa və bənzər məhsullar doymuş yağ tərkibi yüksək olduğu üçün yeyilməsi riskli olan qida qrupundadır. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən nəşr olunan son araşdırmaya görə, emal olunmuş ətlərin xərçəng riskini artırdığı sübut edilib. Qurumun 27 maddəlik hesabatında bu qəbildən ət məhsulları 1-ci kateqoriya risk təsnifatına daxil edilib.шаблоны для dle 11.2





MAY

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova