Valyuta.com

Bilik Günü qeyd olundu

Bilik Günü qeyd olundu

Yeni dərs ilinin başlanması münasibətilə Azərbaycanın bütün təhsil ocaqlarında olduğu kimi, tibb təhsili müəssisələrində də Bilik Günü qeyd olunub.

Bu il 25 prezident təqaüdçüsü ATU-nu seçdi


Azərbaycan Tibb Universitetində (ATU) bu münasibətlə universitetin professor-müəllim heyətinin, tələbələrin və valideynlərin iştirakı ilə təntənəli mərasim keçirilib. Toplantıda ATU-nun rektoru, professor Gəray Gəraybəyli çıxış edərək, tələbələri yeni tədris ili münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb. G.Gəraybəyli qeyd edib ki, Azərbaycanda elmi biliklərin, təhsil sisteminin, səhiyyənin ardıcıl inkişafı Prezidentin uzaqgörən siyasətinin tərkib hissəsini, əsas özəyini təşkil edir: “Hazırda ölkəmizdə səhiyyə sahəsində əldə olunan nailiyyətlərdə ATU-nun müəllim və professor heyətinin elmi axtarışlarının və gərgin əməyinin xüsusi rolu var. Məzunlarımızın sorağı dünyanın müxtəlif ölkələrindən gəlir ki, bu da çox sevindiricidir”. Yeni tələbələri bu böyük ailənin üzvü olması münasibətilə təbrik edən, bu çətin və məsuliyyətli seçimdə onlara uğurlar arzulayan rektor həmçinin universitetin keçdiyi inkişaf yoluna nəzər salıb, onun maddi-texniki bazasının möhkəmləndirilməsində və yüksək ixtisaslı tibb kadrlarının hazırlanmasında ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərini xatırladıb. Bildirib ki, tibb təhsilinə həmişə diqqət və qayğı ilə yanaşan ulu öndər həkimlərimizin və müəllimlərimizin əməyinə daim yüksək qiymət verib.
Diqqətə çatdırılıb ki, 2019-2020-ci tədris ilində ATU-ya 770 nəfər, o cümlədən Müalicə işi fakültəsinə 483 nəfər, Tibbi-profilaktika fakültəsinə 49 nəfər, Stomatologiya və Əczaçılıq fakültələrinin hərəsinə 68 nəfər qəbul olunub. Bununla yanaşı, 65 nəfər hərbi həkim, 24 nəfər isə hərbi feldşer ixtisasını seçib. Bu il həm də 13 nəfər magistraturaya qəbul olunub. 2019-2020-ci tədris ilində hazırlıq şöbəsini 396 nəfər xarici ölkə vətəndaşı müvəffəqiyyətlə başa vurub.
Sonra ATU-nun Əczaçılıq texnologiyası və idarəçiliyi kafedrasının müdiri, professor Məhbubə Vəliyeva ümummilli lider Heydər Əliyevin elmin və təhsilin inkişafı və təkmilləşdirilməsi istiqamətində əvəzsiz addımlarından danışıb. Bildirilib ki, hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, bütün sahələrdə olduğu kimi, səhiyyə və təhsildə də bütün uğurlar Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın göstərdikləri qayğı nəticəsində əldə edilir.
Qeyd edək ki, bu il Azərbaycan Tibb Universiteti Prezident təqaüdçülərinin sayına görə ölkənin ali təhsil ocaqları arasında birinci olub. Belə ki, bu il ümumilikdə 102 nəfər Prezident təqaüdünə layiq görülüb. Onlardan 25 nəfəri təhsil almaq üçün ATU-nu seçib. Prezident təqaüdçülərinin sayına görə ölkə üzrə ikinci yerdə Bakı Ali Neft Məktəbi (23 nəfər), üçüncü yerdə Azərbaycan Dövlət İqtisad Universiteti (21 nəfər) durur.
Tədbirdə həmin Prezident təqaüdçülərindən biri – qəbul imtahanında ölkə üzrə ən yüksək bal (695) toplayan Təhmin Muradov çıxış edib, Tibb Universitetində yüksək keyfiyyətli təhsil alaraq, daim bu ali təhsil ocağının adını ucaldacağına və müəllimlərinin etimadını doğruldacağına söz verib.
Bilik Gününə həsr olunmuş mərasimdə ATU-nun birinci kurs tələbələri, builki qəbul imtahanında ən yüksək bal toplayan 3 gəncə noutbuk hədiyyə olunub. T.Muradovla yanaşı, Məhəmməd Ağamalıyev (694,3 bal) və Samilə Qədəşova (693 bal) da ATU rəhbərliyi tərəfindən mükafatlandırılıb.



Tibb müəssisəsində distant təhsil alanlar Bilik Gününü bayram etdilər


B.Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda “Müalicə alan məktəbyaşlı uşaqların distant təhsili” layihəsi çərçivəsində yeni tədris ilinin başlanması münasibətilə Bilik Gününə həsr olunmuş tədbir keçirilib.
Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru, tibb üzrə fəlsəfə doktoru Zöhrə Əlimirzəyeva öz çıxışında qeyd edib ki, layihə xüsusi ehtiyacı olan uşaqların fasiləsiz və keyfiyyətli ümumi təhsil almaq hüququnu təmin etmək, leykemiya xəstəsi olan uşaqların cəmiyyətə inteqrasiyasına dəstək vermək, onların informasiya-kompüter texnologiyaları biliyinin artırılmasına nail olmaq və potensiallarını nümayiş etdirmək üçün şərait yaratmaq məqsədi daşıyır. Z.Əlimirzəyeva bildirib ki, leykemiyalı uşaqlar il ərzində bir neçə dəfə müalicə olunurlar və həmin dövrdə onların təhsildən kənarda qalmaması üçün Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü, Təhsil Nazirliyi və Səhiyyə Nazirliyinin dəstəyi ilə “Nobel-T” şirkətinin həyata keçirdiyi “Müalicə alan məktəbyaşlı uşaqların distant təhsili” layihəsi həmin problemin aradan qaldırılmasına xidmət göstərir. Onun verdiyi məlumata görə, müalicə alan və distant təhsilə qoşulmaq istəyən şagirdlər üçün hər cür şərait yaradılıb, onlara təhsil verilməsi üçün tibb müəssisəsi müvafiq İKT avadanlıqları ilə təmin edilib, müəllim, şagird və valideynlər üçün təlimlər təşkil olunub. Dərslərdə elektron resurslardan, elektron dərsliklərdən və video dərslərdən istifadə edilir.
Tədbirdə Təhsil nazirinin müşaviri Nigar Bağırlı, Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov, Səhiyyə Nazirliyi Tibbi yardımın təşkili şöbəsinin baş məsləhətçisi Aynurə Zeynalova və başqaları çıxış edərək, layihə çərçivəsində keçilən dərslərlə yanaşı, musiqi, texnologiya və təsviri incəsənət dərslərinin də həm distant, həm də canlı keçirilməsinin uşaqlarda müsbət dəyişikliklərə səbəb olduğunu bildiriblər. Qeyd olunub ki, stasionar xəstələrlə bərabər, eyni fənlər ambulator xəstələrə də tədris edilir və bu onların təhsillərinə müsbət təsir göstərir, analizlərinin cavabını gözləyərkən gərginlik, əsəb yaranmasının qarşısını alır və əhval-ruhiyyəni normal saxlayır.
Sonra təhsildə fərqlənənlərə tərifnamələr və müxtəlif hədiyyələr təqdim olunub.
Yeni dərs ilinin başlandığını bildirən zəng çalınıb.
Tədbir iştirakçıları leykemiyalı xəstələrin əl işlərindən ibarət sərgiyə tamaşa ediblər.



Seçenov Universitetinin Bakı filialında yeni dərs ili başlandı


İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin (Seçenov Universiteti) Bakı filialında Bilik Gününə və yeni dərs ilinin başlanmasına həsr olunan tədbirdə filialın rektoru, professor Əziz Əliyev yeni dərs ilinin başlaması münasibətilə tədbir iştirakçılarını təbrik edib, vurğulayıb ki, Seçenov Universitetinin Bakı filialı Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı əsasında və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılıb. Universitet rəhbərliyinin tələbələrin inkişafına kömək etməyə həmişə hazır olduğunu deyən rektor vurğulayıb ki, filialın müasir klinik bazası daim genişlənir: “İndiyə qədər Rusiya, ABŞ və Almaniyanın aparıcı klinikaları ilə, həmçinin Azərbaycanın tibb müəssisələri ilə müqavilələr bağlanıb. Təhsildə fərqlənən tələbələr praktiki məşğələlər keçmək üçün həmin klinikalara göndərilir”.
Seçenov Universiteti Bakı filialının İctimaiyyətlə əlaqələr və tərbiyəvi iş üzrə prorektoru Andrey Yeryomin Universitetin rektoru Pyotr Qlıboçkonun adından tələbələri təbrik edib.
Təhsil xidmətlərinin ixracı şöbəsinin rəisi Nikita Sokolov öz çıxışında qeyd edib ki, Rusiyanın ən yaxşı ali məktəbində təhsil almaq bu tələbələr üçün nadir imkandır. Universitetin məzunları arasında böyük alimlərin və məşhur insanların bütöv bir nəsli var. Onlardan biri də Azərbaycanın Birinci vitse-prezidenti, Seçenov Universitetinin fəxri professoru Mehriban xanım Əliyevadır.



Tibb Kollecində Bilik Günü


2 nömrəli Bakı Baza Tibb Kollecində yeni tədris ilinin başlanması münasibətilə I kurs tələbələri üçün təntənəli tədbir keçirilib.
Kollecin direktoru Dilarə Məmmədəliyeva tədbiri açaraq, təhsil müəssisəsinin tarixindən, ölkəmizdə tibb təhsilinin inkişafından danışıb. Milli təhsilimizin inkişafının məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu söyləyən direktor gələcəkdə onun öz zəngin ənənələrinə, milli mənəvi və ümumbəşəri dəyərlərə, beynəlxalq təcrübəyə əsaslanaraq daha da inkişaf edəcəyini, dünya təhsil sistemində öz layiqli yerini tutacağını qeyd edib. Tələbələri Bilik Günü münasibətilə təbrik edən D.Məmmədəliyeva onlara müvəffəqiyyətlər arzulayıb.
Tədbir kollec haqqında bədii film və tələbələrin çıxışları ilə tamamlanıb.шаблоны для dle 11.2





SENTYABR2019

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova