Valyuta.com

Səhiyyə Nazirliyində Bakı 2015 Avropa Oyunları ilə əlaqədar kollegiya iclası keçirildi

Səhiyyə Nazirliyində Bakı 2015 Avropa Oyunları ilə əlaqədar kollegiya iclası keçirildi
Səhiyyə Nazirliyində 2015-ci ilin iyun ayının 12-dən 28-dək Bakıda təşkil olunacaq ilk Avropa Oyunları ilə əlaqədar kollegiya iclası keçirildi.
Tədbiri Səhiyyə Naziri Oqtay Şirəliyev açdı. İclasda Avropa Oyunları çərçivəsində ölkəmizə səfər edəcək idmançılara, iştirakçı ölkələrin nümayəndə heyətlərinə, qonaqlara yüksək səviyyəli tibbi xidmətin göstərilməsi məqsədi ilə görülən mühüm hazırlıq işləri barədə Səhiyyə Nazirliyinin aparat rəhbəri Zəkiyyə Mustafayeva məlumat verdi. O, öz çıxışında, Bakıda Kliniki Tibbi Mərkəzin və Bakı Sağlamlıq Mərkəzinin, Mingəçevirdə Şəhər Mərkəzi Xəstəxanasının idmançılara və qonaqlara müvafiq tibbi xidmət göstərilməsi üçün tam hazır olduğunu söylədi. Həm də qeyd etdi ki, digər şəhər klinik xəstəxanalarında və xüsusiləşdirilmiş stasionar tipli müəssisələrdə də müvafiq tibbi xidmət üçün zəruri şərait yaradılıb. Aparat rəhbəri təyin olunmuş xəstəxanaların mütəxəssislərinə “Fövqəladə vəziyyətlərə hazırlıq” və “İlkin tibbi yardımın beynəlxalq standartları” üzrə, oyunlar zamanı könüllü ilkin tibbi yardım göstərəcək 400 nəfər Azərbaycan Tibb Universitetinin tələbəsinə isə “İlkin tibbi yardım” üzrə təlimlər keçildiyini, eyni zamanda, Bakı şəhərinin tibb müəssisələrindən yarış obyektlərində tibbi xidmətlərin göstərilməsi üçün 300 nəfər səhiyyə işçisinin ayrıldığını vurğuladı. Z.Mustafayeva xüsusi olaraq “Sağlam Bakı 2015 üçün hazır ol” adlı lifletlərin hazırlandığını da qonaqların diqqətinə çatdırdı.
Zəkiyyə xanım ilk Avropa Oyunları çərçivəsində Səhiyyə Nazirliyinin müvafiq əmri ilə yaradılmış Təşkilat Komitəsi tərəfindən mühüm hazırlıq işlərinin həyata keçirildiyini, bununla yanaşı, yarana biləcək problemlərin operativ həllini təmin etmək üçün Nazirlikdə qərargah yaradılmasının nəzərdə tutulduğunu söylədi. Çıxışının sonunda isə Azərbaycanın ev sahibi kimi bu oyunları layiqincə təşkil edəcəyinə və beynəlxalq arenada ölkəmizin nüfuzunun daha da artacağına inandığını bildirdi.
Daha sonra iclasda çıxış edən Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev Bakı 2015 Avropa Oyunları zamanı təcili tibbi yardım xidmətinin təşkili üçün görülmüş işlər barədə danışdı. O, söylədi ki, Təcili və təxirəsalınmaz tibbi yardım heyəti 2014-cü ilin mart ayından ilkin tibbi yardım üzrə xüsusi təlimlərə cəlb olunub, həkimlərimiz üçün ingilis dili kursları təşkil edilib, eyni zamanda, 100 ədəd müasir təcili tibbi yardım maşını alınıb. Avropa Oyunları zamanı təcili yardım briqadalarının 25 obyektdə xidmət göstərəcəyi, 1 gündə maksimum 34 briqadanın növbətçiliyə cəlb olunacağı nəzərdə tutulub. Rauf Nağıyev iyun ayı üçün məsul şəxslərdən ibarət 24 saatlıq növbətçilik cədvəllərinin hazırlandığını, təcili yardımın operativ şöbəsində mərkəzi qərargah yaradılacağını da vurguladı. Bakı 2015 Avropa Oyunları zamanı idmançılara, tamaşaçılara, qonaqlara, əhaliyə göstəriləcək təcili və təxirəsalınmaz tibbi xidmətin operativ, keyfiyyətli yerinə yetirilməsinə dair hazırlıq işlərinin yekunlaşmaq üzrə olduğunu bldirdi.
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (GEM) baş direktorunun müavini Vaqif Abdullayev isə Avropa Oyunları çərçivəsində sanitariya-epidemioloji xidmətin qarşısında dayanan vəzifələr barədə məlumat verdi. O, laboratoriya xidmətinin müasir tələblərə uyğun təşkili məqsədilə bütün hazırlıq işlərinin görüldüyünü, su və qida məhsullarının təhlükəsizliyinin təmin edilməsi üçün zəruri avadanlıq, reaktivlər və digər ləvazimatların alındığını söylədi.
Yarışların keçirilməsi üçün istifadəyə verilən yeni obyektlərin sanitariya-epidemioloji vəziyyətinin qiymətləndirilməsi, oyunlar zamanı qidalanma, su təchizatı və digər sahələrdə sanitariya norma və qaydalarının təminatı istiqamətində görülən işlərin yekunlaşdığını vurğuladı. O, həm ən müasir avadanlıqla təchiz edilmiş toksikoloji laboratoriyanın tam hazır vəziyyətdə oldugunu, həm də Bakı Olimpiya Stadionunun layihədə nəzərdə tutulduğu kimi istifadəyə yararlı olmasına dair sanitariya-epidemioloji rəy verildiyini bildirdi.
Avropa Oyunları Əməliyyat Komitəsinin Tibb və antidopinq xidməti üzrə baş tibb meneceri Rəşid Vəzirov da Avropa Oyunları zamanı göstəriləcək tibb xidməti haqqında məlumatı tədbir iştirakçılarının diqqətinə çatdırdı. O, konkret olaraq, 20 innovativ idman növü üzrə 18 idman obyektində (17-si Bakıda, 1-i Mingəçevirdə) Avropa oyunları ailəsi marketinq partnyorlarına, işçilərə, tamaşaçılara, mətbuat nümayəndələrinə, yayımçılara və idmançılara ayrı-ayrı tibbi xidmət növlərinin konkret hansı müəssisələrdə göstəriləcəyini açıqladı.

İlk Avropa oyunlarının Azərbaycanda keçirilməsi böyük tarixi hadisədir

Tədbirdə çıxış edən Səhiyyə Naziri Oqtay Şirəliyev aprelin 26-da Bakıda ilk Avropa Oyunları məşəlinin yandırılacağını və onun məşhur insanlar və idmançılarla birgə Azərbaycanın bütün rayonlarına, şəhərlərinə aparılacağını, həmin regionlarda bayram tədbirləri və festivallar keçiriləcəyini bildirdi. Qeyd etdi ki, ölkəmizdə tədbirlər zamanı hər bir meydançada təcili tibbi yardım maşınları olmalı və stasionarlarda növbətçilik üzrə məsul tibb işçiləri təyin edilməlidir. Bu məqsədlə, Səhiyyə Nazirliyi tərəfindən alov mərasiminin marşrutu, ümumiyyətlə, Avropa Oyunları çərçivəsində keçiriləcək bütün tədbirlər barədə hər bir şəhər və rayon səhiyyə müəssisəsinin rəhbərinə məlumat göndərilib: “Ona görə də səhiyyə ocaqlarının rəhbərləri istər əhali, istərsə də ölkənin qonaqlarına ehtiyaclarına uyğun tibbi xidmətlərin yüksək səviyyədə göstərilməsini öz şəxsi nəzarətinə götürməlidir. Əgər oyunlar zamanı insanların sağlamlıq vəziyyəti ilə bağlı kütləvi problem olsa, onlar əvvəlcədən müəyyənləşdirilmiş tibb müəssisələrində hospitalizasiya ediləcəklər. Ancaq elə vəziyyət yarana bilər ki, xəstənin vəziyyəti ağır olar və təbii ki, bu halda təcili yardım xidməti onu ən yaxın səhiyyə müəssisəsinə çatdıracaq. Ona görə də bütün xəstəxana, klinika, mərkəz rəhbərləri işlərinə məsuliyyətlə yanaşmalıdırlar”.
O.Şirəliyev Avropa Oyunları zamanı ölkəmizə idmançılarla yanaşı çoxsaylı izləyicilərin, media mənsublarının və digər qonaqların gəlməsi ilə əlaqədar olaraq, tibb müəssisələrinin hər birinin gərgin iş rejimində fəaliyyətə hazır olmalarına bir daha xüsusi göstəriş verdi.
Nazir vurğuladı: “Unutmayaq ki, ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ölkəmiz üçün şərəfli, məsuliyyətli vəzifə olmaqla bərabər, həm də dünya idmanının dövlətimizin inkişafına, tərəqqisinə, sabitliyinə verdiyi qiymətdir. Bu böyük hadisə bizi daha böyük uğurlara aparan yoldur, tarixə yazılacaq hadisədir. Nazir ilk Avropa Oyunlarının - bu möhtəşəm tədbirin standartlarının məhz Bakıda müəyyən olunacağına inandığını da diqqətə çatdırdı.
Elektron səhiyyə xidmətinə 3 ayda7 mindən artıq müraciət daxil olub
Səhiyyə naziri Oqtay Şirəliyev kollegiya iclasında Elektron Xidmətin fəaliyyətinə də toxundu. Bildirdi ki, bu xidmət yarananadək Səhiyyə Nazirliyinə yazılı müraciət etmək, sonra müəyyən müddət ərzində həmin müraciətlərə baxılması, onlara cavab verilməsi uzun vaxt aparırdı: Səhiyyə isə elə sahədir ki, burada hər bir müraciətə operativ baxılmalıdır. Bizim məqsədimiz buna nail olmaq idi. Ona görə də Elektron Səhiyyə Xidməti yaratdıq. Artıq 3 aydır fəaliyyət göstərən Elektron Səhiyyə Xidmətinə insanlar axın edir. Qısa müddət ərzində bura 7 mindən artıq müraciət daxil olub və onların hamısı operativ şəkildə cavablandırılıb”.
Nazir xidmətin işi ilə bağlı digər məqamlara da toxundu. Bildirdi ki, istər Bakı şəhərində, istərsə də regionlarda bütün baş həkimlər Elektron Səhiyyə Xidmətinin Səhiyyə Nazirliyinin idarəsi olduğunu qavramalıdırlar. Оnlar bilməlidirlər ki, Еlektron Səhiyyə xidmətinin işçiləri Səhiyyə Nazirliyinin nümayəndələridir və onların müraciətlərinə operativ cavab verilməlidir. Hamı başa düşməlidir ki, əgər xəstə Elektron Səhiyyə Xidmətinə qədər gəlirsə, deməli, yerlərdə onun problemi öz həllini tapmayıb. Ona görə də belə bir xidmətin yaradılması problemlərin üzə çıxması və aradan qaldırılması baxımından çox önəmlidir. Əlbəttə ki, Elektron Səhiyyə Xidməti gələcəkdə daha da inkişaf edəcək”.
Sonda səhiyyə sahəsində çox işlərin görüldüyünü vurğulayan nazir, hər bir tibb işçisinə problemlərdən qaçmamağı, onlara açıq gözlə baxmağı tövsiyə etdi. Hamını öz işinə diqqətlə, məsuliyyətlə yanaşmağa çağırdı: “Ölkə rəhbərindən Azərbaycanın səhiyyə standartı sözünü eşitmək çox böyük şərəfdir və Prezidentimizin tibb işçilərinə verdiyi bu dəyəri biz hər gün öz işimizlə doğrultmalıyıq”.
Ü.FƏRZƏLİYEVAшаблоны для dle 11.2





May 2019

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova