Valyuta.com

Teymur Musayev: “Saxta sertifikat ölümlə “lotereya” oynamaqdır”

Teymur Musayev: “Saxta sertifikat ölümlə “lotereya” oynamaqdır”

Azərbaycanda koronavirusun “delta” ştamı geniş yayılmaqdadır: gündəlik yoluxmalar minlərlə, ölənlərin sayı onlarladır. Hökumət və ictimaiyyət əhalini fəal peyvənd olunmağa çağırışlar edir. Ölkələrin böyük əksəriyyətində hökumətlər öz vətəndaşlarını qoruya bilmir, onları heç olmasa bir növ vaksinlə təmin etmək iqtidarında deyil. Əhaliyə müxtəlif vaksinlərin təklif olunduğu Azərbaycanda isə bəzi insanlar peyvəndlənməyə tələsmirlər. Digər tərəfdən, hamını aktual sual maraqlandırır ki, milli səhiyyə sistemi pandemiyanın yeni, ildırım sürətli dalğasının öhdəsindən gələ biləcəkmi?
Səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin səlahiyyətlərini müvəqqəti icra edən Teymur Musayev REAL TV-nin rəhbəri Mirşahin Ağayevin suallarına cavab verib.


COVID-19-la mübarizədə hazırkı vəziyyət, bu mübarizənin effektivliyi baxımından dünyada Azərbaycanın mövqeyi ilə bağlı suala cavabında səhiyyə nazirinin birinci müavini bildirib ki, dünya artıq iki ilə yaxındır ki, bu bəla ilə mübarizə aparır və ölkəmiz bu cəbhədə ilk yerlərdən birini tutur. Prezident İlham Əliyevin uzaqgörən siyasəti və görülmüş qabaqlayıcı tədbirlər sayəsində Azərbaycan COVID-19 ilə bağlı istənilən vəziyyətə hazırdır. Ölkəmizdə kifayət qədər müvafiq çarpayı fondu, zəruri tibbi avadanlıq, lazımi dərmanlar, digər vasitələr və ən əsası, mütəxəssislər var. Buna görə də səhiyyə sistemimiz həm birinci, həm ikinci, həm də bu gün yaşadığımız üçüncü dalğa ilə üzləşməyə hazır idi.
Sual verilib ki, karantin rejimi yumşaldıldıqdan sonra həndəsi silsilə ilə artan xəstə sayı ilə bağlı vəziyyət nəzarətdən çıxa bilərmi? Teymur Musayev bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatı müəyyən göstəricilərə görə ölkələri yaşıl, narıncı və ya qırmızı zonalara aid edir. Ancaq hər bir ölkənin öz qırmızı xətti də var və bu, reanimasiya çarpayı fondu ilə, ağciyərlərin süni ventilyasiyası aparatlarının sayı ilə birbaşa bağlıdır. Bu gün yoluxmalarda baş verən artım SARS-CoV-2 virusunun son vaxtlar dünyada yayılan “delta” ştamı ilə əlaqədardır. Bu ştam virusun digər növlərindən 30 faiz daha sürətlə yayılır. Buna baxmayaraq, çarpayı fondu ilə bağlı heç bir problem yoxdur.
Səhiyyə nazirinin birinci müavini deyib ki, Azərbaycanda bilavasitə COVID-19-la əlaqəli çarpayıların sayı 10 mindən çoxdur. Dövlət başçısının göstərişi ilə və onun dünyadakı nüfuzu sayəsində qısa müddətdə ölkəmizdə xüsusi olaraq pandemiya dövrü üçün kifayət qədər modul tipli xəstəxanalar yaradılıb. Digər xəstəxanaların maddi-texniki bazası da pandemiya vəziyyətinə uyğun təchiz olunub. Digər ixtisaslardan olan həkimlər müəyyən təlim keçərək bu xəstəliklə mübarizəyə cəlb ediliblər. Eyni zamanda, beynəlxalq dəstək də almışıq – Çin, Rusiya, Kuba, İtaliyadan mütəxəssis həkim qrupları gəlib, bizim həkimlərlə birlikdə işləyib, təcrübələrini bölüşüblər.
REAL TV-nin rəhbəri aktiv xəstə sayının müvafiq çarpayı fondundan dəfələrlə çox olduğuna diqqət çəkib. Teymur Musayev qeyd edib ki, "aktiv xəstə" dedikdə, stasionarlarda, o cümlədən reanimasiya şöbələrində müalicə alan xəstələrlə yanaşı, ev şəraitində aşkar simptomlarla müalicə olunanlar və həkimlərin nəzarətində olan simptomsuz pasiyentlər də nəzərdə tutulur. Buna görə çarpayı fondu kifayət qədərdir.
Sürətlə yayılan “delta” ştamının daha təhlükəli olması və tibb müəssisələrimizin onun yayılma sürətinin öhdəsindən gəlməsi ilə bağlı suala cavab verərkən səhiyyə nazirinin birinci müavini deyib ki, bu ştam digərləri ilə müqayisədə sürətli yayılsa da, bu halda pasiyentlərin vəziyyətinin pisləşməsi və ölüm göstəricisi digər variantlardan bir qədər aşağıdır. Əvvəlki COVID-19 versiyalarının müalicəsində istifadə olunan dərmanların “delta” ştamına təsirli olub-olmaması məsələsinə münasibət bildirən Teymur Musayev qeyd edib ki, pandemiya başlayanda bu xəstəliyin birbaşa müalicə üsulu yox idi. Onunla mübarizə aparan mütəxəssislər, həkimlər, bütün təbabət aləmi xəstəliyin xüsusiyyətlərini öyrənərək, əczaçılıq şirkətlərinin son kəşflərinə əsaslanaraq, müəyyən dərmanları sınayırdılar. Xəstəliyin ilkin mərhələsində bəzi preparatların birgə istifadəsi bütün ştamlara qarşı xeyli təsirli oldu. Buna görə nazir müavini vətəndaşlara ilk simptomlarda testdən keçməyi və həkimə müraciət etməyi məsləhət görüb, naşı adamların tövsiyələri ilə özünümüalicədən çəkinməyə çağırıb.
Səhiyyə Nazirliyinin rəsmisi cəmiyyətdə peyvənd mədəniyyətinin səviyyəsi ilə bağlı sualın cavabında deyib ki, bu anlayış bəşəriyyət üçün hər zaman aktualdır. İnsanlar bütün tarix boyunca qabaqcıl fikirləri, yeni kəşfləri qəbul etməyə tərəddüd ediblər. Ancaq fövqəladə hallar, böhran vəziyyətləri bəşəriyyəti tərəqqiyə sövq edib. Çünki böhran halları, eyni zamanda, böyük imkanlar deməkdir. Son dövrdə pandemiya ilə əlaqədar olaraq tibb, əczaçılıq çox inkişaf etdi. Bu xüsusilə qabaqcıl texnologiyalara əsaslanan peyvəndlərin istehsalına aiddir. Hər bir ölkənin peyvəndlərlə bağlı öz tarixi var. Azərbaycanda vaksinasiya tarixi kifayət qədər zəngindir. Biz peyvəndləməni inkar edən bir ölkə deyilik. Azərbaycanda hər kəs uşaq vaxtından müxtəlif təhlükəli infeksiyalara qarşı peyvənd edilir. Teymur Musayev sosial şəbəkələrdə və mediada insanları peyvənddən çəkindirməyə çalışanlara müraciət edərək deyib ki, onların bu əməlləri cinayətdir, reanimasiyada insanların ölümündə onlar da məsuliyyət daşıyırlar.
Nazir müavini xatırladıb ki, Azərbaycanda COVID-19 əleyhinə peyvənd kampaniyası bu il yanvarın 18-də başlayıb. İlk növbədə həkimlər, 60 yaşdan yuxarı insanlar və xroniki xəstələr peyvəndə cəlb olunub. Daha sonra, qəbul edilmiş mərhələli strategiyaya əsasən, digər yaş qrupları da vaksinasiya edilib. Hazırda peyvəndlə əhatə olunması nəzərdə tutulan əhalinin 35 faizi tam vaksinasiya olunub, yəni peyvəndin hər iki dozasını alıb və bundan 14 gün keçib.
M.Ağayev soruşub ki, "kütləvi immunitet" formalaşması üçün əhalinin neçə faizi peyvənd olunmalı və ya xəstələnib sağalmalıdır? Teymur Musayev söyləyib ki, pandemiya başlayanda infeksiya ilə tanış olmayan, onun mutasiyasının sürətini tam anlamayan elm adamları müxtəlif fərziyyələr irəli sürürdülər, bu infeksiyanı digər yoluxucu xəstəliklərlə müqayisə edərək, insanların 60-65 faizinin peyvənd olunması ilə kütləvi immunitetin formalaşacağını deyirdilər: “Son bəyanatlara görə isə əhalinin 82-85 faizinin vaksinasiyasına ehtiyac var. Əhalimizin müəyyən bir hissəsinin – təxminən 350 min insanın artıq xəstələnib-sağaldığını nəzərə alsaq, buraya peyvənd olunmuş adamları da əlavə etsək, düşünürəm ki, ən azı 60-70 faizə yaxınlaşanda biz infeksiyanın yayılma sürətini nəzarət altına alacağıq. Digər tərəfdən, bu virus mutasiya edir və zəifləyir. Bütün bunlar üst-üstə düşəndə əhali qorunmuş olacaq”.
Peyvəndləmənin artmasından sonrakı vəziyyət barədə suala cavab verən nazir müavini deyib ki, hazırda xəstəxanalara yerləşdirilənlərin 96 faizi, reanimasiyadakıların 98 faizi peyvənd olunmayanlardır. Səhiyyə nazirinin səlahiyyətlərini icra edən Teymur Musayev neqativ hallar haqqında da danışıb. Bildirib ki, reanimasiyaya düşənlərin bəzilərində saxta COVID pasportları, saxta peyvənd sertifikatları olub. Onlardan yeddisinin şəxsiyyəti artıq müəyyən edilib. Nazirlik rəsmisi vurğulayıb ki, reanimasiya şöbəsindəki həqiqətən peyvənd olunanların heç biri süni tənəffüs aparatına qoşulmayıb. Bunu nəzərə alaraq, o, vəziyyətin ağırlaşmaması üçün hər kəsi peyvənd etdirməyə çağırıb.
Peyvəndlərin fərqi, hansı hazırlanma platformasının daha yaxşı olması barədə suala cavab verərkən Teymur Musayev xüsusi qeyd edib ki, ölkədə kifayət qədər vaksin ehtiyatı tədarük olunub: “Bəzi ölkələrdə insanlar qara bazarda peyvənd almaq məcburiyyətində qaldıqları halda, hər bir Azərbaycan vətəndaşı, hətta ölkəmizə xaricdən gələn, daimi və ya müvəqqəti yaşayan əcnəbilər də özləri üçün vaksin seçimi edə bilərlər. Demək olar ki, dünyada mövcud olan bütün vaksin platformaları ölkəmizdə istifadə edilir - ənənəvi, yəni inaktiv platformada yaradılmış Çin vaksinləri – “Sinovac” şirkətinin “CoronaVac” vaksini, vektor platformasında hazırlanan Rusiyanın “Sputnik V” vaksini, “AstraZeneca” şirkətinin “Vaxzevria” vaksini, eləcə də mRNT platformasında BioNTech/Pfizer vaksini. Yəni seçim var və bütün peyvəndlərin effektivliyi orta hesabla eynidir. Onların hamısı peyvənd olunmuş insanları ölümdən və xəstəliyin ağır gedişindən qoruyur”.
Teymur Musayev deyib ki, qeyri-ciddi iddiaların qarşısını almaq və peyvəndin əhatə dairəsini genişləndirmək üçün ilk növbədə mütəxəssislər əhaliyə bunları izah etməlidirlər. Müxtəlif təşviqat kampaniyaları təşkil oluna bilər. Bəzi ölkələr bu sahədə müəyyən məhdudlaşdırıcı texnologiyaları tətbiq edirlər. Çünki insanları fikrindən daşındıranlar olmasa, hamı peyvəndlənər. Son dövrün dinamikası göstərir ki, əksəriyyət həqiqəti dərk etməyə başlayıb. Vaksinasiya məntəqələrinə axın var. İnsanlar müraciət edirlər, peyvənd olunurlar və nəticəni görürlər. Səhiyyə nazirinin müavini bildirib ki, peyvənd ehtiyatı kifayət qədərdir və hətta bu yaxınlarda aktuallaşmış üçüncü doza üçün də bəs edər. O vurğulayıb ki, biz bir millət olaraq istənilən mübarizədə birləşə bilirik. Bunu Ali Baş Komandanın rəhbərliyi altında qalib ordumuzun bizə qazandırdığı zəfər də sübut edir: “Tam səmimiyyətlə əminəm ki, xalqımız bu fəlakətin də öhdəsindən gələcək”.
Peyvənd prosesində cinayət törədən, saxtakarlıq edən insanlar haqqında verilən suala cavab olaraq nazir müavini söyləyib ki, virusla mübarizə də bir müharibədir, müharibə zamanı isə belə faktlar təxribat kimi qiymətləndirilə bilər: “İnsanları peyvənddən çəkindirmək təxribat və cinayətdir. Saxta vaksin sertifikatını əldə edən vətəndaş və onu verən tibb işçisi ölümlə “lotereya” oynayır. Həmin “lotereya biletini” alan hər kəs nəinki özünü, həm də ailə üzvlərini, qohumlarını və ətrafındakı hər kəsi təhlükəyə atır. Buna görə bu məsələ ilə artıq səhiyyə deyil, hüquq-mühafizə orqanları məşğul olmalıdır. Onların sərt reaksiyası bizə kömək edəcək”.
M.Ağayev Operativ Qərargahın son vaxtlar daha az brifinq keçirməsinin səbəbini soruşub. Teymur Musayev deyib ki, pandemiyanın başlanğıcında insanların bu xəstəlik, ondan qorunma yolları, pandemiya ilə mübarizə üçün hökumətin gördüyü tədbirlər haqqında məlumatı az, bunları onlara izah etməyə ehtiyac çox idi. Buna görə də mütəmadi olaraq brifinqlər keçirilirdi. Ancaq artıq iki ilə yaxındır pandemiya şəraitində yaşadığımıza görə, görülən hər tədbir üçün əlavə izahata ehtiyac yoxdur. Bundan əlavə, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB və müstəqil ekspertlər kütləvi informasiya vasitələri və sosial şəbəkələr vasitəsilə mütəmadi olaraq əhaliyə lazımi məlumatları çatdırırlar. Buna görə də, brifinqlərə ehtiyac yalnız yeni tədbirlərin tətbiqinə başlayanda yaranır.
Jurnalistin son vaxtlar narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizənin aktuallaşması və bu mübarizədə Səhiyyə Nazirliyinin rolu barədə sualına səhiyyə naziri vəzifələrini icra edən cavab verib ki, son zamanlar bu məsələnin aktuallaşması cəmiyyətin xroniki stres vəziyyətində yaşamasından qaynaqlana bilər: “Psixikası zəif olan insanlar, müəyyən şərtlərə daxilən müqavimət göstərə bilməyənlər narkotik asılılığının qurbanı olurlar. Bütün narkoloji dispanserlərimiz və reabilitasiya mərkəzlərimiz tam gücü ilə işləyir. Bu problemlə bağlı digər dövlət qurumları ilə sıx əməkdaşlıq edirik. Yeni müalicə üsulları tətbiq olunur, təbliğat metodlarından istifadə edilir. İndi bazarda çox tez asılılıq yaradan yeni dərman növləri peyda olub. Onların istifadəsi çox ağır nəticələrə gətirib çıxarır. Ailələrində narkotik aludəçisi olanlara müraciət etmək istərdim - belə insanın müalicə olunmaq üçün dəstəyə və köməyə ehtiyacı var. Bu təkcə tibbi problem deyil, bu, sosial problemdir, ailə problemidir və bu baxımdan bu insanın ən yaxın çevrəsi ona kömək etməli, müalicəyə məcbur etməlidir. Deyə bilərəm ki, bütün müəssisələrimizdə keyfiyyətli müalicə tətbiq olunur. Hazırda yüzlərlə insan bu bəladan xilas olub, sağalıb və reabilitasiyadan keçib. Asılılığı olan insanın ətrafı ona dəstək verərsə, o bu asılılıqdan qurtula bilər”.
İcbari tibbi sığorta sistemi şəraitində Səhiyyə Nazirliyinin səlahiyyətləri barədə sualı cavablandırarkən nazir müavini deyib ki, nazirliyin əsas missiyası Azərbaycan vətəndaşlarının sağlamlığını qorumaq, sağlam həyat tərzini təbliğ etməkdir. Səhiyyə Nazirliyi buna xidmət edən bir icra orqanıdır. Onun fəaliyyəti əhalinin sağlamlığının qorunması, keyfiyyətli tibbi xidmətlərin əlçatanlığının təmin olunması, ana və uşaq sağlamlığının mühafizəsi, müharibə əlillərinin, iştirakçılarının və şəhid ailələri üzvlərinin sağlamlığının qorunması, azad edilmiş bölgələrdə tibbi xidmətlər sisteminin yaradılması, səhiyyə sisteminin rəqəmsallaşdırılması kimi sahələri əhatə edir. Digər bir prioritet əhalimizi, dövlətimizi strateji əhəmiyyətli dərman və tibbi ləvazimatlarla təmin etmək üçün yerli istehsalın dəstəklənməsidir. Rəqəmsal səhiyyə anlayışı üzərində dayanan Teymur Musayev deyib ki, müvafiq strategiyaya əsasən, hər bir Azərbaycan vətəndaşının rəqəmsal profili yaradılacaq, insanın həyatı boyunca keçirdiyi və xroniki xəstəlikləri, cərrahiyyə əməliyyatları, peyvəndləri və s. orada qeyd ediləcək. Bu, dövlət üçün qiymətli bir məlumat bazası olacaq. Onun köməyi ilə gələcək beş, on, on beş və hətta iyirmi il ərzində səhiyyə sistemini planlaşdırmaq və inkişaf etdirmək mümkün olacaq.
Səhiyyə nazirinin birinci müavini qeyd edib ki, COVID-19 pandemiyası böhran dövrü olmaqla yanaşı, infeksiyaya qarşı mübarizənin ön cəbhəsində olan səhiyyə sistemi üçün təkan və geniş imkanlar dövrü oldu: “Bəlkə də iki-üç il əvvəl bir həkim xəstə tərəfindən göndərilən video əsasında nəyisə müzakirə edərdisə və ya tövsiyələr verərdisə, bu tövsiyələrin heç bir qanuni əsası olmadığını deyər, ehtiyatlı olmağa çağırardılar. İndi isə səhiyyədə teletəbabət adlanan bir texnologiya artıq geniş yayılıb. Pandemiyanın ikinci dalğası zamanı ölkəmizdəki reanimasiya qrupları və yüksək ixtisaslı mütəxəssislər həmin texnologiya vasitəsilə bir mərkəzdən yüzlərlə insana çataraq, yüzlərlə həkimə kömək edərək, öz məsləhətlərini verirdilər. Bu, əldə olunan tərəqqinin göstəricisidir. Növbəti bir neçə il ərzində görəcəyimiz işlər nəticəsində insanlar bir neçə toxunuşla tibbi xidmətlərdən istifadə edə biləcəklər. Bəs, on ildən sonra nə olacaq? Bu, bir az futuristik, eyni zamanda, çox maraqlı bir mövzudur və biz buna açıq olmalıyıq”.
Vaksinlərin qiyməti ilə bağlı sorğuya cavab olaraq nazir müavini deyib ki, bu, kommersiya sirridir, müqavilələrdə bu məlumatın açıqlanmaması barədə bənd var. Lakin bütünlükdə, dövlət bu işə böyük vəsait sərf edir: “Bir vaxtlar Birləşmiş Ərəb Əmirliklərində tibbi turizm məqsədilə vaksinlər satışa çıxarılmışdı. Kifayət qədər yüksək qiymətə satırdılar, xaricdən hər kəs gəlib vaksin seçib peyvənd oluna bilərdi. Sonra qıtlıq yarandı və kommersiya yanaşması gündəmdən düşdü.
Bildiyiniz kimi, dövlət başçısının təşəbbüsü ilə Azərbaycan bir sıra ölkələrə peyvəndlərlə bağlı yardım göstərib. Bəzi ölkələrə yüz minlərlə doza peyvənd hədiyyə olunub ki, bu da ölkəmizin və onun rəhbərliyinin humanist missiyasının sübutudur”.
Teymur Musayev qeyd edib ki, bəzi ölkələr yalnız öz vətəndaşlarını peyvənd edirlər. Hətta bu ölkələrdə yaşayan əcnəbi tələbələr də peyvənd olunmaq imkanından məhrumdurlar. Bizdə isə başqa ölkələrdən gələn bütün insanlar vaksinasiya oluna bilir. Onlar bu addımı ən böyük humanist hərəkət kimi qiymətləndirirlər.шаблоны для dle 11.2





Sentyabr-2021

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova