Valyuta.com

Milli Məclis səhiyyə qanunvericiliyinə dəyişikliklər edib

Milli Məclis səhiyyə qanunvericiliyinə dəyişikliklər edib

Milli Məclisin yaz sessiyasının may ayında keçirilmiş plenar iclaslarında digər məsələlərlə yanaşı, səhiyyə ilə bağlı sənədlər də müzakirə olunub.
Spiker Sahibə Qafarovanın sədrliyi ilə keçən ilk iclasda Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov gündəlikdəki iki məsələ – üçüncü oxunuşda baxılan “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Qanın, qan komponentlərinin donorluğu və qan xidməti haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında”, “Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında”, “Arıçılıq haqqında”, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında”, “Təhsil haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında”, “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında” və “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi və “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında”, “Yaşıllıqların mühafizəsi haqqında”, “Uşaqların icbari dispanserizasiyası haqqında”, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında”, “Peşə təhsili haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında”, “Psixoloji yardım haqqında” və “Ümumi təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi haqqında qanun layihəsi ilə bağlı məlumat verib.
Komitə sədri həmçinin ölkədə koronavirusa qarşı peyvəndləmə prosesindən bəhs edib və bununla bağlı statistik məlumatları diqqətə çatdırıb.
Deputat Qüdrət Həsənquliyev çıxış edərək layihə barədə fikirlərini səsləndirib.
Hər iki qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Parlamentin növbəti plenar iclasında "Tibbi sığorta haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) barədə Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov məlumat verib. Bildirib ki, bu dəyişikliklər tibbi xidmətlər üçün müraciət edən şəxslərin dəstəklənməsinə, onların tibb müəssisələrinə müraciət imkanlarının artırılmasına xidmət edir.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda təsdiqlənib.
Milli Məclisin növbəti plenar iclaslarında qanun layihəsi ikinci və üçüncü oxunuşda da qəbul olunub.
Parlamentin mayın 27-də keçirilmiş iclasında həmçinin “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” Qanun layihəsi də birinci oxunuşda müzakirə edilib.
Qanun layihəsi barədə məlumat verən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, 2020-ci ilin dövlət büdcəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müəyyən etdiyi strateji inkişaf prioritetləri və sosial-iqtisadi siyasət istiqamətləri ilə uzlaşdırılaraq, qlobal iqtisadiyyatda gedən proseslərin, COVID-19 pandemiyasının və Vətən müharibəsinin icmal və dövlət büdcələrinin əsas parametrlərinə ehtimal olunan təsirləri nəzərə alınmaqla, çevik formada icra edilib. Komitə sədri deyib ki, 2020-ci ilin əvvəlindən başlayaraq dünyada COVID-19 pandemiyasının sürətlə yayılması iqtisadi fəallığın zəifləməsinə səbəb olub. Pandemiyanın Azərbaycan iqtisadiyyatına mümkün mənfi təsirlərinin azaldılması, əhalinin sosial rifahının qorunması və iqtisadi inkişafın davamlılığının təmin edilməsi üçün dövlət tərəfindən həyata keçirilən tədbirlər nəticəsində ölkə iqtisadiyyatının daha kəskin enişinin qarşısı alınıb. Məlumat verilib ki, COVID-19 pandemiyası ilə mübarizə və onun fəsadlarının aradan qaldırılması büdcənin icrasına da təsir göstərərək, sosial məzmunlu xərclərin yüksəldilməsini labüd edib. Sosialyönümlü xərclərin 2020-ci il dövlət büdcəsində icrası xərclərin 36,5 faizi və ya 9654,2 milyon manat həcmində olub. Ümumiyyətlə, son 5 ildə sosialyönümlü xərclərin dövlət büdcəsinin xərclərində xüsusi çəkisi natural ifadədə 3,5 milyard manat və ya 1,6 dəfə artıb. Hesabat ilində dövlət büdcəsindən 1,7 milyard manatlıq səhiyyə xərcləri icra olunub. İcbari Tibbi Sığortanın fəaliyyəti üçün 950 milyon manat, koronavirus (COVID-19) pandemiyası ilə mübarizə tədbirləri üçün 2 milyard manata yaxın vəsaitin icrası təmin edilib. Tahir Mirkişili bildirib ki, keçən il üçün dövlət büdcəsinin icrası əsas dövlət və sosial vəzifələrin həyata keçirilməsi, Vətən müharibəsində qələbənin təmin olunması, əhalinin sosial müdafiəsinin daha da yaxşılaşdırılması, ölkədə makroiqtisadi sabitliyin qorunması, COVID-19 pandemiyası ilə mübarizə və iqtisadi subyektlərin dəstəklənməsində müsbət rol oynayıb.
Sonra çıxış edən maliyyə naziri Samir Şərifov deyib ki, ötən il Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, rəşadətli Azərbaycan Ordusunun şücaəti sayəsində işğalçı Ermənistan üzərində parlaq Qələbə qazanılıb, torpaqlarımız işğaldan azad edilib. Bununla yanaşı, ötən ilin əvvəlindən ölkə iqtisadiyyatı ağır sınağa çəkilərək, iki xarici şokla üzləşib. Bu, ilk növbədə, koronavirus pandemiyası ilə bağlı problemlər və iqtisadiyyatın yeni reallıqlara uyğunlaşması, digər tərəfdən isə dünya bazarında xam neftə tələbatın azalması nəticəsində neft və neft məhsullarının qiymətlərinin kəskin aşağı düşməsidir. Qeyd olunub ki, pandemiyanın yaratdığı keyfiyyətcə yeni mühit əhalinin həssas sosial qruplarına, sahibkarlıq subyektlərinə, kiçik və orta biznesə, səhiyyə sahəsinə, dövlət şirkətlərinə dövlətin maliyyə dəstəyinin göstərilməsini zəruri edib. Ölkə Prezidentinin tapşırığına əsasən, hökumət tərəfindən kompleks sosial-iqtisadi tədbirlər proqramı hazırlanıb və icrasına başlanıb. Bunları nəzərə alaraq, dövlət və icmal büdcələrinin prioritetliyi və ünvanlılığı artırılmaqla həyata keçirilib. Hesabat ilində bütün sosial öhdəliklərin vaxtında və tam həcmdə yerinə yetirilməsi ilə yanaşı, yeni yaranmış reallıqlara müvafiq olaraq pandemiya şəraitində işləyən tibb işçilərinə xüsusi əlavələr ödənilib, pandemiyadan zərər çəkən sahələrin dəstəklənməsi nəticəsində, pandemiyanın ölkə iqtisadiyyatına, əhalinin sağlamlığına və sosial-iqtisadi vəziyyətinə təsirinin endirilməsinə nail olunub.
Nazir öz çıxışında qeyd edib ki, Azərbaycan dövlətinin pandemiya ilə mübarizə istiqamətində ötən il ərzində gördüyü tədbirlər beynəlxalq maliyyə qurumları tərəfindən də izlənilib. Belə ki, Beynəlxalq Valyuta Fondu Azərbaycan hökumətinin COVID-19 pandemiyasına qarşı həyata keçirdiyi mübarizə tədbirlərinin, o cümlədən xəstəliyin yayılma sürətinin azaldılması və insanların sağlamlığının qorunması ilə bağlı səhiyyə və iqtisadiyyat sahələrinə verdiyi dəstəyin, həssas qruplara aid vətəndaşlara yardım olunmasının mühüm rolunu vurğulayıb.
Bildirilib ki, ötən il ərzində dövlət büdcəsinin xərcləri optimallaşdırılıb, bir sıra sahələrdə xərclər azaldılıb. 2020-ci ilin dövlət büdcəsinin sosialyönümlü xərcləri 33,3 faiz və yaxud 8 milyard 805 milyon manat təşkil edib. COVID-19 pandemiyası ilə mübarizə tədbirlərinə dair proqramın icrasına 1 milyard 970 milyon manat vəsait istifadə olunub. Burada səhiyyə tədbirləri üzrə xərclər 613 milyon manat təşkil edib. Azərbaycan dövləti koronavirusla mübarizə sahəsində beynəlxalq səviyyəli tədbirlərdə də fəal iştirak edib. Ölkə Prezidentinin tapşırığı ilə dövlətimiz tərəfindən beynəlxalq təşkilatlara və xarici ölkələrə yardım məqsədilə 39 milyon manat məbləğində vəsait ödənilib.
Sonra Hesablama Palatasının sədri Vüqar Gülməmmədov qanun layihəsinə və Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrasına dair illik hesabata qurumun rəyini təqdim edib.
Müzakirələrdən sonra “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi birinci oxunuşda qəbul olunub.шаблоны для dle 11.2





MAY

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova