Valyuta.com

Azərbaycanda COVID-19 əleyhinə Vaksinasiya Strategiyası təsdiq edilib

Azərbaycanda COVID-19 əleyhinə Vaksinasiya Strategiyası təsdiq edilib

Nazirlər Kabinetinin Sərəncamı ilə “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” təsdiq olunub.
Sərəncama əsasən, Vaksinasiya Strategiyasının Tədbirlər Planında nəzərdə tutulmuş icraçı orqanlar (qurumlar) zəruri tədbirlərin müəyyən edilmiş müddətlərdə yerinə yetirilməsini təmin etməli və işlərin gedişatı barədə mütəmadi olaraq Nazirlər Kabinetinə məlumat verməlidirlər.
COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyasında SARS-CoV-2 virusunun törətdiyi yoluxucu xəstəliyin xüsusiyyətləri, dünya əhalisi üçün yaratdığı təhlükələr şərh edilir, Azərbaycanda mövcud vəziyyət və görülmüş əks-epidemik tədbirlər barədə məlumat verilir, bu xəstəliklə mübarizədə vaksinasiyanın rolu vurğulanır. Qeyd olunur ki, Azərbaycanda immunoprofilaktika sahəsində dövlət siyasəti yoluxucu xəstəliklərin yayılmasının məhdudlaşdırılmasına və aradan qaldırılmasına, əhali arasında xəstələnmə və ölüm hallarının qarşısının alınmasına yönəldilib. Mövcud pandemiya şəraitində dövlətin bu istiqamətdə gördüyü işlərdən biri də əhali arasında planlı vaksinasiyanın aparılmasıdır.
“Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında” Azərbaycan Respublikasının Qanununa əsaslanan Strategiya yalnız dövlət tərəfindən həyata keçiriləcək vaksinasiya tədbirlərini əhatə edir.
Sənəddə ölkəmizdə vaksinasiya tədbirlərinin keçirilməsi iqtisadi cəhətdən də əsaslandırılır. COVID-19 xəstəliyinin vaksinasiya ilə qarşısının alınmasına, bununla xəstələnmə və ölüm səviyyəsinin aşağı enməsinə nail olmaq məqsədi daşıyan Strategiyanın təməlində könüllülük, təhlükəsizlik, şəffaflıq, mərhələlilik, ədalətlilik, məsuliyyət, əməkdaşlıq prinsipləri dayanır.
Strategiyanın hədəfi epidemioloji vəziyyətin stabilləşdirilməsi, xəstələnmə və ölümlə nəticələnən halların azaldılmasıdır. Bu məqsədlə ilk növbədə sosial və tibbi cəhətdən yüksək riskli əhali qrupları, o cümlədən birinci mərhələdə səhiyyə işçiləri (həkim, orta və kiçik tibb heyəti, texniki heyət), 65 yaşdan yuxarı şəxslər, hüquq mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb olunan heyət; ikinci mərhələdə tibbi yüksək riskli olanlar (tənəffüs sistemi, hemodializ, şəkərli diabet, piylənmə kimi xroniki xəstəlikləri olanlar), ən azı bir xroniki xəstəliyi olan 50 və daha yuxarı yaşlı şəxslər, təhsil və sosial sektorda çalışanlar, sosial müəssisələrdə daimi yaşayanlar, ASAN Xidmət, DOST mərkəzləri, ictimai nəqliyyat sektoru, telekommunikasiya operatorları və provayderlərinin, poçt sahəsi və bank sektorunun birbaşa əhali ilə təmasda olan işçiləri, cəmiyyətin fəaliyyəti üçün həyati vacib və əhəmiyyətli dərəcədə daha yüksək riskli sahələrdə (milli və regional təhlükəsizlik, ədliyyə, maliyyə və s.) çalışan şəxslər peyvəndləmə ilə mümkün qədər tam əhatə olunacaq. Daha sonra ümumi əhali arasında vaksinasiyanın könüllülük prinsipi əsasında aparılması nəzərdə tutulur.
Vaksinasiya Strategiyası COVID-19 xəstəliyi əleyhinə vaksinlərin seçim meyarlarını da müəyyən edir. Belə ki, bu preparatların seçimində onların təhlükəsizliyi (vaksinasiyadan sonra baş verə biləcək mümkün reaksiya və ağırlaşmaların sayı minimum olanlar) və effektivliyi (vaksinasiyadan sonra insan orqanizminin immun statusu həmin infeksiyaya qarşı müqavimət göstərməyə yetərli olanlar) əsas götürülür. Vaksinlərin seçimi beynəlxalq standartlara uyğun olaraq kliniki sınaqların 3-cü fazasının nəticələri əsasında, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTSDA), “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) tərəfindən bu məqsədlə xüsusi yaradılmış komissiyanın rəyinə əsasən aparılır. Səhiyyə Nazirliyi bu seçimin təsdiq edilməsi üçün Nazirlər Kabinetinə müraciət edir. Ölkədə epidemioloji vəziyyət kəskinləşsə, Səhiyyə Nazirliyi COVID-19 xəstəliyinə qarşı fövqəladə hal kimi təcili vaksinasiyanın aparılması təklifi ilə Nazirlər Kabinetinə müraciət edə bilər.
Strategiyada COVID-19 xəstəliyinə qarşı vaksinlər, onların hazırlıq mərhələləri, texnoloji platformaları, hər bir plarformanın üstünlükləri və çatışmazlıqları, vaksinasiyanın tətbiqi üçün tələb olunan mütləq texniki şərtlər barədə məlumat verilir.
Strategiyanın icrası üzrə əsas fəaliyyət vaksinasiya prosesinin və infrastrukturunun hazırlanması; maliyyələşdirilmə; qiymətləndirmənin keçirilməsi; vaksinlərin seçilməsi; onlar üçün müvafiq saxlanma şəraitinin yaradılması; vaksinlərin alınması və ölkəyə gətirilməsi; vaksinasiya məntəqələrinin hazırlanması və vaksinlərin paylanması; vaksinasiyanı icra edən operativ heyətin təlimi; vaksinasiyanın həyata keçirilməsi; vaksinasiya tədbirlərinə nəzarət edilməsi; postvaksinal dövrdə monitorinq və qiymətləndirilmə; əhalinin mütəmadi olaraq maarifləndirilməsi kimi istiqamətlər üzrə aparılacaq.
“Strategiyanın mərhələli şəkildə həyata keçirilməsinə dair 2021-2022-ci illər üzrə Fəaliyyət Planı”nın bütün bəndləri üzrə birinci icraçı orqan Səhiyyə Nazirliyidir. Bəndlərin hamısında İTSDA, böyük əksəriyyətində TƏBİB də icraçı orqan kimi müəyyən olunub. Bununla yanaşı, bəzi bəndlərdə digər dövlət qurumları (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Maliyyə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Milli Televiziya və Radio Şurası, Milli Mətbuat Şurası) da icraçı kimi nəzərdə tutulub.
“COVID-19 xəstəliyi əleyhinə vaksinasiyaya hazırlıq mərhələsi” bölməsi bu il koordinasiya mexanizmlərinin yaradılmasını, zəruri metodiki tövsiyələrin və klinik protokolların, hesabat formalarının (statistik, epidemioloji və s.) hazırlanmasını, əhalinin sosial və tibbi cəhətdən yüksək risk qruplarının, o cümlədən peyvənd olunmalı əhalinin məlumat bazasının yaradılmasını ehtiva edir. 2021-2022-ci illərdə isə vaksinin müəyyənləşdirilməsi və alınması üçün maliyyələşdirmə təmin olunmalı, ölkə üzrə immunobioloji preparatların saxlanılması üçün anbarlarda “soyuq zəncir” sisteminin tələb olunan həcmini təmin etmək məqsədilə texniki infrastruktur, həmçinin yoluxucu xəstəliklərə epidemioloji nəzarəti gücləndirmək üçün müvafiq laborator baza təkmilləşdirilməli, eləcə də istifadə olunmuş vaksinasiya materiallarının, şprislərin və vaksinasiya zamanı əmələ gələn tullantıların zərərsizləşdirilməsi üçün mexanizm hazırlanmalıdır. Yerlərdə tibb işçiləri üçün epidemioloji və laborator nəzarətə aid təlimatların hazırlanması və onlara əsasən təlimlərin keçirilməsi, vaksinasiya prosesinin mütəmadi monitorinqi və qiymətləndirilməsi üçün zəruri indikatorlar daxil olmaqla, monitorinq və qiymətləndirmə planının işlənib hazırlanması planlaşdırılır. Vaksin istehsalçısının tövsiyələrinə əsasən, yüksək risk qruplarının vaksinasiyasından əvvəl seroloji skrininqin aparılması üçün tələb olunan tibbi ləvazimatlarla təminat, monitorinq nəticəsində vaksinasiya prosesində aşkarlanan çatışmazlıqların dərhal aradan qaldırılması üçün mexanizmlərin hazırlanması, tətbiqi və digər tədbirlər nəzərdə tutulur.
Strategiyanın “Ambulator-poliklinik müəssisələri səviyyəsində COVID-19 xəstəliyi əleyhinə vaksinasiya tədbirlərinin icrası” bölməsi üzrə bu il dövlət ambulator-poliklinik müəssisələrinin nəzdində COVID-19 xəstəliyi əleyhinə vaksinasiya məntəqələri yaradılacaq. 2021-2022-ci illər ərzində əhalinin sosial və tibbi cəhətdən yüksək risk qrupları vaksin istehsalçısının tövsiyələrinə əsasən vaksinasiyadan əvvəl seroloji skrininqdən keçiriləcək, vaksinasiya kampaniyası icra olunacaq, habelə bu prosesin gedişində yarana bilən mümkün təcili və təxirəsalınmaz vəziyyətlərin həllinə yönəldilmiş tədbirlər görüləcək.
“Postvaksinal mərhələdə əhalinin immun vəziyyətinin monitorinqi və qiymətləndirmə” bölməsində postvaksinal ağırlaşmaların qeydiyyatı və tədbirlərin görülməsi, vaksinasiyadan sonra COVID-19 infeksiyasına yoluxma hallarının araşdırılması, postvaksinal ağırlaşmaların ehtimal olunan, gözlənilməyən və qeyri-müəyyən ağırlaşmalar üzrə təsnifatlandırılması, vaksinasiya nəticəsində epidemioloji vəziyyətin qiymətləndirilməsi kimi bəndlər yer alıb.
2021-2022-ci illəri əhatə edən “Vaksinasiya ilə bağlı monitorinq və qiymətləndirmənin aparılması” bölməsində vaksinasiya prosesinin mütəmadi monitorinqi, eləcə də postvaksinal dövrdə monitorinq və qiymətləndirmənin aparılması ilə bağlı qeydə alınmış göstəricilərin (xəstələnmə səviyyəsi, yaranmış fəsadlar, ehtimal olunan, gözlənilməyən və qeyri-müəyyən ağırlaşmalar və s.) təhlili nəzərdə tutulur.
COVID-19 xəstəliyi əleyhinə vaksinasiya ilə bağlı maarifləndirmə də aparılacaq. Belə ki, Strategiyanın müvafiq 15.5-ci bölməsinə kütləvi informasiya vasitələri və aidiyyətli qurumlar vasitəsilə bu xəstəlik üzrə vaksinasiyanın təşviqi və əhalinin məlumatlandırılması bəndi daxil edilib.
Fəaliyyət Planının bir sıra bəndlərində nəzərdə tutulmuş tədbirlər Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək.шаблоны для dle 11.2





Yanvar2021

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova