Valyuta.com

Prezident İlham Əliyev: «Azərbaycan koronavirus sınağından şərəflə çıxır»

Prezident İlham Əliyev: «Azərbaycan koronavirus sınağından şərəflə çıxır»

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirə keçirilib.
Onlayn iclası giriş nitqi ilə açan dövlət başçısı bildirib ki, tək keçən ilin deyil, son 30 ilin əsas yekunu torpaqlarımızın işğaldan azad olunmasıdır: “Azərbaycan 44 gün ərzində tarixi Qələbə qazanaraq öz torpaqlarını azad etdi, düşmənə sarsıdıcı zərbələr endirdi, Ermənistanı məğlub etdi”. Azərbaycan Prezidenti vurğulayıb ki, bu Qələbə son illər ərzində ölkəmizin hərtərəfli inkişafının nəticəsidir: “Azərbaycan tarixdə heç vaxt bu qədər güclü olmamışdır. Bu gün bu həm siyasi gücdür, iqtisadi gücdür, xalq-iqtidar birliyidir, hərbi gücdür və bizim regionda oynadığımız müsbət roldur. Biz bu gücdən istifadə edərək qarşımızda duran əsas vəzifəni şərəflə yerinə yetirdik”.
Dövlət başçısı keçən il ölkəmizdə keçirilən parlament seçkilərindən danışıb, bütün siyasi qüvvələr arasında əməkdaşlığa yönəlmiş ciddi addımlar atıldığını, siyasi dialoq qurulduğunu deyib. Ölkədə kadr islahatları aparıldığını, korrupsiyaya və rüşvətxorluğa qarşı ciddi mübarizə aparıldığını xatırladıb.
Prezident İlham Əliyev öz çıxışında ölkəmizdə COVID-19 xəstəliyi ilə mübarizə məsələlərinə də toxunub: “Koronavirus, əlbəttə ki, bütün dünya üçün çox böyük sınaq idi. Hesab edirəm ki, Azərbaycan bu sınaqdan şərəflə çıxır. Vəziyyət tam nəzarətdədir. Operativ tədbirlər nəticəsində yeni xəstəxanalar tikildi, laboratoriyalar alındı. Həkimlər səfərbər olundu. Koronavirus xəstələrinə qulluq edən həkimlərin maaşları artırıldı, onlar əməkhaqlarının 3-5 misli həcmində maaş alırlar. Çox böyük sosial paket təqdim edildi. Bir neçə milyard manat dəyərində sosial paket koronavirusdan əziyyət çəkən insanlara, o cümlədən qeyri-formal çalışan və işsiz vətəndaşlara yardım kimi göstərildi. Bu gün biz peyvəndi gözləyirik. Ümid edirik ki, peyvənd bu ay ərzində Azərbaycana gətiriləcək. Hər halda bütün kontraktlar imzalandı. Peyvəndin bir qədər gec gətirilməsi bizdən asılı deyil. Ondan sonra insanlar kütləvi qaydada bu peyvənddən istifadə edəcək və canımız bu xəstəlikdən qurtaracaq”.
Dövlət başçısı 2020-ci ilin iqtisadi sahədə yekunları barədə danışıb. Daha sonra bu il görüləcək işlərin müzakirəsinə keçib və ilk növbədə, Operativ Qərargahın məlumatını dinləmək istədiyini deyib.
Operativ Qərargahın rəhbəri, Baş nazir Əli Əsədov çıxışında əvvəlcə Prezidenti hökumətin bütün üzvləri adından böyük Qələbəmiz münasibətilə təbrik edib: “Ali Baş Komandan olaraq Siz həm cəbhədə Silahlı Qüvvələrimizə rəhbərlik edir, həm də diplomatiya və informasiya məkanında uğurla mübarizə aparırdınız. Bütün dünya görürdü ki, Qələbənin bir ünvanı var - qəhrəman Azərbaycan əsgəri, zabiti və onun sərkərdəsi, Ali Baş Komandanı!”
Pandemiyaya qarşı görülən işlər barədə Baş nazir deyib ki, bütün dünyanı bürüyən COVID-19 xəstəliyi ilə əlaqədar Azərbaycan Prezidentinin Sərəncamı ilə fevralın 27-də Operativ Qərargah yaradılıb və həmin tarixdən başlayaraq bu xəstəliklə mübarizə bir neçə mərhələ keçib: “Sizin və çox hörmətli Birinci vitse-prezident Mehriban xanımın birbaşa tapşırığı və tövsiyələri ilə biz də öz fəaliyyətimizi Ümumdünya Səhiyyə Təşkilatının, həkimlərimizin və qonşu ölkələrin təcrübəsinə, aparılan protokollara uyğun olaraq qurmuşuq. Bütün potensial imkanlar – insan resursları, maliyyə resursları və inzibati resurslar səfərbər olunmuşdur. İl ərzində bu istiqamətdə Sizin rəhbərliyinizlə bir neçə dəfə müşavirə keçirilmiş və bu müşavirələrdə görülmüş işlər barədə məlumatlar verilmişdir”.
Əli Əsədov qeyd edib ki, bütün dünyada olduğu kimi, biz də bu xəstəliyə lazımi dərəcədə hazır deyildik. Ancaq dövlət başçısının rəhbərliyi ilə qısa müddət ərzində görülmüş çox operativ tədbirlər nəticəsində laboratoriyaların sayı artırılıb, maska və dərman qıtlığı aradan qaldırılıb, yeni süni tənəffüs aparatları (ECMO) alınıb: “Xüsusi olaraq bu xəstəliklə mübarizə üçün qısa müddət ərzində modul tipli xəstəxanalar yaradılmış, mövcud xəstəxanaların formatı və reanimasiya şöbələrinin şəraiti dəyişdirilərək koronavirusla mübarizəyə cəlb edilmişdir.
Möhtərəm cənab Prezident, il ərzində karantin şərtləri bir neçə dəfə dəyişdirilmişdir. Biz ümumi karantin rejimindən sərtləşdirilmiş karantin rejiminə keçmişik. Təbii ki, bu hallar həm iqtisadiyyatda, həm sosial sferada, həm də insanların davranışlarında məhdudiyyətlərə səbəb olmuşdur. Ancaq hamı bilirdi, insanların reaksiyasından da bəlli olurdu ki, Azərbaycanda Sizin rəhbərliyinizlə Operativ Qərargah tərəfindən görülən işlər uğurludur. Bunu rəqəmlərdən də görmək olar. Cənab Prezident, Siz çıxışınızda COVID-19-la əlaqədar büdcəmizdən ayrılan vəsait və maliyyə imkanlarımız barədə danışdınız. COVID-lə mübarizəyə birbaşa olaraq 644 milyon manata qədər vəsait sərf olunmuşdur. Bu il üçün isə büdcədə hələlik birbaşa 261 milyon manat nəzərdə tutulub. Lazım olsa, əlavə ehtiyatlarımız var. Nəzərə alsaq ki, biz çox işləri 2020-ci ildə icra etmişik, əlavə xəstəxanalara, modul tipli xəstəxanalara və sairə ehtiyac yoxdur.
Cənab Prezident, Siz dediniz, bütün mənbələr və maliyyə imkanları nəzərə alınaraq iqtisadiyyata ümumilikdə təqribən 2,5 milyard manatlıqdan artıq dəstək göstərilmişdir. Xüsusilə işsiz və iş yerini müvəqqəti itirmiş şəxslərə biz dörd dəfə 190 manat birdəfəlik ödəmə vermişik. Bu da toplam olaraq 450 milyon manat vəsait deməkdir.
Koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi məqsədilə Sizin Fərmanınızla xüsusi fond yaradılmışdır və bu fonda 114 milyon manatdan artıq vəsait yığılmışdır. Bununla bərabər, xəstəliklə mübarizə üçün xarici ölkələrdən həkimlər cəlb edilmişdir”.
Operativ Qərargahın sədri qeyd edib ki, hazırda bütün dünya bu xəstəliklə mübarizə aparır. Peyvənd Azərbaycana gətiriləndən sonra bu xəstəliklə mübarizədə, onun qarşısının alınmasında xeyli irəliləyiş olacaq.
Baş nazir Ermənistanın hərbi təcavüzü nəticəsində bizim mülki əhaliyə, dövlət əmlakına, infrastruktura, sahibkarlara vurulmuş çox ciddi zərərin qiymətləndirilməsi və gələcəkdə kompensasiya edilməsi üçün Prezidentin Sərəncamı ilə Dövlət Komissiyasının yaradıldığını və ona müvafiq tapşırıqlar verildiyini xatırladıb, Sərəncamın icrası ilə bağlı Dövlət Komissiyasının gördüyü işlər barədə məlumat verib.
Müşavirədə Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev Azərbaycan Prezidentinin Sərəncamı ilə ölkəmizin işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının fəaliyyəti barədə danışıb.
İqtisadiyyat naziri Mikayıl Cabbarov dövlət başçısının tapşırığına uyğun olaraq hazırlanan işğaldan azad edilmiş torpaqların bərpası və inkişafı konsepsiyası barədə məlumat verib.
Baş nazirin müavini Şahin Mustafayev su resursları ilə bağlı, su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə müvafiq Sərəncamla yaradılmış komissiyanın işi barədə çıxış edib.
Maliyyə naziri Samir Şərifov işğaldan azad olunmuş ərazilərin tezliklə bərpa edilməsi, həmin regionda müvafiq infrastrukturların yaradılması üçün maliyyə vəsaitlərinin təmin edilməsi məqsədilə maliyyə orqanları və hökumət qarşısında duran vəzifələrdən danışıb. O bildirib ki, 2021-ci il ölkə iqtisadiyyatı üçün olduqca məsuliyyətli bir il olacaq: “Hesab edirik ki, ötən il pandemiyaya qarşı mübarizə tədbirləri həm səhiyyə sahəsində, həm də sosial-iqtisadi sahədə uğurla həyata keçirilmiş və prinsip etibarilə onun kəskin fəsadları aradan qaldırılmışdır. Artıq dünyada, o cümlədən ölkəmizdə də optimizm artmaqdadır. Sizin tapşırıqlarınızın icrası olaraq peyvəndin əldə edilməsi, sözsüz ki, ölkəmizin sosial-iqtisadi inkişafına müsbət təsirini göstərəcək. Bununla bağlı dövlət büdcəsində nəzərdə tutulmuş müvafiq vəsaitlər də inkişafı təmin etmək üçün öz rolunu oynayacaq”.
Prezident İlham Əliyev vurğulayıb ki, xərclərə, dövlət xətti ilə alınan mallara nəzarət gücləndirilməlidir. Qeyd edib ki, bir çox ölkələrdə peyvəndləmə işləri getdiyinə görə, pandemiyanın bu il sona çatacağını, iqtisadi fəallığın artacağını proqnozlaşdırmaq olar.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev pensiyalar, ünvanlı sosial yardım və digər sosial ödənişlər, məşğulluq proqramları və s. barədə məlumat verib. Bildirib ki, Azərbaycan Prezidentinin tapşırığı ilə pandemiya dövründə həssas təbəqədən olan insanlara dəstək tədbirləri icra olunub. Bu proqramlar bu ildə də davamlı olaraq həyata keçiriləcək.
Kənd təsərrüfatı naziri İnam Kərimov ölkədə ərzaq təhlükəsizliyinin təmin olunması məqsədilə görülən tədbirlər barədə çıxış edib.
Energetika naziri Pərviz Şahbazov azad edilmiş torpaqlarımızda enerji infrastrukturunun qurulması və regionun enerji potensialından mümkün qədər səmərəli istifadəsi üçün görülən işlərdən danışıb.
Müşavirəyə yekun vuran Prezident İlham Əliyev bildirib ki, 2021-ci ildə işlərimiz çoxdur. Dövlət investisiya proqramında təsbit olunan işlərə azad edilmiş ərazilərdə görüləcək işlər əlavə olunub. Bu bölgədə ilkin infrastruktur layihələrinin icrası artıq başlayıb. Çətin relyefə və hava şəraitinə baxmayaraq, artıq birinci layihə - Əhmədbəyli-Alxanlı-Füzuli-Şuşa yolu inşa olunur. Digər vacib yol layihələri, həmçinin müasir beynəlxalq hava limanlarının, Füzuli-Şuşa və Horadiz-Ağbənd dəmir yolunun tikintisi də həyata keçiriləcək. Elektrik enerjisi ilə bağlı planlar təsdiq olunub. Həm ənənəvi, həm bərpaolunan enerji növləri orada geniş vüsət alacaq və enerji sistemi bizim ümumi enerji sistemimizə tam inteqrasiya ediləcək.
Prezident vurğulayıb ki, sərhədlərin qurulması istiqamətində təxirəsalınmaz işlər aparılmalıdır. Qarabağ bölgəsinin çox zəngin turizm potensialı olduğunu qeyd edən dövlət başçısı deyib ki, indidən turizm marşrutları işlənib hazırlanmalıdır ki, pandemiyadan sonra bərpa ediləcək beynəlxalq turizm sərgilərində bölgənin turizm potensialı, turizm marşrutları, tarixi abidələri göstərilsin və buraya həyat qayıdandan sonra vaxt itirmədən turizm sektoru da inkişaf etsin.шаблоны для dle 11.2





Yanvar2021

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova