Valyuta.com

“İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Qanun qəbul edildi

“İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Qanun qəbul edildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Milli Məclisin qəbul etdiyi “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Qanunu imzalayıb.
Sənədin preambula hissəsində bildirilir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə uyğun olaraq, ölkəmizdə insan orqanlarının və toxumalarının donorluğunun və transplantasiyasının hüquqi əsaslarını, donorların, resipiyentlərin, orqan transplantasiyası sahəsində fəaliyyət göstərən tibb müəssisələrinin və tibb işçilərinin hüquqlarını və vəzifələrini müəyyən edir, bu sahədə yaranan münasibətləri tənzimləyir.
“Ümumi müddəalar” adlanan 1-ci fəsildə Qanunda istifadə edilən əsas anlayışlar şərh olunur, Azərbaycan Respublikasının orqan donorluğu və transplantasiya haqqında qanunvericiliyi, bu Qanunun tətbiq dairəsi barədə məlumat verilir. O cümlədən bildirilir ki, bu sənəd reproduksiya vasitələrinə və bu məqsədlə istifadə edilən orqanlara, onların hissələrinə və (və ya) toxumalara, eləcə də qan və onun komponentlərinə şamil edilmir.
Orqan donorluğu və transplantasiyanın əsas prinsipləri, bu fəaliyyətin təşkili sahəsində dövlətin vəzifələri, donor orqanların və toxumaların siyahısı da bu fəsildə yer alır. Müəyyən edilir ki, canlı donordan transplantasiya məqsədilə yalnız böyrəyin biri, ağciyərin bir payı, qaraciyərin, mədəaltı vəzin, nazik bağırsağın, dərinin bir hissəsi, sümük iliyi, kök hüceyrələr; meyit donordan isə ürək, ağciyər (ürək-ağciyər kompleksi), böyrəklər, qaraciyər, mədəaltı vəzi, mədə, bağırsaqlar, uşaqlıq, yuxarı və aşağı ətraflar, sümüklər, dəri-fassiya-əzələ kompleksi və onların seqmentləri, sümük iliyi, gözün buynuz qişası və kök hüceyrələri götürülə bilər. Həmçinin təsbit olunur ki, Azərbaycan Respublikasında ksenotransplantasiya, yəni heyvan orqanlarının insana köçürülməsi qadağandır. Birinci fəsildə donor orqanların götürülməsini və transplantasiyasını həyata keçirən tibb müəssisələri, eləcə də bu orqanların götürülməsi, hazırlanması, saxlanması, daşınması və transplantasiyası haqqında maddələr də var.
İkinci fəsil “Orqan donorluğu və transplantasiyanın təşkili” adlanır, buraya bu işin təşkili və əlaqələndirilməsi, orqan donorluğu və transplantasiya sistemi, transplantasiya üzrə koordinator barədə maddələr daxildir. Bu fəsildə həkim-transplantoloqun vəzifələri, donorlar, resipiyentlər və donor orqanların vahid dövlət informasiya bazası, transplantasiyanın zəruriliyi haqqında qərar, resipiyentin gözləmə vərəqəsi şərh olunur.
“Canlı donordan donor orqanın götürülməsi” adlanan 3-cü fəsil bu işin qaydalarına, şərtlərinə, məhdudiyyətlərinə, canlı donorun məlumatlandırılmış razılığına, hüquq və vəzifələrinə, müşahidəsinə həsr olunub. Bildirilir ki, resipiyentə canlı donordan donor orqanların transplantasiyasına digər tibbi üsullarla və meyit donor orqanları vasitəsi ilə insan həyatının xilas edilməsi və ya sağlamlığının bərpası mümkün olmadıqda yol verilir. Hər hansı şəxsi orqanlarının götürülməsinə məcbur etmək qadağandır.
Dördüncü fəsil “Meyitdən donor orqanların götürülməsi” adlanır və “Transplantasiya məqsədilə meyitdən donor orqanların götürülməsinə razılıq prezumpsiyası” maddəsi ilə başlanır. Bildirilir ki, şəxs sağlığında yazılı razılıq verdikdə, ölümündən sonra onun donor orqanları transplantasiya və s. məqsədlərlə istifadə oluna bilər. Bundan yazılı şəkildə imtina edən şəxsin ölümündən sonra onun meyitindən transplantasiya məqsədilə orqanların götürülməsinə yol verilmir. Sağlığında bununla bağlı razılıq sənədi imzalamayan insanların isə meyitindən orqanlarının götürülməsi onların yaxın qohumlarının yazılı razılığı ilə mümkündür.
Bu fəsildə həmçinin orqanlarının götürülməsinə razılıq və ya imtina barədə iradə ifadəsi, onun dəyişdirilməsi, bu sənədlə bağlı informasiyanın məxfiliyinin təmin edilməsi məsələləri yer alır. Eləcə də burada meyitdən transplantasiya məqsədilə orqanların götürülməsi vaxtının müəyyən edilməsi, meyit donordan götürülənədək donor orqanların qorunub saxlanmasını təmin etmək üçün tədbirlər, orqanların götürülməsinin aktlaşdırılması, donor orqanların bölgüsü məsələləri şərh olunur.
“Yekun müddəalar” adlanan sonuncu fəsil özündə Orqan donorluğu və transplantasiya üzrə etika komissiyası, maliyyələşmə, maarifləndirmə və məlumatlandırma, donor orqanların alqı-satqısının və reklamının qadağan edilməsi, beynəlxalq əməkdaşlıq, Qanunun pozulmasına görə məsuliyyət barədə maddələr ehtiva edir. “Keçid müddəalar” adlı sonuncu maddəyə görə, Qanun 2022-ci il yanvarın 1-dən qüvvəyə minir və həmin gündən “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” Azərbaycan Respublikasının 1999-cu il 28 oktyabr tarixli Qanunu ləğv edilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Qanunun tətbiqi barədə Fərman da verib.
Sənəddə Nazirlər Kabinetinə dörd ay müddətində Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini, Qanunun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanun layihəsini hazırlamaq və dövlət başçısına təqdim etmək; donor orqanların transplantasiyası metodu ilə müalicə zərurətinin təcililik statusuna dair meyarları Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etmək; donor orqanların götürülməsi, hazırlanması, saxlanması, daşınması və transplantasiyası qaydasını, “Donorlar, resipiyentlər və donor orqanların vahid dövlət informasiya bazası”nın Əsasnaməsini, resipiyentin sağlamlığı üçün təhlükə törədən xəstəliklərin siyahısını, həmçinin transplantasiya məqsədilə donor orqanların idxalı və ixracı qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etmək; donor orqanların götürülməsi, hazırlanması, saxlanması, daşınması, idxalı və ixracını həyata keçirən tibb müəssisələrinin siyahısını, transplantasiya həyata keçirən ixtisaslaşdırılmış tibb müəssisələrinin siyahısını, xəstəliyi olan şəxsin transplantasiyaya ehtiyacının olub-olmamasını müəyyən etmək üçün tibb müəssisəsinə göndərişin və tibb müəssisəsinin həkim komissiyasının qərarının formasını, eləcə də resipiyentin gözləmə vərəqəsinin formasını və tərtib olunma qaydasını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tapşırılıb. Nazirlər Kabineti həmçinin öz normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etməli, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamalıdır.
Fərmanda o da müəyyən edilir ki, Qanunun 1.1.10-cu, 7.1-ci, 7.2-ci, 8-ci, 9.1-ci, 10.0.1-ci, 12.1-ci, 13.1-ci, 14.2-ci, 15.3-cü, 16.4-cü maddələrində, 17.1-ci maddəsinin ikinci cümləsində, 18.1-ci, 22.6-cı, 26-cı maddələrində, 27.1-ci maddəsinin birinci cümləsində, 29.1-ci və 33.3-cü maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini, 5.0.1-ci (orqan donorluğu və transplantasiya sahəsində dövlət siyasətinin müəyyən edilməsi, habelə orqan donorluğu və transplantasiya sahəsində normativ hüquqi aktların işlənib hazırlanması və qəbul edilməsi üzrə) maddəsində nəzərdə tutulmuş vəzifəni Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
Qanunun 7.1-ci, 7.2-ci, 8-ci, 9.1-ci, 14.2-ci, 15.3-cü, 18.1-ci və 33.3-cü maddələrində nəzərdə tutulmuş orqanın (qurumun) səlahiyyətlərini, 5.0.1-ci (orqan donorluğu və transplantasiya sahəsində normativ hüquqi aktların işlənib hazırlanması və qəbul edilməsi üzrə) və 5.0.10-cu maddələrində nəzərdə tutulmuş vəzifələri Nazirlər Kabineti həyata keçirir;
Qanunun 10.0.1-ci maddəsində nəzərdə tutulmuş orqanın (qurumun) səlahiyyətlərini, 5.0.5-ci və 5.0.7-ci maddələrində nəzərdə tutulmuş vəzifələri Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi həyata keçirirlər;
Qanunun 1.1.10-cu, 12.1-ci, 13.1-ci, 16.4-cü maddələrində, 17.1-ci maddəsinin ikinci cümləsində, 22.6-cı, 26-cı maddələrində, 27.1-ci maddəsinin birinci cümləsində, 29.1-ci maddəsində nəzərdə tutulmuş orqanın (qurumun) səlahiyyətlərini, 5.0.1-ci (orqan donorluğu və transplantasiya sahəsində normativ hüquqi aktların işlənib hazırlanması və qəbul edilməsi üzrə), 5.0.2-ci, 5.0.3-cü, 5.0.4-cü, 5.0.6-cı, 5.0.8-ci, 5.0.9-cu maddələrində nəzərdə tutulmuş vəzifələri Səhiyyə Nazirliyi həyata keçirir.
Fərmanda Səhiyyə Nazirliyinə tapşırılır ki, Qanunun 13.1-ci maddəsinə uyğun olaraq Donorlar, resipiyentlər və donor orqanların vahid dövlət informasiya bazasının yaradılmasını “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları” nəzərə alınmaqla altı ay müddətində təmin etsin və həmin bazanın Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiyası üçün Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə zəruri tədbirləri görsün; məlumatlandırılmış razılıq ərizəsinin formasını, həkim-transplantoloqlara dair tələbləri, canlı donordan transplantasiya məqsədilə donor orqanın götürülməsinin zəruriliyinə və mümkünlüyünə dair həkim komissiyasının qərarının formasını, şəxsin ölümdən sonra orqanlarının transplantasiya məqsədilə götürülməsinə razılığı və ya orqanlarının götürülməsindən imtina barədə ərizənin formasını, meyit donordan donor orqanlar götürülənədək onların anatomik və funksional baxımdan qorunub saxlanmasının təmin edilməsi üçün tibbi tədbirlərin həyata keçirilməsi qaydasını, meyit donordan götürülmüş orqanla bağlı aktın formasını beş ay müddətində qəbul edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin
Nazirlər Kabinetinə daha bir tapşırıq Səhiyyə Nazirliyinin tabeliyində Qanunun 9.1-ci maddəsinə uyğun olaraq, əlaqələndirici qurumun səlahiyyətlərini həyata keçirən publik hüquqi şəxs statuslu “Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi”ni altı ay müddətində yaratmaq və bu barədə dövlət başçısına məlumat verməkdir.
Nazirlər Kabinetinə Koordinasiya Mərkəzinin təsisçisinin səlahiyyətlərini həyata keçirərək, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılmaqla Koordinasiya Mərkəzinin nizamnaməsinin təsdiqi və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi; strukturunun təsdiqi və işçilərinin say həddinin müəyyən edilməsi; idarəetmə orqanlarının yaradılması; Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla yenidən təşkili və ləğvi həvalə olunur. Bu qeyd edilənlər istisna olmaqla, “Publik hüquqi şəxslər haqqında” Qanunun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli Səhiyyə Nazirliyinə tapşırılır.
Müəyyən olunub ki, bu Qanunun tətbiqi ilə bağlı qəbul ediləcək Azərbaycan Respublikası Prezidentinin aktları, Nazirlər Kabinetinin və mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları həmin Qanunun qüvvəyə mindiyi tarixdən tez qüvvəyə minməyəcək, qanunların və normativ xarakterli aktların layihələri hazırlanarkən Qanunun qüvvəyə minmə tarixi nəzərə alınacaq.
Fərmanda Ədliyyə Nazirliyinə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Qanuna uyğunlaşdırılmasını təmin etmək və Nazirlər Kabinetinə məlumat vermək tapşırılıb.шаблоны для dle 11.2





]Dekabr

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova