Valyuta.com

Azərbaycan Prezidenti: “Bu gün pandemiya ilə mübarizədə beynəlxalq ictimaiyyətin birgə səylərinə çox böyük ehtiyac var”

Azərbaycan Prezidenti: “Bu gün pandemiya ilə mübarizədə beynəlxalq ictimaiyyətin birgə səylərinə çox böyük ehtiyac var”

BMT Baş Assambleyasının COVID-19 ilə mübarizə üzrə xüsusi sessiyası keçirilib

Nyu-Yorkda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 31-ci xüsusi sessiyası keçirilib. Dövlət və hökumət başçıları səviyyəsində bu toplantı COVID-19 ilə mübarizəyə həsr olunub.
Qeyd edək ki, Baş Assambleyanın xüsusi sessiyaları ya Təhlükəsizlik Şurasının tələbi ilə, ya da BMT-nin üzv-dövlətlərinin çoxunun təşəbbüsü ilə çağrılır. Azərbaycan bu təklifi hazırda sədrlik etdiyi Qoşulmama Hərəkatı adından irəli sürüb. Hərbi bloklarda iştirak etməmək prinsipinə riayət edən 120 dünya dövlətinin birləşdiyi bu hərəkatın pandemiya üzrə xüsusi sessiya keçirilməsi təşəbbüsünün əleyhinə çıxan yeganə dövlət isə Ermənistan olub.

“Bəşəriyyət yalnız birləşməklə pandemiyaya qalib gələcək”

Baş Assambleya, ilk növbədə, koronavirusdan dünyasını dəyişənlərin xatirəsini bir dəqiqəlik sükutla yad edib.
Pandemiya başlayandan Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) elmi məlumatlara əsaslanaraq təklif edirdi ki, koronavirusla mübarizə aparmaq üçün birləşmək lazımdır. Lakin heç də hamı bu tövsiyələrə qulaq asmadı. Ölkələr öz şəxsi yollarını seçəndə isə virus qarşısında bütün qapılar açılır. Bunu BMT-nin Baş katibi Antonio Quterreş xüsusi sessiyada çıxışı zamanı bəyan edib.
BMT rəhbəri bildirib ki, bəşəriyyətin ümumi düşmənlə üzləşdiyi indiki dövrdə qlobal əməkdaşlıq həmişəkindən daha artıq dərəcədə vacibdir: “Bütün dünyada alimlərin və tədqiqatçıların yorulmaz əməyi sayəsində artıq ən yaxın həftələrdə və ya aylarda vaksinləri əldə etmək mümkün olacaq”. Baş katib COVID-19 vaksinlərinin, həmçinin bu xəstəliyin müalicəsi üçün vasitələrin ümumi əlçatanlığını təmin etməyə yönəldilmiş mühüm təşəbbüsləri xatırladıb, onların maliyyələşdirilməsi üçün vəsaitin çatışmamasından gileylənib. Deyib ki, hazırda 28 milyard dollara ehtiyac var, o cümlədən 4,3 milyard dollar təcili – yaxın iki ay ərzində lazımdır.
Antonio Quterreş pandemiya səbəbindən kəskinləşən digər problemlər və onların həlli üzrə BMT-nin təklifləri barədə də danışıb. O cümlədən qlobal miqyasda atəşin dayandırılması, qızların və qadınların zorakılıqdan qorunması, dezinformasiya ilə mübarizə məsələlərinə toxunub. O deyib: “Gəlin özümüzü aldatmayaq. Təkcə vaksinlə biz pandemiyanın nəticələrini aradan qaldıra bilməyəcəyik. Bu nəticələr hələ illərlə, bəlkə də onilliklərlə hiss olunacaq”. Baş katib bu problemlər sırasına yoxsulluq səviyyəsinin artmasını və son 80 il ərzində ən genişmiqyaslı iqtisadi tənəzzülü aid edib, əvvəldən də mövcud olan bu böhranı və digər çatışmazlıqları pandemiyanın bütün çılpaqlığı ilə üzə çıxardığını deyib.
BMT Baş Assambleyasının sədri Volkan Bozkır xüsusi sessiyada çıxışında xatırladıb ki, COVID-19-un yayılması cəmiyyətin ən həssas təbəqələrinə qeyri-mütənasib təsir edib. O, beynəlxalq ictimaiyyəti əmin edib ki, BMT pandemiyanın nəticələrinin aradan qaldırılması üçün hər cür səy göstərəcək. V.Bozkır deyib: “Aylarla davam edən pandemiya çoxlarında ümidsizlik yarada bilər. Lakin möhkəm olun, biz bekar oturmamışıq. Biz qaçqınlara, çətin vəziyyətə düşənlərə, məktəbə qayıtmağı gözləyən uşaqlara, ön cəbhədə yorulmadan çalışan tibb işçilərinə kömək etmək üçün çalışırıq. BMT sizin üçün işləyir, biz sizə kömək etmək üçün səyləri birləşdirmişik”.

“Qoşulmama Hərəkatı BMT-nin COVID-19-la mübarizə fəaliyyətini yüksək qiymətləndirir”

Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının Sədri İlham Əliyev sessiyada bu beynəlxalq qurumun adından videoformatda çıxış edib.
Prezident İlham Əliyev Qoşulmama Hərəkatının üzvü olan 120 dövlət adından çıxış etməkdən şərəf duyduğunu deyib. Bildirib ki, BMT aktual qlobal məsələlərə və çağırışlara cavab vermək üçün çoxtərəfli mühüm forumdur və onun 75 illiyi qeyd olunan bir vaxtda narahatlıq doğuran çox sayda yeni sahələrin meydana çıxması təəssüf hissi yaradır: “Həmin narahatlıqlar BMT Nizamnaməsinin və “Dayanıqlı İnkişaf üzrə 2030 Gündəliyi”nin təməlində duran multilateralizmə və beynəlxalq əməkdaşlıq dəyərlərinə kollektiv sadiqliyimizi yenidən nümayiş etdirməyi tələb edir. Bunun bariz nümunəsi Qoşulmama Hərəkatı tərəfindən irəli sürülmüş BMT Baş Assambleyasının COVID-19 pandemiyasına qarşı xüsusi sessiyasının keçirilməsi təşəbbüsünə BMT-nin üzv dövlətlərinin böyük dəstəyidir”. Bunu Qoşulmama Hərəkatının möhtəşəm uğuru adlandıran Prezident İlham Əliyev xüsusi sessiyanın keçirilməsinə verdikləri dəstəyə görə Hərəkat adından BMT-nin üzv dövlətlərinə və Baş Assambleyanın Sədrinə təşəkkür bildirib.
2020-ci il ərzində dünya ictimaiyyətinin müasir tariximizin ən ciddi səhiyyə böhranı ilə üzləşdiyini söyləyən Azərbaycan Prezidenti vurğulayıb ki, hazırda dünyada 60 milyondan artıq yoluxma halı qeydə alınıb və 1 milyondan çox insan həyatını itirib: “Səhiyyə, ictimai, iqtisadi və maliyyə sahələrində çoxşaxəli fəsadlara yol açan bu böhran cəmiyyətlərə, iqtisadiyyata, qlobal ticarət və səyahətə böyük zərər yetirib və insanların yaşayışına sarsıdıcı təsir göstərib.
Pandemiyanın misli görünməmiş universal fəsadlarının aradan qaldırılması üçün qlobal səylərə töhfə vermək və Qoşulmama Hərəkatına üzv dövlətlərə operativ, adekvat və əhatəli yardımın göstərilməsi məqsədilə Azərbaycan Qoşulmama Hərəkatının Sədri qismində 2020-ci il mayın 4-də Qoşulmama Hərəkatının COVID-19-a qarşı Təmas Qrupunun onlayn Zirvə görüşünü təşkil edib. Həmin toplantının praktiki nəticəsi olaraq, Hərəkata üzv dövlətlər COVID-19 ilə mübarizə və koronavirusla bağlı Qoşulmama Hərəkatının üzv dövlətlərinin əsas humanitar, tibbi ehtiyac və tələblərinə dair məlumat bazasının yaradılması üçün işçi qrupun təsis edilməsi qərarına gəliblər.
Məmnuniyyətlə qeyd etmək istərdik ki, pandemiya ilə bağlı tədbirlərin görülməsi zamanı Ümumdünya Səhiyyə Təşkilatı Qoşulmama Hərəkatına üzv dövlətlərin mövcud ehtiyaclarının müəyyənləşdirilməsi üçün Hərəkatın məlumat bazasını istinad mənbələrindən biri kimi istifadə edir.
Qoşulmama Hərəkatı BMT sisteminin COVID-19 ilə mübarizədə fəaliyyətini yüksək qiymətləndirir. Biz pandemiyaya qarşı qlobal mübarizədə BMT-nin fəaliyyətinə rəhbərlik edən, onun əməliyyatlarının davamlılığını təmin edən Baş katibin güclü liderliyini təqdir edirik. Hərəkat COVID-19 pandemiyası ilə bağlı artmaqda olan çağırışlarla mübarizədə beynəlxalq ictimaiyyət tərəfindən təsirli tədbirlərin görülməsi üçün təlimatların verilməsi, təlimlərin və avadanlıq, konkret xilasetmə xidmətlərin təşkili sahəsində Ümumdünya Səhiyyə Təşkilatının və onun rəhbərliyinin mühüm rolunu tam şəkildə dəstəkləyir.
Pandemiya istər inkişaf etmiş, istərsə də inkişaf etməkdə olan ölkələrdə zəiflikləri və bərabərsizliyi aşkara çıxararaq, onları daha da kəskinləşdirib, habelə yoxsulluğu dərinləşdirərək ən həssas kateqoriyadan olan insanların vəziyyətini daha da ağırlaşdırıb. Pandemiya ən yoxsul və zəif vəziyyətdə olan ölkələrə daha çox zərbə vurub. Qoşulmama Hərəkatı böhranın davam edən fəsadlarının böyük çətinliklə əldə olunmuş nailiyyətləri geri atacağından və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması istiqamətində tərəqqiyə mane olacağından dərin narahatlıq keçirir.
Həmçinin narahatlıq hissi ilə onu da qeyd etmək istərdik ki, pandemiya ədalətli və bərabərhüquqlu dünya nizamına nail olmaq üçün mövcud fundamental problemlərin daha da artmasına səbəb olub. Qoşulmama Hərəkatının 2019-cu ildə Bakıda keçirilmiş 18-ci Zirvə toplantısında da müzakirə edilmiş bu problemlər qlobal maliyyə və iqtisadi böhranın təsirləri, inkişaf etməkdə olan ölkələrin əksəriyyətində resurs qıtlığı və iqtisadi-sosial gerilik, qeyri-bərabər ticarət şərtləri və inkişaf etmiş ölkələrin kifayət qədər əməkdaşlıq etməməsi, onların bəziləri tərəfindən birtərəfli və məcburedici tədbirlərin tətbiqi, habelə gücdən istifadə və ya gücdən istifadə ilə hədələmə və digərlərindən ibarətdir.
Qoşulmama Hərəkatı bütün ölkələrin dərman, vaksin və tibbi avadanlığa münasib, maneəsiz və bərabər çıxışının əhəmiyyətini vurğulayır.
COVID-19 əleyhinə bir çox vaksinlərin tədqiqatının davam etdiyi bir vaxtda biz kliniki sınaqların uğurlu nəticələrini gözləyir və ümid edirik ki, təhlükəsiz və təsirli vaksin tezliklə hazır olacaq və onun hamı üçün münasib qiymətə paylanılması təmin ediləcəkdir. Biz bu prosesdə ÜST-nin əlaqələndirmə səylərini yüksək qiymətləndirir və vaksin hazır olduğu zaman təşkilatın insanların belə bir vaksinə bərabər çıxışının təmin edilməsində rolunun vacibliyini vurğulayırıq”.
Çıxışının sonunda Prezident İlham Əliyev deyib ki, beynəlxalq ictimaiyyət yalnız birlik, çoxtərəfli əməkdaşlıq, həmrəylik və insan hüquqlarına hörmət əsasında COVID-19-un fəsadlarının aradan qaldırılması və indi yayılmaqda davam edən pandemiyadan xilas olmaq üçün strategiyalar hazırlaya bilər: “Bu xüsusi sessiya beynəlxalq əməkdaşlıq və multilateralizmə sadiqliyin bir daha təsdiq edilməsi və gücləndirilməsi, habelə ən yaxşı təcrübələrin vurğulanması kimi geniş məqsədlərə xidmət edəcək. Xüsusi sessiyada həm də pandemiyaya qarşı mübarizədə üzv dövlətlərin üzləşdiyi çağırışlar nəzərdən keçiriləcək və üzv dövlətlər, müşahidəçi dövlətlər, müşahidəçilər, BMT-nin aidiyyəti agentlikləri, qurumları və digər maraqlı tərəflər arasında açıq və şəffaf müzakirələrdə BMT-nin mərkəzi roluna dair fikir mübadiləsi aparılacaq. Sessiya çərçivəsində səmərəli müzakirələrin aparılacağına inanırıq”.

“Azərbaycan koronavirus əleyhinə vaxtında zəruri tədbirlər görüb”

İkigünlük xüsusi sessiyanın gedişində Prezident İlham Əliyev daha bir dəfə çıxış edib – bu dəfə o, toplantı iştirakçılarına Azərbaycan Respublikasının dövlət başçısı kimi müraciət edib.
Prezident İlham Əliyev, ilk növbədə, BMT Baş Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş xüsusi sessiyasının təşkilində göstərdikləri səylərə görə BMT-nin Baş katibi Antonio Quterreşə və BMT Baş Assambleyasının Sədri Volkan Bozkıra minnətdarlığını bildirib, bu təşəbbüsü dəstəkləyən bütün üzv dövlətlərə təşəkkür edib.
Azərbaycan Prezidenti vurğulayıb ki, bu gün dünya üçün ən böyük təhlükə olan COVID-19 pandemiyası ilə mübarizədə beynəlxalq ictimaiyyətin birgə səylərinə çox böyük ehtiyac var: “Milli və beynəlxalq səviyyədə məsuliyyət nümayiş etdirən Azərbaycan Qoşulmama Hərəkatının Sədri qismində 2020-ci il mayın 4-də Qoşulmama Hərəkatının Təmas Qrupunun koronavirusla mübarizəyə həsr edilmiş Zirvə görüşünün keçirilməsinin təşəbbüskarı olub. Mən Zirvə görüşü çərçivəsində BMT Baş Assambleyasının koronavirusla mübarizəyə həsr edilmiş dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyasının keçirilməsini təklif etmişdim. Qoşulmama Hərəkatının bütün 120 üzvü həmin təklifi dəstəklədi. Bu, onların “Bandunq Prinsipləri”, Hərəkatın dəyərləri, multilateralizm və beynəlxalq həmrəyliyə sadiqliyini bir daha vurğuladı. Ümumilikdə, BMT-nin 150-dən artıq üzv dövləti həmin təşəbbüsü dəstəklədi.
Azərbaycan virusun yayılmasının qarşısını almaq məqsədilə vaxtında zəruri tədbirlər həyata keçirib. COVID-19 ilə bağlı yaranmış vəziyyətə müvafiq olaraq adekvat addımlar atılıb.
Bu gün ölkə üzrə koronaviruslu xəstələr 46 dövlət xəstəxanasında müalicə olunur. Pandemiya başladığı zaman bizim 6 funksional laboratoriyamız var idi. Hazırda fəaliyyətdə olan laboratoriyalarımızın sayı 40-dan artıqdır.
Pandemiyanın mənfi təsirinin qarşısının alınması məqsədilə hökumət tərəfindən 2,5 milyard ABŞ dolları həcmində iqtisadi-sosial yardım və maliyyə dəstəyi paketi təqdim edilib. Sosial yardım tədbirləri 5 milyon insanı əhatə edir ki, bu da ölkə əhalisinin yarısı deməkdir. Koronavirusla mübarizə heç bir xarici maliyyə dəstəyi olmadan, yalnız daxili mənbələr hesabına maliyyələşdirilib.
Hazırda dünya pandemiyanın növbəti dalğası ilə üzləşib.
Pandemiya başlayandan bəri Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx təmasdadır. Biz pandemiyanın ilk vaxtlarında dəyərli tövsiyələrinə və öz mütəxəssislərini ölkəmizə ezam etdiyinə görə təşkilata minnətdarıq. Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı pandemiya ilə mübarizədə nümunəvi ölkə adlandırıb. Biz Ümumdünya Səhiyyə Təşkilatına toplam 10 milyon ABŞ dolları həcmində iki dəfə könüllü maliyyə töhfəsi etmişik. Bununla yanaşı, bu günədək Azərbaycan 30-dan artıq ölkəyə humanitar və maliyyə yardımı göstərib”.
Prezident İlham Əliyev bildirib ki, Azərbaycan BMT Baş katibinin pandemiya dövründə qlobal atəşkəslə bağlı təşəbbüsünü dəstəkləyib. Lakin 30 ildən artıq Azərbaycan torpaqlarını işğal altında saxlayan və BMT Təhlükəsizlik Şurasının işğal olunmuş bütün ərazilərimizdən qoşunlarının çıxarılmasını tələb edən qətnamələrinə məhəl qoymayan Ermənistan tərəfindən həmin çağırış eşidilməyib. Dövlətimizin başçısı son iki il ərzində Ermənistanın danışıqlar prosesini məqsədyönlü şəkildə məhv etməsindən, təxribatçı bəyanat və hərəkətlərindən danışıb, sentyabrın 24-də BMT Baş Assambleyasının ümumi müzakirələri çərçivəsində çıxışında bu dövlətin yeni müharibəyə hazırlaşması ilə bağlı xəbərdarlığını xatırladıb. Sentyabrın 27-də isə Ermənistanın Azərbaycana qarşı irimiqyaslı hərbi təxribata başladığını deyib: “Azərbaycanın döyüş bölgəsinə yaxın ərazilərdə yerləşən Tərtər və digər şəhərləri 44 gün ərzində Ermənistan silahlı qüvvələri tərəfindən ağır artilleriya atəşinə məruz qalıb. Ermənistan döyüş bölgəsindən uzaqda yerləşən Gəncə, Bərdə, Mingəçevir, Qəbələ, Siyəzən və digər şəhərlərə qarşı ballistik raketlərdən istifadə edib. Ermənistan azərbaycanlı mülki əhali arasında böyük sayda insan itkisinə səbəb olmaq və onları didərgin salmaq məqsədilə ağır artilleriya, ballistik raketlər, ağ fosfor və kasetli sursatlardan istifadə edib. Nəticədə, 11 nəfəri uşaq olmaqla, 94 mülki şəxs qətlə yetirilib, 400-dən artıq insan yaralanıb.
Azərbaycan Ordusu bunun layiqli cavabını verib, ölkə vətəndaşlarını və ərazisini müdafiə edərək uğurlu əks-hücum əməliyyatı başlayıb və işğal olunmuş ərazilərin böyük bir hissəsini azad edib. Hərbi əməliyyatlar zamanı qazanılmış Qələbə işğalçını təslim olmağa məcbur edib. Azərbaycan və Rusiya prezidentləri və Ermənistanın baş naziri tərəfindən noyabrın 10-da üçtərəfli Bəyanatın imzalanması nəticəsində Azərbaycanın işğal altında olan digər əraziləri də azad edilib.
O vaxtdan etibarən, təqribən bir aydır ki, atəşkəsə əməl olunur. Atəşkəsə Nəzarət üzrə Birgə Monitorinq Mərkəzi vasitəsilə Türkiyə və Rusiya atəşkəsin təmin edilməsi işində vacib rol oynayır.
Beləliklə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi hərbi-siyasi yollarla həll edilib. Beynəlxalq hüquqa məhəl qoyulmadığı üçün BMT Təhlükəsizlik Şurasının qətnamələrinin güc yolu ilə icrası qaçılmaz idi. Nəticədə təcavüzkar dövlət sülhə məcbur edilib”.
Azərbaycan Prezidenti qeyd edib ki, bu, Ermənistanın destruktiv yanaşmasının yeganə nümunəsi deyil. Bu ölkə BMT Baş Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş xüsusi sessiyasının keçirilməsi təşəbbüsünün əleyhinə çıxış edib, son dəqiqəyə qədər bu toplantının hazırlıq prosesinə mane olmağa çalışıb. Ermənistanın bu təşəbbüsə etiraz etməsinin yeganə səbəbi onun Azərbaycan tərəfindən irəli sürülməsi olub.
Çıxışının sonunda Prezident İlham Əliyev deyib: “İnanıram ki, xüsusi sessiya pandemiya ilə qlobal mübarizəyə öz töhfəsini verəcək və bizi ümumi hədəflər ətrafında daha da sıx birləşdirəcəkdir”.шаблоны для dle 11.2





]Dekabr

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova