Valyuta.com

Prezident İlham Əliyev: “Xəstəliyin nəzarət altında saxlanması bizi sakitləşdirməməlidir”

Prezident İlham Əliyev: “Xəstəliyin nəzarət altında saxlanması bizi sakitləşdirməməlidir”

Koronavirusla mübarizə üzrə görülən tədbirlərlə bağlı videomüşavirə keçirilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda müşavirə keçirib.
Virtual toplantını giriş nitqi ilə açan dövlət başçısı qeyd edib ki, koronavirusa qarşı mübarizədə müşahidə olunan müsbət dinamika tədbirlərin vaxtında görüldüyünü deməyə əsas verir. Bu tədbirlər nəticəsində vəziyyət nəzarət altındadır. İyulun 16-dan etibarən yoluxanların sayı sağalanların sayından xeyli aşağıdır. Xəstəliyin meydana çıxdığı ilk günlərdən görülən lazımi qabaqlayıcı tədbirlər nəticəsində biz vəziyyətdən az itkilərlə çıxırıq.
Prezident xatırladıb ki, xəstəxana fondu qısa müddət ərzində xəstəliklə əlaqədar vəziyyətə uyğunlaşdırılıb: “Həkimlərimizin çox böyük əməyi vardır. Məhz həkimlərin yorulmaz fəaliyyəti nəticəsində Azərbaycanda bu xəstəlikdən ölənlərin sayı aşağı səviyyədədir. Bildiyiniz kimi, bu gün 46 xəstəxana ancaq koronavirus xəstələrinə xidmət göstərir. Onu da bildirməliyəm ki, bu 46 xəstəxananın 41-i son 17 il ərzində tikilib və ya əsaslı şəkildə təmir edilib, müasir avadanlıqlarla təchiz olunub. Əgər biz vaxtında bu addımları atmasaydıq, bu gün çox böyük problemlərlə, faciəvi vəziyyətlə üz-üzə qala bilərdik”.
Ölkə rəhbəri bildirib ki, testlərin keçirilməsi ilə əlaqədar uğurlu addımlar atılır. Adambaşına düşən testlərin sayına görə bu gün Azərbaycan dünya miqyasında qabaqcıl yerlərdədir: “Biz qısa müddət ərzində laboratoriyalarımızın sayını 5 dəfə artırdıq. Yaxın gələcəkdə alınacaq yeni laboratoriyalar imkan verəcək ki, daha da böyük sayda testlər keçirilsin. Biz bütövlükdə laboratoriyaların sayını 45-ə çatdırmalıyıq. Bu yaxınlarda ölkəmizə yeni təcili tibbi yardım maşınları gətirilmişdir. Yüz maşının gətirilməsi nəzərdə tutulur, onlardan 40-ı artıq Bakıdadır. Bu maşınlar bütün bölgələrə göndərilir və göndəriləcək. Əlbəttə ki, xəstə vətəndaşlarımıza lazımi tibbi xidmətin, təcili tibbi yardımın göstərilməsi üçün bu maşınların da çox böyük əhəmiyyəti vardır.
Eyni zamanda, nəzərə alsaq ki, xəstələrin sayı artmaqda idi və baxmayaraq, mövcud xəstəxanalar kifayət qədər imkanlarımızı genişləndirib, amma yeni xəstəxanaların tikilməsinə ehtiyac var idi. Bu məqsədlə modul tipli xəstəxanaların tikintisi təşkil edildi. Bu günə qədər modul tipli 9 xəstəxana istismara verilmişdir. Onlardan 4-ü bir gün ərzində - iyulun 29-da fəaliyyətə başlayıb. Qobustan, İsmayıllı, Qəbələ və Şəki şəhərlərində mənim iştirakımla bu xəstəxanaların açılışı olmuşdur. Yaxın gələcəkdə modul tipli xəstəxanaların sayı bütövlükdə 16-ya çatdırılacaq və beləliklə, bizim təkcə bu xəstəxanalarda 3200 koronavirus xəstəsi müalicə ala biləcək. Fövqəladə Hallar Nazirliyinin xətti ilə 800 çarpayılıq bir xəstəxana istifadəyə verildi, 1300 çarpayılıq xəstəxana isə bu ayın sonuna qədər istifadəyə veriləcək. Bu da əlavə 2100 çarpayı deməkdir”.
Dövlət başçısı məlumat verib ki, iki Olimpiya İdman Kompleksi xəstəxanaya çevrilmək üçün qısa müddət ərzində hazır vəziyyətə gətirilib. Lazım olarsa, bu komplekslərin hər birində 300-ə yaxın xəstə müalicə ala bilər. Hələ ki, buna ehtiyac yoxdur, ancaq əgər ehtiyac yaransa, bu imkandan da istifadə ediləcək.
Həkimlərin sayının artırılması ilə əlaqədar çətinliklərin olduğunu söyləyən Prezident İlham Əliyev buna görə xaricdən həkimlərin dəvət edildiyini deyib. Bildirib ki, hazırda bir neçə ölkədən gəlmiş həkimlər Azərbaycanda xəstələrin müalicəsi ilə məşğuldurlar: “Türkiyədən, Rusiyadan, Kubadan, İtaliyadan və Çindən həkim briqadaları Azərbaycana gəlmiş və artıq fəaliyyətə başlamışlar. Bu da bizə əlavə imkanlar yaradır. Çünki bu ölkələrdə səhiyyə inkişaf etmiş sahədir, orada təcrübə yüksək səviyyədədir və əlbəttə, həm xəstələrin müalicəsi, həm də təcrübə mübadiləsi məsələləri burada kompleks şəkildə həll olunur.
Bundan sonra da insanların sağlamlığının qorunması üçün bütün lazımi tədbirlər görüləcək. Mən bir daha qeyd etmək istəyirəm, - bunu dəfələrlə demişəm və Azərbaycan xalqı mövqeyimizi bilir, - bizim üçün birinci məsələ insanların həyatı, onların sağlamlığıdır”.
Dövlət başçısı iqtisadi və sosial sahələrdə görülmüş işlər barədə də danışıb: “Ölkəmizdə çox böyük sosial layihələr həyata keçirilir və 2020-ci ildə bu layihələrin həcmi rekord həddə çatıb. Baxmayaraq ki, həm pandemiya, həm də neftin qiymətinin aşağı səviyyədə olması bizim gəlirlərimizə çox mənfi təsir göstərib, ancaq nəzərdə tutulmuş bir dənə də olsun sosial layihə yarımçıq qalmayıb, yaxud da ixtisar edilməyib”.
Prezident İlham Əliyev vurğulayıb ki, görülən işlər bizim niyyətimizi, siyasətimizi, onun mərkəzində Azərbaycan vətəndaşının dayandığını göstərir. Bu reallığı biz özümüz, heç kimdən yardım almadan, maliyyə dəstəyi üçün heç bir beynəlxalq maliyyə qurumuna müraciət etmədən yaradırıq.
Baş Nazir Əli Əsədov videomüşavirədə çıxış edərək deyib ki, fevral ayının 27-dən başlayaraq ölkə başçısının Sərəncamı ilə bu xəstəliyin qarşısını almaq və əhalinin sağlamlığı üçün mübarizəni gücləndirmək məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılıb və orada iştirak edən bütün şəxslər, həmçinin qərargahın üzvü olmayan hökumət üzvləri və dövlət qurumları bunu əsas vəzifə kimi görüb, bu istiqamətdə gecə-gündüz çalışıblar. Ən qısa müddətdə Azərbaycanda koronavirusla birbaşa mübarizə üçün 10 mindən artıq çarpayı yeri hazırlanıb. Ölkənin 35 rayon və şəhərində 46 xəstəxana bu istiqamətdə fəaliyyət göstərir. Bu dövrdə Azərbaycan həkimlərinin səyi nəticəsində 28 890 nəfər xəstəlikdən sağalıb. Bu göstəricilər digər ölkələrlə müqayisədə çox yaxşıdır. Rəsmi statistika həm bizim ölkə, həm də Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən aparılır. Xəstəlik Azərbaycanın bəzi bölgələrində, Bakı şəhərində çoxalmağa başladıqda onu cilovlamaq, digər bölgələrə yayılmasının qarşısını almaq məqsədilə 15 rayon və şəhərdə sərtləşdirilmiş karantin rejimi tətbiq olunub. Bu tədbirlərin nəticəsi iki həftədən sonra özünü göstərib. 15 iyul tarixində qeydə alınmış pik vəziyyətdə ölkədə aktiv xəstələrin sayı 8 651 nəfər idi, bu rəqəm 2,3 dəfə azalaraq 3 787 nəfər olub. Xəstəlik 476 nəfərin ölümünə səbəb olub. Hazırda əvvəlki 6 laboratoriyanın əvəzinə 31 laboratoriya fəaliyyət göstərir, onların sayını 40-a çatdırmaq nəzərdə tutulur. Bu günə qədər 760 minə yaxın test aparılıb, bu da bizim əhalimiz üçün çox yüksək nəticələrdir. Yüngül formada xəstələnən vətəndaşlarımız xəstəxanada yox, öz arzularına uyğun olaraq, ev şəraitində, poliklinikaların sahə həkimlərinin gündəlik nəzarəti altında müalicə alırlar. Bu nəzarət funksiyası 87 poliklinikada yaradılıb, onun da 40-ı Bakıdadır.
Baş Nazir bildirib ki, dövlət başçısının tapşırığına əsasən, bütün maliyyə, inzibati və digər resurslar bu xəstəliklə mübarizəyə yönəldilib. Xəstəxanaların təchizatı ilə yanaşı, həkimlərə və tibbi personala xüsusi qayğı göstərilir. Ölkə Prezidentinin 18 mart tarixli Sərəncamına uyğun olaraq, koronavirusla mübarizədə iştirak edən tibbi personala əməkhaqqının 3-5 misli qədər müddətli əlavələr verilməsi tapşırılıb. Mart-iyun ayları ərzində 64 038 nəfər tibbi personala bu günə qədər 58 milyon 300 min manatlıq məvacib vaxtında çatdırılıb. Bununla yanaşı, digər ölkələrdən – Türkiyə, Rusiya, Çin, İtaliya və Kubadan böyük təcrübəyə malik həkim personalı, ümumilikdə 215 nəfərdən ibarət tibbi heyət Azərbaycana dəvət olunub. Xəstəliyin cilovlanması və azalması sayəsində Operativ Qərargah avqustun 5-dən bəzi yumşalma proseslərinə başlayıb. Əvvəlki 16 şəhər və rayonun 3-ü – Lənkəran, Samux və Siyəzən rayonları bu zonadan kənarlaşdırılıb. Həmin bölgələrdə vəziyyət normaldır. Qalan 13 şəhər və rayonda yumşalma prosesləri başlanılıb. Çimərliklərdən istifadəyə icazə verilib, SMS və icaze.e-gov.az portalı vasitəsilə icazə mexanizmi ləğv olunub. Vəziyyətin yaxşılaşma istiqamətində inkişaf etdiyini nəzərə alaraq, Operativ Qərargah yaxın zamanlarda bir sıra yumşalma proseslərinə də hazırlıq işləri görür. İnsanlar maska və sosial izolyasiya rejiminə, sanitar-epidemioloji qaydalara hələ uzun müddət riayət etməlidirlər. O cümlədən həkimlərin və sanitar-epidemioloji qurumların tövsiyəsinə əsasən, açılmaqda olan obyektlərin fəaliyyəti üzrə lazım olan bütün təlimatlar hazırlanıb. Buna nəzarət üçün xüsusi qruplar və qurumlar ayrılıb. Əhali və sahibkarlar da bilməlidirlər ki, həmin qaydalara çox ciddi şəkildə riayət olunmalıdır və buna xüsusi nəzarət ediləcək.
Sonda Baş Nazir Əli Əsədov bildirib ki, Operativ Qərargah qarşısına qoyulmuş vəzifələri və məsuliyyəti dərk edir, bundan sonra da xalqımızın sağlamlığı üçün əlindən gələni edəcək.
Sosial sahədə nəzərdə tutulmuş işlərlə bağlı müvafiq tapşırıqların icrası haqqında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev çıxış edib.
Biznes və biznesə dəstək sahəsində görülmüş və nəzərdə tutulan işlər barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib. O qeyd edib ki, dövlətin investisiyaları, o cümlədən sosial infrastruktura qoyulan sərmayələrin həcmi qorunub və icra olunub. Səhiyyə sektorunun həm infrastrukturunun, həm də tibb personalının maddi rifahına əlavə vəsait ayrılmaqla, qarşıda duran bütün vəzifələr icra edilib. Nazir vurğulayıb ki, istənilən iqtisadi fəallığı yalnız bütün sanitar-epidemioloji tələblərə ciddi riayət etmək şərti ilə bərpa etmək olar: “Biz tam anlayırıq ki, təhlükə sovuşmayıb. Bütün yaxşılaşmalara rəğmən, öz fəaliyyətimizdə və iqtisadi fəaliyyətdə də bu prinsiplərdən çıxış etməliyik”.
Dövlət başçısı müşavirədə yekun nitqi söyləyib.
Prezident İlham Əliyev bildirib ki, pandemiya ilə əlaqədar görülmüş işlərə bütövlükdə yüksək qiymət vermək olar. Ancaq əldə edilmiş nəticələr, xəstəliyin nəzarət altında saxlanması bizi sakitləşdirməməlidir: “Üç həftə ərzində müsbət dinamika onu göstərir ki, bütün addımlar düzgün istiqamətdə atılmışdır. Karantin rejiminin əsas məqsədi ondan ibarətdir ki, biz insanlarımızı bu xəstəlikdən qoruyaq, onların həyatını qoruyaq, sağlamlığını qoruyaq və beləliklə, bu vəziyyətdən az itkilərlə çıxaq. Bu günə qədər biz buna nail ola bilmişik. Hesab edirəm ki, xəstəliyin geniş vüsət almamasının əsas səbəbi məhz çox düzgün atılmış addımlardır.
Müsbət dinamika, əlbəttə ki, indi karantin rejiminin yumşalmasına gətirib çıxarır. Ancaq burada da çox ciddi nəzarət mexanizmi olmalıdır. İndi açılan obyektlərdə bütün sanitar-epidemioloji normalar tam təmin edilməlidir. Sosial məsafə təmin olunmalıdır. Obyektlərdə göstərilən xidmət yeni qaydalar əsasında təşkil edilməlidir”.
Ölkə rəhbəri bildirib ki, yumşalma bir çox ölkələrdə xəstəliyin yenidən geniş vüsət almasına gətirib çıxarır və buna ikinci dalğa deyirlər: “Həkimlərin böyük əksəriyyəti bunu sanitar normaların gözlənilməməsi ucbatından baş vermiş hadisə kimi dəyərləndirir. Mən də bu yanaşma ilə razıyam. Çünki bu xəstəlik yoxa çıxmayıb. Ona görə xəstəliyə qarşı mübarizə aparılır. Ancaq heç kim deyə bilməz ki, hansısa ölkə bu xəstəliyə qalib gəlib. İkinci dalğa o halda ola bilər ki, xəstəlik yoxa çıxsın və ondan sonra hansısa yeni bir yoluxma mənbəyi üzə çıxsın. Ona görə bu məsələyə çox ciddi nəzarət olmalıdır və bunu siz təşkil etməlisiniz”.
“Bizim bu xəstəliklə bağlı əsas məqsədimiz insanların sağlamlığıdır”, - söyləyən dövlət başçısı əhalinin sosial vəziyyətinin bununla eyni əhəmiyyət daşıdığını, bunun təmin olunduğunu, sosial dəstək tədbirlərinin bundan sonra da davam etdiriləcəyini deyib. Əhəmiyyət baxımından bundan sonra iqtisadi vəziyyətin, iqtisadi inkişafın, iqtisadiyyatın dayanıqlılığının, biznes dairələrinə dəstək göstərilməsinin, postpandemiya dövrünə hazırlığın gəldiyini qeyd edib. İqtisadi sahədə itkilərimizin olduğunu xatırladan Prezident vurğulayıb ki, bu itkilər daha genişmiqyaslı ola bilərdi. Dövlət başçısı israfçılığa yol verməməyə, lazım olmayan layihələrin icrasından çəkinməyə çağırıb. Həmçinin bildirib ki, koronavirusla bağlı mübarizə sahəsində bundan sonra da addımlar vəziyyətə uyğun şəkildə atılacaq: “Biz hamımız yaxşı başa düşürük ki, insanlar yorulub. Karantin rejimi hamımızı yorub. Bütün rəhbərlik fasiləsiz, demək olar ki, 24 saat ərzində iş başındadır. Çünki bu elə bir bəladır, elə bir xəstəlikdir ki, hələ çarəsi yoxdur. Ona görə yeganə yolumuz insanları qorumaq, yoluxmaların sayını azaltmaq, xəstəliyin geniş vüsət almasına yol verməmək və beləliklə, vətəndaşlarımızı, dövlətimizi bu vəziyyətdən xilas etməkdir. Odur ki, buna uyğun şəkildə addımlar atılacaq. Karantin rejimi nə vaxt mümkünsə, yumşaldılacaq, necə ki, artıq ayın 5-dən yumşalma olubdur. Ancaq vətəndaşlar da gərək başa düşsünlər ki, əgər bu yumşalmadan sonra biz yenə də xəstəliyin kəskin artdığını görsək, başqa çarəmiz olmayacaq, gərək yenə də sərtləşdirək. Biz bunu etmək istəmirik. Mən istəyirəm ki, bu yumşalma prosesi tədricən davam etsin və sonrakı yumşalma addımını şərtləndirsin. Amma əgər vətəndaşlar görsələr ki, artıq hər şey açılıbdır, yenə də bütün bu məsafəyə, qoruyucu vasitələrə əhəmiyyət verməyəcəklərsə, onda xəstəlik yenidən alovlanacaq. Biz gərək yenə də sərtləşdirilmiş tədbirlər görək, yenə də iqtisadiyyata zərbə vurulacaq, yenə də insanlar xəstələnəcəklər. Ona görə bütün Azərbaycan vətəndaşlarına bir daha müraciət edirəm ki, məsuliyyətli olun. Bu, çox ağır xəstəlikdir. Bu xəstəlik yaş tanımır, cavan insanlar, gənc insanlar, fiziki cəhətdən sağlam insanlar, idmançılar xəstələnir və rəhmətə gedir. Bu, dünya üçün çox ciddi problemdir, bu gün dünyanın bir nömrəli bəlasıdır. Ona görə hamımız məsuliyyətli olmalıyıq. Əgər belə olsa, dediyim bütün tapşırıqlar yerinə yetirilsə, biz qısa müddət ərzində bu karantin rejimini daha da yumşaldıb normal həyata daha tez qayıda bilərik”.шаблоны для dle 11.2





]Avqust

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova