Valyuta.com

“Son bir ayda evdə müalicə olunan yüngül simptomlu koronavirus xəstələrinin 60 faizə yaxını sağalıb”

“Son bir ayda evdə müalicə olunan yüngül simptomlu koronavirus xəstələrinin 60 faizə yaxını sağalıb”

Ölkədə yayılmış COVID-19 virusunun qarşısını almaq üçün Səhiyyə Nazirliyinin tapşırığına əsasən iyun ayının 30-dan etibarən ilkin səhiyyə xidmətlərinin gücləndirilməsi ilə bağlı bir sıra tədbirlər həyata keçirilir. Bakı Baş Səhiyyə İdarəsinin (BBSİ) rəisi Nelli Veysova bizə müsahibəsində əhaliyə göstərilən təcili tibbi yardım və stasionar müalicə xidmətlərinə dəstək məqsədilə bu istiqamətdə görülən işlər və qısa müddətdə əldə olunan uğurlu nəticələrlə bağlı məlumat verdi.
- Qeyd edim ki, “Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 iyun 2020-ci il tarixli Qərarının icrası barədə Səhiyyə Nazirliyinin 9 iyul 2020-ci il tarixli əmrinə əsasən, COVID-19 ilə mübarizə sahəsində tətbiq edilən xüsusi karantin rejimi müddətində əhaliyə göstərilən ambulator-poliklinik, təcili və təxirəsalınmaz tibbi yardımın təşkilində əlavə resursların səfərbər edilməsi məqsədilə bir sıra tədbirlər həyata keçirilir. Artıq bir aydır ki, BBSİ-nin tabeliyindəki 87 tibb müəssisəsini əhatə edən 39 ərazi tibb məntəqəsi COVID-19-la mübarizə işinə qoşulub. Bu tibb məntəqələri COVID-19 virusuna yoluxmuş simptomsuz və yüngül simptomlu xəstələrin vaxtında aşkarlanmasını, ev şəraitində müayinə, müşahidə və müalicəsini təmin edir. Həmin ərazi tibb məntəqələrinin fəaliyyətinin düzgün təşkili, işçi heyətinin təlimatlandırılması, iş prosesinin idarə olunması, koordinasiyası, monitorinqi və keyfiyyətinə nəzarəti isə Səhiyyə Nazirliyinin nəzdində yaradılan işçi qrup həyata keçirir. Bakı Baş Səhiyyə İdarəsinin, İctimai Səhiyyə və İslahatlar Mərkəzinin rəhbər heyəti və aparıcı mütəxəssislərindən ibarət işçi qrupun fəaliyyəti bilavasitə Səhiyyə naziri Oqtay Şirəliyev tərəfindən idarə olunur.

- Nelli xanım, COVID 19-la mübarizədə ambulator-poliklinik xidmət necə həyata keçirilir? Bu istiqamətdə işlər hansı şəkildə qurulub?

- Səhiyyə Nazirliyi tərəfindən simptomsuz və yüngül simptomlu şəxslərin müayinə və müalicəsinə dair xüsusi metodik tövsiyələr hazırlanıb, poliklinikalara əlavə təlimatlar təqdim edilib. Bu tövsiyələrə əsasən, vətəndaşlar COVID-19-la bağlı hər hansı simptom (hərarət, təngnəfəslik, burun axma və s.) hiss etdikdə yaşadıqları ünvana uyğun müvafiq poliklinikalara zəng edərək məlumat verirlər. Sahə həkimləri tərəfindən onların vəziyyəti ilkin olaraq qiymətləndirilir və COVID-19-a dəlalət edən şikayət, simptom və ya yoluxma riskini artıran digər amillər dəyərləndirilir. Xüsusi olaraq diqqətə çatdırım ki, yalnız tibb işçisinin qərarı əsasında test etmək zərurəti təsdiq olunduqdan sonra yoluxma riski və ya koronavirus xəstəliyi ehtimalı olan şəxslərin müayinəsi və PZR testinin aparılması üçün poliklinikaların səyyar tibbi briqadaları evlərə gedərək, testlər üçün nümunələr götürürlər. Testin nəticəsi məlum olanadək (1-3 gün ərzində) sahə həkimləri onlar üzərində müşahidələrini davam etdirirlər. Gündə 2 dəfə vətəndaşla telefonla əlaqə saxlayır, vəziyyətini öyrənir, suallarını cavablandırırlar. Test nəticəsi müsbət olan simptomsuz pasiyentlərin evdə müşahidəsi, yüngül gedişatlı xəstələrin müalicəsi təmin edilir. Onlara dövlət hesabına lazımi dərman preparatları da (vitamin C, maqnezium, sink, L-selenometionin, vitamin D3, parasetamol) göndərilir.
Səhhətində ağırlaşma və ya mənfi dinamika müşahidə edilən pasiyentlərin vəziyyəti poliklinika həkimi tərəfindən təkrar qiymətləndirilir, zəruri hal yaranarsa, həmin an hospitalizasiya olunurlar.
İyulun 29-na olan məlumata görə, bu müddətdə vətəndaşlardan test üçün 8155 yaxma nümunəsi götürülüb. Onlardan 2307-si, yəni ümumi testlərin 28,3 faizi müsbət çıxıb. İlkin aşkarlanmış yüngül simptomlu COVID-19 xəstələrinə 2993 dəst dərman paketi paylanıb.

- COVID-lə mübarizə istiqamətində poliklinikaların fəaliyyətindən cəmi bir ay keçir. Bu qısa zamanda bu sahədə mövcud problemlərin həllində müsbət dinamika müşahidə olunduğunu demək mümkündürmü?
- Bunu əminliklə deyə bilərik. İlkin tibbi yardım müəssisələrinin bu cür fəaliyyətində əsas məqsəd təcili və təxirəsalınmaz tibbi yardımın və stasionar xidmətin yükünü azaltmaqdır. Müsbət haldır ki, bir ay müddətində təcili və təxirəsalınmaz tibbi yardıma COVID-19-la bağlı çağırışların sayında 25 faizdən, ağır xəstələrə çağırışların sayında isə 30 faizdən çox azalma qeydə alınıb. Evdə müalicə edilən yüngül simptomlu xəstələrin isə 60 faizə yaxını heç bir fəsadsız, ağırlaşma halları müşahidə olunmadan sağalıblar.

- Məlumdur ki, bir sıra hallarda vətəndaşlar öz sahə həkimlərini tanımırlar, hətta yaşadıqları ərazi üzrə hansı poliklinikaya müraciət etməli olduqlarını belə bilmirlər...
- Bəli, məhz bu və bu kimi digər problemlərin ortaya çıxmaması üçün, həmçinin təcili və təxirəsalınmaz tibbi yardım xidmətinə dəstək məqsədilə iyul ayından etibarən yeni 814 Çağrı Mərkəzi çalışmağa başlayıb. Bakı şəhəri üzrə fəaliyyət göstərən bu Çağrı Mərkəzi COVID-19 virusuna yoluxma şübhəsi olan vətəndaşları dislokasiyaları üzrə məntəqələrə yönləndirir, koronavirusla bağlı həkim məsləhətinə ehtiyacı olanlara yaşadıqları əraziyə aid olduğu tibb müəssisəsi barədə məlumat verir və vətəndaşların sahə həkimləri ilə əlaqələrini təmin edir. Qeyd edim ki, iyulun 29-nadək 814 qısa nömrəsinə 10 981 zəng qəbul olunub, onlardan 9 676-sı poliklinika şəbəkəsinə yönləndirilib.
814 Çağrı Mərkəzi həftənin I-VI günləri, saat 8:00-dan 20:00-a qədər işləyir və burada ümumilikdə 40 nəfər operator çalışır. Daxil olan bütün müraciət və şikayətlər Çağrı Mərkəzi tərəfindən qeydə alınır və işçi qrupuna yönləndirilir. Müraciət və şikayətlərin növündən asılı olaraq işçi qrupun müvafiq üzvü həmin məsələnin həlli ilə məşgul olur.
Bir sıra hallarda Çağrı Mərkəzinə evdə müalicə olunan ağır xəstələrə tibbi xidmətin göstərilməsi ilə bağlı da müraciətlər olur. Belə hallarda vətəndaşlara bildirilir ki, ağır simptomlu, məsələn, 38 və daha yüksək dərəcəli hərarəti olan xəstələr mütləq xəstəxanaya yerləşdirilməli, stasionar müalicə olunmalıdır. Çünki onların vəziyyəti dəyişkəndir və hər an ağırlaşa bilər. Belə xəstələr 103 nömrəsi vasitəsilə Təcili və Təxirəsalınmaz Tibbi Yardıma müraciət etməlidirlər.

- Telesəhiyyə otağının və teledoktor proqram təminatının yaradılması və fəaliyyəti ilə bağlı nə deyə bilərsiniz?

- Telesəhiyyə otağı hələlik yalnız 1 saylı Şəhər Poliklinikasının nəzdində yaradılıb. Bu xidmət həmin tibb müəssisəsində çalışan sahə həkimləri ilə yanaşı, onlara müraciət edən vətəndaşların da rahatlığını təmin edir. Sahə həkimi onlarla görüntülü əlaqə saxlayır, müşahidə aparır, bütün suallarını cavablandırır, lazımi tövsiyələrini verir.
Teledoktor proqram təminatı üzərində isə hazırda işlər davam etdirilir. isim.az saytına daxil olaraq, insanlar bu proqram təminatına qoşula və öz poliklinika həkiminə müraciət edə bilərlər. Bu müraciət əsasında həkim vətəndaşla onlayn əlaqə saxlayacaq və bütün suallarını cavablandıracaq.
Sonda qeyd edim ki, bu və ya digər şəkildə COVID-19-la mübarizə sahəsində ilkin səhiyyə xidmətinin fəaliyyətinin müsbət nəticələrinin şahidi oluruq və qısa zamanda daha böyük uğurlar əldə edəcəyimizə inanırıq.
Biz tibb heyəti olaraq əlimizdən gələn peşə və vətəndaş borcumuzu icra etməyə hazırıq. Vətəndaşlarımızı da bu çətin günlərdə güclü, diqqətli və məsuliyyətli olmağa səsləyirik.

Ü.FAZİLQIZI
шаблоны для dle 11.2





]Oktyabr-Noyabr

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova