Valyuta.com

Nazirlər Kabinetinin birinci yarımilliyin yekunlarına həsr edilən iclasında koronavirusla bağlı məsələlər müzakirə olunub

Nazirlər Kabinetinin birinci yarımilliyin yekunlarına həsr edilən iclasında koronavirusla bağlı məsələlər müzakirə olunub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.
Toplantıda bir sıra digər məsələlərlə yanaşı, ölkəmizdə koronavirus epidemiyası ilə bağlı vəziyyət də müzakirə olunub.
Öz giriş nitqində Prezident İlham Əliyev deyib ki, biz hələ də pandemiya dövründə yaşayırıq, karantin rejimi ləğv edilməyib.
Dövlət başçısı nəzərdə tutulan tədbirlər – onun göstərişi ilə təcili tibbi yardım maşınlarının alınması, modul tipli yeni hospitalların gətirilməsi və s. məsələlər haqqında məlumat vermək üçün sözü Operativ Qərargahın sədri, Baş Nazir Əli Əsədova verib.
Baş Nazir çıxışında xatırladıb ki, koronavirus epidemiyası ilə bağlı ilk olaraq bir qrup Azərbaycan vətəndaşı fevral ayından başlayaraq Çindən təxliyə edilib və xüsusi ayrılmış Qobustan xəstəxanasına karantinə gətirilib. Həmin dövrdən etibarən Azərbaycanın sərhəd-keçid məntəqələri gücləndirilmiş iş rejiminə keçib, xaricdən, xüsusən də epidemiyanın yayıldığı ölkələrdən gələn bütün şəxslər mütləq şəkildə ciddi tibbi müayinə ediliblər. Xəstəliyin Azərbaycan ərazisində yarada biləcəyi təhlükələrin qarşısını almaq, profilaktik və təxirəsalınmaz tədbirləri operativ həyata keçirmək məqsədilə Azərbaycan Prezidentinin Sərəncamı ilə 27 fevral tarixində Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılıb. Dövlət başçısının Operativ Qərargaha verdiyi ilk tapşırığa əsasən, xəstəliklə mübarizə aparmaq üçün xəstəxanaların virusla mübarizəyə hazır vəziyyətə gətirilməsi, çarpayı fondunun artırılması və zəruri olan bütün tibbi avadanlıq və preparatlarla təchiz olunması istiqamətində vacib işlər aparılıb.
Hazırda koronavirus xəstələrinin ölkənin 35 şəhər və rayonunda yerləşən 50 xəstəxanada müalicə aldıqlarını söyləyən Əli Əsədov bildirib ki, bu tibb müəssisələrinin 36-sı Prezidentin sərəncamları ilə son illərdə inşa edilib. Qısa müddətdə modul tipli xəstəxanaların istifadəyə verildiyini deyən Baş Nazir son günlər koronavirusla mübarizəyə ambulator tipli müəssisələrin də cəlb olunduğunu qeyd edib. Onların 40-ı Bakıda simptomsuz, yoluxmuş şəxslərə evdə xidmət göstərir. Hazırda xəstəliyin müalicəsi üçün ayrılmış çarpayıların ümumi sayı 10 mindən artıqdır. Qısa müddətdə ölkəyə 300-dən artıq süni tənəffüs aparatı gətirilib və xəstəxanalara verilib. Ən müasir EKMO cihazlarının sayı artırılıb. Son dövrdə təcili tibbi yardım xidmətinə əhalinin müraciətlərinin sayının artması səbəbindən əlavə avtomobillərə tələbat yaranıb. Ölkə rəhbərinin tapşırığı ilə xaricdən sifariş olunmuş 84 avtomobil ölkəyə gətirilərək, tibb müəssisələrinə paylanıb. İyul-avqust aylarında əlavə olaraq 100 təcili yardım avtomobili gətiriləcək.
Fevral ayında koronavirus infeksiyasının müəyyən olunması üçün ölkədə cəmi 6 xüsusiləşdirilmiş laboratoriya mövcud idi və onlar gün ərzində minə yaxın test apara bilirdi. Hazırda laboratoriyaların sayı 30-a çatdırılıb və gündəlik test imkanları 10 mindən çoxdur. Yaxın zamanlarda əlavə olaraq laboratoriyaların sayı çoxaldılacaq və testlərin sayı 12-13 mini keçəcək.
Ümumdünya Səhiyyə Təşkilatının və epidemioloqların bu xəstəlikdən qorunmaq üçün tibbi maska taxmağı vacib hesab etdiklərini xatırladan Baş Nazir deyib ki, qısa müddət ərzində 50 milyondan artıq maska Azərbaycana idxal olunub. Prezidenin tapşırığı ilə operativ surətdə yerli istehsal da təşkil edilib və nəticədə 10 milyona qədər maska istehsal olunub. Bu gün Azərbaycanda 14 milyondan artıq maska var və yerli istehsal davam edir.
Əli Əsədov deyib ki, karantin rejimi ilə əlaqədar martın 14-dən etibarən Operativ Qərargah tərəfindən bəzi izolyasiya tədbirləri həyata keçirilməyə başlanılıb. Martın 24-dən “Sanitar-epidemioloji salamatlıq haqqında” Qanuna əsasən xüsusi karantin rejimi tətbiq edilib və mərhələli şəkildə gücləndirilib. O vurğulayıb ki, dövlət başçısının Operativ Qərargah qarşısında qoyduğu vəzifələr dövlətin bütün imkan və resurslarını xəstəliklə mübarizəyə yönəltməkdən, vətəndaşların sağlamlığının qorunması üçün bütün tədbirlərin görülməsinə səfərbər olunmaqdan ibarət idi. Bu məqsədlə Prezidentin Sərəncamı ilə pandemiyadan əziyyət çəkən işsiz adamlara, aztəminatlı təbəqələrə, fəaliyyəti məhdudlaşdırılmış sahibkarlıq subyektlərinə kömək, ictimai iş yerlərinin yaradılması, özünüməşğulluq proqramının genişləndirilməsi, səhiyyə sisteminin gücləndirilməsi məqsədilə 1,5 milyard manatlıq tədbirlər planı hazırlanıb.
Xüsusi karantin rejimi dövründə məhdudlaşdırıcı tədbirlər müsbət nəticə verdiyinə görə mayın ortalarından Operativ Qərargah tərəfindən rejim yumşaldılmağa başladı. Lakin bundan bir müddət sonra sanitar-epidemioloji qaydalara riayət olunmaması səbəbindən xəstəliyin sayı artdı. Bu cür halların qarşısını almaq məqsədilə qərargah təkrar olaraq məhdudlaşdırıcı tədbirlərə əl atdı, 16 şəhər və rayonda xüsusi karantin rejimi tətbiq edildi. Son günlərdə xəstəliklə əlaqədar rəqəmlərdə müsbət tendensiya müşahidə olunur və bu da pandemiya ilə mübarizədə həyata keçirilən tədbirlərin düzgün istiqamətdə aparılmasını təsdiqləyir.
Operativ Qərargahın sədri bildirib ki, Azərbaycan Prezidentinin və Birinci vitse-prezidentinin göstərişi ilə Türkiyə, Rusiya və Kubadan olan, böyük təcrübəyə malik tibb mütəxəssislərindən ibarət heyətlərin Azərbaycana gəlməsi və xəstəxanalarda bizim həkimlərlə birgə işləməsi təşkil olunub. Həmçinin Çin Xalq Respublikası Hökuməti ilə aparılmış danışıqlara müvafiq olaraq, Çinin bu sahədə ixtisaslaşmış həkim və ekspertlərindən ibarət tibbi heyət ölkəmizdə pandemiya ilə mübarizəyə və bizim həkimlərlə təcrübə mübadiləsinə cəlb ediləcək.
Dövlət başçısının həkimlərin əməyinə və fədakarlığına yüksək qiymət verməyinin ifadəsi olaraq imzaladığı Sərəncama əsasən, koronavirusla əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin sosial rifahının yaxşılaşdırılması məqsədilə onların əməkhaqlarına aylıq vəzifə maaşının 3-5 mislinədək müddətli əlavə müəyyən edilib. Mart-iyun ayları ərzində bu tədbirlərdə iştirak edən işçilərin əməkhaqları dövlət büdcəsində bu məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına təmin olunub. Ümumiyyətlə, koronavirus pandemiyasının qarşısının alınması və onunla mübarizə üçün səhiyyə sahəsinə 250 milyon manatdan artıq vəsait ayrılıb.
Sonda Baş Nazir Operativ Qərargahın bütün üzvləri adından deyib ki, Azərbaycan Prezidentinin onların qarşısında qoyduğu tapşırığın mühümlüyünü və məsuliyyətini tam dərk edir və onların icrası istiqamətində bundan sonra da çalışacaqlarına söz verirlər.
Prezident İlham Əliyev deyib ki, indi COVID üzrə qarşımızda duran əsas məsələlərdən biri həkimlərin sayı ilə bağlıdır: “Biz indi yeni klinikalar açırıq, modul tipli xəstəxanalar açılır, o cümlədən indi Fövqəladə Hallar Nazirliyinin xətti ilə 2100-dən çox çarpayılıq iki xəstəxananın açılışı nəzərdə tutulur, biri artıq açılıbdır. Ancaq həkimlərin sayı bizdə, təbii ki, arta bilməz və belə olan halda xarici həkimlərə ehtiyacımız olacaq. Dediyiniz kimi, artıq üç ölkədən – Türkiyədən, Rusiyadan və Kubadan həkimlər gəlib. Əlbəttə ki, onlar üçün burada şərait yaradılıb. Bundan sonra bu istiqamətdə hansı addımlar nəzərdə tutulur? Bu həkimlərin bir hissəsi gəlib gedib, onların yerinə başqa həkimlər gəlibmi, yoxsa yox? Bu haqda da qısa bir məlumat verin”.
Baş Nazir Əli Əsədov deyib ki, hazırda xarici ölkələrdən 200-ə qədər həkim Azərbaycanda koronavirusla mübarizədə iştirak edir. Ən çox kontrakt Kubadan gələn şəxslərlə üçaylıq müddətinə imzalanıb. Türkiyədən gələn 47 nəfərlik heyət iki ay müddətinə "Yeni klinika"da çalışacaq. Rusiyanın 20-dən artıq həkim və mütəxəssisi Bakıda və Sumqayıtda işləyir. Çin hökuməti ilə aparılan danışıqlar üzrə kontrakt səviyyəsində müəyyənləşdirilir ki, gəlmiş qruplar gedəndən sonra Çindən həkimlər gəlib onları əvəz edəcək, bu, ardıcıllıqla olacaq. Eləcə də öz həkimlərimiz - xaricdə təhsil alan tələbələrimiz, Tibb Universitetində olan həkimlər ilk günlərdən bu proseslərə cəlb olunub.
Maliyyə naziri Samir Şərifov çıxış edərək deyib ki, koronavirus pandemiyası ilə bağlı üzləşdiyimiz mənfi fəsadlara rəğmən, bu ilin birinci altı ayında dövlət büdcəsinin icrası gözlənildiyindən yaxşı olub, büdcə gəlirləri üzrə proqnozlar artıqlaması ilə icra edilib. Pandemiya ilə mübarizə tədbirləri, onun ölkə iqtisadiyyatında yaratdığı mənfi təsirlərin azaldılması üçün Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə dövlət büdcəsindən ayrılmış 1 milyard 409 milyon manat vəsaitdən 6 ay ərzində 752 milyon manat vəsaitin maliyyələşdirilməsi təmin olunub. Bu mənbədən səhiyyə sahəsinə ayrılmış 250 milyon manat vəsaitdən 149 milyon manat, sosial-iqtisadi dəstək tədbirləri üzrə ayrılmış 570 milyon manat vəsaitdən 281 milyon manat, sosial təminat dəstək tədbirləri üzrə ayrılmış 309 milyon manat vəsaitdən 244 milyon manat, dövlət şirkətlərinə maliyyə dəstəyinin göstərilməsi ilə bağlı ayrılmış 280 milyon vəsaitdən isə 118 milyon manat artıq istifadə edilib.
Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev çıxışında qeyd edib ki, pandemiya dövründə gömrük xidməti ön cəbhədə olduğuna görə, sanepidemioloji vəziyyət nəzərə alınaraq, əməkdaşların mütəmadi yoxlanılması təşkil olunub. Bununla bağlı dövlət başçısının müvafiq tapşırıqlarına uyğun olaraq, Dövlət Gömrük Komitəsinin hospitalında xüsusi laboratoriya təsis edilib. Əməkdaşların bu günə qədər 4700 testi aparılıb ki, onlardan 2000-ə yaxını mütəmadi birbaşa təmasda olanlardır. Bu baxımdan onların sağlamlığı həm ticarətimizin, idxal-ixrac əməliyyatlarımızın, həm də tranzit potensialımızın qorunması məqsədilə mütəmadi nəzarətdə saxlanılıb. 170-ə yaxın gömrük əməkdaşı ilkin olaraq pozitiv testlərlə çıxsa da, hazırda onlar müalicə olunub və normal iş fəaliyyətinə qayıdıblar. Bu gün gücləndirilmiş iş rejimində fəaliyyət davam etdirilir.
Müşavirədə bir sıra digər məsələlər də müzakirə olunub.шаблоны для dle 11.2





]Avqust

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova