Valyuta.com

Koronaviruslu xəstələrin müalicəsi üçün Bakının Xətai rayonunda modul tipli hospitalın açılışı olub

Koronaviruslu xəstələrin müalicəsi üçün Bakının Xətai rayonunda modul tipli hospitalın açılışı olub

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalının açılışında iştirak ediblər.
Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov dövlət başçısına raport verərək bildirib ki, 10 korpusdan ibarət yeni hospitalda 800 xəstəni qəbul etmək üçün hər cür imkan var. Burada yaradılan şərait müalicə işi ilə yanaşı, laborator müayinələri də qısa müddətə və keyfiyyətlə aparmağa imkan verir. Belə modul tipli xəstəxanaların istifadəyə verilməsi koronavirusa yoluxanların lazımi tibbi xidmətlərlə əhatə olunması üçün vahid idarəetmə və tibbi əlaqələndirmənin təmin edilməsində böyük rol oynayır.
Tibb ocağında yaradılan şəraitlə tanışlıqdan sonra dövlət başçısı Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və Xəzər Televiziyasına müsahibə verib.
Bu modul tipli xəstəxanada yaradılmış şəraitlə bağlı təəssüratları haqqında suala cavab verən Prezident İlham Əliyev deyib: “Təəssüratlar çox müsbətdir. Əsas odur ki, bu xəstəxana çox qısa müddət ərzində ərsəyə gəlib və burada 800 xəstənin yerləşməsi nəzərdə tutulur. …Bu xəstəxanada bütün lazımi şərait yaradılıbdır. Palatalar, laboratoriya, diaqnostika mərkəzi, həkimlər üçün yaxşı şərait vardır”. Ölkə rəhbəri qeyd edib ki, bu ərazidə təqribən bir ay-ay yarım ərzində daha bir yeni, modul tipli, çarpayı sayı 1300-ə qədər olan xəstəxana inşa ediləcək. Bu da xəstəliklə mübarizədə əlavə imkanlar yaradacaq.
Dövlət başçısı gələcəkdə əlavə belə tibb ocaqlarının tikilməsi ilə bağlı suala cavab olaraq söyləyib ki, onların inşası nəzərdə tutulur: “Modul tipli 5 xəstəxana artıq fəaliyyətdədir. Bu xəstəxanaların tez bir zamanda inşa edilməsi onu göstərir ki, biz hətta seytnot vəziyyətdə lazımi addımları ata bilərik. Bildiyiniz kimi, heç bir ölkə bu pandemiyaya hazır deyildi. Bizim mövcud çarpayıların sayı adi rejimə hesablanmışdı. Ona görə modul tipli xəstəxanaların tikintisi zəruri idi və biz bunu etdik. İkisi Bakıda, biri Sumqayıtda, biri Gəncədə, biri Abşeron rayonunda artıq fəaliyyətdədir və beşinin də tikintisi gedir. Hesab edirdik ki, on xəstəxana bizə kifayət edəcək. Ancaq görürük ki, əlavə xəstəxanalara ehtiyac olacaq. Ona görə mən bu yaxınlarda göstəriş verdim ki, əlavə on modul tipli xəstəxana sifariş olunsun, onların yerləri müəyyən edilsin. Biz ən kritik vəziyyətə hazır olmalıyıq. Əslində, modul tipli bu on xəstəxananın tikintisi ilə bağlı qərarı biz o vaxt vermişdik ki, xəstəliyin yayılması o qədər də geniş vüsət almamışdı. Həmin qərar aprel ayında verilmişdi, o vaxt gündə təqribən 30, 40, 50, 60 insan xəstələnirdi. Əlbəttə, qabaqlayıcı tədbirlərin görülməsi zəruri idi. Ancaq biz təxmin edə bilməzdik ki, xəstəlik necə inkişaf edəcək. Lakin ehtimal var idi və dünyada gedən proseslər onu göstərirdi ki, xəstələrin sayı arta bilər. Belə olan halda biz çıxılmaz vəziyyətdə qalar, bu xəstələri harada yerləşdirərdik? Ona görə o vaxt bu qərarın qəbul edilməsi düzgün addım idi. Bu gün yenə də modul tipli əlavə on xəstəxananın tikilməsi barədə qərar gələcəyə hesablanır.
Ümumiyyətlə, hazırda ölkəmizin 45 xəstəxanasında koronavirus xəstələri müalicə alırlar. Onu da bildirməliyəm ki, bu xəstəxanaların 36-sı mənim sərəncamımla son müddət ərzində inşa edilibdir. Təsəvvür etmək çətin deyil ki, əgər bu xəstəxanalar tikilməsəydi, indi biz hansı problemlərlə üzləşə bilərdik. Beləliklə, bu gün bizim, hələ ki, kifayət qədər boş çarpayılarımız var. Ancaq biz hər bir vəziyyətə hazır olmalıyıq.
Bildirməliyəm ki, bu il istifadəyə verilmiş “Yeni klinika”da hazırda 350 xəstə müalicə alır. Biz qısa müddət ərzində orada çarpayıların sayını 700-750-yə çatdıracağıq. Ona görə hesablamaq çətin deyil ki, əgər buna ehtiyac yaranarsa, biz qısa müddət ərzində 5 mindən çox xəstəni yerləşdirə biləcəyik - yəni xəstəxanalarda 2100, modul tipli 15 xəstəxanada 3 min, “Yeni klinika”da əlavə 350”.
Dünyada, o cümlədən ölkəmizdə koronavirus pandemiyası ilə bağlı vəziyyəti qiymətləndirən Azərbaycan Prezidenti qeyd edib ki, bizim kimi, bəzi ölkələr də yumşalma tədbirlərindən sonra xəstəliyin yayılma tempinin geniş vüsət aldığını gördülər, ona görə onların bir çoxu yenidən məhdudlaşdırıcı tədbirlərə qayıtdılar. Peyvəndin mövcud olmadığı şəraitdə bunu düzgün qərar hesab edən Prezident İlham Əliyev vurğulayıb ki, hazırda ölkəmizdə yoluxmanın tempi yüksək olsa da, qabaqlayıcı tədbirlər sayəsində vəziyyət nəzarət altındadır: “Əlbəttə, biz pandemiyanın ilk günlərindən çox önəmli addımlar atdıq. Fevral ayında bizim cəmi altı laboratoriyamız var idi. Hazırda bu laboratoriyaların sayı 29-a çatıb və 15 yeni laboratoriya sifariş edilib, yoldadır, gələcək və laboratoriyaların sayı 44-ə çatacaqdır. Bu bizə imkan verəcək ki, daha çox test aparaq. Onu da bildirməliyəm ki, bu günə qədər 500 mindən çox test aparılıb və adambaşına düşən testlərin sayına görə Azərbaycan dünyada təqribən 40-cı yerdədir.
Xəstəxanaların buna hazır olması məsələləri də öz həllini tapıb. Deyə bilərəm ki, bu 45 xəstəxananın əksəriyyəti bölgələrdə yerləşir. Bu xəstəxanalar regional inkişaf proqramı çərçivəsində tikilib və bu gün ən yüksək standartlara cavab verir”.
Prezident bildirib ki, məhdudlaşdırıcı addımlar vəziyyətə uyğun şəkildə atılır. May ayının əvvəlində birinci yumşalma addımları atılanda nəzərdə tutulurdu ki, xəstəliyin yayılma sürəti artsa, yenidən sərtləşdirilmiş tədbirlərə qayıdılacaq. Belə də oldu.
Dövlət başçısı ölkəmizi əhalisi bizimlə eyni olan bəzi inkişaf etmiş ölkələrlə müqayisə edib, həmin ölkələrdə yoluxanların sayının 60-70 min, ölənlərin sayının 10 min olduğunu deyib. Halbuki o ölkələrin səhiyyə sistemi bir çox hallarda nümunə kimi göstərilirdi. Bu o deməkdir ki, xəstəlik sərhəd tanımır və heç bir ölkə tam şəkildə özünü sığortalanmış hesab edə bilməz. Ona görə beynəlxalq əməkdaşlığa böyük ehtiyac var və Azərbaycan bu istiqamətdə lazımi addımları atır: “Adətən hesab olunurdu ki, belə dəhşətli pandemiyalar, epidemiyalar, insanların yoluxucu xəstəliklərdən kütləvi şəkildə həlak olması ancaq geridəqalmış ölkələrdə mümkündür. Amma həyat onu göstərdi ki, bu, belə deyil. Həyat onu göstərdi ki, bu gün pandemiyadan ən çox əziyyət çəkən ölkələr inkişaf etmiş ölkələrdir. Əgər onlar bu məsələyə tam çarə tapa bilmirlərsə, əlbəttə ki, o qədər də inkişaf etməmiş, yaxud da geridə qalmış ölkələrdə vəziyyəti təsəvvür etmək çətin deyil”.
Azərbaycan Prezidenti söyləyib ki, bütün addımlar atılanda vəziyyət dərindən təhlil olunur. Məhdudlaşdırıcı tədbirlər kortəbii tətbiq edilmir, mütəxəssislərlə, həkimlərlə məsləhətləşmələr aparılır, ölçülüb-biçilmiş addımlar atılır: “Bu addımların əsas məqsədi insanlarımızı, onların sağlamlığını, həyatını bu xəstəlikdən qorumaqdır. Pandemiya dövründə bütün imkanlarımız səfərbər olunmalıdır ki, biz bu vəziyyətdən az itkilərlə çıxa bilək”.
“Karantin rejiminin nə qədər davam edəcəyini proqnozlaşdırmaq olarmı?” sualına cavab olaraq Prezident İlham Əliyev deyib ki, bir müddət bundan əvvəl yoluxanların sürətlə artan sayı indi sabitləşib: “İndiki rejim nə qədər davam edəcək və bu rejim daha da sərtləşəcək, yoxsa yumşalacaq, yaxın gələcəkdə biz bunu görəcəyik”. Dövlət başçısı qeyd edib ki, bütün qaydalar insanların, o cümlədən karantin rejimini pozanların sağlamlığının qorunmasına hesablanıb: “Heç kim qanundan üstün deyil - istər yerli, istər xarici şirkət, istər yerli vətəndaş, istər xarici vətəndaş olsun, fərq etmir, biz xalqımızı qorumalıyıq, biz xalqımızın sağlamlığını qorumalıyıq. Mövcud qanunlar və karantin rejimi ilə bağlı tətbiq edilən qaydalar hər kəs üçün əsas olmalıdır. …Əgər o qaydaları pozan insanlar daha məsuliyyətli olarlarsa və nizam-intizama riayət edərlərsə, hesab edirəm ki, biz pandemiyanı nəzarətdə saxlaya biləcəyik”.
“Pandemiya başladığı gündən bəri Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx əməkdaşlıq edir. ÜST Azərbaycanı koronavirusla mübarizədə nümunəvi ölkə adlandırıb”,- deyən jurnalist dövlət başçısından bu təşkilatla əlaqələrimizi və əməkdaşlığımızı qiymətləndirməyi xahiş edib.
Prezident İlham Əliyev deyib: “Biz ilk gündən Ümumdünya Səhiyyə Təşkilatı ilə təmasda idik. Çünki bu təşkilat dünya miqyasında bu işlərə cavabdehlik daşıyan birinci təşkilatdır. Onların mütəxəssislərini dəvət etdik. Onlar da ezam olundu, gəldilər, bəzi məsləhətlər verdilər və o məsləhətlər əsasında öz addımlarımızın bir hissəsini atdıq. Dediyiniz kimi, Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanda görülmüş işlərə yüksək qiymət vermişdir, həm birinci mərhələdə, ondan sonrakı mərhələdə və bu gün. Bu gün də biz sıx əlaqədəyik və hesab edirəm ki, bu təşkilatla hər bir ölkə çox sıx əməkdaşlıq etməlidir. Çünki biz yalnız Ümumdünya Səhiyyə Təşkilatından məsləhət ala bilərik. Ona görə biz bu təşkilatı beynəlxalq arenada da dəstəkləyirik, bildiyiniz kimi, ona maliyyə yardımı da etmişik. Bu gün təşkilatın nümayəndəliyi Azərbaycanda çox fəal iş aparır və bu xəstəliyin yayılmaması üçün əməli addımlar atır. Biz bu fəaliyyətə görə minnətdarıq. Bildiyiniz kimi, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Azərbaycan tərəfindən təşkil olunmuş Zirvə görüşlərində də iştirak edib. Hesab edirəm ki, pandemiyadan sonra da biz bu təşkilatla əməkdaşlığımızı uğurla davam etdirəcəyik”.
Azərbaycanın pandemiya ilə mübarizədə bir çox ölkələrə humanitar yardım göstərməsi ilə bağlı fikirlərini bölüşən ölkə rəhbəri deyib ki, biz bu günə qədər 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı göstərmişik: “Biz bu haqda heç məlumat da vermirdik. Çünki biz bunu piar üçün yox, sadəcə olaraq, ölkələrə həmrəylik borcu kimi edirdik. Ancaq bir neçə dövlət başçısı mənə təşəkkür məktubu ünvanladıqdan sonra bu artıq bilindi və biz də, əlbəttə ki, bunu gizlətmirik. Əksinə, hesab edirəm ki, bu bizim böyük üstünlüyümüzdür”. Prezident deyib ki, hətta çətin bir dövrdə 30-dan çox ölkəyə yardım göstərmək düz addımdır, çünki məhz çətin günlərdə ölkələr bir-birinə dəstək verməlidirlər. Biz həmrəyliyi sözdə yox, əməldə göstərmişik, buna görə ölkəmizin beynəlxalq mövqeləri daha da möhkəmlənib.
Ölkə rəhbəri həmçinin koronavirus pandemiyasının ölkəmizin sosial-iqtisadi sahələrinə təsiri, Azərbaycan Prezidentinin beynəlxalq arenada şəxsən irəli sürdüyü Türk Şurasının və Qoşulmama Hərəkatının Zirvə toplantıları kimi təşəbbüslərin ölkəmizin beynəlxalq nüfuzunun göstəricisi kimi dəyərləndirilməsi və sair suallara da cavab verib.шаблоны для dle 11.2





Daha çox

]Sentyabr

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova