Valyuta.com

Prezident İlham Əliyev: “Azərbaycan xalqı həkimlərin fədakarlığına çox yüksək qiymət verir”

Prezident İlham Əliyev: “Azərbaycan xalqı həkimlərin fədakarlığına çox yüksək qiymət verir”

Modul tipli üç xəstəxana istifadəyə verildi


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə üç modul tipli xəstəxananın açılışı olub.
Paytaxtın Bilgəh qəsəbəsində, Sumqayıt şəhərində və Abşeron rayonunun Saray qəsəbəsində quraşdırılan modul tipli bu üç xəstəxana kompleksinin istifadəyə verilməsi ölkəmizdə COVID-19 pandemiyası ilə mübarizədə böyük əhəmiyyət kəsb edir. Modul tibb müəssisələrinin quraşdırılması ölkənin səhiyyə sistemində 2000 çarpayılıq əlavə yer yaradır.
Prezident İlham Əliyevə məlumat verilib ki, üç modul tipli xəstəxanadan biri Bilgəh qəsəbəsindəki 28 saylı Birləşmiş Şəhər Xəstəxanasına (BŞX), digərləri Sumqayıtdakı 1 saylı Şəhər Xəstəxanasına və Abşeron rayonunun Saray qəsəbəsindəki xəstəxanaya təhkim olunub. Hər birində 200 çarpayı yeri olan, 100 palatalı, üç korpuslu bu xəstəxana komplekslərində koronavirus xəstələrinin qəbulu və müalicəsi üçün hər cür şərait yaradılıb, onlar mərkəzləşdirilmiş oksigen generator sistemi ilə təchiz olunub. Palatalara ötürülən hava xüsusi ventilyasiya qurğusu ilə təmizlənir.
Belə xəstəxanalardan birincisi mayda Bakıda istifadəyə verilmişdi, daha altı kompleksin isə bölgələrdə inşa edilərək istifadəyə verilməsi nəzərdə tutulur.
Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva həkim kollektivi ilə görüşüblər.
Dövlət başçısına və birinci xanıma məlumat verilib ki, 28 saylı BŞX-nın nəzdindəki modul tipli xəstəxananın açılışı ilə yanaşı, 1 saylı Sumqayıt Şəhər Xəstəxanasının və Abşeron rayonunun Saray qəsəbəsindəki xəstəxananın nəzdində fəaliyyət göstərəcək digər iki modul tipli xəstəxananın da videoformatda açılışı olacaq və həmin tibb müəssisələrinin əməkdaşları canlı bağlantı ilə bu görüşə qoşulublar.
Xəstəxanalar haqqında videoçarx nümayiş etdirilib.
Prezident İlham Əliyev görüşdə çıxış edib.
Ölkəmizdə koronavirus xəstələrinin müalicəsi üçün modul tipli üç xəstəxananın açılmasını bu xəstəliklə mübarizədə növbəti önəmli addım adlandıran dövlət başçısı bildirib ki, yaxın gələcəkdə qalan 6 xəstəxananın da istifadəyə verilməsi ilə yaranacaq əlavə 2000 çarpayı yeri koronavirusla mübarizədə imkanları daha da genişləndirəcək.
Ölkə rəhbəri deyib ki, 10 xəstəxanadan 4-nün özəl sektor tərəfindən, öz vəsaiti hesabına inşa edilməsi dövlətin üzərinə düşən yükü bir qədər azaldır. O, epidemiya dövründə göstərdikləri maliyyə dəstəyinə görə özəl sektorun nümayəndələrinə və adi vətəndaşlara təşəkkürünü bildirib. Qeyd edib ki, Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100 milyon manatdan çox vəsaitin toplanması xalqımızın çətin dövrdə birləşməsini, həmrəylik və birlik nümayiş etdirməsini göstərir. Vurğulayıb ki, bu mübarizədə əsas yük dövlətimizin üzərinə düşür: “Azərbaycan dövləti əlindən gələni edir ki, biz bu vəziyyətdən az itkilərlə çıxa bilək. Görülmüş bütün tədbirlərin mərkəzində məhz Azərbaycan vətəndaşlarının sağlamlığı dayanmışdır və qabaqlayıcı tədbirlər nəticəsində bu gün vəziyyət tam nəzarət altındadır. Son 10 gün ərzində yoluxanların sayı artır. Bu da ondan irəli gəlir ki, yumşalma dövründə bəzi vətəndaşlar məsuliyyətsizlik göstərmişlər. Buna baxmayaraq, vəziyyət tam nəzarət altındadır. Bizim xəstəxanalarda kifayət qədər yerimiz var, reanimasiya şöbələrində də həmçinin. Eyni zamanda, əlavə 2000 çarpayılıq 10 xəstəxanada koronavirus xəstələrinin müalicəsi nəzərdə tutulur. Bu günə qədər, hələ ki, buna ehtiyac yoxdur. Ancaq biz bütün addımlarımızı elə atırıq ki, ən kritik vəziyyətə hazır olaq, ən böhranlı vəziyyətdə də bütün xəstələrə tibbi xidmət göstərilsin”.
Prezident İlham Əliyev bildirib ki, Azərbaycanda koronavirusdan ölənlərin sayının az olmasının səbəblərindən biri yoluxmuş bütün xəstələrin tibb müəssisələrinə qəbul edilməsi və onlara lazımi xidmət göstərilməsidir: “Qabaqlayıcı bütün tədbirlər elə görülüb ki, biz ən çətin vəziyyətə hazır olaq. Bu məqsədlə yeni laboratoriyalar alınıbdır. Hazırda laboratoriyaların sayı 20-dən çoxdur. Koronavirus xəstələrini müalicə etmək üçün bizim ən qabaqcıl xəstəxanalar ayrılıb, o cümlədən “Yeni klinika” – bizim ən gözəl, ən müasir xəstəxanamız və digər xəstəxanalar. Bu xəstəxanaların sayı 20-dən çoxdur”.
Azərbaycan Prezidenti karantində saxlanan vətəndaşlar üçün xüsusi şərait yaradılmasından, minlərlə insanın qrafik üzrə dövlət hesabına xaricdən təxliyə edilməsindən danışıb. Qeyd edib ki, beynəlxalq aləmdə Azərbaycanın koronavirusla bağlı mübarizə metodları təqdirlə qarşılanır: “Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı bu sahədə nümunəvi ölkə adlandırıb, özü də bir neçə dəfə. Həm pandemiyanın ilk mərhələsində ki, biz operativ tədbirlər gördük, bütün lazımi məhdudlaşdırıcı addımları atdıq, həm də ondan sonrakı dövrdə. Və bu yaxınlarda yenə də Ümumdünya Səhiyyə Təşkilatının nümayəndələri Azərbaycanda görülmüş işləri çox yüksək qiymətləndirmişlər.
Bizim əsas vəzifəmiz insanları bu xəstəlikdən qorumaqdır, onların həyatını xilas etməkdir. Əlbəttə ki, itkilərimiz də olub, amma bəzi ölkələrlə müqayisədə Azərbaycandakı vəziyyət qat-qat yaxşıdır. Bu onu göstərir ki, düşünülmüş siyasət, xalqla iqtidar arasında birlik, dövlətin addımlarına yüksək inam olan yerdə nəticə də olur”. Ölkə rəhbəri vurğulayıb ki, tibbi avadanlığın, dərman preparatlarının alınmasına dövlət böyük vəsait ayırır.
Həkimlərin fəaliyyətini, fədakarlığını xüsusi qiymətləndirən Azərbaycan Prezidenti deyib: “Azərbaycan xalqı həkimlərin fədakarlığına çox yüksək qiymət verir. Mən də bir daha bütün həkimlərə minnətdarlığımı bildirmək istəyirəm. Onlar öz həyatlarını risk altına atırlar. Onlar aylarla öz ailə üzvlərini görə bilmirlər və çox ağır şəraitdə xüsusi geyimlərdə gecə-gündüz xəstələrin yanındadırlar, onların həyatını xilas edirlər. Bizdə ölüm səviyyəsinin çox aşağı olması, ilk növbədə, həkimlərin peşəkarlığı, fədakarlığı hesabınadır.
Dünyada baş vermiş hadisələrə və bir çox inkişaf etmiş ölkələrdə koronavirusla bağlı acınacaqlı vəziyyətə baxdıqda bir daha görürük ki, Azərbaycan bu sahədə də öz modelini ortaya qoyub və bütün hədəflərə ardıcıllıqla, məqsədyönlü şəkildə çata bilib. ...Dünyada hər şey müqayisə ilə ölçülür. Misal üçün, bu günə qədər Azərbaycanda yoluxanların sayı 8 minə qədərdir, 350 mindən çox test keçirilib və adambaşına testlərin sayına görə biz qabaqcıl yerlərdəyik. Ancaq qonşu Ermənistanda yoluxanların sayı 13 mini ötüb və testlərin sayı bizdəkindən 5-6 dəfə azdır. Nəzərə alsaq ki, Ermənistan əhalisi Azərbaycan əhalisindən 5 dəfə azdır, mənzərə tam aydındır. Əgər mən gündə yüzlərlə təşəkkür məktubu alıramsa, Ermənistan rəhbərliyi yüzlərlə lənətlə dolu çağırışlar eşidir.
İnkişaf etmiş ölkələrlə digər müqayisəni də apara bilərəm. Məsələn, bir neçə inkişaf etmiş ölkə var ki, orada ölənlərin sayı bizdə yoluxanların sayından çoxdur. O inkişaf etmiş ölkələr ki, orada səhiyyə sistemi həmişə etalon, bir nümunə hesab edilib. Bəzi inkişaf etmiş ölkələrdə, o ölkələrdə ki, əhalisi bizimlə təxminən eynidir, on minə yaxın insan ölüb. Bizdə isə yoluxanların sayı 8 minə qədərdir. Ona görə bizdəki yanaşma, - hər bir yoluxmuş insana tibbi xidmət göstərilir, - ən düzgün, ən humanist yanaşmadır və bu istiqamətdə əlavə addımlar atılacaq”.
Dövlət başçısı bildirib ki, ölkənin sənaye imkanlarından istifadə etməklə qısa müddətdə iki tibbi maska müəssisəsi fəaliyyətə başlayıb. Artıq Azərbaycanda dezinfeksiya vasitələri, həkimlər üçün xüsusi geyimlər, kombinezonlar istehsal olunur. Tibbi maskalar həmçinin xaricdən də idxal edilir. Çünki məhdudlaşdırıcı tədbirlərlə bağlı tələbat artır: “Biz müşahidə edirik ki, vətəndaşlar son günlər tibbi maskalardan daha çox istifadə edirlər. Bir daha demək istəyirəm ki, bu, qapalı şəraitdə mütləqdir. Mən bütün qapalı yerlərdə tibbi maskadan istifadə edirəm və hər kəs də qapalı şəraitdə tibbi maskadan istifadə etməlidir - ictimai nəqliyyatda, ofislərdə, alış-veriş mərkəzlərində. Açıq havada bu tövsiyə olunur, əgər yaxın təmas yoxdursa, maskadan istifadə etməmək də olar. Ancaq qapalı şəraitdə hər kəs mütləq maskadan istifadə etsin, hər kəs məsafə saxlasın və şəxsi gigiyenaya fikir versin. Çünki cəmi bu üç amil, - bunu həkimlər, müxtəlif ictimai xadimlər, bəlkə də, min dəfə deyiblər, - gərək nəzərə alınsın: tibbi maska, bir yarım-iki metr məsafə və dezinfeksiya vasitələri. Bu amillər insanları, həkimlərin yekdil rəyinə görə, 95 faiz qoruyur. Ona görə vətəndaşlardan artıq dərəcədə xahiş edirəm ki, bu çox sadə qaydalara əməl etsinlər və bilsinlər ki, koronavirus yoxa çıxmayıb.
İndi bütün ölkələrdə yumşaldıcı addımlar atılır, o cümlədən Azərbaycanda. Buna baxmayaraq, mən onu da demişdim ki, əgər görsək xəstələrin sayı kəskin artır, yenə də məhdudlaşdıracağıq. Bu məhdudlaşdırıcı addımların səbəbi də bəllidir. Bəzi insanlar məsuliyyətsizlik göstərirlər. Ancaq bütövlükdə, deyə bilərəm ki, Azərbaycan cəmiyyəti çox böyük məsuliyyət, nizam-intizam göstərir. Şənbə-bazar günlərində xüsusi karantin rejimi bunu göstərdi, qayda pozuntuları çox cüzi sayda olmuşdur. Bu onu göstərir ki, vətəndaşlar məsuliyyəti dərk edirlər. Ancaq hər bir vətəndaş bunu dərk etməlidir. Çünki bir məsuliyyətsiz vətəndaş yüz nəfəri yoluxdura bilir, onların və özünün həyatını risk altına ata bilir.
Koronavirus yoxa çıxmayıb və yoxa çıxmayacaq. Həkimlərin ümumi rəyinə görə, peyvənd icad olunana qədər insanlar bu xəstəlikdən əziyyət çəkəcəklər. Ona görə biz də hazır olmalıyıq ki, yeni davranış qaydaları çərçivəsində yaşayaq. İndi bunun başqa yolu yoxdur. Bir daha demək istəyirəm ki, bu davranış qaydaları insanlara o qədər də əziyyət vermir. Sadəcə, dediyim qaydalara əməl etmək və daha məsuliyyətli olmaq lazımdır.
Bu müddət ərzində Azərbaycan dövləti çox böyük məsuliyyət göstərib, ilk növbədə, ölkə daxilində. Çünki iki seçim var idi - ya iqtisadiyyatı xilas etmək, ya da insanların sağlamlığını. Şəxsən mənim üçün birmənalı qaydada tərəddüdsüz insanların sağlamlığı həmişə birinci yerdə olubdur, o cümlədən pandemiya dövründə. Ona görə biz şüurlu şəkildə, bunun iqtisadi fəallığımıza mənfi təsir göstərəcəyini bilərək, məhdudlaşdırıcı addımlara getdik”.
Dövlət başçısı vurğulayıb ki, iqtisadiyyat tənəzzülə uğrasa da, bərpa ediləcək, insanların həyatını isə bərpa etmək mümkün deyil: “İnsanların həyatı qiymətsizdir. Ona görə bu günə qədər və bundan sonra bizim üçün əsas amil insanların təhlükəsizliyi, sağlamlığıdır. Artan dinamika, xəstələrin, yoluxanların artan dinamikası göstərir ki, yumşalma tendensiyası buna gətirib çıxarıb. Amma yenə də vəziyyət nəzarət altındadır. Burada əsas amil yoluxanların və sağalanların arasında olan nisbətdir. Bu günə qədər nisbət elədir ki, bizim səhiyyə sistemimiz bunu qəbul edə bilir. Bir çox ölkələrdə ölüm hallarının kütləvi xarakter almasının əsas səbəbi odur ki, o ölkələrdə səhiyyə sistemi çöküb. Yəni xəstələri qəbul edə bilmirlər və beləliklə, kütləvi ölüm halları müşahidə edilir. Bu gün mövcud səhiyyə imkanlarımız bizə tam imkan verir ki, vəziyyət nəzarət altında qalsın. Ancaq hər kəs bilməlidir ki, bu vəziyyəti biz qorumalıyıq, müsbət meyillərin artırılmasına çalışmalıyıq və çalışırıq”.
Ölkə rəhbəri Azərbaycanın beynəlxalq müstəvidə də özünü çox məsuliyyətli apardığını deyib, bizim təşəbbüsümüzlə iki Zirvə görüşünün – Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının və Qoşulmama Hərəkatının Zirvə görüşlərinin keçirildiyini xatırladıb. Bildirib ki, qəbul edilmiş bəyannamədə Azərbaycanın xüsusi rolu yüksək qiymətləndirilib.
Prezident İlham Əliyev pandemiyanın ilkin dövründə bəzi ölkələrin utanc gətirən, təşviş içində davranışını xatırladıb: “Biz bəzən vəsaitlə aldığımız tibbi avadanlığı gətirməkdə çətinlik çəkirdik. Ona görə hesab edirəm ki, indiki şəraitdə dünya birliyi vahid mövqedən çıxış etməlidir. Bununla paralel olaraq, biz fərdi qaydada 14 ölkəyə humanitar yardım göstərdik. O ölkələr ki, buna onların ehtiyacı var və bizə müraciət etmişdilər. Eyni zamanda, biz Ümumdünya Səhiyyə Təşkilatı xətti ilə əlavə 15 ölkəyə humanitar yardım göstəririk. İndi bu proses gedir. Bu 15 ölkə Qoşulmama Hərəkatına üzv olan ölkələrdir. Ölkələrin siyahısı Ümumdünya Səhiyyə Təşkilatı və Azərbaycan tərəfindən razılaşdırılıb. Burada əsas meyar ən çox ehtiyacı olan ölkələrdir.
Bildiyiniz kimi, Ümumdünya Səhiyyə Təşkilatına Azərbaycan fərdi qaydada iki dəfə ianə veribdir və beləliklə, Azərbaycan beynəlxalq təşkilat vasitəsilə 29 ölkəyə humanitar yardım göstərib. Mən indi bu məsələ ilə bağlı dünyada gedən prosesləri, mənzərəni izləyirəm və tam məsuliyyətlə deyə bilərəm ki, pandemiya dövründə ən çox humanitar yardım göstərən ölkələrdən biri Azərbaycandır. Bax, budur bizim ölkəmiz, budur müstəqilliyimizin üstünlükləri”.
Azərbaycan Prezidenti söyləyib ki, pandemiya insanların normal həyat tərzinə mənfi təsir edib, onlar öyrəşdikləri həyat tərzindən müəyyən dərəcədə uzaqlaşıblar: “Ancaq Azərbaycan vətəndaşları bilirlər ki, bu məhdudiyyətlərin əsas səbəbi insanları qorumaqdır. İnsanları qorumaq üçün biz bütün addımları atacağıq. Ona görə bir daha Azərbaycan vətəndaşlarına bu dövr ərzində göstərdiyi dəstəyə, həmrəyliyə görə təşəkkür edirəm. Eyni zamanda, bütün vətəndaşları bir daha böyük məsuliyyətə və nizam-intizama çağırıram. Biz birlik nümayiş etdirmişik və bundan sonra da nümayiş etdirəcəyik. Təsadüfi deyil ki, pandemiya dövründə “Biz birlikdə güclüyük!” birləşdirici şüar olmuşdur”.
Tədbirdə 28 saylı BŞX-nın tibbi heyəti adından Xuraman Cəfərova danışaraq, Prezident İlham Əliyevə və Mehriban xanım Əliyevaya belə gündə tibb işçiləri ilə bərabər olduqlarına görə təşəkkür edib: “COVID-19 pandemiyası ilə əlaqədar ölkəmizdə çox ciddi tədbirlər görülür. Xəstəxanalarımızın tibbi avadanlıqlarla və dərman vasitələri ilə təminatı biz həkimlərin işini asanlaşdırır. Həmçinin modul tipli xəstəxanalar çox sürətlə quraşdırılaraq istifadəyə verilir. Bu, öz növbəsində, çarpayı fondunu artırır, tibbi xidmətin keyfiyyətini xeyli yüksəldir. Biz hər gün xəstələrin nə qədər əziyyət çəkdiyinin şahidi oluruq. Fürsətdən istifadə edib, xalqımızı bu pandemiya dövründə daha diqqətli olmağa və qaydalara daha ciddi riayət etməyə çağırırıq.
Cənab Prezident, biz hər zaman Sizin diqqət və qayğınızı hiss edirik. Bu da bütün tibbi heyətdə ruh yüksəkliyi yaradır. Ümid edirik ki, pandemiya tezliklə bitəcək və biz ölkə olaraq pandemiya üzərində qələbə qazanacağıq. Diqqətiniz və qayğınız üçün Sizə bir daha təşəkkürümüzü bildiririk”.
Sonra digər modul xəstəxanaların açılışından videokonfransla bu görüşə qoşulan tibbi heyət üzvlərindən Sumqayıt 1 saylı Şəhər Xəstəxanasının həkimi Şəhla Hacıyeva çıxış edib. Azərbaycan Prezidentini və Birinci vitse-prezidentini salamlayan natiq göstərdikləri diqqət və qayğıya görə onlara təşəkkür edib: “Üç aydan çoxdur ki, biz amansız düşmənlə mübarizə aparırıq. Bu düşmənin gözəgörünməz olması bir çoxlarında elə təəssürat yaradır ki, o yoxdur. Bununla da onlar özlərinin və yaxınlarının sağlamlığını təhlükə altına atırlar. Bu ağır günlərdə Sumqayıt şəhərində müasir avadanlıqlarla təchiz olunmuş modul tipli xəstəxananın yaradılması əlamətdar hadisədir. Biz Azərbaycan həkimləri bütün həmkarlarımızla birlikdə bu mübarizəyə qoşulmuşuq. Bütün dünyada olduğu kimi, sağalmış xəstələrdən alınan plazmanı ağır xəstələrin müalicəsində uğurla tətbiq edirik. Fürsətdən istifadə edərək, Sizin köməyinizlə, sağalmış xəstələrə müraciət edirik ki, öz plazmalarını bəxş etsinlər və sözün əsl mənasında, həyat qurtarsınlar. Sizin və çox hörmətli Mehriban xanımın koronavirusla mübarizə tədbirlərini şəxsi nəzarətinizdə saxlamağınız və düzgün istiqamət verməyiniz sayəsində biz Azərbaycan həkimləri tezliklə bu mübarizədən qalib çıxacağımıza inanırıq. Sizə təşəkkür edirik”.
Prezident İlham Əliyev Sumqayıt şəhərində görülən işləri xatırladıb, ekoloji vəziyyətin yaxşılaşdığını deyib. Qeyd edib ki, şəhər infrastrukturu yeniləşir, o cümlədən sosial obyektlər inşa edilir: “1 saylı Şəhər Xəstəxanasının əsaslı təmirindən sonra, əlbəttə ki, vəziyyət daha da yaxşılaşıb. Mənim göstərişimlə hazırda 2 saylı xəstəxananın tikintisi gedir”. Dövlət başçısı bildirib ki, ilkin mərhələdə binanın təmir edilməsi təklif olunsa da, sonra bunun mümkünsüz olduğu deyilib və xəstəxana, demək olar ki, yenidən tikiləcək: “Bu, bir daha onu göstərir ki, vaxtında görülmüş işlər ən böhranlı dövrdə bizə lazım ola bilər. Bildiyiniz kimi, bütün ölkə üzrə yeni xəstəxanaların tikintisi, demək olar ki, başa çatır. Bəlkə, bir, ya iki şəhərdə, hələ ki, istifadəyə verilməyib, amma o da nəzərdə tutulur. Beləliklə, ölkəmizin hər bir şəhərində müasir tibb müəssisəsi var, özü də mərkəzi rayon xəstəxanası səviyyəsində, eyni zamanda, 20-yə yaxın müalicə-diaqnostika mərkəzi. İlk növbədə, əgər bu infrastruktur olmasaydı, biz indi icbari tibbi sığorta sisteminə keçə bilməzdik. Çünki bunun əsas şərti mövcud infrastrukturun müasir səviyyədə olmasıdır.
Bildiyiniz kimi, biz bu ilin əvvəlindən ölkə üzrə tam icbari tibbi sığortaya keçməli idik, ancaq pandemiya planlarımıza müdaxilə etdi. Biz indi bir neçə pilot layihəni icra edərək gördük ki, bunun üstünlüyü nədən ibarətdir və vətəndaşlar da gördü. Ona görə gələn ilin əvvəlindən artıq ölkə üzrə icbari tibbi sığortaya tam keçid nəzərdə tutulur. Bir daha demək istəyirəm ki, əgər biz bu tibb ocaqlarını vaxtında tikməsəydik, indi xəstələri müalicə etmək mümkün olmazdı”. Ölkə rəhbəri bildirib ki, bölgələrdə koronavirus xəstələri yeni tikilmiş xəstəxanalarda müalicə edilirlər. Bakı şəhərində ən çox müalicə olunan xəstələr Tibb Universitetinin Cərrahiyyə Klinikasında və Tədris-Terapevtik Klinikasındadır. “Yeni klinika”da 575 çarpayı mövcuddur: “Bizim digər təmir edilmiş, yaxud da yenidən tikilmiş klinikalar tibbi avadanlıqla təmin olunub. Son illərin istehsalı, aparıcı şirkətlərin istehsalı olan avadanlıq bizə imkan verir ki, istənilən xəstənin müalicəsini təmin edək. Son 16 il ərzində bütövlükdə 700-dən çox tibb müəssisəsi ya yenidən tikilib, ya da əsaslı təmir edilib. Bu güclü sosial səhiyyə infrastrukturu bizə imkan verdi ki, bu vəziyyətdən də şərəflə çıxaq. Biz iki min əlavə çarpayını ona görə yaradırıq ki, bu, bir ehtiyat olsun, Allah eləməsin, bu xəstəlik daha geniş yayılsa, bizim imkanımız olsun. Lazım olarsa, əlavə 10 xəstəxana da tikərik. Yəni bu məqsədlər üçün biz istənilən vəsaiti tapa bilərik və tapırıq”.
Saray qəsəbəsində fəaliyyət göstərən xəstəxananın həkimi Nərmin Verdiyeva Prezident İlham Əliyevə və Mehriban xanım Əliyevaya göstərdikləri qayğı və yaratdıqları şərait üçün bütün Azərbaycan həkimləri adından dərin minnətdarlıq bildirib. Qeyd edib ki, ölkəmizin bir sıra tibb müəssisələrində koronavirus pandemiyası ilə mübarizə məqsədilə xüsusi şərait yaradılıb, onlar xüsusi tibbi avadanlıqlarla təchiz edilib, dərman preparatları ilə təmin olunub: “Sizin təşəbbüsünüzlə inşa edilmiş və ən qısa zamanda istifadəyə verilən modul tipli xəstəxanalar həm bugünkü vəziyyətdə, həm də gələcəkdə bir sıra xəstəliklərlə mübarizə apararkən təcili və təxirəsalınmaz tibbi yardım göstərmək üçün biz həkimlərə geniş imkanlar yaradır”. Həkim söyləyib: “Bütün çətinliklərə baxmayaraq, biz gecə-gündüz çalışaraq pandemiya ilə mübarizə aparacaq, Sizin dəstəyinizlə bu çətin sınaqdan ən uğurlu şəkildə çıxacağıq”.
Prezident İlham Əliyev həkimlərin fəaliyyətini bir daha yüksək qiymətləndirib: “Mən, Azərbaycan dövləti, Azərbaycan xalqı bu dövrdə gördülər ki, həkimlər içdikləri Hippokrat andına sadiqdir, öz vəzifə borclarını şərəflə yerinə yetirirlər. Həkimlərin arasında yoluxanlar da var və onlar öz həyatını risk altına ataraq xəstələri müalicə edir, onları həyata qaytarırlar. Təsadüfi deyil ki, mənim təşəbbüsümlə ölkəmizin və şəhərimizin yeni simvollarından biri olan Alov Qüllələrində məşhur şüar əks olunmuşdur: Azərbaycan həkimlərinə eşq olsun!
Bir daha bunu demək istəyirəm, Azərbaycan həkimlərinə eşq olsun və ayaq üstə Azərbaycan həkimlərini alqışlamaq istəyirəm. Sağ olun”.шаблоны для dle 11.2





]Oktyabr-Noyabr

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova