Valyuta.com

Ümumdünya Səhiyyə Assambleyasının COVID-19 pandemiyası üzrə videokonfrans formatında 73-cü sessiyası keçirildi

Ümumdünya Səhiyyə Assambleyasının COVID-19 pandemiyası üzrə videokonfrans formatında 73-cü sessiyası keçirildi

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ali direktiv orqanı olan və hər il İsveçrənin Cenevrə şəhərində toplanan Ümumdünya Səhiyyə Assambleyasının builki 73-cü sessiyası dünyada mövcud COVID-19 pandemiyası şəraiti ilə əlaqədar olaraq videokonfrans formatında keçirilib.
Adətən, ÜST-yə üzv dövlətlərin hamısının nümayəndə heyətləri Assambleyaya toplaşaraq, İcraiyyə Komitəsinin gündəliyə daxil etdiyi məsələlərə baxır, təşkilatın siyasətini müəyyənləşdirir, maliyyə siyasətinə nəzarət edir, proqram büdcəsini müzakirə və təsdiq edirlər. Virtual formatda keçirilən 73-cü sessiyanın gündəliyi ixtisar edilərək, cəmi iki günlük nəzərdə tutulub və COVID-19 pandemiyasına həsr olunub. Sessiyada pandemiyaya qarşı mübarizə tədbirləri, epidemioloji nəzarət, karantin qaydalarının həyata keçirilməsi, qazanılmış müsbət təcrübədən istifadə, mütəşəkkillik və görüləcək fəaliyyətlərin müzakirəsi aparılıb.
ÜST-yə üzv dövlətlərin səhiyyə nazirlərinin və bir sıra beynəlxalq qurumların nümayəndələrinin iştirak etdiyi onlayn toplantını keçənilki Assambleyanın prezidenti açıb.
Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Gebreyesus çıxışına tibb işçilərinə minnətdarlıq sözləri ilə başlayıb, virtual toplantı iştirakçılarını onları ayaq üstə alqışlamağa çağırıb. Dünyanın əvvəllər də pandemiyalarla qarşılaşdığını deyən ÜST rəhbəri budəfəki pandemiyanın daha təhlükəli olduğunu söyləyib, bildirib ki, o, cəmiyyətləri və səhiyyə sistemlərini böhrana salıb. Xırdaca virus dünyanı diz çökdürüb. Pandemiya yaxşı və pis, güclü və zəif tərəfləri üzə çıxarır, bizə xatırladır ki, əməkdaşlıq olmadan dünya xilas ola bilməz. Bəzi ölkələr virusla mübarizədə uğur qazanıb. Tək testləşdirmə, tək məsafə saxlamaq, izolyasiya və ya digər tədbirlərlə virusa qalib gəlmək olmur. COVİD-19 ilə mübarizədə uğur qazanan dövlətlər bütün bu tədbirləri kompleks şəklində tətbiq edən dövlətlərdir. ÜST karantin rejimlərinin iqtisadiyyata ağır yük olduğunu, dünya ölkələrinin yenidən normal həyata qayıtmaq istəyini başa düşür. Ancaq tələskənlik ciddi risk yarada bilər.
Baş direktor deyib ki, COVID-19 dünyanın diqqət mərkəzində olsa da, biz başqa məqsədlərimizi də unutmamalıyıq. Pandemiya bizi digər hədəflərimizdən uzaqlaşdırsa da, başqa təşəbbüsləri də nəzərdən qaçırmaq olmaz. Doktor Tedros deyib: “Pandemiya bizə göstərdi ki, niyə inkişafın təməlində sağlamlığa qoyulan sərmayələr durmalıdır. Belə mürəkkəb yolla biz başa düşdük ki, sağlamlıq zərurətdir. Sağlamlıq inkişafa görə mükafat deyil, ilkin şərtdir. Sağlamlıq xərc deyil, sərmayədir. Sağlamlıq tərəqqiyə və sülhə aparan yoldur. Qırx il əvvəl dövlətlər çiçək xəstəliyinin kökünü kəsmək üçün ÜST loqotipi altında birləşdilər və göstərdilər ki, həmrəylik olanda hər şey mümkündür. Bu gün COVİD-19 pandemiyası bizi oxşar vəziyyətə salıb. Bu, tək insan sağlamlığına aid deyil, ilk növbədə insan ruhuna aiddir. Qarşıda bizi bu virusla mübarizədə uzun yol gözləyir. Bizə sağlam, təhlükəsiz, ədalətli dünya lazımdır. Və bizə güclü ÜST lazımdır. Ayrı yolumuz yoxdur – biz birlikdə irəliləməliyik”.
73-cü sessiyada Ümumdünya Səhiyyə Assambleyasının prezidenti və onun beş müavini seçilib.
Ümumdünya Səhiyyə Assambleyasının yeni prezidenti, Baham adalarının təmsilçisi Keva Beyn öz nitqində bildirib: "Son 25 il ərzində biz ictimai səhiyyə sahəsində misilsiz nailiyyətlərin əsl qızıl dövrünü müşahidə edirik. Biz uşaq ölümünü 47 faiz, ana ölümü isə 45 faizə qədər azalda bildik. İİV/QİÇS, malyariya və digər xəstəliklərin yayılmasına gəldikdə, burada da əhəmiyyətli nailiyyətlər müşahidə olunur. COVID-19 virusu yeni texnologiyaların yarandığı dövrdə ortaya çıxıb. İndi yeni biliklər, innovasiyalar, çeviklik və düşünülmüş ölkələrarası qarşılıqlı əlaqələr tələb olunur. Bu böhranlı dövrlərdə ÜST-nin rolu hamımıza onu xatırladır ki, biz qarşılıqlı bağlılıq və qarşılıqlı asılılıq olan dünyada yaşayırıq, burada rifah və sağlamlıq ölkənin inkişaf səviyyəsindən deyil, şərait və qərarlardan asılıdır. Bakterial və virus təhlükəsi çox tez yayılır, ÜST COVID-19 ilə mübarizəni təmin etmək üçün ardıcıl və qətiyyətlə hərəkət etməlidir. Eyni zamanda, mandat çərçivəsində hərəkət etmək və milyonlarla insanın, xüsusilə də qeyri-infeksion xəstəliklərdən əziyyət çəkən şəxslərin sağ qalmasına təhlükə yaradan təhdidləri aradan qaldırmaq üçün balans yaratmaq lazımdır. Mən əminəm ki, biz bu gün yaşadığımız ağır reallıqların öhdəsindən gələ biləcəyik. COVID-19 pandemiyasından sonrakı vəziyyət bizə səmərəli hərəkət etməyə imkan verəcək, bunun üçün isə biz yeni həyat tərzinə keçməli, mövcud resurslarımızı düzgün yönəltməli, həmçinin cəmiyyətlərimizin iqtisadi, psixoloji və fiziki rifahı arasında yeni tarazlıq yaratmalıyıq. Bəli, biz yaşlı nəsildən olan vətəndaşlarımızı itirmişik və ona görə də sağ qalanları müdafiə etmək üçün daha çox səy göstərməliyik".
Sonra nümayəndə heyətlərinin rəhbərləri COVİD-19 pandemiyası ilə bağlı çıxış ediblər.
Azərbaycan Respublikasının Səhiyyə naziri Oqtay Şirəliyev sessiyadakı çıxışında bildirib: "Ölkəmizin Prezidenti İlham Əliyev xalqa “Biz birlikdə güclüyük!” çağırışı ilə müraciət edib. Qeyd etmək istəyirəm ki, bu çağırış beynəlxalq səviyyədə də aktualdır. Yalnız səyləri birləşdirərək, məqsədyönlü, düşünülmüş fəaliyyət strategiyasını quraraq, pandemiyaya qarşı mübarizədə uğur qazanmaq olar. Azərbaycanın təcrübəsinə gəldikdə, bildirmək istəyirəm ki, bizim hökumətimiz koronavirusla mübarizə üzrə tədbirləri bir neçə istiqamətdə təşkil edib. Bu, virusun ölkəyə xaricdən daxil olmasının qarşısını almaq üçün görülən işlər, virusun ölkə daxilində yayılmasını önləyən tədbirlər, yoluxmuş insanların vaxtında aşkarlanması və nəhayət, xəstələrin müalicəsinin təşkili istiqamətləridir. Vaxtında həyata keçirilmiş ciddi tədbirlərin nəticəsində 10 milyon əhalisi olan ölkədə hazırda cəmi 3274 yoluxma halı qeydə alınıb, onlardan 2015-i sağalıb, ölüm halları isə 1,2 faiz təşkil edib. Qlobal pandemiya ilə mübarizədə ölkələr arasında, eləcə də beynəlxalq təşkilatlarla həmrəylik və əməkdaşlıq xüsusilə aktualdır. Biz beynəlxalq təsisatlarla və dünya birliyi ilə bundan sonra da əməkdaşlıq etməyə hazır olduğumuzu bildiririk. Əminəm ki, bu gün nümayəndə heyətlərinin başçıları, beynəlxalq təşkilatların rəhbərləri tərəfindən səslənən dəyərli fikir və təkliflər koronavirusa qarşı birgə mübarizəmizə kömək edəcək. Çıxışımın sonunda bəşəriyyətin ən böyük dəyəri olan insan sağlamlığının mühafizəsi naminə bundan sonra da səylərimizi birləşdirəcəyimizə və gücləndirəcəyimizə əminliyimi ifadə etmək istəyirəm".
Toplantıda həmçinin Azərbaycan Səhiyyə Nazirliyinin təmsilçisi Samir Abdullayev Qoşulmama Hərəkatı dövlətlərinin Ümumdünya Səhiyyə Assambleyasına müraciətini səsləndirib. Bəyanatda Azərbaycan Prezidentinin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında Zirvə görüşünün keçirilməsi, həmçinin Hərəkata aid olan və pandemiyaya qarşı mübarizədə ən çox yardıma ehtiyacı olan dövlətləri dəstəkləmək üçün Azərbaycan Respublikasının ÜST-yə əlavə olaraq 5 milyon dollar ianə ayırması xüsusi qeyd edilib.шаблоны для dle 11.2





Daha çox

]Sentyabr

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova