Valyuta.com

Sumqayıtda tibbi maska fabrikinin və qoruyucu kombinezonların istehsalı müəssisəsinin açılışı olub

Sumqayıtda tibbi maska fabrikinin və qoruyucu kombinezonların istehsalı müəssisəsinin açılışı olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Sumqayıtda “Gilan Tekstil Park” Məhdud Məsuliyyətli Cəmiyyətinin tibbi maska fabrikinin və tikiş fabrikinin nəzdində fəaliyyət göstərən qoruyucu kombinezonların istehsalı müəssisəsinin açılışında iştirak ediblər.
“Gilan Tekstil Park” MMC-nin baş direktoru Mehriban Axundova dövlət başçısına və birinci xanıma müəssisələrin fəaliyyəti barədə məlumat verib. Bildirilib ki, tibbi maska fabrikində birdəfəlik istifadə üçün maskalar istehsal olunacaq. Üçqat maskaların orta qatı xüsusi süzgəc funksiyasını yerinə yetirən toxunmamış parçadan ibarətdir. Bu maskalar müxtəlif kateqoriyalı virus və infeksiyalara qarşı davamlıdır. İlk mərhələdə fabrikdə gün ərzində 140 min ədəd maska istehsalı nəzərdə tutulur. Burada sonradan quraşdırılacaq əlavə avadanlıq istehsal gücünü artırmağa imkan verəcək. Beləliklə, fabrikdə mərhələli şəkildə bu göstərici 300 min ədədədək artırılacaq. Hazırda istehsalat prosesinə 30 nəfər işçi cəlb olunub, əlavə avadanlıq quraşdırıldıqdan sonra isə onların sayı 50 nəfərə çatacaq.
“Gilan Tekstil Park” MMC birdəfəlik istifadə üçün qoruyucu kombinezonların da istehsalına başlayıb. Məhsullar polietilen qoruyucu membranla örtülüb, yüksək sıxlıqlı polipropilendən olan toxunmamış parçadan tikilir. Bu isə öz növbəsində məhsulun keyfiyyətini artırır. Belə ki, bu parça möhkəmliyi, sukeçirməzliyi, kimyəvi maddələrə davamlılığı, yüngüllüyü ilə fərqlənir. İstehsal olunan qoruyucu kombinezonlar istifadəçiləri virus, infeksiya, zərərli kimyəvi maddələrdən və ya həssaslıq yarada bilən məhsul və proseslərdən qoruyur. Məhsulun uyğunluğu müvafiq standartlar üzrə sertifikatlaşdırılıb. Burada gün ərzində 6 min ədəd qoruyucu kombinezonun istehsalı nəzərdə tutulur. Müəssisənin istifadəyə verilməsi yeni iş yerlərinin açılması baxımından da böyük əhəmiyyət daşıyır. Belə ki, buradakı istehsalat prosesinə 210 işçi cəlb olunub. Yerli tələbat ödənildikdən sonra həm tibbi maskaların, həm də qoruyucu kombinezonların ixracı da nəzərdə tutulur. Beləliklə, bu cür müəssisələrin fəaliyyətə başlaması Azərbaycanın ixrac potensialının artırılmasına xidmət etməklə bərabər, qeyri-neft sektorunun inkişafı baxımından da böyük rol oynayır.
Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva müəssisələrin bir qrup işçisi ilə görüşüblər.
Dövlət başçısı görüşdə çıxış edərək bildirib ki, koronavirus pandemiyası ilə əlaqədar Azərbaycanda tibbi sənayenin inkişafı daha aktual mövzuya çevrilib: “Bildiyiniz kimi, bu sahə Azərbaycanda az inkişaf edib, bir çox hallarda biz idxaldan asılı idik və bu gün də bu davam edir. Ancaq koronavirus pandemiyası hər bir ölkə üçün gözlənilməz bir bəla oldu və bütün ölkələr, ilk növbədə, öz daxili resurslarını səfərbər etməyə çalışmış və pandemiyaya qarşı mübarizə üçün lazım olan tədbirləri görməyə başlamışdır, o cümlədən Azərbaycan. Deyə bilərəm ki, Azərbaycan ilk qabaqlayıcı addımlar atan ölkələrdəndir. Məhz bu addımlar nəticəsində biz bu günə qədər vəziyyəti tam nəzarətdə saxlayırıq və yoluxanların sayı azdır. Əlbəttə ki, indiki şəraitdə karantin rejiminin təmin edilməsi, gözlənilməsi pandemiyaya qarşı mübarizə işində əsas məsələlərdən biridir. Hesab edirəm, bu müddət ərzində hər bir ölkə gördü ki, çətin vəziyyətdə, çətin şəraitdə bəzi ölkələr özlərinə qapanır, bəzi ölkələr ancaq öz daxili bazarlarını təmin etmək üçün çalışır. Əlbəttə, müəyyən çətinliklər də yarandı, xüsusilə tibbi ləvazimatların, tibbi avadanlıqların alınması və ölkəmizə gətirilməsi üçün. Bir daha gördük ki, tibbi sənayenin inkişafı böyük əhəmiyyət daşıyır. Son müddət ərzində bu istiqamətdə müəyyən addımlar atılmışdır, Pirallahı adasında iki müəssisə fəaliyyətə başlamışdır, biri dərman preparatları müəssisəsi, digəri isə tibbi şprislərin istehsalı.
Tibbi maska istehsalı Azərbaycanda ümumiyyətlə yox idi, nəzərdə də tutulmurdu. Çox sevindirici haldır ki, özəl sektor böyük sosial təşəbbüs göstərərək, dövlətin çağırışına cavab verərək, qısa müddət ərzində bizim üçün lazım olan – həm həkimlər, həm də adi vətəndaşlar üçün lazım olan bu vasitələri istehsal etməyə başlamışdır. Bu gün bu müəssisədə fəaliyyətə başlamış tibbi maska fabriki ölkəmizdə ikinci istehsalat sahəsidir. Birinci müəssisə də Sumqayıt şəhərində yerləşir, Sumqayıt Kimya Sənaye Parkının ərazisində. Əlbəttə ki, əgər bizim inkişaf etmiş müasir sənaye potensialımız olmasaydı, bu istehsalat sahələrini yaratmaq mümkün olmazdı. Məhz sənayeləşmə siyasəti nəticəsində və xüsusilə Sumqayıt şəhərində yeni müasir sənaye müəssisələrinin fəaliyyətə başlaması nəticəsində qısa müddət ərzində fabriklər öz profilini dəyişdirərək, artıq tibbi maskaları və qoruyucu kombinezonları istehsal etməyə başlamışdır.
Mən 7 il bundan əvvəl bu müəssisənin açılışında olmuşam və şadam ki, bu müddət ərzində bu müəssisə uğurla fəaliyyət göstərib. Bu müəssisənin məhsulları həm daxili bazarda tanınır və eyni zamanda, ixrac potensialı da mövcuddur. Bu onu göstərir ki, müəssisədə istehsal olunan mallar yüksək keyfiyyətə malikdir. Bu gün mənə verilən məlumata görə, kombinezon istehsalı gündə 6 min ədədə çatdırılacaq və həkimlərimizin qorunması üçün bunun xüsusi əhəmiyyəti var. Biz bu günə qədər qoruyucu kombinezonları xaricdən alırıq. Problem onda deyil ki, biz buna vəsait ayırırıq, valyuta xərcləyirik, məsələ ondadır ki, koronavirus pandemiyası dövründə lazım olan vasitələrin alınması problemə çevrilir. Hətta pul olan zamanda bu vasitələrin, avadanlığın gətirilməsi böyük problemdir və biz bu problemlə üzləşmişik. Buna baxmayaraq, biz bütün imkanları səfərbər edib ölkəmiz üçün lazım olan vasitələri gətizdiririk.
Ona görə hesab edirəm ki, bu gün çox əlamətdar gündür. Çünki həm birinci, həm də bu gün burada fəaliyyətə başlayan ikinci tibbi maska istehsalı müəssisəsi bizim daxili tələbatımızı tam ödəməlidir və qoruyucu kombinezonlar da həmçinin. Sənaye potensialının inkişafı, əlbəttə, imkan verdi ki, biz buna nail olaq”.
Prezident İlham Əliyev Sumqayıtın inkişafından, sənaye potensialından, ekoloji vəziyyətindən danışıb, bu sahədə müsbət dəyişikliklərdən söz açıb. Qeyd edib ki, hazırda 2 saylı Şəhər Xəstəxanasının tikintisi gedir: “Biz onu əvvəlcə təmir etmək istəyirdik, sonra gördük ki, tamamilə dağılmış vəziyyətdədir, ora söküldü. 1 saylı xəstəxana fəaliyyətdədir, ikinci xəstəxananın da tikintisi yaxın zamanlarda başa çatacaq.
Əlbəttə ki, bu gün hamımızı və bütün dünyanı narahat edən koronavirus pandemiyasıdır. Bu sahədə də Azərbaycan nümunəvi yanaşma göstərir. Bunu həm Azərbaycan vətəndaşları deyir, - mənə ünvanlanmış minlərlə təşəkkür məktubunda bu, əksini tapır, - həm də beynəlxalq təşkilatlar. Bu yaxınlarda mən Ümumdünya Səhiyyə Təşkilatının Baş direktorundan ikinci məktubu almışam. Birinci məktub mart ayının sonunda mənə ünvanlanıb, ikinci məktub isə mayın 7-də. İkinci məktubda da Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanda koronavirusla mübarizə sahəsində görülmüş işlərə çox yüksək qiymət verir, işlərimizi təqdir edir. Əlbəttə ki, bu, görülmüş işlərə verilən böyük qiymətdir. Ancaq bir daha demək istəyirəm ki, ən böyük qiyməti Azərbaycan xalqı verir.
Bu gün vəziyyəti nəzarətdə saxlamaq o qədər də asan məsələ deyil. Biz bütün səylərimizi insanların sağlamlığının qorunmasına yönəltdik. Pandemiyanın ilk günlərindən, demək olar ki, bizim üçün seçim etməkdə heç bir tərəddüdlü məqam olmamışdır. Mən birmənalı şəkildə demişdim ki, ilk növbədə, vətəndaşların sağlamlığı, onların həyatıdır. O ki qaldı, iqtisadi vəziyyətə, hər kəs üçün aydın idi, iqtisadiyyat zərər çəkəcəkdir, nəinki bizim iqtisadiyyatımıza, bütün dünya iqtisadiyyatına böyük ziyan vurulacaqdır. İndi artıq ilkin hesablamalar üzə çıxır və deyilir ki, inkişaf etmiş ölkələrdə bu il iqtisadiyyat 7-10 faiz düşə bilər və bu da təbiidir. Ancaq bizim əsas vəzifəmiz vətəndaşları qorumaq idi. Ona görə məhdudlaşdırıcı tədbirlərin böyük rolu olmuşdur. Əgər biz bu addımları atmasaydıq, indi vəziyyət nəzarətdən çıxa bilərdi, necə ki, bir çox ölkələrdə, o cümlədən inkişaf etmiş ölkələrdə, səhiyyə sistemi bizdən qat-qat inkişaf etmiş ölkələrdə vəziyyət nəzarətdən çıxıb, xəstələr üçün xəstəxanalarda yataqlar çatmır, xəstələr bəzi hallarda xəstəxanalara ümumiyyətlə qəbul edilmir. Artıq sirr deyil ki, bir çox ölkələrdə yüngül simptomlu xəstələri xəstəxanalara qəbul etmirlər. Onlara deyilir ki, gedin öz evinizdə qalın və faktiki olaraq onlar müalicəsiz qalırlar. Bizdə isə bütün xəstələri, bütün yoluxanları, hətta onun simptomu olmasa belə, mütləq xəstəxanalara qəbul edirik. Biz ən müasir xəstəxanalarımızı koronavirus xəstələrinin ixtiyarına vermişik.
Bu yaxınlarda modul tipli birinci xəstəxananın açılışı oldu. Belə xəstəxanaların sayı 10-a çatacaq. Onların 4-ü özəl sektor tərəfindən inşa ediləcək. Bu, bir daha göstərir ki, özəl sektor bizim çağırışımıza cavab verərək öz sosial məsuliyyətini nümayiş etdirir. Eyni zamanda, mənim təşəbbüsümlə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fondunda artıq 100 milyon manatdan çox vəsait yığılıb. Hələ ki, 1 manat da xərclənməyib. Biz Fondun fəaliyyəti və nəzarət mexanizmi üçün ictimai nəzarət formatı da yaratdıq. Bu, bir daha göstərir ki, vətəndaşlar, sahibkarlar həmrəylik, birlik nümayiş etdirirlər. Ona görə qabaqlayıcı tədbirlərin görülməsi birinci mərhələdə imkan verdi ki, biz bu vəziyyətdən az itkilərlə çıxaq. Başqa ölkələrlə, o cümlədən əhalisi bizimlə eyni sayda olan ölkələrlə müqayisədə Azərbaycanın vəziyyəti qat-qat yaxşıdır. Ancaq bu o demək deyil ki, biz əldə edilmiş nailiyyətlərlə kifayətlənməliyik. Koronavirus qeyb olmayıb, koronavirus dolaşır. Peyvənd icad edilənə qədər bu problem mövcud olacaq. Ona görə vətəndaşlar da buna hazır olmalıdırlar. Biz üç həftənin müsbət dinamikasını nəzərə alaraq aprelin 27-dən etibarən yumşalma addımlarımızı atmağa başladıq. Çünki başa düşürük ki, bu, hər kəs üçün çox çətin dövrdür. Ancaq gördük ki, yumşalma tədbirləri artıq başlayan kimi yoluxanların sayı artmağa başladı. Nəyə görə? Çünki vətəndaşlar bir çox hallarda məsuliyyətsizlik göstərirlər, onlara tövsiyə olunan qaydalara əməl etmirlər, maska taxmırlar, məsafə saxlamırlar, dezinfeksiya vasitələrindən istifadə etmirlər. Beləliklə, öz həyatlarını və onlarla təmasda olan yüzlərlə insanın həyatını risk altına atırlar. Ona görə mən bir daha Azərbaycan vətəndaşlarına müraciət etmək istəyirəm, bu qaydalara əməl etmək o qədər də çətin deyil. Həkimlər, mütəxəssislər deyirlər ki, indi əsas şəxsi gigiyenaya fikir vermək, dezinfeksiya vasitələrindən istifadə etmək, bir metr yarım, iki metr məsafə saxlamaq və maska taxmaq lazımdır. Çətin məsələ deyil. Ona görə bütün vətəndaşlardan bir daha xahiş edirəm ki, bu qaydalara əməl etsinlər. İndi biz yumşalma addımlarımızı artırırıq və siz bilirsiniz ki, bütün dünyada bu proses gedir. Hətta bu gün yüzlərlə vətəndaşı vəfat edən ölkələr artıq açılırlar. Çünki başqa cür mümkün deyil. Biz də yavaş-yavaş bu istiqamətdə gedirik. Ancaq burada əsas məsələ vətəndaşların məsuliyyətidir. Çünki dövlət nə lazımdırsa, onu edir. Bütün resurslar səfərbər edilib. Prezidentin ehtiyat fondundan tibbi avadanlıqların, ləvazimatların alınması üçün təxminən 100 milyon manat vəsait ayrılıb və əlavə olaraq 150 milyon manat ehtiyatda saxlanılır.
İşini itirənlər üçün dövlət öz sosial dəstəyini göstərir. İşsiz, qeyri-formal məşğulluqda fəaliyyət göstərən və aztəminatlı kateqoriyaya aid olan 600 min insan dövlətdən iki ay ərzində 190 manat vəsait alır. Pandemiyadan ən çox zərər çəkən özəl sektorda 690 min insanın əməkhaqqının əhəmiyyətli hissəsi dövlət tərəfindən ödənilir. Dövlət sektorunda çalışan 900 min nəfərin hər birinin əməkhaqqı ödənilir. Bu və digər tədbirlərə biz bütövlükdə 3,5 milyard manat vəsait ayırmışıq və nə qədər lazımdırsa, o qədər də ayıracağıq. Ona görə dövlət bu işləri görür, bütün təşkilati məsələləri uğurla həyata keçirir.
Mən qeyd etdiyim kimi, bu sahədə aparıcı beynəlxalq təşkilat olan Ümumdünya Səhiyyə Təşkilatı bizim işlərimizə yüksək qiymət verir. Təkcə o qalıb ki, vətəndaşlar məsuliyyət və nizam-intizam göstərsinlər. Əlbəttə, nəzarətedici mexanizm daha da təkmilləşdirilməlidir. Əlbəttə, karantin rejimi yumşaldıqca, nəzarət etmək üçün də müəyyən problemlər yaranır. Ancaq buna baxmayaraq, bütün müvafiq orqanlara göstəriş verildi ki, onlar nəzarəti gücləndirsinlər. Amma yenə də deyirəm ki, indiki şəraitdə uğurumuzun əsas şərti vətəndaşların məsuliyyəti olmalıdır. Əks təqdirdə, bu xəstəlik nəzarətdən çıxacaq. Biz bunu açıq deməliyik və bilməliyik ki, dövlət nə qədər iş görsə də, vəziyyət nəzarətdən çıxacaq, kütləvi yoluxma halları baş verəcək, insanlar kütləvi qaydada vəfat edəcək, xəstəxanalarda yerlər, reanimasiya şöbələrində süni tənəffüs aparatları çatışmayacaq. Beləliklə, Allah eləməsin, biz indi böyük böhran içində olan ölkələrin vəziyyətinə düşə bilərik. Biz buna qətiyyən yol verə bilmərik. Ona görə mən bir daha bütün vətəndaşlara çağırış edirəm – məsuliyyətli olun, intizamlı olun, qaydaları pozmayın, özünüzü, öz yaxınlarınızı, öz tanışlarınızı qoruyun ki, biz bu bəladan az itkilərlə çıxa bilək.
Mən əminəm ki, biz buna nail olacağıq. Çünki artıq neçə aydır ki, bu pandemiya bütün dünya üçün böyük problemdir. Amma bu günə qədər vəziyyəti nəzarət altında saxlamaq, doğrudan da, böyük nailiyyət hesab oluna bilər. Xüsusilə qeyd etməliyəm ki, indiki şəraitdə cəmiyyətdə mövcud olan həmrəylik bəlkə ən yüksək səviyyədədir. Çünki bütün cəmiyyət bu mübarizədə birləşib.
Fürsətdən istifadə edərək, özəl sektorun nümayəndələrinə, ictimai təşkilatlara, ayrı-ayrı adamlara bir daha təşəkkürümü bildirmək istəyirəm, həm ianələrə, həm vətəndaşlara göstərdikləri yardımlara, həm də bu qısa müddət ərzində tibbi sənayeni bizim maraqlarımıza uyğun şəkildə təşkil etdiklərinə görə. Bu gün ehtiyac içində yaşayanlara da özəl sektor, ictimai təşkilatlar tərəfindən yardım göstərilir. Onların arasında birinci yerdə, əlbəttə ki, Heydər Əliyev Fondu dayanır. Fond, ayrı-ayrı adamlar ehtiyacı olan insanlara kütləvi surətdə kömək göstərirlər. Kimin imkanı nəyə çatır, etməlidir. Bu bizim xalqımıza xas olan ən yüksək keyfiyyətləri bir daha göstərir. Ümid edirəm ki, pandemiya gec-tez sona çatacaq, ondan sonra bu həmrəylik ovqatı, həmrəylik əhvali-ruhiyyəsi cəmiyyətimizdə daha da güclənəcək.
Bugünkü açılışlar münasibətilə Sizi təbrik edirəm, sizə fəaliyyətinizdə yeni uğurlar arzulayıram”.шаблоны для dle 11.2





]May

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova