Valyuta.com

Prezident İlham Əliyev: “Biz həkimlərin fədakarlığını yüksək qiymətləndiririk”

Prezident İlham Əliyev: “Biz həkimlərin fədakarlığını yüksək qiymətləndiririk”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda modul tipli ilk xəstəxana kompleksinin açılışında iştirak ediblər.
Dövlət başçısına və birinci xanıma tibb müəssisəsində yaradılan şərait barədə məlumat verilib. Bildirilib ki, paytaxtda istifadəyə verilən modul tipli ilk xəstəxana kompleksinin tikinti və quraşdırma işləri 3 həftə ərzində tamamlanıb. Kliniki Tibbi Mərkəzin nəzdində fəaliyyət göstərəcək, 3 korpusdan ibarət, ümumilikdə, 100 palatada 200 çarpayı yeri olan xəstəxana kompleksində orta-ağır simptomlu infeksion xəstələrin qəbulu və müalicəsi üçün hərtərəfli şərait yaradılıb. Ehtiyac olduqda əlavə avadanlıqla təchiz edilməklə palataların reanimasiyaya çevrilməsi mümkündür.
Kompleks bütün zəruri avadanlıq və sistemlə təmin olunub. Burada quraşdırılan xüsusi havalandırma sistemi havanı xüsusi qurğu ilə təmizlədikdən sonra palatalara ötürür. İyun ayı ərzində daha 9 belə xəstəxana kompleksinin istifadəyə verilməsi nəzərdə tutulub. Bu komplekslər müəyyən şəhər və rayonlarda mövcud xəstəxanaların yaxınlığında quraşdırılaraq onlara təhkim ediləcək, bu da koronavirus xəstələrinə lazımi tibbi xidmət göstərmək üçün vahid idarəetməni və tibbi koordinasiyanı təmin edəcək. Modul tipli yardımçı xəstəxana korpuslarının mühüm üstünlükləri var. Belə ki, qısa müddət ərzində sadə beton bünövrə üzərində quraşdırılan bu tikililər pandemiya ilə mübarizə başa çatdıqdan sonra, yəni zərurət olmadıqda tez və asanlıqla digər sahələrə köçürülə və başqa məqsədlər üçün istifadə edilə bilər.
Xəstəxana kompleksi ilə tanışlıqdan sonra dövlət başçısı və birinci xanım tibb işçiləri ilə görüşüblər.
Toplantıda nitq söyləyən Prezident İlham Əliyev modul tipli yeni xəstəxananın açılışını çox əlamətdar hadisə adlandırıb: “Hər bir xəstəxananın açılışı əlamətdar hadisədir. Son 16 il ərzində ölkəmizdə 700-dən çox səhiyyə ocağının tikildiyini və ya əsaslı təmir edildiyini nəzərə alsaq, təsəvvür etmək çətin deyil ki, nə qədər böyük işlər görülübdür. Biz hesab edirdik ki, artıq mövcud xəstəxana fondu, xüsusilə müasir xəstəxanaların fəaliyyəti uzun illər ərzində tələbatımızı ödəyəcək. Ancaq koronavirus pandemiyası öz qaydalarını diktə edir, ona görə yeni xəstəxanaların tikintisi labüddür. Əlbəttə, xəstəxana tikintisi çox vaxt aparır, həm layihələndirmə işləri, onun texniki tərəfi, yerin seçilməsi... Hesab edirəm, biz yeni texnologiyalara üstünlük verərək düzgün seçim etdik ki, modul tipli, tez bir müddətdə yığılan və sonra sökülə və başqa yerə daşına biləcək xəstəxanaların tikintisini təmin edək. Mən bir müddət bundan öncə ictimaiyyətə bu haqda məlumat vermişdim və bu gün bu xəstəxananın açılışını qeyd edirik. Cəmi bir ay ərzində 200 çarpayılıq xəstəxana istifadəyə verilir.
Koronavirusa qarşı mübarizədə bu xəstəxana və bundan sonra tikiləcək xəstəxanalar böyük rol oynayacaq. Ölkəmizin müxtəlif bölgələrində 10 belə xəstəxananın tikintisi nəzərdə tutulur.
Əlbəttə ki, çarpayı sayının artırılması hər bir ölkə üçün koronavirusa qarşı mübarizədə xüsusi rol oynayır. Biz indi bəzi inkişaf etmiş ölkələrin təcrübəsini görürük. Görürük ki, orada çarpayı çatışmazlığı ucbatından xəstələr vaxtında müalicə ala bilmir, koronavirusa yoluxmuş bir çox insan ümumiyyətlə xəstəxanalara götürülmür, onlar evlərdə qalırlar. Əlbəttə, evlərdə onları müalicə, onların vəziyyətini monitorinq etmək qeyri-mümkündür.
Azərbaycanda koronavirusa qarşı mübarizədə bizim təcrübəmiz, hesab edirəm ki, ən mütərəqqi və ən insansevər təcrübədir. Çünki bizim bütün xəstələrimiz xəstəxanalarda yerləşdirilib və həkimlər onlara gecə-gündüz xidmət edirlər. Yeni xəstəxanaların tikintisi, əlbəttə, gələcəyə hesablanıb. Çünki hazırda mövcud xəstəxana fondu bizim tələbatımızı ödəyir və 20-dən çox dövlət xəstəxanası koronavirus xəstələrinin sərəncamına verilibdir, o cümlədən ən yeni və ən müasir, 575 çarpayılıq “Yeni klinika”. Orada hazırda xəstələr müalicə olunurlar. Bu, gələcəyə hesablanmış düzgün addımdır, çünki heç kim bilmir pandemiya nə qədər davam edəcək, heç kim bilmir bunun gələcək mərhələləri nədən ibarət olacaq. Ona görə biz tam hazır olmalıyıq.
Bizim atdığımız bütün addımlar qabaqlayıcı xarakter daşıyır. Bu xəstəxananın və bundan sonra buna oxşar 9 xəstəxananın istifadəyə verilməsi 1-2 ay ərzində nəzərdə tutulub. Bütün bu addımlar qabaqlayıcı xarakter daşıyırdı və məhz buna görə hesab edirəm ki, koronavirusla mübarizədə biz birinci mərhələdə qalib gələ bilmişik. Ancaq mübarizə davam edir, koronavirus heç bir yerə qeyb olmayıb, dolaşır və dolaşacaq və bunu hər kəs bilməlidir.
Bu gün testlərin aparılması istiqamətində də böyük uğurlar var. Adambaşına keçirilən testlərin sayına görə Azərbaycan dünya miqyasında qabaqcıl yerlərdədir. Testlərin keçirilməsi üçün yeni laboratoriyalar alınıbdır. Onların sayı 23-ə çatıb və yeni laboratoriyaların yaradılması gündəlikdə duran məsələdir.
Bütün lazımi tibbi avadanlıq alınır. Bildiyiniz kimi, Prezidentin ehtiyat fondundan tibbi avadanlıqların, ləvazimatların alınması və işi düzgün təşkil etmək üçün 100 milyon manat vəsait ayrılıbdır. Bu, birinci tranşdır, əlavə 150 milyon manat artıq hazır vəziyyətdədir, lazım olan vaxtda biz ondan da istifadə edəcəyik. Əlbəttə, bütün bu kompleks tədbirlər – testlərin keçirilməsi, xəstəxanaların, laboratoriyaların fəaliyyəti, həkimlərin peşəkarlığı, işin düzgün təşkili bizə imkan verdi ki, hazırda bu vəziyyətdən istədiyimiz kimi, az itkilərlə çıxaq. Hər bir insanın ölümü onun yaxınları, qohumları üçün böyük faciədir və hər bir insanın həyatı bizim üçün qiymətlidir, dəyərlidir. Ancaq dünyada hər şey müqayisədə ölçülür və biz görəndə ki, inkişaf etmiş ölkələrdə gündə yüzlərlə, bəzi hallarda mindən çox insan vəfat edir, əlbəttə ki, Azərbaycanda bu sahədə görülmüş işlər xüsusi əhəmiyyət daşıyır və bunu hər kəs görür. Hətta bizimlə eyni sayda əhalisi olan ölkələrdə artıq uzun müddətdir ki, hər gün yüzlərlə insan vəfat edir. Bu ölkələrin səhiyyə sistemi həmişə bütün dünyaya, o cümlədən bizə nümunə kimi göstərilirdi. Ancaq bu dövrdə hər kəs gördü ki, orada vəziyyət artıq böhranın pik həddinə çatıb. Ona görə, əlbəttə ki, müqayisə aparılanda Azərbaycan dövlətinin gördüyü işlər böyük üstünlük təşkil edir. Biz əsas diqqətimizi vəziyyəti nəzarətdə saxlamağa yönəldirik və birinci mərhələdə buna nail ola bilmişik. Ona görə kompleks tədbirlərin görülməsi, o cümlədən karantin rejiminin tədricən vəziyyətə uyğun olaraq qüvvəyə minməsi, onun sərtləşdirilməsi və son günlər ərzində yumşaldılması - bütün bunlar ölçülüb-biçilmiş addımlardır”.
Prezident İlham Əliyev bildirib ki, Azərbaycan dövlətinin siyasəti və Operativ Qərargahın bu işlərə gündəlik rəhbərlik etməsi vətəndaşların həyatını, sağlamlığını qorumaq məqsədi güdür. Qeyd edib ki, yumşalmış rejim şəraitində bəzi məsuliyyətsiz vətəndaşlar qaydalara əməl etmirlər, maska taxmırlar, məsafə saxlamırlar, özlərini elə aparırlar ki, sanki virus artıq məhv olub: “Buna qətiyyən yol vermək olmaz. Bu adamlara qarşı ciddi tədbirlər görüləcək. Hamı bunu bilsin və nəticə çıxarsın. Biz imkan verə bilmərik ki, hansısa məsuliyyətsiz vətəndaşlara görə insanların həyatı risk altına düşsün. Qətiyyən mümkün deyil”.
Dövlət başçısı vurğulayıb ki, karantin rejimi ilə bağlı sərtləşdirici tədbirlər istisna deyil: “Biz virusla mübarizədə birinci mərhələdə qalib gəlmişik. Virus qeyb olmayıb, burada dolaşır və dolaşacaq. Bunu həkimlər, mütəxəssislər çox yaxşı bilirlər, istərdim ki, vətəndaşlar da bunu bilsinlər. Maarifləndirmə işləri daha geniş vüsət almalıdır. Bəziləri hesab edir ki, virus daha yoxdur. Bütün dünya böhran içindədir, Azərbaycan isə sanki dənizdə bir adadır, burada hər şey yaxşıdır və yaxşı olacaq. Əlbəttə, bir çox ölkələrə nisbətən yaxşıdır, ancaq buna mütləq formada yaxşı demək olmaz”.
Vətəndaşlara şəxsi gigiyenaya riayət etməyi məsləhət görən ölkə rəhbəri onları yeni reallıqla barışmağa çağırıb: “Maska taxmaq, məsafə saxlamaq, gündə bir neçə dəfə sabunla əlləri yumaq, dezinfeksiya vasitələrindən istifadə etmək bir qayda olmalıdır”. Prezident məsuliyyətin, nizam-intizamın, məsafə saxlamağın vacibliyini vurğulayıb. Bildirib ki, koronavirusa qarşı mübarizə peyvənd hazır olanda başa çatacaq. O vaxta qədər isə kompleks tədbirlər, vətəndaşların məsuliyyəti və nizam-intizamı sayəsində vəziyyəti nəzarət altında saxlamaq lazımdır. Dövlət qurumları, vətəndaş cəmiyyəti, vətəndaşlar bir nöqtəyə vurmalı, həmrəylik, birlik göstərməlidir.
Prezident İlham Əliyev deyib: “Həkimlər öz həyatını, sağlamlığını, yaxınlarının sağlamlığını risk altına qoyurlar, xəstələrə gecə-gündüz xidmət edirlər. Biz həkimlərin fədakarlığını yüksək qiymətləndiririk. Bir daha Azərbaycan xalqı gördü ki, ən çətin dövrdə, bu pandemiya dövründə aparıcı şəxs, aparıcı adam insanların həyatını qoruyan həkimdir. Əlbəttə, bütün başqa amillərlə bərabər, dövlət lazımi tədbirləri görür. Amma son nəticədə xəstələri müalicə edən, onları həyata qaytaran həkimlərdir. Həkimlər gecə-gündüz işləyirlər, insanları xilas edirlər. Bu xəstəlikdən canını qurtaran bütün pasiyentlər, ilk növbədə, həkimlərə minnətdar olmalıdırlar”.
Dövlət başçısı polis əməkdaşlarının, Daxili Qoşunların əməkdaşlarının da əməyini yüksək qiymətləndirib, bildirib ki, onlar gecə-gündüz küçələrdədir, həyatlarını risk altına atırlar, camaatı başa salmağa çalışırlar. Vurğulayıb ki, xəstəlik qarşısında hamı bərabərdir, heç kimə heç bir imtiyaz verilmir və karantin rejimini pozanlara qarşı ciddi cəza tədbirləri görülür. Kasıbın malına, ərzaq payına göz dikənləri “milli xain” adlandıran ölkə rəhbəri onların cəzalandırılmasının qaçılmaz olduğunu deyib: “Bu gün cəmiyyətimizin bütün sağlam qüvvələri bir amal ətrafında birləşib ki, bu vəziyyətdən az itkilərlə çıxaq, insanları qoruyaq, xəstələri sağaldaq. Həkimləri qoruyaq ki, onlar insanları qorusunlar, özlərini qorusunlar. Ona görə belə bir vəziyyətdə belə çirkin addımların atılması tamamilə qəbuledilməzdir”.
Pandemiyadan iqtisadiyyatımızın zərər çəkməsini “ikinci dərəcəli məsələ” adlandıran Prezident söyləyib ki, birinci dərəcəli məsələ vətəndaşların sağlamlığıdır. Qeyd edib ki, Azərbaycan dövlətinin atdığı addımlar beynəlxalq birlik tərəfindən də qiymətləndirilir: “Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanda pandemiyaya qarşı mübarizə istiqamətində görülmüş tədbirləri yüksək qiymətləndirib, bizi nümunəvi ölkə adlandırıb. Bu, həqiqətən də belədir. Azərbaycanda həm ölkə daxilində, ilk növbədə, bütün lazımi tədbirləri görürük və beynəlxalq müstəvidə də öz sözümüzü deyirik. Mən deyə bilərəm ki, biz 10-dan çox ölkəyə yardım etmişik. Texniki yardım, maliyyə yardımı, təyyarələr göndərmişik, yük təyyarələri o ölkələrə ki, onlar bizə müraciət edib və onların maddi imkanları məhduddur, onların, belə deyək, müraciət edəcəyi başqa bir ölkə yoxdur. Ondan çox ölkəyə yardım etmişik və hesab edirəm ki, düz etmişik. Çünki məhz belə günlərdə, belə dövrdə insanların da, ölkələrin də əsl siması üzə çıxır. Yaxşı vəziyyətdə hər kəs hər kəslə dostdur. Hər kəs yaxşı sözlər deyir, beynəlxalq tədbirlərdə çıxışlar edir, qarşılıqlı dəstək haqqında danışır, amma əməldə bunu göstərmək lazımdır, əməldə. Biz o ölkələrdənik ki, əməldə bunu göstəririk. Pandemiyaya qarşı qlobal mübarizədə biz birinci ölkələrdən olduq ki, Ümumdünya Səhiyyə Təşkilatına 5 milyon dollar donor ianəsi verdik. Bu yaxınlarda artıq Qoşulmama Hərəkatının sədri kimi əlavə 5 milyon dollar ianə verdik Ümumdünya Səhiyyə Təşkilatına ki, bizimlə razılaşdırmaqla Hərəkata üzv ölkələrə yardım göstərilsin. Bilirsiniz ki, mənim təşəbbüsümlə iki Zirvə görüşü keçirildi - Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə görüşü və Qoşulmama Hərəkatının Zirvə görüşü. Hər iki təsisatda Azərbaycan hazırda sədrdir. Bu təşəbbüs vaxtında və yerində olan təşəbbüsdür. Demək olar ki, bütün dünya birliyi bunu alqışlayır və Azərbaycanın rolunu qeyd edir”.
Prezident İlham Əliyev vurğulayıb ki, dünya birliyinin mütləq əksəriyyəti Azərbaycanın təşəbbüsü ilə COVID-19-a qarşı vahid platforma formalaşdırıb: “Azərbaycan dünyanı birləşdirir. Birincisi, milli zəmində, yəni ölkə ərazisində görülən bütün işlər, tədbirlər nümunəvi xarakter daşıyır. Sosial-iqtisadi paket adambaşına düşən xərclərə görə dünyada bəlkə də birincilər sırasındadır. Beynəlxalq müstəvidə özünü məsuliyyətli üzv kimi aparıb və yenə də ümumi daxili məhsula görə bizim qədər donor ianəsi verən olmayıb. Düzdür, bəzi ölkələr böyük rəqəmlər bəyan ediblər, amma hanı o vəsait, yoxdur. Bizimki isə nağd verilib. Beynəlxalq təşkilatlar çərçivəsində irəli sürülmüş təşəbbüslər də dünya birliyi tərəfindən birmənalı şəkildə yüksək qiymətləndirilir və təqdir edilir. Bax, bu çətin dövrdə hər kəsin əsl siması üzə çıxdı. Kim nəyə qadirdir, kim ölkəni necə idarə edir, kim böhrana qarşı necə hərəkət edir, kim xalqı, cəmiyyəti səfərbər edə bilib, kim isə, sadəcə olaraq, xarici yardıma möhtac qala-qala başqasından yardım diləyir. Ona görə həm özümüzə, xalqımıza, həm də bütün dünyaya bir daha göstərdik ki, biz ləyaqətli ölkəyik. Bizim üçün milli maraqlar prioritet məsələdir. İnsanların sağlamlığı isə milli maraqlar arasında prioritet yerdədir.
Bugünkü açılış böyük rəmzi məna daşıyır. Birincisi, ona görə ki, 10 xəstəxana işə düşəndən sonra bizim əlavə 2 min çarpayımız olacaqdır. Amma əsas odur bu onu göstərir ki, biz qısa müddət ərzində bütün resursları səfərbər edib yüksək nailiyyətlərə nail ola bilmişik.
Əlbəttə ki, həkimlərin fəaliyyətini bir daha qeyd etmək istərdim. Həkimlər, doğrudan da, böyük fədakarlıq, qəhrəmanlıq göstərirlər. Sizə bundan sonra da uğurlar arzulayıram. Amma xahiş edirəm ki, özünüzə də yaxşı baxın, xəstələnməyin, həmişə belə vətənpərvər, həmişə peşəkar və xalqı sevən insanlar kimi yaşayın, yaradın, insanlara tibbi xidmət göstərin. Sağ olun”.
Çıxış edən həkim Vasif Əliyev çox qısa zaman ərzində koronavirusla mübarizə çərçivəsində lazımi imkanlara malik yeni modul tipli xəstəxananın tibb işçilərinin ixtiyarına verilməsinə görə Prezident İlham Əliyevə və Mehriban xanıma minnətdarlığını bildirib: “Modern tibbi xidmətin təşkilində xüsusi yeri olan modul tipli xəstəxanalar bu gün də, gələcəkdə də xəstəliklərin müalicəsində və idarə edilməsində daha çevik davranmağımıza imkan verəcəkdir. Pandemiya dövründə “Yeni klinika” tibb müəssisəsinin açılması və orada ən müasir tibbi avadanlıqların quraşdırılması da xüsusilə ağır koronavirus xəstələrinə xidmət göstərməyimiz baxımından müstəsna rol oynadı. Dövlətimiz tərəfindən xəstəxanalarımızın dərmanlarla, zəruri tibbi ləvazimatlarla vaxtında təchizatı, Sumqayıt Kimya Sənaye Parkında tibbi maska istehsalı müəssisəsinin açılması biz tibb işçilərinin etibarlı və adekvat xidmət göstərməsinə imkan yaradıb.
Ümumdünya Səhiyyə Təşkilatının Baş direktorunun Sizə ünvanladığı təşəkkürü Sizin rəhbərliyinizlə verilmiş qərarların nə qədər doğru və zamanında olduğunu bir daha sübut edir. Azərbaycanın pandemiya ilə savaşdakı uğuru dünya ölkələrinin də diqqətindən yayınmayıb.
Xalqımız bir daha əmin oldu ki, Prezidenti və dövləti hər zaman onun yanındadır. Biz birlikdə virusla savaşda qalib gələcəyik. Biz birlikdə güclüyük. Təşəkkür edirəm”.
Sonra çıxış edən həkim Günay Muradova Dövlət Proqramı çərçivəsində Türkiyədə tibbi təhsil almış gənc həkimlər adından yaradılmış şəraitə və verilən dəstəyə görə Azərbaycan Respublikasının Prezidentinə və Birinci vitse-prezidentinə dərin təşəkkür bildirib: “Zamanında səhiyyəmiz üçün verdiyiniz qərarlar sayəsində bu sahənin inkişafı artıq öz töhfəsini verir. Hazırda Dövlət Proqramı məzunları pandemiya ilə mübarizə komandasında fəal iştirak edirlər. Görülən bütün işlər, verdiyiniz dəstək sayəsində səhiyyəmizin inkişafı xarici ölkələrdə təhsil almaqda olan və çalışan bizim kimi gənc həkimlərin Vətənimizə geri dönüb, xalqımıza xidmət göstərməsi üçün stimuldur.
Koronavirus pandemiyasına qarşı mübarizənin gücləndirilməsi məqsədilə verdiyiniz qərarlardan biri də, inkişaf etmiş xarici ölkələrdə olduğu kimi, Azərbaycanda da modul tipli xəstəxanaların yaradılmasıdır. Məhz müasir avadanlıqlarla təchiz olunmuş belə xəstəxanalar sayəsində biz yoluxmuş xəstələrin səmərəli müalicəsini təşkil edə biləcəyik. Sizi əmin etmək istəyirik ki, bu çətin və şərəfli yolda əlimizdən gələni əsirgəməyəcək, ölkəmizə layiqincə xidmət göstərəcəyik”.
Qeyd edək ki, koronavirus pandemiyası ilə mübarizə məqsədi ilə Prezident İlham Əliyevin təşəbbüsü ilə tikilən modul tipli 10 yeni xəstəxana ölkə səhiyyəsinin arta biləcək xəstə sayına tab gətirməsi üçün infeksion çarpayı fondunun artırılması baxımından müstəsna rol oynayır. Hazırda ölkə ərazisində quraşdırılan belə komplekslərdən daha biri Bakıda, digərləri isə Gəncə, Sumqayıt, Abşeron, Şəki, İsmayıllı, Qəbələ, Qobustan və Şamaxıda quraşdırılacaq. Modul tipli xəstəxanaların istifadəyə verilməsi nəticəsində ölkəmizin səhiyyə sisteminin əlavə 2000 çarpayılıq ehtiyatı yaranacaq.шаблоны для dle 11.2





]May

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova