Valyuta.com

Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında Zirvə görüşü keçirilib

Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında Zirvə görüşü keçirilib

Videokonfrans vasitəsilə keçirilən Zirvə görüşü koronavirusa qarşı mübarizəyə həsr olunub

Qoşulmama Hərəkatının sədri kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında, koronavirusla mübarizəyə həsr olunmuş, “COVID-19-a qarşı birlikdəyik” mövzusunda videokonfrans vasitəsilə Zirvə görüşü keçirilib.
İştirakçıları salamlayan Prezident İlham Əliyev onlayn Zirvə görüşünü açıq elan edib və giriş nitqi söyləyib. O bildirib ki, Azərbaycan Qoşulmama Hərəkatının sədr ölkəsi kimi, Hərəkatın 1996-cı ildə qəbul olunmuş Metodologiyalar üzrə Kartaxena sənədindən çıxış edərək, koronavirusa qarşı mübarizə üzrə Təmas Qrupunun yaradılması və bu formatda Zirvə görüşünün keçirilməsi təşəbbüsünü irəli sürüb və Hərəkatın bütün üzv dövlətləri bu təşəbbüsü yekdilliklə dəstəkləyib. Təmas Qrupunda coğrafi təmsilçilik və könüllü iştirak prinsipi əsasında bütün regional qruplardan ölkələr təmsil olunub. Zirvə görüşündə iştirakına görə həmin dövlətlərə, eyni zamanda, Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının sədrinə, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoruna və Afrika İttifaqının Komissiyasının sədrinə minnətdarlığını ifadə edən Azərbaycan Prezidenti həmçinin BMT Baş katibi Antonio Quterreşə və Avropa İttifaqının ali nümayəndəsi və Avropa Komissiyasının vitse-prezidenti Cozef Borelə videomüraciətlərinə görə təşəkkürünü bildirib.
Prezident İlham Əliyev 2019-cu il oktyabr ayının 25-26-da Qoşulmama Hərəkatının Bakıda XVIII Zirvə görüşünün keçirildiyini, 120 üzv dövlətin yekdil dəstəyi ilə Azərbaycanın üç il ərzində bu quruma sədrlik edəcəyini xatırladıb, bildirib ki, Azərbaycan Qoşulmama Hərəkatında sədrliyinə dair əhatəli Tədbirlər Planı hazırlayıb və praktiki fəaliyyətə başlayıb. Dünyada yeni reallıqlar meydana çıxarmış koronavirus pandemiyası nəticəsində vəziyyət tamamilə dəyişib və Azərbaycan yeni vəziyyətə çevik və adekvat reaksiya verib: “COVID-19 qlobal pandemiyası bütün dünya dövlətlərinə mənfi təsir göstərir. Heç bir ölkə bundan sığortalanmayıb. Yalnız qarşılıqlı dəstək, özünə qapanmama və birgə səylərlə COVID-19-a qalib gələ bilərik.
BMT Baş katibi Antonio Quterreş tərəfindən koronavirusa qarşı mübarizə məqsədilə qlobal humanitar cavab planının elan edilməsini, BMT Baş Assambleyasında müvafiq qətnamələrin qəbul olunmasını və Ümumdünya Səhiyyə Təşkilatının pandemiyaya qarşı qlobal mübarizədə oynadığı mühüm rolu yüksək qiymətləndiririk.
Pandemiyanın ilk günlərindən biz ÜST ilə təmasdayıq. Təşkilatın aparıcı mütəxəssislərindən ibarət heyət müraciətimiz əsasında mart ayında ölkəmizə səfər edərək vəziyyətlə tanış olmuşdur. Azərbaycana göstərdiyi dəstəyə və Zirvə görüşümüzdə iştirakına görə doktor Tedros Adhanom Gebreyesusa təşəkkürümü bildirirəm. Bu, Azərbaycanın təşəbbüsü ilə keçirilən 2-ci Zirvə görüşüdür. Sədri olduğumuz Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının mənim təşəbbüsüm ilə aprelin 10-da COVID-19-a qarşı Zirvə görüşü keçirilmişdir. ÜST Baş direktoru həmin Zirvə görüşündə də iştirak etdi və dəyərli tövsiyələrini verdi.
Qoşulmama Hərəkatının “Ümumdünya Səhiyyə Təşkilatı və onun Baş direktoruna dəstək” adlı 9 aprel tarixli bəyanatını məmnuniyyətlə qeyd etmək istərdim.
ÜST Baş direktoru tərəfindən martın 23-də mənə ünvanlanmış məktubda Azərbaycanda görülmüş işlərə yüksək qiymət verilmişdir. Azərbaycan pandemiyaya qarşı görülmüş tədbirlərə görə nümunəvi ölkə kimi dəyərləndirilmişdir. Azərbaycan dünya birliyinin məsuliyyətli və etibarlı üzvü kimi koronavirusa qarşı qlobal mübarizəyə dəstək olaraq Ümumdünya Səhiyyə Təşkilatına 5 milyon dollar könüllü maliyyə yardımı ayırdı”.
“Pandemiya dövründə bizim üçün prioritet məsələ insanların sağlamlığı və onların sosial müdafiəsinin təmin edilməsidir”, - söyləyən Prezident İlham Əliyev Azərbaycanda koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması üçün vaxtında çevik və zəruri qabaqlayıcı tədbirlər həyata keçirildiyini deyib, bu sahədə ölkəmizdə görülmüş işlər barədə məlumat verib. Bildirib ki, Azərbaycanda koronavirus xəstələrinin müalicəsi üçün 20-dən artıq xəstəxana ayrılıb. Virusun diaqnostikası və müalicəsi üçün zəruri olan laborator testlər, bəzi tibb avadanlığı və ləvazimatlar ölkəmizə gətirilib. Testlərin aparılması üçün ölkədə 23 laboratoriya fəaliyyət göstərir. İndiyə kimi ölkə üzrə 160 mindən artıq test keçirilib. Daxili tələbatı ödəmək üçün qısa müddət ərzində qoruyucu və digər tibbi ləvazimatların istehsalına başlanıb. Həyata keçirilən bütün bu tədbirlər nəticəsində kütləvi yoluxma hallarının qarşısı alınıb: “Pandemiya dönəmində biz bir daha həkimlərimizin peşəkarlığının şahidi olmuşuq. Azərbaycan koronavirus xəstələrinin müalicəsi sahəsində öz təcrübəsini Qoşulmama Hərəkatının digər üzv dövlətləri ilə bölüşməyə və bu sahədə əməkdaşlığa hazırdır”.
Dövlət başçısı qeyd edib ki, tibb mütəxəssislərinin təcrübə mübadiləsi, virusa qarşı mübarizədə əldə edilmiş təcrübənin, məlumatların, elmi biliklərin bölüşülməsi, ehtiyacı olan ölkələrə yardım göstərilməsi mühüm əhəmiyyət kəsb edir: “Zirvə görüşünün təklif olunan Bəyannaməsində qeyd edildiyi kimi, Qoşulmama Hərəkatının yaradılacaq İşçi Qrupu üzv ölkələrin pandemiya ilə bağlı humanitar və tibbi ehtiyaclarını vahid məlumat bazasına daxil edəcək. Həmin məlumatlar mümkün yardımların göstərilməsi üçün donor ölkələrə, beynəlxalq humanitar təşkilatlara təqdim olunacaq.
Pandemiyaya qarşı mübarizədə ən çox yardıma ehtiyacı olan Qoşulmama Hərəkatı üzv dövlətlərini dəstəkləmək üçün Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına əlavə olaraq 5 milyon dollar ianə ayırır. Bu vəsait bizimlə razılaşdırılmaqla ən çox yardıma ehtiyacı olan Afrika, Asiya və Latın Amerikası regional qruplarından olan üzv ölkələr üçün nəzərdə tutulur”.
BMT Baş Assambleyasının 74-cü sessiyasının prezidenti Ticani Məhəmməd-Bande bu cür mühüm tədbirə ev sahibliyi edən Prezident İlham Əliyevə təşəkkürünü bildirib, öz yaxınlarını itirənlərə dərin hüznlə başsağlığı verib, xəstəlikdən əziyyət çəkənlərə tezliklə sağalmalarını arzulayıb: “Mən bu xəstəliklə mübarizənin ön cəbhəsində vuruşan səhiyyə işçilərinə və digər şəxslərə əhalinin sağlam və təhlükəsiz qalması üçün gördükləri işə görə təşəkkür edirəm. Bu gün üzərimizə düşən səlahiyyətlərdən çıxış edərək bildirmək istəyirəm ki, biz pandemiyanı məğlub etmək üçün verdiyi mühüm dəstəyə və göstərdiyi xidmətlərə görə Ümumdünya Səhiyyə Təşkilatının, Qoşulmama Hərəkatının üzv dövlətlərinin, vətəndaş cəmiyyəti və özəl sektorun səylərini alqışlamalıyıq”.
Ticani Məhəmməd-Bande zəif ölkələrə yardım göstərməyə çağırıb ki, onlar səhiyyə sahəsində cavab tədbirləri görsünlər və öz əhalisinin sosial müdafiəsini təmin etsinlər. O, pandemiyanın lap başlanğıcından həmrəylik nümayiş etdirən Qoşulmama Hərəkatının üzv dövlətlərini alqışlayıb, onları ən yaxşı təcrübəni mübadilə etməyə, bir-birinə tibbi avadanlıq və ləvazimatı çatdırmğa, ərzaq və digər bu kimi humanitar yardımlar göstərməyə çağırıb: “İstərdim ki, tərəfdaşlığı bundan sonra da davam etdirəsiniz, COVID-19-un məğlub edilməsi istiqamətində başladığınız işi daha da gücləndirəsiniz və biz bu çətinlikləri birgə aradan qaldıraq”.
Videokonfransda BMT-nin Baş katibi Antonio Quterreşin videomüraciəti səsləndirilib. Bu görüşü təşkil etdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkürünü bildirən Baş katib deyib ki, cəmiyyətlərimiz ağır sınaqdan keçməkdədir. COVID-19 bütün dünyada milyardlarla insana ciddi iztirablar verərək və qlobal iqtisadiyyatı pozaraq, onların həyatlarında təşviş yaradıb. Böhranın miqyası və mürəkkəbliyi əlaqələndirilmiş qlobal cavab tədbirlərini tələb edir. Antonio Quterreş inkişaf edən ölkələrə münasibətdə həmrəylik nümayiş etdirməyə, pandemiyaya qarşı mübarizə prosesində səhiyyə sistemlərindəki boşluqları, cəmiyyətlərinə sosial və iqtisadi təsirləri aradan qaldırmaq üçün onlara genişmiqyaslı dəstək göstərməyə çağırıb: “Biz COVID-19-a səmərəli cavab tədbirlərinin hər kəs üçün və hər yerdə əlçatan olmasını və bərabərliyi təmin etməliyik”.
ÜST-nin Baş direktoru Tedros Adhanom Gebreyesus bu tədbirə dəvət olunmasına və çıxış etmək imkanına görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib. “Biz Sizin ÜST-yə verdiyiniz dəstəyi yüksək dəyərləndiririk”, - deyən Baş direktor bu quruma 5 milyon ABŞ dolları həcmində maliyyə dəstəyinə görə, həmçinin Qoşulmama Hərəkatı dövlətlərinə yardım üçün əlavə 5 milyon ABŞ dolları ayrılmasına görə Azərbaycan xalqına, Azərbaycan hökumətinə və dövlət başçısına təşəkkürünü bildirib. Qeyd edib ki, ÜST COVID-19 xəstəliyinə qarşı apardıqları mübarizədə Qoşulmama Hərəkatı üzv dövlətlərinə dəstək verir: “Əməkdaşlıq bizim üçün çox vacibdir ki, ölkələr cavab tədbirlərini həyata keçirə bilsinlər, COVID-19 xəstəliyinə qarşı mübarizə aparsınlar və bu kimi digər fövqəladə halları aradan qaldırsınlar. Tamamilə aydındır ki, heç bir ölkə öz ölçüsündən, resurslarından, pul imkanlarından asılı olmayaraq, pandemiyaya qarşı təkbaşına mübarizə apara bilməz. Biz həmrəy olmalıyıq, bütün siyasi sərhədləri aşaraq heç zaman görünmədiyi qədər bu mühüm işləri aparmalıyıq. Çünki virus özlüyündə iki əsas meyarın bir kombinasiyasıdır. O, sürətlə yayılır və o qatildir. Buna görə bizə qlobal həmrəylik və birlik lazımdır. Bu baxımdan, biz virusu önləməliyik, ondan öndə getməliyik. Sizin davamlı çoxtərəfli işiniz və uzunmüddətli öhdəliyiniz COVID-19-un qarşısının alınmasında çox vacibdir”.
COVID-19-un pandemiya elan edildiyi vaxtdan etibarən dünyanın müxtəlif guşələrinə çox sürətlə yayıldığını, siyasi, sosial və iqtisadi sistemlərdə problem yaratdığını qeyd edən ÜST rəhbəri həm qlobal, həm də milli səviyyələrdə fövqəladə tədbirlərin görülməsinin vacibliyini vurğulayıb: “Biz planetimizi qorumalıyıq, eyni məqsədlərdən çıxış edərək insanları xilas etməliyik. Buna görə də biz həmçinin burada güclü milli və alt milli səhiyyə sistemlərinin əhəmiyyətini qeyd edirik ki, qlobal təhlükəsizlik və universal səhiyyə paketi təmin oluna bilsin. Bütün cəmiyyətlərin bu baxımdan ehtiyaclarından irəli gələrək deyə bilərik ki, biz həlledici böhran mərhələsindəyik. Çünki burada qaçqınlar problemi var. İnsanlar münaqişələrdən əziyyət çəkirlər. Bu gün ictimai səhiyyə üçün böhrana səbəb olan COVID-19 inkişafda çox ciddi problemlər yaratmışdır. Bunu eşitmək ağrılıdır və dünya bunun şahididir. Pandemiya ilə bağlı hazırkı həlledici mərhələdə bütün dövlətlər və maraqlı olan tərəflər, o cümlədən özəl sektorun nümayəndələri birgə çalışmalıdırlar ki, geridə qalan olmasın. Qoşulmama Hərəkatının Nizamnaməsinin təməlində duran çoxtərəflilik və beynəlxalq əməkdaşlıq dəyərlərinin gücləndirilməsi bu həlledici məqamda çox önəmlidir.
ÜST müşahidə və erkən aşkarlama, şübhəli hallar zamanı təcrid, test aparma imkanlarının artırılması, xəstələrin klinik şəraitdə müalicəsi, məlumat mübadiləsi, müxtəlif sektorlar üzrə fəaliyyət, risklərlə bağlı məlumatlandırma və cəmiyyətin səfərbər edilməsi sahəsində bütün ölkələrin səylərini dəstəkləyir.
Beynəlxalq Səhiyyə Qaydaları kimi instrumentlər sayəsində səhiyyə təhlükəsizliyi ilə bağlı hazırlıqda irəliləyişə nail olunsa da, boşluqlar hələ də qalmaqdadır və milli hazırlıq səviyyəsində böyük fərq var. İstər milli, istərsə də qlobal səviyyədə hazırlıq imkanlarının artırılması istiqamətində fəaliyyətin sürətləndirilməsi vacibdir”.
ÜST Baş direktoru COVID-19 ilə mübarizədə nümayiş etdirdiyi liderliyə və əzmkarlığa görə Prezident İlham Əliyevə bir daha minnətdarlığını bildirib: “ÜST Qoşulmama Hərəkatı ilə əməkdaşlığa, onun üzvlərinin COVID-19 ilə mübarizəsinə dəstək verməyə və mühüm prinsiplərdən olan çoxtərəflilik, milli birlik və qlobal həmrəyliyə sadiqdir. Hərəkatın təsisçilərinin baxışına uyğun olaraq və Qoşulmama Hərəkatının dəstəyi ilə biz bərabər, dinc və firavan dünya yarada və hər kəsə sağlamlığın bəxş edilməsi kimi mühüm məqsədimizə daha yaxşı şəkildə çata bilərik”.
Afrika İttifaqı Komissiyasının sədri Musa Faki Mahamat öz çıxışında vurğulayıb ki, dünyanın bütün ölkələri öz sərhədləri daxilində COVİD-19 çağırışları ilə üz-üzə qalıb: “Biz hamımız birlikdə olmasaq, səfərbər olmasaq, qalib gələ bilmərik. Bu virusa qarşı bütün dünya miqyasında aparılan mübarizədə istənilən hər hansı siyasi sərhədləri, hər hansı bir ideologiyanı, məfkurəni kənara qoymalıyıq. Biz nümayiş etdirməliyik ki, birgə işləməklə necə böyük ülvi məqsədlərə xidmət edən millətlərik, dövlətlərik. Bizim hamımızdan, hər birimizdən bu tələb olunur”.
Musa Faki Mahamat Ümumdünya Səhiyyə Təşkilatını fəaliyyətinə görə təbrik edib, əldə etdiyi nəticələri təqdir edib. Bildirib ki, pandemiyanın qarşısının alınması üçün Afrika İttifaqının da özünəməxsus strategiyası formalaşıb. O, dünyanı beynəlxalq əməkdaşlığa, həmrəyliyə, bütün siyasi və iqtisadi ölçüləri kənara qoyaraq, dəstək göstərməyə çağırıb.
Sonra videokonfransda Avropa İttifaqının ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Cozef Borelin videomüraciəti nümayiş olunub. O bildirib ki, COVID-19 dünyanın müxtəlif guşələrinin biri-birinə hansı şəkildə bağlı olduğunu göstərdi: “Pandemiyanın dünyanın müxtəlif yerlərində tüğyan etdiyi bir zamanda heç kəs heç bir ölkədə, heç bir regionda özünü təhlükəsiz hiss etməyəcək. Mən əlaqələndirilmiş, çoxtərəfli yanaşmaya dəstək vermək üçün bu Zirvə görüşünü keçirdiyinə görə Qoşulmama Hərəkatının təşəbbüsünü alqışlayıram. Pandemiyanı məğlub etmək üçün qlobal yanaşma və əlaqələndirilmiş cavab tədbirləri gərəkdir. Əgər biz davamlı qlobal bərpa görmək istəyiriksə, onda yeni və innovativ çoxtərəfli tərəfdaşlıq vacib olacaq. BMT səviyyəsində cavab tədbirlərinin əlaqələndirilməsinə və qlobal miqyasda atəşkəs çağırışlarına gəldikdə, Avropa İttifaqı BMT-nin Baş katibinin göstərdiyi səyləri tam dəstəkləyir”.
Virusun yayılmasının qarşısının alınmasında ÜST-nin rolunu yüksək qiymətləndirən natiq Zirvə görüşünün iştirakçı dövlətlərini Ümumdünya Səhiyyə Assambleyasında COVID-19-la bağlı qətnamə layihəsini dəstəkləməyə çağırıb: “Hazırkı pandemiyanın aradan qaldırılması və gələcək epidemiyalara müqavimətin qurulması bir-biri ilə yanaşı getməlidir. Biz ÜST-nin və digər qlobal səhiyyə təşkilatlarının hərəkətə keçmək çağırışlarını alqışlayırıq ki, təhlükəsiz, keyfiyyətli, səmərəli və əlçatan diaqnostikaya, müalicəyə və koronavirusa qarşı peyvəndlərə ədalətli, universal və bərabər çıxış formalaşdırılsın”.
Cozef Borel ölkələri beynəlxalq cavab tədbirləri zamanı insanları diqqətdə saxlamağa, xüsusən ərzaq və tibb ləvazimatlarında ixraca məhdudiyyətlər tətbiq etməməyə çağırıb.
Sonra Əfqanıstan İslam Respublikası, Əlcəzair Xalq Demokratik Respublikası, Kuba Respublikası, Misir Ərəb Respublikası, İndoneziya Respublikası, İran İslam Respublikası, Mavritaniya İslam Respublikası, Nikaraqua Respublikası, Nigeriya Federativ Respublikası, Pakistan İslam Respublikası, Fələstin Dövləti, Şri-Lanka Demokratik Sosialist Respublikası, Sudan Respublikası, Cənubi Afrika Respublikası, Toqo Respublikası, Türkmənistan, Venesuela Bolivar Respublikası, Zimbabve Respublikası, Namibiya Respublikası, Belarus Respublikası, Efiopiya Federativ Demokratik Respublikası, Hindistan Respublikası, Malayziya, Nepal Federativ Demokratik Respublikası, Vyetnam Sosialist Respublikası, Bəhreyn Krallığı, Banqladeş Xalq Respublikası, Qambiya Respublikası, Qana Respublikası, Küveyt Əmirliyi, Mavriki Respublikası, Mərakeş Krallığı, Uqanda Respublikası və İordaniya Haşimilər Krallığının dövlət və hökumət başçıları, xarici işlər nazirləri səviyyəsində təmsil olunan nümayəndələri çıxış ediblər.
Sonda Qoşulmama Hərəkatının Təmas Qrupu formatında Zirvə görüşünün Yekun Bəyannaməsi qəbul olunub.
Azərbaycan Prezidenti İlham Əliyev Zirvə görüşünə yekun vuraraq, bütün çıxışçılara, həmçinin konstruktiv iştiraka və Bəyannamənin qəbulunda göstərdikləri münasibətə görə bütün iştirakçılara təşəkkür edib. Vurğulayıb ki, Qoşulmama Hərəkatına üzv ölkələrin qlobal pandemiya şəraitində bir-birinin problemlərini anlayışla qarşılaması, həmrəylik nümayiş etdirməsi və çoxtərəfli əməkdaşlığa üstünlük verməsi böyük əhəmiyyət kəsb edir. Səslənən dəyərli fikir və təkliflərin koronavirusa qarşı birgə mübarizəyə töhfə verəcəyinə, pandemiyaya birlikdə qalib gələcəyimizə əminliyini bildirən Azərbaycan Prezidenti qeyd edib ki, pandemiyadan sonrakı dövrdə xəstəliyin mənfi təsirlərinin aradan qaldırılması məqsədilə əməkdaşlıq səylərini artırmaq faydalı olardı.шаблоны для dle 11.2





]May

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova