Valyuta.com

Prezident İlham Əliyev: “Bizim səhiyyə imkanlarımız və həkimlərin peşəkarlığı lazımi səviyyədədir”

Prezident İlham Əliyev: “Bizim səhiyyə imkanlarımız və həkimlərin peşəkarlığı lazımi səviyyədədir”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və İqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə videobağlantı formatında iclas keçirib.
Dövlət başçısı iclasda çıxış edərək bildirib ki, Azərbaycanda vəziyyət nəzarət altında olsa da, pandemiyanın davam etdiyi şəraitdə vəziyyətə uyğun şəkildə tədbirlər görülməlidir. Prioritet məsələ insanların sağlamlığı, həyatı və sosial müdafiəsidir. Eyni zamanda, iqtisadi sahəyə də çox diqqət vermək lazımdır, çünki xəstəliyin və ondan yaranan fəsadların böyük maliyyə vəsaiti tələb etdiyi pandemiya dövründə güclü iqtisadi imkanlar olmasa, sosial siyasəti uğurla aparmaq mümkün olmaz: “Bu böyük bəla bütün dünyanı böyük sınaq qarşısında qoyub. Bu günə qədər dünyada 140 mindən çox insan həyatını itirib və bu xəstəlik sərhədlər tanımır. Əgər ilkin mərhələdə bu xəstəlik Azərbaycana xaricdən gətirilibsə, hazırda daxili yoluxma prosesi gedir. Ancaq bildirməliyəm ki, sərt və qabaqlayıcı tədbirlər nəticəsində biz bu vəziyyəti nəzarət altında saxlaya bilirik. Son üç-dörd günün statistikası müəyyən mənada nikbinlik üçün əsas yaradır. Bildirməliyəm ki, son günlərdə yoluxanların sayı ilə sağalanların sayı arasında dinamika artıq müsbətdir. Yəni daha çox insan sağalır, nəinki bu xəstəliyə yoluxur. Bunun başlıca səbəbi görülmüş tədbirlərdir. ...Əgər biz vaxtında qabaqlayıcı tədbirlər görməsəydik, bu gün Azərbaycanda xəstələrin sayı min yox, bəlkə on min, iyirmi min, bəlkə də daha çox olardı.
Biz indi inkişaf etmiş ölkələrin təcrübəsini görürük. Bu ölkələrdə səhiyyə sistemi bir çox ölkələr üçün həmişə nümunə olub. Amma demək olar ki, böyük imkanlara malik ölkələrin səhiyyə sistemi böhran içindədir. Bu da təbiidir. Çünki xəstəliyin yayılma sürəti o qədər genişdir, xəstəlik o qədər tez yayılır ki, heç bir ölkənin səhiyyə sistemi buna davam gətirə bilməz, o cümlədən Azərbaycanın. Ona görə bizim əsas məqsədimiz yoluxma hallarında müşahidə olunan artımın qabağını almaq idi, yoluxma zəncirini qırmaq idi. Görülmüş bütün tədbirlər bu məqsədi güdürdü ki, biz bu vəziyyətdən az itkilərlə çıxaq, vətəndaşlara kömək göstərək, onları bu bəladan qoruyaq və onların sosial müdafiəsini təmin edək. Bu günə qədər həm məhdudlaşdırıcı tədbirlərin görülməsi, bu tədbirlərin mərhələ-mərhələ sərtləşdirilməsi, eyni zamanda, pandemiyadan ziyan çəkmiş sahələrdə çalışan insanların sosial müdafiəsinin təmin edilməsi, hesab edirəm ki, bizim düzgün siyasətimizi əks etdirir”.
Prezident İlham Əliyev bildirib ki, vəziyyəti nəzarətdə saxlamaq, müsbət dinamikanın nə qədər çəkəcəyini, davamlı olub-olmayacağını müşahidə etmək, buna uyğun əlavə tədbirlər müəyyənləşdirmək lazımdır.
Bir çox hallarda ölkələrin bu bəla ilə təkbaşına mübarizə apardığını söyləyən dövlət başçısı Azərbaycanın bu sahədə həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə həmrəyliyin gücləndirilməsi üçün çox önəmli addımlar atdığını qeyd edib, ölkəmizin hazırda sədrlik etdiyi Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının pandemiya ilə mübarizəyə həsr olunmuş Zirvə görüşünü dünya miqyasında ilk belə videokonfrans kimi yüksək qiymətləndirib.
Prezident deyib ki, mütəxəssislərin vahid fikrinə görə, karantin rejimi uzadılmalıdır: “Mən hesab edirəm ki, bu, düzgün addım olacaqdır. Çünki müsbət dinamika hələ ki ilk təzahürlərini göstərməkdədir. Biz bu dinamikanı dayanıqlı etməliyik”. O vurğulayıb ki, karantin rejimindən mərhələli çıxış, tədricən yumşalma qabaqcadan planlaşdırılmalıdır.
Dövlət başçısı tibb işçilərinin əməyini yüksək qiymətləndirərək deyib: “Bizim həkimlərimiz insanlara kömək göstərmək üçün əllərindən gələni edirlər. Bildiyiniz kimi, bizim səhiyyə sistemimiz böyük sınaq qarşısındadır. Səhiyyə sistemimizin çökməməsi, ilk növbədə, onunla bağlıdır ki, biz xəstəliyin yayılma sürətini nəzarət altında saxlaya bildik. Əgər bu, nəzarətdən çıxsaydı, bizim səhiyyə sistemimiz buna davam gətirə bilməzdi. Bu gün inkişaf etmiş bəzi ölkələrin, ... insanları ümumiyyətlə müalicə etmək imkanı yoxdur. Bəzi xəstələr dəhlizlərdə yerləşdirilir, yerə uzadılır… Ən inkişaf etmiş ölkələrdə yüzlərlə, bəzi hallarda mindən çox insan vəfat edir. Nəyə görə? Sadəcə olaraq, səhiyyə sistemi buna davam gətirə bilmir, xəstəxanalarda yer yoxdur, bəzi hallarda lazım olan avadanlıq çatışmır. Əgər bu ölkələrin səhiyyə sistemi normal fəaliyyət göstərsəydi, o insanların böyük əksəriyyətinin həyatını xilas etmək olardı.
Bizim səhiyyə sistemimiz son illərdə böyük inkişaf yolu keçibdir və bu gün 20-dən çox dövlət xəstəxanasında koronavirus xəstələri müalicə olunur. Bu xəstəxanaların mütləq əksəriyyəti son 16 il ərzində tikilibdir. O cümlədən 575 çarpayılıq “Yeni klinika” bu gün ölkəmizin ən müasir səhiyyə ocağıdır və indi orada 100-dən çox xəstə müalicə alır. Eyni zamanda, Azərbaycan Tibb Universitetinin vaxtilə mənim təşəbbüsümlə tikilmiş Tədris Terapevtik və Cərrahiyyə klinikalarında da bir çox xəstə müalicə alır. Son illər ərzində bölgələrdə inşa edilmiş mərkəzi rayon xəstəxanalarında bir çox xəstələr müalicə alır. O cümlədən bu ilin mart ayında Goranboy, Qazax, Şəmkir şəhərlərində açılan 3 yeni xəstəxanada xəstələr müalicə alır, orada da 500 çarpayı imkanı vardır. Yəni mindən çox çarpayı ancaq mart ayında istifadəyə verilibdir. Mənim göstərişimlə hazırda ölkəmizdə modul tipli 10 xəstəxana inşa edilməkdədir. Hesab edirəm ki, bu xəstəxanalar işə düşəndən sonra yaxın 1-2 ay ərzində orada da 2 min əlavə çarpayı istifadəyə veriləcək.
Yəni biz bütün hazırlıq işlərini görürük. Biz indi həkimlərimizin peşəkarlığını əyani şəkildə görürük. Sirr deyil ki, səhiyyə işçilərinin fəaliyyətinə bəzi hallarda tənqidi yanaşmalar da müşahidə olunurdu. Sanki Azərbaycanın səhiyyə sistemi bərbad vəziyyətdədir, Azərbaycanda xəstələrə lazımi müalicə göstərilmir, imkanlı xəstələr xaricə üz tuturlar. Bəli, belə hallar var, təkcə Azərbaycanda yox, bizdən qat-qat zəngin olan ölkələrdən də imkanlı adamlar Avropanın, Amerikanın aparıcı klinikalarında müalicə alırlar. Bu, dünya praktikasıdır. Ancaq bu gün biz yalnız öz imkanlarımıza arxalanırıq. Bizim səhiyyə sistemimiz ancaq Azərbaycan həkimləri tərəfindən dövlət dəstəyi ilə inkişaf edir. Bu gün Azərbaycanda ən mürəkkəb əməliyyatların keçirilməsi, koronavirusla bağlı müxtəlif müayinələrin aparılması, 18 laboratoriyamız - bütün bunlar bizim gücümüzü artırır. Yəni bu gün tam əmin ola bilərik ki, bizim səhiyyə imkanlarımız və həkimlərin peşəkarlığı lazımi səviyyədədir. Göstərdikləri fədakarlığa, qəhrəmanlığa görə həkimlərə bir daha təşəkkürümü bildirirəm”.
Nazir Sahib Babayev işsiz şəxslərə, aztəminatlı ailələrə dəstək barədə, haqqı ödənilən ictimai iş yerləri və özünüməşğulluq proqramları haqqında danışıb.
İqtisadiyyat naziri Mikayıl Cabbarov pandemiyadan zərər çəkmiş müəssisələrə və fərdi, o cümlədən mikrosahibkarlara dövlətin maliyyə dəstəyinin çatdırılması prosesi barədə, həmçinin Vergi Məcəlləsinə dəyişikliklər paketinin hazırlanması haqqında məlumat verib.
Prezident İlham Əliyev əminliyini bildirib ki, bu tədbirlərin görülməsi nəticəsində həm əhalinin sosial müdafiəsi gücləndiriləcək, eyni zamanda, sahibkarlara əlavə dəstək veriləcək, ən önəmlisi, insanların həyatı və sağlamlığı qorunacaq.шаблоны для dle 11.2





Aprel

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova