Valyuta.com

Prezident İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının pandemiya üzrə fövqəladə Zirvə görüşü keçirilib

Prezident İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının pandemiya üzrə fövqəladə Zirvə görüşü keçirilib

Azərbaycan Respublikasının Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının koronavirus pandemiyası ilə mübarizə mövzusuna həsr olunmuş fövqəladə Zirvə görüşü keçirilib.
Videokonfrans vasitəsilə baş tutan Zirvə görüşündə Azərbaycan Prezidenti İlham Əliyev çıxış edib.
Prezident İlham Əliyev öz çıxışına dövlət və hökumət başçılarını, həmçinin Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktorunu salamlamaqla başlayıb, Azərbaycanın sədr ölkə kimi irəli sürdüyü Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fövqəladə Zirvə görüşünün keçirilməsi təşəbbüsünü dəstəklədikləri üçün dövlət və hökumət başçılarına, eləcə də Zirvə görüşünə qoşulduğuna görə ÜST-nin Baş direktoru Tedros Adhanom Gebreyesusa təşəkkürünü bildirib.
Dövlətimizin başçısı xatırladıb ki, keçən ilin oktyabrında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Bakıda keçirilmiş VII Zirvə görüşündə Azərbaycan sədrliyi öz üzərinə götürüb və dərhal təşkilatın nüfuzunun artırılması, ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi istiqamətində fəaliyyətə başlayıb.
Koronavirus xəstəliyinin dünya boyunca yayıldığını və faciəvi nəticələrə gətirib çıxardığını söyləyən Prezident İlham Əliyev pandemiya səbəbindən ölkələrimizdə və dünyada həyatını itirənlərə rəhmət diləyib, onların yaxınlarına başsağlığı verib və yoluxanların tezliklə şəfa tapmasını arzulayıb. Bildirib ki, Türk Şurası, dövlət başçıları səviyyəsində COVID-19 pandemiyasına həsr olunmuş Zirvə görüşünü keçirən ilk beynəlxalq təşkilatdır.
Dövlət başçısı vurğulayıb ki, koronavirus pandemiyası qlobal təhlükə olduğu üçün qlobal cavab tələb edir: “Pandemiyanın ilk günlərindən etibarən bəzi ölkələr və beynəlxalq təşkilatların koronavirus qarşısında çaşqın qalmasının, özünəqapanma yolunu seçməsinin şahidi oluruq. Pandemiyanın dünyanı bürüdüyü indiki şəraitdə dünyanın həmrəyliyə və əməkdaşlığa ehtiyacı vardır”.
Azərbaycanda koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması üçün çevik və zəruri qabaqlayıcı addımların atıldığını, yaranmış şəraitə uyğun məhdudlaşdırıcı tədbirlər aparıldığını deyən Prezident İlham Əliyev Nazirlər Kabineti yanında Operativ Qərargahın yaradılmasını, bütün təhsil müəssisələrində tədris prosesinin dayandırılmasını, kütləvi tədbirlərin təxirə salınmasını, bir sıra sosial təcrid tədbirlərini əhatə edən xüsusi rejimin, sonra isə xüsusi karantin rejiminin tətbiqini qeyd edib: “Ticarət və əyləncə mərkəzlərinin fəaliyyəti dayandırılmış, park və ictimai istirahət yerlərinə insanların girişi qadağan edilmişdir. Şəhərlərarası nəqliyyatın və Bakı Metropoliteninin fəaliyyəti tam dayandırılmışdır. Aprelin 5-dən etibarən ölkədə hərəkət məhdudiyyəti tətbiq olunur. Bir sıra dövlət və özəl qurumların fəaliyyətinə cəlb edilmiş şəxslər istisna olmaqla, bütün digər vətəndaşların yaşayış yerini tərk etməsinə konkret müəyyən olunmuş hallarda və vaxt çərçivəsində SMS icazə sistemi vasitəsilə icazə verilir.
Azərbaycan pandemiyaya qarşı mübarizədə ilk günlərdən Ümumdünya Səhiyyə Təşkilatı ilə səmərəli əməkdaşlıq edir. Biz mart ayının əvvəlində təşkilatın mütəxəssislərini Azərbaycana dəvət etmişik. Qısa müddətdə dəvətimizə cavab verilmişdir. Belə ki, 9-13 mart tarixlərində təşkilatın aparıcı mütəxəssislərindən ibarət heyət ölkəmizdə səfərdə olmuşdur. Onlar ölkəmizdə vəziyyətlə tanış olaraq, görülmüş işlərə müsbət qiymət vermişlər. Ekspert missiyasının hazırladığı hesabatda da öz əksini tapmış tövsiyələr aidiyyəti dövlət qurumları tərəfindən nəzərə alınır.
Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru, doktor Tedros Adhanom Gebreyesus tərəfindən mart ayının 23-də mənə ünvanlanmış məktubda Azərbaycanda görülmüş işlərə yüksək qiymət verilmişdir. Azərbaycan pandemiyaya qarşı görülmüş tədbirlərə görə nümunəvi ölkə kimi dəyərləndirilmişdir.
Azərbaycan koronavirus pandemiyasına qarşı mübarizədə həm ölkə daxilində, həm də dünyada öz fəal rolunu oynayır. Azərbaycan qlobal həmrəylik nümayiş etdirərək koronavirusa qarşı mübarizədə Ümumdünya Səhiyyə Təşkilatına könüllü maliyyə yardımı ayırmışdır. Mart ayının 13-də Azərbaycan tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının strateji hazırlıq və cavab planı çərçivəsində COVID-19 müraciəti Fonduna könüllü maliyyə yardımının ayrılmasını nəzərdə tutan donor sazişi imzalamışdır. Biz Ümumdünya Səhiyyə Təşkilatının pandemiyaya qarşı qlobal mübarizədə oynadığı mühüm rolu yüksək qiymətləndiririk”.
Prezident İlham Əliyev məlumat verib ki, 16 il ərzində Azərbaycanın səhiyyə sistemində köklü işlər görülüb, həkimlərin peşəkarlıq səviyyəsi yüksəlib, 750-dən çox səhiyyə ocağı tikilib və ya tam təmir olunub. Hər il Azərbaycanda 5 milyondan çox insan dövlət hesabına tibbi müayinədən keçir. Bildirib ki, koronavirus xəstələri 20-dən artıq dövlət xəstəxanasında müalicə olunurlar. Onların arasında bu günlərdə açılmış, ölkəmizin ən müasir xəstəxanası olan, 575 çarpayılıq “Yeni klinika”, mart ayında ölkəmizin 3 şəhərində istifadəyə verilmiş, ümumi çarpayı sayı 500-dən çox olan üç yeni xəstəxana da var: “Qısa müddət ərzində 6-sı dövlət, 4-ü isə özəl sahibkarlar tərəfindən tikilməklə, hər birinin 200 çarpayı yeri olan 10 müasir modul tipli xəstəxananın istifadəyə verilməsi nəzərdə tutulur.
Həkimlərimizin və tibb işçilərimizin koronavirus xəstəliyinə qarşı mübarizədə xidmətlərini yüksək qiymətləndiririk. Koronavirus xəstələrinə xidmət göstərən həkimlərin maaşı 3, 4 və 5 misli məbləğində artırılıb. Bu, dövlət tərəfindən həkimlərə göstərilən qayğının təzahürüdür.
On beş mindən artıq Azərbaycan vətəndaşı müxtəlif ölkələrdən, o cümlədən dövlət hesabına təşkil olunmuş çarter reysləri vasitəsilə təxliyə edilmişdir. Ölkəyə qaytarılmış bütün vətəndaşlarımız dövlət hesabına 4 və 5 ulduzlu mehmanxanalarda, xüsusi karantin zonalarında yerləşdirilmişdir. Eyni zamanda, birinci Avropa Oyunları zamanı açılmış Atletlər kəndində də karantinə alınmış şəxslər yerləşdirilir.
Beynəlxalq ticarət daşımaları istisna olmaqla, qarşılıqlı anlaşma və əlaqələndirmə şəraitində qonşu dövlətlərlə yerüstü və hava nəqliyyatı bağlantıları müvəqqəti olaraq dayandırılmışdır. Digər ölkələrlə beynəlxalq hava sərnişin daşımaları da dayandırılmışdır.
İndiyə kimi ölkə üzrə 60 minə yaxın test keçirilmişdir. Əhalinin hər bir milyon nəfərinə düşən testin sayı 5200-dən artıqdır. Aparılan testlərin sayına görə dünyada 30-cu, hər milyon əhaliyə görə aparılan testlərin sayına görə 40-cı yerlərdəyik. Azərbaycanda testlərin aparılması üçün 18 laboratoriya fəaliyyət göstərir, onların 5-i yeni yaradılmışdır.
Hazırda dünyada tibbi ləvazimatların və avadanlıqların alınması problemə çevrilmişdir. İstehsal olunan avadanlıqlar və ləvazimatların satılması dövlətlər tərəfindən məhdudlaşdırılmışdır. Ona görə də daxili istehsal ehtiyacı yaranmışdır. Daxili tələbatı ödəmək üçün aprel ayının əvvəlində ölkəmizdə operativ şəkildə tibbi maska istehsalı müəssisəsi fəaliyyətə başlamışdır.
Mənim təşəbbüsümlə Azərbaycanda Koronavirusla Mübarizəyə Dəstək Fondu təsis edilmişdir. Hazırda bu fonda köçürülmüş ianələrin həcmi 110 milyon manatdan və ya 65 milyon dollardan artıqdır. Dövlət vəsaiti ilə bərabər, ayrı-ayrı şəxslərin, sahibkarların və təşkilatların fonda könüllü ianəsi həm də böyük rəmzi məna daşıyır. Bu, Azərbaycan cəmiyyətində olan həmrəyliyin nümunəsidir”.
Prezident İlham Əliyev koronavirus pandemiyasının ölkə iqtisadiyyatına mənfi nəticələrinin aradan qaldırılmasına yönəldilmiş tədbirlərdən, həmçinin makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması məqsədilə görülən işlərdən danışıb. Bildirib ki, bu fövqəladə Zirvə görüşünün əsas məqsədi milli səviyyədə atılan addımlara dair təcrübə mübadiləsi aparmaq, lazım olan anda bir-birimizə dəstək göstərmək və xalqlarımız arasında həmrəyliyi möhkəmləndirməkdir: “Mövcud qlobal pandemiya şəraitində Türk Şurasının üzv dövlətləri özlərinə qapanmayıblar. Təşkilat olaraq Türk Şurası digər beynəlxalq təşkilatlarla əməkdaşlığa hazırdır. Azərbaycan ayrı-ayrı ölkələrə də öz dəstəyini göstərməkdədir”.
Azərbaycan Prezidenti ölkələrimizin iqtisadiyyatı, ticarət münasibətlərimiz və idxal-ixrac əməliyyatları üçün nəqliyyat daşımalarının əhəmiyyətini vurğulayıb, onların fasiləsiz olaraq həyata keçirildiyini, pandemiyanın mənfi təsirlərinə baxmayaraq, ötən ilin eyni dövrü ilə müqayisədə artdığını söyləyib: “Səhiyyə xidmətləri sahəsində əməkdaşlığımız, o cümlədən tibb mütəxəssislərinin təcrübə mübadiləsi, birgə tibbi komissiyaların yaradılması üçün yaxşı imkanlar vardır. Bundan əlavə, sərnişin nəqliyyat daşımalarının müvəqqəti bağlanmasına görə ölkələrimizin ərazisində qalan bir-birimizin vətəndaşlarına dəstək və yardım göstərməyimiz vacibdir. Bizim gördüyümüz bu tədbirlər vətəndaşlarımızın sağlamlığının qorunması və pandemiyanın doğurduğu sosial-iqtisadi fəsadların yüngülləşdirilməsi, iqtisadiyyatlarımızın davamlı inkişafının təmin edilməsi məqsədi daşıyır. Ümid edirəm ki, ölkələrimiz və xalqlarımız bu ağır vəziyyətin öhdəsindən layiqincə gələcək və pandemiyaya qarşı qlobal mübarizəyə öz layiqli töhfəsini verəcəkdir”.
Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Gebreyesus videokonfransa dəvət üçün, Cenevrədən bu Zirvə görüşünə qoşulmaq və Türk Şurasının üzv dövlətlərinə müraciət etmək imkanına görə təşəkkür edib.
ÜST rəhbəri Azərbaycan dövlətinin başçısına xitabən: “Hörmətli Prezident Əliyev, mən Azərbaycanda olarkən həqiqətən Sizin öz işinizə sədaqətinizin şahidi oldum”, - deyib, pandemiya başa çatandan sonra yenidən ölkəmizi ziyarət edəcəyinə ümidvar olduğunu bildirib: “COVID-19 virusu həqiqətən qlobal miqyasda yayılıb. Siz və Sizin Şura bizimlə sıx əməkdaşlıq edirsiniz. Bu əməkdaşlıq xəstəxanaların imkanları, humanitar yardım, testlər, elmi, texniki biliklərin mübadiləsi, tibbi və texniki dəstək məsələlərini əhatə edir. Bu, sərhədaşırı əməkdaşlıq nümunəsidir. Pandemiyaya qarşı səmərəli mübarizə aparmaq üçün bizə bu lazımdır. COVID-19 meydana çıxandan bəri 100 gündən artıq vaxt keçib. COVID-19-un qlobal miqyasda yayılması səhiyyə sisteminə ciddi zərbə vurub, dünya iqtisadiyyatını sarsıdıb, ciddi sosial problemlərə gətirib çıxarıb. Ölüm göstəricisi qrip ilə müqayisədə 10 dəfə yüksəkdir. Bundan əlavə, virus olduqca yoluxucudur, çox sürətlə yayılır. Yoluxanların sayı 1,3 milyon, ölənlərin sayı 80 mindir. Əməkdaşlıq Şurasının üzvü olan 5 dövlət 36 min yoluxma və 750 ölüm faktı barədə məruzə ediblər. Bu, pandemiyadır. Bu, səhiyyə böhranından da artıqdır. Burada bütün hökumətlər, bütün cəmiyyət fəaliyyət göstərməlidir. Son 100 gündə COVID-19 göstərdi ki, hətta inkişaf etmiş, zəngin dövlətlər də zərər çəkiblər. Əlbəttə, görürük ki, əsas zərbə həssas ölkələrə dəyir. Belə olmaması üçün biz nə mümkündürsə, edirik. Əlbəttə, milli və submilli səviyyədə imkanlar pəncərəsi bütün ölkələrdə bağlanır. Bununla belə, biz əlimizdən gələni edirik. Yeri gəlmişkən, sizin ölkələrə də testləşdirmə avadanlığı və digər avadanlıq göndərmişik. Bu, ilin əvvəlindən olub. Əlbəttə, siz pandemiyanın müxtəlif mərhələlərindəsiniz. Lakin epidemiyanın səhiyyə sisteminə, sosial xidmətlərə və iqtisadi fəaliyyətə təsirini minimuma endirmək üçün hamı səyləri artırmalıdır. Sosial ünsiyyətin məhdudlaşdırılması məsələsinə gəldikdə, burada münasibət bildirmək üçün bir qədər vaxtımız var. Əlbəttə, bütün səviyyələrdə adekvat işi təmin etmək, bütün hadisələri, bütün əlaqələri izləmək lazımdır. Testləşdirmə vacibdir, ümumiyyətlə, səhiyyə sisteminə adekvat münasibəti təmin etmək lazımdır. Bu, həssas qruplara daha çox aiddir. Hamı üçün əsas xidmətlərin əlçatan olması təmin edilməlidir, əks halda epidemiyanı nəzarətdə saxlamaq çox çətindir, hamı təhlükəli vəziyyətə düşə bilər.
Milli strategiyalar 5 əsas sahədə beynəlxalq səviyyədə dəstəklənməlidir. Biz bu 5 sahəyə birinci dərəcəli əhəmiyyət veririk. Birincisi, adekvat münasibət bildirmək üçün biz potensialı artırmağı çox istəyirik. İkincisi, epidemioloji təhlili və risklər haqqında informasiyanı təmin etmək lazımdır. Daha sonra qlobal təchizatın əlaqələndirilməsi təmin edilməlidir. Növbəti məqam texniki və ekspert köməyi təqdim edilməsi, hər yerdə tibbi qüvvələrin səfərbər olunması və toplanmış biliklərin mübadiləsinin fəallaşdırılması ilə bağlıdır. Bizim strateji planımız var. Yaxın günlərdə onu dərc edəcəyik. Növbəti mərhələdə milli və beynəlxalq strategiyaların reallaşdırılması üçün çox ciddi resurslar lazımdır. Bu çağırışa cavab verənlərin hamısına təşəkkürümü bildirmək istərdim. 800 milyon dollar yardım göstərilməsi elan edilib. Bu, çox yaxşı faktdır.
Azərbaycan hökumətinə və Azərbaycan xalqına da verdikləri töhfəyə görə təşəkkür etmək istəyirəm. Həqiqətən, Azərbaycan 5 milyon dollar ianə verib. Türkiyə də sağ olsun. Avropalı qonşularınıza kömək edir, onlara əsas materiallar göndərirsiniz. Hamınıza təşəkkür etmək istərdim.
Gəlin həmrəylik layihəsində iştirak edək. Gəlin baxaq, hansı metodlar, hansı vasitələr daha səmərəli olub. Bu həmrəylik layihəsində artıq bir sıra ölkələr iştirak edirlər. Pandemiyaya son qoymaq üçün, əlbəttə, əməkdaşlığı və qarşılıqlı fəaliyyəti genişləndirmək lazımdır. Siz isə bunu edə biləcəyinizi göstərdiniz. Biz hamımız birlikdə bu vəziyyətə düşmüşük. Biz hələ uzun bir yol keçməliyik. Prezident Əliyevin indicə dediyi kimi, nə lazımdır – həmrəylik və qətiyyət. Biz bu ümumi təhlükəni birlikdə dəf edəcəyik”.
Prezident İlham Əliyev ÜST-nin koronavirusa qarşı mübarizədə rolunu yüksək qiymətləndirdiyini bir daha qeyd edib: “Sizin rəhbərliyinizlə Ümumdünya Səhiyyə Təşkilatının bütün kollektivinə bu çətin və məsuliyyətli vəzifədə uğurlar arzulayırıq”.
Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev çıxışına tədbirin təşəbbüskarı olan Azərbaycan Prezidentinə minnətdarlıq sözləri ilə başlayıb. Hazırkı Zirvə görüşünün çətin zamanda – pandemiya dövründə keçirildiyini qeyd edən Qazaxıstan dövlətinin başçısı vurğulayıb ki, bütün ölkələr səyləri birləşdirməlidir. Əsas məsələ pandemiyanın yayılmasının qarşısını almaq üçün atılacaq addımları müəyyənləşdirməkdir. Qazaxıstan Prezidenti ölkəsində virusun qarşısının alınması ilə bağlı görülən işlərdən danışıb. Bildirib ki, hazırkı vəziyyət qlobal iqtisadiyyatın inkişaf templərinə mənfi təsir edib, qlobal geosiyasi və iqtisadi vəziyyəti dəyişib.
Qırğızıstan Respublikasının Prezidenti Sooronbay Jeenbekov ilk növbədə koronavirus infeksiyasına qarşı mübarizədə bütün dünyaya uğurlar, tezliklə adi həyata qayıtmaq və dövlətlərimizin firavanlaşmasını arzulayıb, videokonfrans formatında Zirvə görüşü təşəbbüsünə görə Azərbaycan Respublikasının Prezidentinə və Türk Şurasına minnətdarlığını bildirib. Koronavirus infeksiyasının dünyada yayılmasını müasir dövrün ən vacib məsələsi adlandıran Sooronbay Jeenbekov Qırğızıstanda bu xəstəliyə qarşı mübarizədə görülən işlərdən danışıb, ölkəsinin ciddi təhdidlərlə üzləşdiyini, yoluxmuş insanların sayının artdığını söyləyib: “Virusun yayılmasının qarşısını almaq və iqtisadiyyatı dəstəkləmək üçün hər cür tədbir görülür. Vəziyyət tam nəzarətdədir. Fürsətdən istifadə edib Türk Şurasının üzvü olan dövlətlərin – Özbəkistan, Qazaxıstan, Azərbaycan və Türkiyənin rəhbərliyinə bizə göstərdikləri köməyə görə təşəkkürümü bildirmək istəyirəm”.
Koronavirus infeksiyasının dünyada yayılmasının və bunun nəticəsində yaranmış vəziyyətin davamlı xarakter almasının çoxsaylı risklərə səbəb olduğunu bildirən Prezident Sooronbay Jeenbekov pandemiyanın qarşısını almaq üçün birgə səylərin əhəmiyyətinə toxunaraq deyib: “Türk Şurasında Azərbaycanın sədrliyi çox mürəkkəb dövrdə keçir. Ümidvaram ki, biz koronavirusla bağlı problemlərdən uğurla xilas olacaq və Azərbaycanın sədrliyi ilə iqtisadiyyat, ticarət və investisiyalar sahəsində əməkdaşlığı möhkəmlədəcəyik. Ümid edirəm ki, ölkələrimizin əməkdaşlığı səmərəli olacaq və xalqlarımızın həyat səviyyəsinin yaxşılaşmasına şərait yaradacaq”.
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan öz çıxışında Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib, bildirib ki, bütün bəşəriyyət indi görünməz bir düşmənə qarşı çətin müharibə aparır: “Türk Şurasının bu fövqəladə Zirvə görüşü koronavirus pandemiyası ilə mübarizəmizdə aramızdakı həmrəyliyi möhkəmləndirəcək. Türk dünyası olaraq Allahın izni ilə bu çətin dövrdən də güclənərək çıxacağımıza səmimi qəlbdən inanıram”.
Türkiyə Prezidenti koronovirus pandemiyası ilə əlaqədar ölkəsində həyata keçirilən tədbirlərdən danışıb. Qeyd edib ki, bu çətin günlərdə Türkiyə öz qardaşlarının yanında olmağa, onlara yardım etməyə çalışır. Bu baxımdan, Türk Şurası üzvləri arasında da həmrəyliyin nümayiş etdirilməsi məmnunluq doğurur. Rəcəb Tayyib Ərdoğan pandemiyanın dünya iqtisadiyyatına mənfi təsirindən danışıb, onun fəsadlarının azaldılmasının, həmçinin ölkələrimiz arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb.
“Əlbəttə ki, koronovirusla savaşda qalib gələcəyik, bunun ardınca yeni dünya reallığı ilə üz-üzə qalacağıq”, - deyən Türkiyə Prezidenti pandemiyadan sonrakı dövr üçün də hazırlıqların görülməsinin əhəmiyyətinə toxunub.
Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, ilk növbədə, Türk Şurasının videokonfrans formatında növbədənkənar Zirvə görüşünün bütün dünyada böyük narahatlıq doğuran koronavirus pandemiyasının qarşısının alınması kimi olduqca vacib və aktual məsələyə həsr olunduğunu söyləyib, bu görüşün təşəbbüskarı olan Azərbaycan Respublikasının Prezidentinə minnətdarlığını bildirib. Dünyada çox sayda insanın pandemiya ilə bağlı yaranmış vəziyyətdən əziyyət çəkdiyini deyən Özbəkistan Prezidenti virusun yayılma tempi və miqyasına görə misli görülməmiş qlobal böhrana, bütün bəşəriyyət və dünya iqtisadiyyatı üçün çox ciddi təhdidə çevrildiyini vurğulayıb.
Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov görüş iştirakçılarına cansağlığı, dövləti və beynəlxalq fəaliyyətdə uğurlar arzu edib. Sammitin təşkilinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkür edib: “Bu görüş bizə bütün dünya ölkələrinə aid olan qlobal xarakterli məsələləri müzakirə etməyə yaxşı imkan verir. Aydındır ki, bu gün bəşəriyyət geniş coğrafi sahəni əhatə edən ciddi çağırışla üzləşib”.
Hazırkı vəziyyətin bir çox dövlətlərə və xalqların həyatına mənfi təsir göstərdiyini deyən Türkmənistan Prezidenti dünyanı bürümüş bu təhdidə qarşı mübarizədə koordinasiyalı addımların, həmçinin xalqlarımızın humanizm, qarşılıqlı dəstək və həmrəylik nümayiş etdirməsinin əhəmiyyətinə toxunub. Qurbanqulu Berdiməhəmmədov Türkmənistanda koronavirusla mübarizə istiqamətində görülən işlərdən danışıb. Bu vəziyyətdə ticari-iqtisadi əlaqələrin dayanıqlılığını və nəqliyyatın fəaliyyətini təmin etməyin vacibliyini vurğulayıb. “Biz ümumi tarixi olan qardaş ölkələr kimi malik olduğumuz yüksək mənəvi və sosial dəyərləri tam göstərməliyik”, - deyən Türkmənistan Prezidenti bu çətin anların birgə dəf ediləcəyinə, ölkələrimiz arasında əməkdaşlıq və qardaşlıq əlaqələrinin daha da möhkəmlənəcəyinə əminliyini bildirib.
Macarıstanın Baş Naziri Viktor Orban videokonfransa dəvətə və Azərbaycan tərəfindən ölkəsinə göstərilən köməyə görə Prezident İlham Əliyevə, Türkiyənin maska hazırlamaq üçün materiallar göndərdiyinə görə Prezident Ərdoğana təşəkkürünü bildirib. Qeyd edib ki, vaksinin olmaması pandemiyanın ciddi fəsadlar törətməsinə səbəb olacaq. Macarıstan hökumətinin başçısı pandemiyanın qarşısının alınmasında tibbi heyətin, avadanlıqların və qoruyucu vasitələrin əhəmiyyətindən danışıb, pandemiyanın Avropada yaratdığı ağır iqtisadi vəziyyət barədə məlumat verib.
Türk Şurasının Baş katibi Bağdad Amreyev tədbirin yüksək səviyyədə təşkilinə görə Türk Şurasının fəaliyyətdə olan sədri – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə dərin hörmət və ehtiramını bildirib.
Pandemiyanın türkdilli ölkələrə də təsir etdiyini deyən Baş katib xoşbəxtlikdən dünyanın başqa yerlərinə nisbətən vəziyyətin o qədər də faciəvi olmadığını söyləyib: “Bu onun nəticəsidir ki, virusla mübarizədə sizin qabaqlayıcı tədbirləriniz, qətiyyətli qərarlarınız daha böyük faciələrin qarşısını almağa imkan verdi. Bizim ölkələrimiz bir-birinə humanitar yardım göstərdi, o cümlədən tibbi avadanlığın və maskaların, qoruyucu eynəklərin və əlcəklərin, test dəstlərinin verilməsi baxımından. Xüsusən də vətəndaşların evakuasiyası ictimaiyyət tərəfindən müsbət qarşılandı. Bu vəziyyət göstərdi ki, Türk Şurası çərçivəsində səhiyyə sahəsində əməkdaşlığı genişləndirmək vacibdir”.
Bağdad Amreyev pandemiyadan sonra dünyada yaranacaq iqtisadi böhranın qarşısının alınmasında Türk Şurasına üzv ölkələrin qarşılıqlı birgə fəaliyyətinin gücləndirilməsinin əhəmiyyətindən danışıb, qeyd edib ki, Türk Şurasının Bakı Bəyannaməsində əksini tapan birgə investisiya fondu yaratmaq barədə qərarın icrası böhrandan sonrakı dövrdə iqtisadiyyatların bərpasında mühüm rol oynaya bilər.
Zirvə görüşünün yekununda bir daha çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev deyib: “Əminəm ki, bu gün çıxışlarda səslənən dəyərli fikirlər və təkliflər koronavirus xəstəliyinə qarşı bizim birgə mübarizəmizi daha da gücləndirəcəkdir. Eyni zamanda, bu xəstəliyin mənfi təsirlərinin aradan qaldırılması üçün pandemiyadan sonrakı dövrdə iqtisadiyyat, ticarət, nəqliyyat və digər sahələrdə əməkdaşlıq üzrə səylərimizi daha da artırmağımız zəruridir.
Bizim həmrəyliyimiz və birliyimiz nümunəvi xarakter daşıyır. Bu onu göstərir ki, biz yalnız xoş günlərdə deyil, çətin günlərdə də bir-birimizin yanındayıq. …Ümidvaram ki, koronavirusla mübarizədə qalib gələcəyik və bu ağır vəziyyətdən az itkilərlə çıxacağıq”.
Zirvə görüşünün nəticələrinə əsasən Yekun Bəyannaməsi qəbul edilib.шаблоны для dle 11.2





]Avqust

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova