Valyuta.com

Prezident İlham Əliyev tibbi maska istehsalı müəssisəsinin açılışında iştirak edib

Prezident İlham Əliyev tibbi maska istehsalı müəssisəsinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışında iştirak ediblər.
Koronavirus pandemiyası ilə əlaqədar tələbatın kəskin artması səbəbindən bütün ölkələrdə tibbi ləvazimat və qoruyucu vasitələrin, o cümlədən maskanın böyük qıtlığı yaşanır. İstehsalçı ölkələr tibbi maska ixracını dayandırmaqla yanaşı, istehsal avadanlığı və xammalın ixracını da saxlayıblar. Koronavirus pandemiyasının qarşısının alınması ilə bağlı Azərbaycanda həyata keçirilən bütün işləri diqqət mərkəzində saxlayan Prezident İlham Əliyevin tapşırığına əsasən, aidiyyətli dövlət qurumları qısa müddətdə tibbi maska istehsalı avadanlığının və xammalın Azərbaycana gətirilməsinə nail olublar.
İqtisadiyyat naziri Mikayıl Cabbarov və “Bakı Tekstil Fabriki”nin rəhbəri Səkinə Babayeva dövlət başçısına və birinci xanıma müəssisə haqqında məlumat veriblər. Bildirilib ki, “Bakı Tekstil Fabriki” tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsi Sumqayıt Kimya Sənaye Parkının ərazisində müvafiq yerlə təmin edilib, ona Sənaye Parkının rezidenti statusu verilib. İstehsalçıya İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu vasitəsilə 1,2 milyon manat güzəştli kredit ayrılıb. Tibbi maskaların qablaşdırılması üçün xüsusi qutular da yerli istehsaldır. Tibbi maska istehsalı üçün Türkiyədən gətirilmiş müasir avadanlıq qısa müddətdə quraşdırılıb. 30-dan çox yeni iş yerinin yaradıldığı müəssisədə istehsal prosesi üçnövbəlidir. Burada İSO beynəlxalq standartlarına uyğun xammaldan istifadə olunmaqla birinci mərhələdə hər gün 120 min tibbi maska istehsal ediləcək. Maskalar qablaşdırıldıqdan sonra xüsusi avadanlıqla əlavə olaraq sterilləşdiriləcək. Yaxın günlərdə daha bir istehsal xətti qurulacaq və ikinci mərhələdə istehsal həcmi 2 dəfə artırılaraq, gündəlik istehsal 200-250 min tibbi maskaya çatdırılacaq. Müəssisənin məhsulları ilkin olaraq daxili bazarda tələbatı ödəməyə yönəldiləcək.
Dövlət başçısına və birinci xanıma Azərbaycanda istehsal olunan tibbi spirt, dezinfeksiya məhsulları və qoruyucu vasitələr barədə də məlumat verilib. Bildirilib ki, spirt məhsulunun qablaşdırılması və daşınması üçün müxtəlif həcmli qablar da yerli istehsaldır. Hazırda 6 şirkət dezinfeksiyaedici məhlullar istehsal edir.
Sonra Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən STEAM-Azərbaycan layihəsi çərçivəsində tibbi heyətin koronavirusdan qorunmaq üçün istifadəsi məqsədilə 3D printerlərlə çap olunan “üz sipəri” maskası və bir çox tibbi cihaz və avadanlıqların müxtəlif detallarının sınaq istehsalı haqqında məlumat verilib. Hazırda gün ərzində 150 ədəd bu cür maska istehsal olunur.
Müəssisə ilə tanışlıqdan sonra Prezident İlham Əliyev Azərbaycan xalqına müraciət edib.
Dövlət başçısı ölkəmizdə tibbi maska istehsalına başlanmasını çox əlamətdar hadisə adlandırıb, indi dünyanın bir çox ölkələrində, o cümlədən Azərbaycanda tibbi maska çatışmazlığının olduğunu deyib. Qeyd edib ki, biz bu sahədə daim idxaldan asılı idik. Amma indiki şəraiti nəzərə alaraq qısa müddətdə, cəmi iki həftə ərzində yerli istehsal təşkil edilib, yeni müasir istehsalat sahəsi yaradılıb və bu bizə özümüzü tibbi maskalarla böyük dərəcədə təmin etmək imkanı verəcək. Koronavirusla mübarizə başa çatandan sonra da Azərbaycan artıq idxaldan asılı olmayacaq.
Eyni zamanda, Azərbaycanda dezinfeksiya vasitələrinin istehsalı da qısa müddət ərzində ərsəyə gəlib. Ölkəmizdə olan bir neçə spirt zavodunda dezinfeksiya vasitələri istehsal edilməyə başlanıb və artıq satışa verilir. Beləliklə, mübarizəni daha da səmərəli şəkildə aparmaq üçün vətəndaşlara lazım olan tibbi maskalar və dezinfeksiya vasitələri bu gün artıq bazara təqdim edilir. Prezident İlham Əliyev bu sahədə süni qiymət artımı məsələsinə toxunub, bildirib ki, bu hallara qətiyyən yol vermək olmaz: “Əgər süni qiymət artımı olarsa, bu işdə əli olan şəxslər ciddi cəzalandırılacaq. Çünki indiki pandemiya şəraitində belə addımlar xəyanət kimi qəbul ediləcək”.
Ölkə rəhbəri qeyd edib ki, son illərdə yüzlərlə sənaye müəssisəsi açılsa da, bu istehsalat sahəsi xüsusi əhəmiyyət daşıyır: “Çünki bu gün Azərbaycanda istehsal olunan tibbi maskalar və dezinfeksiya vasitələri insanlarımızı qoruyacaq. Bizim də əsas məqsədimiz ondan ibarətdir ki, insanlar bu xəstəliyə yoluxmasın, insanların sağlamlığı təmin edilsin və buna nail olmaq üçün bütün tədbirlər görülür.
Qabaqlayıcı tədbirlərin görülməsi nəticəsində Azərbaycanda hazırda koronavirus xəstəliyinin yayılması geniş vüsət almayıb. Dünyanın inkişaf etmiş ölkələrində gündə yüzlərlə insan vəfat edir və heç bir ölkənin səhiyyə sistemi bu artan xəstələrin müalicəsini tam təşkil edə bilmir. Bu bizim üçün də bir dərs olmalıdır. Ona görə Azərbaycanda qabaqlayıcı tədbirlərin görülməsi və vəziyyətə uyğun şəkildə bu addımların atılması bir məqsədi güdürdü ki, biz insanların həyatını, sağlamlığını qoruyaq və bu xəstəliyin Azərbaycanda geniş vüsət almasına imkan verməyək. Bu günə qədər görülmüş bütün tədbirlər öz səmərəsini verdi. Bircə onu demək kifayətdir ki, Azərbaycanda bu günə qədər 45 min test keçirilib. İndi müxtəlif internet resurslarında bütün ölkələrdə həm xəstələrin sayı, həm ölüm hallarının sayı, eyni zamanda, keçirilmiş testlərin sayı göstərilir. Hər bir insan o saytlara girib baxa bilər. Azərbaycan dünyada aparıcı ölkələrdəndir ki, bu qədər test keçirib. Bu bizə imkan verdi ki, xəstəliyi müəyyən edək, xəstə insanlara operativ tibbi xidmət göstərək və eyni zamanda, özümüzü böyük bəladan qoruya bilək. Bu günə qədər biz buna müvəffəq olmuşuq. Eyni zamanda, operativ tədbirlərin görülməsi və vəziyyətə uyğun addımların atılması öz səmərəsini göstərmişdir”.
“Biz həm milli birlik, həm həmrəylik nümayiş etdirmişik və məsuliyyət də nümayiş etdirməliyik”, - deyən Prezident İlham Əliyev ciddi karantin rejimi şəraitində nizam-intizamın vacibliyini vurğulayıb: “Əminəm ki, vətəndaşlar bu qaydalara tam əməl edəcəklər və beləliklə, xəstəlik geniş vüsət almayacaq, biz bu vəziyyətdən az itkilərlə çıxa biləcəyik”.
Dövlət başçısı hazırda 20-dən çox xəstəxanada koronavirus xəstələrinin müalicə edildiyini, onların arasında martın əvvəlində istifadəyə verilmiş, ən müasir xəstəxana olan “Yeni klinika”nın, bu il bölgələrdə açılmış Qazax, Goranboy və Şəmkir rayon mərkəzi xəstəxanalarının da olduğunu deyib: “Beləliklə, cəmi bir ay ərzində mindən çox çarpayılıq, ən müasir standartlara uyğun tibbi müəssisələr istifadəyə verildi və orada koronavirus xəstələri müalicə alırlar”.
Azərbaycan Prezidenti bildirib ki, dövlətimizin və sahibkarların operativ fəaliyyəti sayəsində yaxın zamanlarda Bakıda və bir neçə bölgədə yeni texnologiyalar əsasında, yığma üsulu ilə müasir xəstəxanalar inşa ediləcək və avadanlıqla təchiz olunacaq. Hər biri 200 çarpayılıq belə xəstəxanaların ölkəmizdə qısa müddətdə qurulması bu mübarizədə bizə əlavə imkan verəcək: “Vaxt amili, həkimlərin peşəkarlığı, bizim imkanlarımız – bütün bu amillərin vəhdəti bu gün imkan verir ki, Azərbaycan hələ də az itkilərlə bu vəziyyətdən çıxır”.
Prezident İlham Əliyev söyləyib ki, xaricdə yaşayan və xaricdə olan Azərbaycan vətəndaşlarının ölkəmizə gətirilməsi istiqamətində atılan operativ addımlar nəticəsində böyük nailiyyətlər əldə edilib. Bu günə qədər 15 minə yaxın Azərbaycan vətəndaşı xarici ölkələrdən təxliyə olunub və onların böyük əksəriyyəti karantinə yerləşdirilib. Hazırda karantində qalan vətəndaşların sayı 4500-dür. Karantin üçün ən məqbul yerlər müəyyən edilib. Karantin rejimində olan insanlara gündəlik yemək verilir, onlar tibbi müayinədən keçirlər. Onların mütləq əksəriyyəti yaradılmış vəziyyətdən çox razıdırlar, dövlətə və həkimlərə minnətdarlıqlarını bildirirlər: “Bir sözlə, Azərbaycan dövləti bu ciddi vəziyyətlə üzləşərək yenə də öz gücünü göstərdi. Onu göstərdi ki, bizim əsas vəzifəmiz xalqımızı, dövlətimizi qorumaqdır. Buna nail olmaq üçün istənilən addımların atılması mümkündür və biz bunu edirik. Operativ tədbirlər nəticəsində imkan vermədik ki, bu bəla ölkədə geniş vüsət alsın”.
Müraciətinin sonunda dövlət başçısı əhaliyə çağırış edib: “İnsanların sağlamlığı, təhlükəsizliyi, rahatlığı və rifahı bizim üçün hər şeydən üstündür. Biz bunu bir daha nümayiş etdiririk. Bütün Azərbaycan vətəndaşlarına bir daha çağırış edib demək istəyirəm: Məsuliyyətli olun, nizam-intizamı, qaydaları pozmayın, özünüzü, uşaqlarınızı, yaxınlarınızı qoruyun ki, biz bu ağır vəziyyətdən az itkilərlə çıxa bilək! Biz birlikdə güclüyük!”шаблоны для dle 11.2





Aprel

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova