Valyuta.com

Azərbaycan Prezidenti: “Əminəm ki, biz birlikdə bütün sınaqlardan üzüağ çıxacağıq”

Azərbaycan Prezidenti: “Əminəm ki, biz birlikdə bütün sınaqlardan üzüağ çıxacağıq”

Azərbaycan dövləti tərəfindən koronavirusa görə görülən bütün tədbirlər xalqın sağlamlığını, ölkəmizin təhlükəsizliyini təmin etmək üçündür. Ona görə hər bir vətəndaş öz məsuliyyətini dərk etməlidir. Yaşlı nəslin nümayəndələrinə xüsusi diqqət göstərilməlidir. Yaşlılara hörmət Azərbaycan cəmiyyətinin əsas sütunlarından biridir, biz bu dəyərləri bundan sonra da qorumalıyıq. Ancaq indiki şəraitdə yaşlı nəslin nümayəndələrinə xüsusi diqqət, sözdə yox, əməldə hörmət göstərilməlidir. Çünki bu xəstəliklə bağlı ən ağır fəsadlar məhz yaşlılarda müşahidə olunur. Əminəm ki, biz dünyanı bürümüş, pandemiya halına çevrilmiş bu xəstəliyə qarşı birlikdə mübarizə aparacağıq və bu mübarizə öz nəticəsini verəcəkdir.
Bu fikirləri Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikində söyləyib.
Bütün həmvətənləri Novruz bayramı münasibətilə təbrik edəndövlət başçısı Azərbaycan xalqına cansağlığı, xoşbəxtlik arzulayıb,bildirib ki, bu il sosial sahədə böyük işlərin görülməsi nəzərdə tutulur: “İlin əvvəlindən üç böyük xəstəxana mənim iştirakımla açılmışdır - Goranboy, Şəmkir və Qazax şəhərlərində. Yenə də xəstəxanaların açılması nəzərdə tutulur və sosial infrastrukturun yaradılması istiqamətində işlər aparılacaqdır. Baxmayaraq ki, dünya bazarlarında neftin qiyməti kəskin aşağı düşdü, bizim bütün sosial öhdəliklərimiz təmin ediləcək. Baxmayaraq ki, keçən il görülmüş tədbirlər və qəbul edilmiş qərarlar nəticəsində bizim sosial sahəyə nəzərdə tutulan büdcə xərclərimiz kifayət qədər artmışdır, ancaq bütün sosial öhdəliklər yerinə yetiriləcək və bütün sosial infrastruktur layihələri tam icra ediləcək.
Koronavirus xəstəliyi, əlbəttə ki, vəziyyəti çətinləşdirir. Bütün bunlara baxmayaraq, hesab edirəm ki, Azərbaycan bu sınaqdan da şərəflə və az itkilərlə çıxacaq. Buna nail olmaq üçün biz hamımız həmrəylik göstərməliyik, məsuliyyət göstərməliyik, birlik göstərməliyik. Dünya üçün bu çətin dövrdə həm xalqımızı, həm dövlətimizi qorumaq üçün xalqımızın ən ülvi xüsusiyyətlərini bir daha göstərməliyik və bunu dünyaya təqdim etməliyik.
Bildiyiniz kimi, koronavirus xəstəliyi dünya gündəliyinin bir nömrəli məsələsidir. Artıq Ümumdünya Səhiyyə Təşkilatı pandemiya elan edibdir və bəyan edibdir ki, pandemiyanın mərkəzi Avropa məkanıdır. Bu xəstəliyin geniş yayılması onu göstərir ki, hətta inkişaf etmiş ölkələr onun qarşısını ala bilmirlər. Bu xəstəliyə qarşı heç bir dərman, vaksin yoxdur və nə vaxt olacaq, heç kim bilmir. Ona görə bu xəstəliyin məhdudlaşdırılması və yayılmaması üçün biz bəri başdan, ən ilk günlərdən praktik addımlar atmağa başlamışıq. Mənim göstərişimlə yanvarın 24-dən Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılmışdır. Bu qərargah 24 saat işləyir, bütün dövlət qurumlarının fəaliyyətinə rəhbərlik edir, xəstəliklə bağlı bütün işləri nəzarətdə saxlayır və bu işləri əlaqələndirir. Ciddi tədbirlər görülmüşdür. Biz Ümumdünya Səhiyyə Təşkilatı ilə yanvarın 24-dən yeni əməkdaşlıq formatı çərçivəsində işləməyə başlamışıq. Onları ölkəmizə dəvət etmişik. Onların tövsiyələrinə riayət edərək ölkəmizdə çox ciddi tədbirlər görmüşük. Təsadüfi deyil ki, Ümumdünya Səhiyyə Təşkilatının nümayəndələri mart ayında Azərbaycana gələrək, vəziyyətlə tanış olaraq bildirdilər ki, Azərbaycan rəhbərliyi koronavirusun yayılmaması üçün çox önəmli və təsirli tədbirlər görür. Bu, həqiqətən də belədir”.
Prezident İlham Əliyev koronavirus epidemiyası ilə bağlı ölkədə görülən tədbirlərdən də danışıb. Bildirib ki, onun göstərişinə əsasən xəstəliklə, onun yayılması və nəticələri ilə bağlı vətəndaşlara müntəzəm olaraq bütün məlumatlar verilir:“Karantin tədbirləri görülür.Yeni laboratoriyalar alınıbdır. Qısa müddət ərzində ən müasir dörd laboratoriya alınıb gətirilib və hazırda bizim laboratoriyalarımızın sayı 10-a çatıb. Lazım olarsa, əlavə laboratoriyalar alınacaqdır. On xəstəxana xüsusi rejimdə işləyir. Bu xəstəxanalar ölkəmizin müxtəlif bölgələrində yerləşir, o cümlədən Bakı şəhərində. Bu xəstəxanalarda həm xəstələrin müalicəsi aparılır və həm də karantin tədbirləri görülür”.
Dövlət başçısı bütün bu tədbirlərin öz müsbət təsirini göstərəcəyinəəminliyini bildirib:“Bizim əsas məqsədimiz bu xəstəliyin Azərbaycanda yayılmamasıdır. Buna nail olmaq üçün təkcə dövlət tərəfindən görülən tədbirlər kifayət deyil. Dövlət nə lazımsa edir, vəsait ayırır. Martın əvvəlində bu xəstəliklə mübarizə üçün 10 milyon manat vəsait ayrıldı. Bu gün bəyan edirəm, Prezidentin ehtiyat fondundan əlavə 20 milyon manat ayrılacaq ki, həm bu xəstəliyə qarşı mübarizə daha təsirli olsun, eyni zamanda, koronavirus xəstələrinə qulluq edən həkimlərin maddi təminatı daha da yüksək olsun. Biz bunu da nəzərə alırıq. Mən bir daha Azərbaycan həkimlərinə öz təşəkkürümü bildirmək istəyirəm. Onlar bu xəstəliyə qarşı fədakarcasına mübarizə aparırlar, öz sağlamlıqlarını risk altına atırlar. Ancaq yüksək məsuliyyət, içdikləri and, əlbəttə ki, onları bu işlərə sövq edir. Xəstələr də həkimlərə böyük diqqətlə yanaşmalıdırlar. Bu indiyədək dünyada görünməmiş xəstəlikdir və bu xəstəliyin yayılması templəri də bizə bəlli deyil. İnkişaf etmiş bir neçə ölkədə artıq bu xəstəlik bir-iki gün ərzində geniş vüsət alır. Bu onu göstərir ki, xəstəliyin sanki akkumulyasiya dövrü vardır, ondan sonra bu xəstəlik geniş yayılır. Bu xəstəliyin yayılmaması üçün ilk növbədə, bütün dövlət tədbirləri ilə yanaşı, vətəndaşlar da məsuliyyətli olmalıdırlar. Əgər kimsə özündə xəstəlik simptomu hiss edərsə, dərhal həkimlərə müraciət etməlidir, dərhal özünü təcrid etməlidir, kütləvi yerlərə getməməlidir, lazım olmadan kütləvi tədbirlərdə iştirak etməməlidir. Bu tədbirlər artıq ləğv olunub, amma istisna deyil ki, hansısa məsuliyyətsiz adamlar qaydalara uyğun olmayan hərəkətlər etsinlər. Mən bəri başdan hər kəsi xəbərdar etmək istəyirəm, ciddi tədbirlər görüləcək. Çünki bu, milli məsələdir, xalqımızın sağlamlığıdır, dövlətimizin təhlükəsizliyidir”.
Ölkə rəhbəri vurğulayıb ki, əgər kimsə elan olunmuş qaydalara əməl etməsə, çox ciddi məsuliyyətə cəlb olunacaq. O təəssüflə qeyd edib ki, bu sahədə məsuliyyətsizliklə əlaqədar faktlar, hətta açıq təxribat halları da olur:“Bu xəstəlik hələ bilinmir nəyə gətirib çıxaracaq. Ona görə bu xəstəlik dövründə tamamilə yeni münasibətlər qaydaları mövcud olacaqdır. Hər kəs bunu bilsin və istisna edilmir ki, nə vaxtsa fövqəladə vəziyyət də elan oluna bilər. ...Biz hər zaman olduğu kimi, Azərbaycan xalqının problemlərini həll edirik və həll edəcəyik. İndiki vəziyyətdə, koronavirus dövründə Azərbaycan dövlətinin addımları bir daha onu göstərir ki, bizim üçün Azərbaycan xalqının sağlamlığı, təhlükəsizliyi, rifahı hər şeydən üstündür və buna nail olmaq üçün biz istənilən addıma gedəcəyik. Heç kimin bu məsələ ilə bağlı şübhəsi olmasın”.
Dünyanın yeni dövrə qədəm qoyduğunu vurğulayan Prezident bildirib: “Bu dövrün xüsusiyyəti ondan ibarətdir ki, bilinmir bu xəstəliyin sonu nə vaxt olacaq və bu xəstəlik hansı fəsadlara gətirib çıxaracaq. Ona görə bir daha bütün Azərbaycan xalqını həmrəyliyə, məsuliyyətə dəvət edirəm. Əminəm ki, biz birlikdə bütün sınaqlardan üzüağ çıxacağıq”.
Çıxışının sonunda Prezident İlham Əliyev bir daha Azərbaycan xalqını bayram münasibətilə təbrik edib, hər bir Azərbaycan vətəndaşına cansağlığı, uzun ömür, xoşbəxtlik arzulayıb.шаблоны для dle 11.2





]Oktyabr-Noyabr

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova