Valyuta.com

Prezident İlham Əliyev: “Azərbaycan həkimləri böyük qəhrəmanlıq göstərirlər”

Prezident İlham Əliyev: “Azərbaycan həkimləri böyük qəhrəmanlıq göstərirlər”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Mənzil İnşaatı Dövlət Agentliyinin ikinci layihəsi olan Hövsan yaşayış kompleksinin açılışında iştirak ediblər.

Dövlət başçısına və birinci xanıma Suraxanı rayonunun Hövsan qəsəbəsində salınan bu kompleks, həmçinin Yasamal yaşayış kompleksinin ikinci mərhələsi, Gəncə və Sumqayıt şəhərlərində reallaşdırılan layihələr barədə məlumat verilib.

Hövsan yaşayış kompleksi ilə tanışlıqdan sonra Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib.

Dövlət başçısı bildirib ki, neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, Azərbaycan öz sosial siyasətini uğurla davam etdirir, bu il və bundan sonrakı illərdə bütün sosial öhdəliklər yerinə yetiriləcək. Təməli 3 il bundan əvvəl qoyulmuş bu kompleksdə işlər uğurla aparılıb, 3 minə yaxın mənzil, 2 min şagird yerlik böyük məktəb binası, 2 uşaq bağçası, poliklinika tikilib. Bütövlükdə sosial siyasətə gəlincə, güclü iqtisadiyyat imkan verir ki, sosial sahədə bəyan olunan bütün layihələr və proqramlar icra edilsin.

Dünyanı bürümüş koronavirus pandemiyası, Azərbaycanda onun qarşısının alınması istiqamətində görülən tədbirlər haqqında suala cavab olaraq, Prezident İlham Əliyev söyləyib ki, biz qabaqlayıcı tədbirlərin görülməsi sayəsində bu günə qədər vəziyyəti nəzarətdə saxlayırıq: “Halbuki dünyada gedən proseslər hər birimizə bəllidir və hətta inkişaf etmiş ölkələrin böyük şəhərlərində bu pandemiya çox faciəvi nəticələrə gətirib çıxarıb. Bəzi ölkələrdə gündə yüzlərlə - 500-600 insan vəfat edir. Yəni bu onu göstərir ki, hətta ən inkişaf etmiş ölkələr bu vəziyyətlə bağlı özlərini tam sığortalanmış hesab edə bilmirlər. Ona görə bizim tərəfdən qəbul edilmiş çox konkret qərarlar və yol xəritəsi, hesab edirəm ki, bu gün vəziyyəti nəzarətdə saxlamağa imkan yaradır. Biz bəri başdan bu məsələyə çox ciddi fikir verməyə başlamışdıq. Hətta bu xəstəlik bizdən uzaqlarda yayılanda da artıq hazırlıq işlərinə başlamışdıq. Bildiyiniz kimi, dərhal Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı. Bu qərargah 24 saat fəaliyyət göstərir və bütün görülmüş tədbirlər haqqında vətəndaşlara mənim göstərişimlə müntəzəm olaraq məlumatlar verilir. Eyni zamanda, biz Ümumdünya Səhiyyə Təşkilatı ilə bilavasitə təmasdayıq. Bizim dəvətimizlə bu təşkilatın nümayəndələri Azərbaycana səfərə gələrək vəziyyətlə tanış olmuşlar. Onlar Azərbaycan hökuməti tərəfindən görülmüş işlərə yüksək qiymət vermişlər. Əlbəttə, onların tövsiyələri bizim üçün vacibdir. Bizim qəbul etdiyimiz qərarların bir çoxu onların tövsiyələrinə, təcrübəsinə və bu gün pandemiyanın geniş yayıldığı ölkələrin mənfi təcrübəsinə əsaslanır. Yəni biz o səhvləri təkrarlamamalıyıq və təkrarlamırıq. Bizim bütün quru sərhədlərimiz dərhal bağlandı, eyni zamanda, xaricdə qalan Azərbaycan vətəndaşlarının təxliyə edilməsi üçün əməli addımlar atıldı. Bu günə qədər on min Azərbaycan vətəndaşı vətənə qaytarıldı. Aviareyslərin sayı kəskin aşağı düşdü, demək olar ki, indi çox aşağı səviyyədə aviareyslər icra edilir və bu da önləyici tədbirlərin bir hissəsidir.

Biz yeni laboratoriyalar almışıq. Yəqin, hər kəs bilir ki, tibbi ləvazimat və avadanlıq almaq da problemə çevrilib. Çünki bütün ölkələr bunu almaq istəyirlər. İstehsalçıların sayı o qədər də böyük deyil. Ona görə biz bu laboratoriyaları vaxtında almaqla, testləri gətirməklə daha böyük imkanlara nail olduq. Ondan çox xəstəxana həm karantin rejimi, həm bu xəstəliyə yoluxmuş insanların müalicəsi üçün ayrıldı. Bu xəstəxanalar həm Bakı şəhərində, həm də ölkəmizin müxtəlif bölgələrində yerləşir. Artıq uzun müddətdir ki, məktəblər, uşaq bağçaları, ali məktəblər bağlanıbdır. İctimai iaşə obyektlərinin iş qrafiki məhdudlaşdırılıbdır. Bütün bu tədbirlər haqqında danışmaq çox vaxt aparar, hər halda, müntəzəm olaraq bu barədə məlumat verilir.

Xəstələrə qulluq edən həkimlərin maddi vəziyyətinin yaxşılaşdırılması və onların əməyinə layiqli qiymətin verilməsi üçün əməkhaqlarının artırılması məsələsi həll olunub. Onlar maaşın 3-5 mislini alacaqlar və artıq göstərişlər verilib, vəsait də ayrılıb. Fürsətdən istifadə edərək, Azərbaycan həkimlərinə bir daha minnətdarlığımı bildirmək istəyirəm. Onlar doğrudan da böyük qəhrəmanlıq göstərirlər, öz həyatlarını, sağlamlıqlarını risk altına atırlar, ancaq öz vəzifə borcunu şərəflə yerinə yetirirlər. Mən bütün vətəndaşları həkimlərə dəstək olmağa çağırıram. O cümlədən bu xəstəliyə yoluxmuş insanlara da, - biz, əlbəttə, başa düşürük ki, onların həm fiziki, həm də psixoloji vəziyyəti bu xəstəliyin təsiri altındadır, - müraciət edərək, həkimlərə qarşı diqqətli olmalarını tövsiyə edərdim.

Yəni bütün tədbirlər görüldü. Hesab edirəm ki, martın 14-də və dünən elan edilmiş əlavə məhdudlaşdırıcı tədbirlər vaxtında atılmış addımlardır. Çünki biz addımlarımızı yaranmış vəziyyətə uyğun atırıq. Eyni zamanda, biz vəziyyətin mənfi istiqamətdə inkişafının qarşısının alınması üçün də bu qabaqlayıcı tədbirləri görməklə özümüzü qoruyuruq. Biz dövlətimizi, xalqımızı, insanlarımızı, xüsusilə yaşlı insanları qorumalıyıq. Onların da hərəkətlərinə müəyyən məhdudiyyət qoyulubdur. Hesab edirəm ki, bu da anlaşılan məsələdir. Çünki ən riskli qrup yaşlı insanlardır.

Yaşlı tənha insanların təminatını təchiz etmək üçün mənim göstərişimlə sosial işçilərin səfərbərliyi nəzərdə tutulur və onlar bu işi görəcəklər. Eyni zamanda, fürsətdən istifadə edərək, çoxminli könüllülər ordusuna da müraciət etmək istəyirəm. Hesab edirəm ki, bizim könüllülərimiz də bu işlərə qoşulmalıdırlar, Operativ Qərargahla təmas saxlamalı, Əmək və Əhalinin Sosial Müdafiəsi azirliyi ilə əlaqədə olmalıdırlar. Hər halda, nazirliyə də göstəriş verilib ki, yaşlı insanlara onların yaşadıqları yerlərdə xidmətlər göstərilsin - istər dərman preparatları olsun, istərsə də ərzaq - biz tənha vəziyyətdə yaşayan yaşlı insanları qoruyaq.

Hesab edirəm ki, xalqımızın adət-ənənələri, milli dəyərləri bizə bu virusla mübarizədə kömək edəcək. Çünki yaşlı insanlara həmişə böyük hörmət göstərilir. Yaşlı insanlar nadir hallarda tənha yaşayırlar. Azərbaycanda belə insanların sayı çox deyil, təqribən bir neçə min nəfərdir. Ancaq onların da təminatı nəzərdə tutulacaqdır.

Bir sözlə, hesab edirəm ki, bu günə qədər görülmüş bütün işlər vaxtında və düzgün istiqamətdə atılmış addımlardır. Dövlət əlindən gələni edir və edəcək. Ancaq bu faciəvi xəstəliyə qarşı mübarizədə vətəndaşlardan da çox şey asılıdır. Mən vətəndaşları bir daha məsuliyyətə çağırıram ki, onlar yeni qaydalara, xüsusi karantin rejiminə riayət etsinlər, bu məsələni çox ciddi qəbul etsinlər. Bilsinlər ki, həm özlərinin, həm də yaxınlarının sağlamlığı onların əlindədir. Dövlət nə mümkündürsə, edir. Ancaq vətəndaşların məsuliyyəti, nizam-intizamı bu məsələ ilə bağlı mübarizəmizi daha da məqsədyönlü və uğurlu edəcəkdir”.

Dövlət başçısına onun Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fondu barədə sual verilib. Qeyd olunub ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva birillik əməkhaqqını həmin fonda ianə ediblər. Artıq ayrı-ayrı şəxslər və digər qurumlar da həmin fonda pul vəsaiti köçürürlər.

Ölkə rəhbəri vurğulayıb ki, Azərbaycan bu sahədə də birincilik göstərib: “Mənə bu gün səhər verilən məlumata görə, bəzi başqa ölkələrdə də buna oxşar fondlar yaradılır. Biz buna ancaq sevinə bilərik. Çünki bu, birinci dəfə deyil ki, Azərbaycan tərəfindən irəli sürülmüş təşəbbüslər sonra başqa ölkələr tərəfindən də əsas götürülərək, eyni addımların atılmasına gətirib çıxarır.

Fondun yaradılmasının əsas məqsədi milli həmrəyliyi daha da gücləndirməkdir. Sirr deyil ki, bu gün Azərbaycan dövləti güclü dövlətdir və bizim kifayət qədər böyük maliyyə imkanlarımız var. Bax, bu gözəl şəhərsalma layihəsi bunun əyani təzahürüdür. Böyük vəsait tələb edən bir çox işlər görülür. Fondun yaradılmasının əsas məqsədi ondan ibarətdir ki, hər bir vətəndaş imkan daxilində öz vətəndaş mövqeyini göstərsin, həmrəylik göstərsin, cəmiyyətimizin əsas sütunlarından biri olan həmrəylik və mərhəmət bir daha özünü büruzə versin. Biz həm özümüzə, həm də bütün dünyaya göstərək ki, biz böyük xalqıq.

Şadam ki, qısa müddət ərzində bu fonda verilən ianələr artıq böyük rəqəmlərə gəlib çatıbdır. Fond yarandıqda Prezidentin ehtiyat fondundan 20 milyon manat ayrılıb. Fond bir neçə gündür ki, artıq o ianələri qəbul etməyə başlamışdır. Ancaq dünən axşam mənə verilən məlumata görə, Fondda artıq 60 milyon manat vəsait yığılıbdır. Bu, xalqımızın nə qədər böyük və yüksək keyfiyyətlərə malik olduğunu bir daha göstərir.

Mənim göstərişimlə “koronavirusinfo.az” saytında bütün vətəndaşların və şirkətlərin adları, onların ianələrinin məbləği göstərilir, özü də əlifba sırası ilə. Biz hamımız bərabərik və vəsaitdən asılı olmayaraq, bütün insanların, bütün şirkətlərin adları əlifba sırası ilə dərc edilir.

Fürsətdən istifadə edərək, bu günə qədər Fonda ianə vermiş bütün insanlara, bütün şirkətlərə dərin minnətdarlığımı bildirirəm. Bu, bir daha bizim birliyimizi, gücümüzü göstərir və onu göstərir ki, biz birgə səylərlə bu xəstəliyə qalib gələcəyik”.

Müsahibəsinin sonunda Prezident İlham Əliyev koronavirus pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirləri nəzərdə tutan Sərəncam haqqında da danışıb. Bildirib ki, bu sənədə əsasən bir milyard manatın ayrılmasının əsas məqsədi xəstəlikdən və onun fəsadlarından əziyyət çəkmiş sahibkarlara dövlətin maliyyə dəstəyi göstərməsidir. Dövlət başçısı bütün sahibkarlara çağırış edib ki, işçiləri ixtisar etməsinlər. Çünki indiki şəraitdə bunu etmək həmrəylik təşəbbüsünə zidd ola bilər: “Dövlət tərəfindən görülmüş bütün işlər bir məqsədi güdür ki, biz bu ağır, çətin vəziyyətdən az itkilərlə çıxaq. Ancaq, eyni zamanda, hər bir vətəndaş bilməlidir və Avropanın aparıcı ölkələrinin təcrübəsi göstərir ki, əgər burada hökumətlə vətəndaşlar arasında birlik olmasa, biz bu xəstəliyin acı fəsadlarını yaşamalı olacağıq. Biz bu günə qədər həmişə xalq-iqtidar birliyinin hesabına inkişafa nail olmuşuq. Bu gün Azərbaycanın əsas təkanverici qüvvəsi xalq-iqtidar birliyidir. Çünki bizim siyasətimiz xalq tərəfindən həmişə dəstəklənib və bu dəstəyi biz bu gün də görürük. Vətəndaşlardan yalnız və yalnız məsuliyyət tələb edirik. Xahiş edirik, məsuliyyətli olun, öz yaxınlarınıza arxa olun, dayaq olun, yaşlı nəslin nümayəndələrinə arxa olun, onları qoruyun, özünüzü qoruyun, uşaqlarınızı qoruyun. Dünən xüsusi karantin rejimi tətbiq edilib, buna əməl edin. Mən əminəm ki, həm milli həmrəylik, həm məsuliyyət, həm də milli birliyimiz bizə imkan verəcək ki, bu xəstəliyə qalib gələk. Biz birlikdə güclüyük”.шаблоны для dle 11.2





]Sentyabr

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova