Valyuta.com

Milli Oftalmologiya Mərkəzinin Şəki filialı açıldı

Milli Oftalmologiya Mərkəzinin Şəki filialı açıldı

Azərbaycanın şimal bölgəsinin əhalisinə yüksək ixtisaslı oftalmoloji yardımın göstərilməsi məqsədilə Şəki şəhərində Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin (MOM) filialı yaradılıb.
MOM Şəki filialının rəsmi açılış mərasimində Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədri, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru Elmar Qasımov, tibb müəssisələrinin əməkdaşları, Türkiyə və Rusiyadan xarici qonaqlar, şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

VII regional oftalmoloji konfrans


Akademik Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Şəki filialının açılması münasibətilə Səhiyyə Nazirliyi, Azərbaycan Oftalmoloqlar Cəmiyyəti və Milli Oftalmologiya Mərkəzinin təşəbbüsü ilə “Azərbaycanın regionlarında oftalmologiyanın inkişafı: problemlər və nailiyyətlər” mövzusunda VII regional konfrans keçirilib.
Tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək, ölkəmizdə səhiyyənin inkişafı üşün görülən işlərdən danışıb, Şəkidə Milli Oftalmologiya Mərkəzinin regional filialının fəaliyyətə başlamasını dövlət başçısının səhiyyəyə qayğısının nəticəsi, şəhərin həyatında əlamətdar hadisə adlandırıb. Mərkəzdə təcrübəli həkim-oftalmoloqların bütün göz xəstəliklərinin müayinə və müalicəsi ilə məşğul olacaqlarını söyləyib.
İcra hakimiyyətinin başçısı bildirib ki, MOM 70 ildən çoxdur oftalmologiya elminin inkişafında, əhalinin yüksək səviyyədə oftalmoloji xidmətlə təmin edilməsində mühüm rol oynayır. Bu xidmətlər yalnız paytaxt Bakı ilə məhdudlaşmır, regionlarda, o cümlədən Şəkidə də davamlı olaraq oftalmoloji aksiyalar keçirilir. Ötən müddətdə Mərkəzin əməkdaşları tərəfindən Şəkidə göz xəstəliklərindən əziyyət çəkən 4 mindən çox insan müayinə və müalicə olunub, 150 nəfərin gözündə cərrahi əməliyyat aparılıb.
Regional konfransda çıxış edən Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədri, MOM-nin direktoru Elmar Qasımov bildirib ki, konfransın əsas məqsədi göz xəstəlikləri sahəsində yenilikləri, nailiyyətləri işıqlandırmaq, oftalmologiya üzrə ölkəmizdə keçirilən tədbirlərdə region həkimlərinin iştirakını, təkliflər verməsini təmin etmək, onların da bu yeniliklərdən istifadə etməsinə dəstək olmaqdır.
Mərkəzin direktoru qeyd edib ki, bölgələrdə Milli Oftalmologiya Mərkəzinin yeni filiallarının açılması qarşıda duran əsas vəzifələrdəndir, Şəkidə filialın fəaliyyətə başlaması Azərbaycan oftalmologiyası üçün çox əlamətdar hadisədir: “Hazırda ölkədə 3 filial fəaliyyət göstərir, orada bizim böyük potensiala malik gənc oftalmoloqlarımız çalışırlar. Oftalmologiya elminin inkişafı üçün yüksək biliyə malik gənc kadrlar lazımdır və biz xoşbəxtik ki, belə gənc mütəxəssislərimiz, həkimlərimiz var”.
Türkdilli Ölkələrin Oftalmoloji Cəmiyyətinin sədri, Türkiyənin Ankara şəhərindən gəlmiş doktor Sunay Duman çıxış edərək, konfransın işinə uğurlar arzulayıb.
Tədbirin elmi hissəsində Azərbaycan Oftalmoloqlar Cəmiyyəti sədrinin müavini, MOM Elmi-məlumat, təşkilati-metodik bölməsinin rəhbəri Yazgül Abdiyeva “Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin dünəni və bu günü” mövzusunda məruzə edib. Həmçinin Mərkəzin əməkdaşı Samir İbadov, türkiyəli professor, Retina Oftalmoloji Araşdırma Mərkəzinin təmsilçisi Süleyman Kaynak, rusiyalı professor Aleksey Yeqorov, Rusiya Elmi Tədqiqat Tibb Universitetinin əməkdaşı, tibb üzrə fəlsəfə doktoru Dmitriy Kats, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Oftalmologiya kafedrasının təmsilçisi Şəhla Əsədova və digərlərinin göz xəstəlikləri ilə bağlı müxtəlif mövzularda elmi məruzələri dinlənilib.
Elmar Qasımov qonaqlara mükafat və hədiyyələr təqdim edib.

Gənc oftalmoloqların konfransı


MOM Şəki filialının açılışı münasibətilə daha bir elmi tədbir Azərbaycan gənc oftalmoloqlarının “Müasir oftalmologiyanın son nailiyyətləri” mövzusunda XIII elmi-praktik konfransı olub.
Tədbiri açan professor Elmar Qasımov diqqətə çatdırıb ki, konfransın əsas məqsədi gənc oftalmoloqların bilik və bacarıqlarını nümayiş etdirməsi, oftalmologiya sahəsində əldə olunan son nailiyyətləri, yeni müayinə və müalicə metodlarını müzakirə etməsi və yüksək ixtisaslı mütəxəssislərin təcrübəsindən yararlanmasıdır.
Türkdilli Ölkələrin Oftalmoloji Cəmiyyətinin sədri Sunay Duman çıxış edərək, belə tədbirlərin gənc oftalmoloqlara yeni, müasir texnologiyaları öyrətmək baxımından olduqca faydalı olduğunu bildirib, konfransın işinə uğurlar arzulayıb.
Elmi-praktik konfransda MOM-nin əməkdaşları Rəvanə Həsənova “Müxtəlif sindromlar zamanı retinitis piqmentozanın xüsusiyyətləri”, Aysel Əkbərova “Vaxtından əvvəl doğulmuşların retinopatiyasının müalicəsində ilkin nəticələrimiz”, tibb üzrə fəlsəfə doktoru Aygün Səfərova “40 yaşdan yuxarı pasiyentlərdə keratorefraktiv əməliyyatların xüsusiyyətləri”, tibb üzrə fəlsəfə doktoru Mirana Mirişova “Şübhəli topoqrafiyalı gözlərdə PRK üsulundan və CCL texnologiyasından istifadə etməklə miopiyanın və astiqmatizmin müalicəsi” mövzularında məruzələrlə çıxış ediblər.
Konfransda həmçinin “İrrequlyar astiqmatizmin qeyri-cərrahi korreksiya üsulları”, “Eksimer-lazer cərrahiyyədə “contoura vision” yeni texnologiyanın tətbiqi”, “Quru göz sindromunda invaziv müalicə üsulları”, “Buynuz qişanın zədədən sonrakı xoralarının kliniki-laborator dəyərləndirilməsi” və digər mövzularda məruzələr dinlənilib.шаблоны для dle 11.2





]OKTYABR2019

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova