Valyuta.com

Bakıda Avrasiya cərrah və qastroenteroloqlarının XVIII Beynəlxalq konqresi

Bakıda Avrasiya cərrah və qastroenteroloqlarının XVIII Beynəlxalq konqresi

Azərbaycan Tibb Universitetində (ATU) Cərrah və Qastroenteroloqların Beynəlxalq Avrasiya Elmi Cəmiyyətinin XVIII Beynəlxalq konqresi keçirilib.
Azərbaycan Cərrah və Qastroenteroloqlar Assosiasiyasının sədri, akademik Böyükkişi Ağayevin əziz xatirəsinə həsr olunan toplantıya Cərrah və Qastroenteroloqların Beynəlxalq Avrasiya Elmi Cəmiyyətinə üzv olan 25 ölkədən (Türkiyə, Rusiya, Avstraliya, ABŞ, İspaniya, Hollandiya və s.) elm xadimləri və tibb mütəxəssisləri, eləcə də ölkəmizin tibb ictimaiyyətinin nümayəndələri qatılıblar.
Tədbirdə Səhiyyə nazirinin müavini Elsevər Ağayev Səhiyyə naziri Oqtay Şirəliyevin konqres iştirakçılarına təbrik məktubunu oxuyub. Nazir müavini çıxışında son 15 ildə Azərbaycanın səhiyyə sahəsində qazandığı uğurlardan danışıb. Diqqətə çatdırılıb ki, bu il konqresin materiallarında 31 ölkədən 600-ə qədər məqalə və tezislər dərc olunub.
Toplantıda çıxış edən ATU-nun rektoru, professor Gəray Gəraybəyli bildirib ki, bir çox beynəlxalq əhəmiyyətli tədbirlərin ölkəmizdə keçirilməsi artıq ənənə halını alıb. Bu, Azərbaycanın bütün sahələrdə, o cümlədən səhiyyədə əldə etdiyi uğurlarla bağlıdır. Diqqətə çatdırılıb ki, bu beynəlxalq tədbirdə cərrahiyyə və qastroenterologiya sahələrində yeniliklərlə bağlı dinləniləcək məruzələr, aparılacaq müzakirələr ölkələr arasında elmin qarşılıqlı tanınmasında və əlaqələrin qurulmasında böyük əhəmiyyət daşıyır.
Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov bildirib ki, beynəlxalq konqresin ölkəmizdə keçirilməsində akademik Böyükkişi Ağayevin böyük rolu olub. Diqqətə çatdırılıb ki, Azərbaycanda tibb elminin yeni biliklərlə zənginləşdirilməsi və tədrisində tanınmış alimin xüsusi rolu və əməyi var. Respublikada cərrahi qastroenterologiya elmi məktəbinin yaradıcılarından olan Böyükkişi Ağayevin dəyərli tədqiqatları bu istiqamətdə fundamental araşdırmaların aparılması və onların müalicə işində tətbiqi üçün geniş imkanlar açıb. Alim eksperimental nəticələr əsasında təcrübi tövsiyələri və ixtiraları ilə tibb elminə təqdirəlayiq töhfələr verib. “Bu gün Azərbaycan mühüm konfrans və forumların mərkəzinə çevrilib. Beynəlxalq konqresin ölkəmizdə 7-ci dəfə keçirilməsi səhiyyə ictimaiyyəti adına çox mühüm hadisədir. Tədbirdə dünyanın tanınmış mütəxəssisləri iştirak edirlər. Təəssüflər olsun ki, bugünkü konqresi Böyükkişi Ağayevsiz keçiririk. Bu konqresin akademikin xatirəsinə həsr olunması onun ən böyük haqqıdır”.
Konqresdə Cərrah və Qastroenteroloqların Beynəlxalq Avrasiya Elmi Cəmiyyətinin sədri, Ankara Universitetinin rektoru, professor Hasan Özkan çıxış edərək, dost və qardaş Azərbaycana xüsusi önəm verdiklərini diqqətə çatdırıb. Qeyd edib ki, Cəmiyyətin indiyədək 17 konqresi keçirilib. Bu beynəlxalq tədbirlərin 7-nə Azərbaycan ev sahibliyi edib. H.Özkan məlumat verib ki, rəhbərlik etdiyi cəmiyyətin əsası 1996-cı ildə Antalyada Avropa və Asiyanın türkdilli dövlətlərindən olan alimlərin milli konqresindəki görüşü zamanı qoyulub. Cərrah və qastroenteroloqların ilk konqresi 1997-ci ildə Bakıda keçirilib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dəstəyi ilə təşkil olunan həmin konqresdə 5 ölkədən 35-ə yaxın alim iştirak edib.
Konqresin sədri, Azərbaycan Cərrah və Qastroenteroloqlar Assosiasiyasının sədri, professor Rauf Ağayev bildirib ki, tədbirdə 150-yə yaxın mühazirə və elmi çıxışlar dinləniləcək. Diqqətə çatdırılıb ki, beynəlxalq konqresdə Avstraliya, ABŞ, Türkiyə və başqa ölkələrdən gələn tanınmış mütəxəssislər qaraciyər transplantasiyasına aid öz təcrübələri haqqında danışacaqlar. Eyni zamanda, dünyada ən aktual problemlərdən olan hepatit virusu, ürək-damar cərrahiyyəsi barədə də çıxışlar nəzərdə tutulub.
Tədbirdə Böyükkişi Ağayevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.
Sonra Cərrah və Qastroenteroloqların Beynəlxalq Avrasiya Elmi Cəmiyyətinin XVIII Beynəlxalq konqresi işini sessiyalarda davam etdirib. Dördgünlük forumun sessiyalarında cərrahiyyə və qastroenterologiya sahəsindəki son vəziyyət, mövcud problemlər və yeniliklər barədə müzakirələr aparılıb.
Bölmə iclaslarından biri ATU-nun Tədris Cərrahiyyə Klinikasında keçirilib və ürək-damar cərrahiyyəsinə həsr edilib. Toplantıda çıxış edən Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, professor Kamran Musayev bu cür beynəlxalq konqreslərin ölkəmizdə təşkil olunmasının iki cəhətdən əhəmiyyətli olduğunu vurğulayıb: “Birincisi, bizim dünyada olan inkişafdan, irəliləyişlərdən xəbərdar olmağımız üçün belə toplantılarda iştirakımız vacibdir. İkincisi isə, bu cür tədbirlərin keçirilməsi ölkəmizdə səhiyyənin inkişafını nümayiş etdirir”.
K.Musayev ölkə cərrahiyyəsində özünəməxsus yer tutan Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin həm böyüklərdə, həm də uşaqlarda ürək cərrahiyyəsini çox uğurla davam etdirdiyini söyləyib, bundan sonra da Mərkəzin elmi və praktiki fəaliyyətlərdə yeni nailiyyətlərə imza atacağına əminliyini bildirib. Beynəlxalq konqresdə ürək-damar cərrahiyyəsinə geniş yer ayrıldığına görə təşkilatçılara təşəkkür edib.
Sonra yerli və xarici mütəxəssislərin ürək-damar cərrahiyyəsinin aktual problemlərinə dair məruzələri dinlənilib. Mütəxəssislər konfrans iştirakçılarının ayrı-ayrı mövzularla əlaqədar çoxsaylı suallarını da cavablandırıblar.
Konqresin “Plastik və rekonstruktiv cərrahiyyə” adlanan sessiyasında Azərbaycan Plastik Cərrahlar İctimai Birliyinin sədri, professor Vaqif Qələndərli ölkəmizin bu cür beynəlxalq tədbirlərə ev sahibliyi etməsinin ənənə halını aldığını qeyd edib, bildirib ki, dünyanın qabaqcıl mütəxəssislərinin nəzəri və praktiki təcrübələrini bu cür tədbirlərdə paylaşması Azərbaycanda səhiyyənin inkişafının bariz nümunəsidir.
Bölmə iclasında plastik və rekonstruktiv cərrahiyyə üzrə aktuallıq kəsb edən 25 mövzuya dair məruzələr dinlənilib, müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.шаблоны для dle 11.2





SENTYABR2019

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova