Valyuta.com

“Bakı Ürək Günləri” VI Beynəlxalq Konqresi

“Bakı Ürək Günləri” VI Beynəlxalq Konqresi

Artıq altıncı dəfədir ki, Azərbaycan paytaxtında “Bakı Ürək Günləri” Beynəlxalq Konqresi keçirilib.
Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin (AÜDCC) təşkilatçılığı ilə baş tutan, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş toplantının iştirakçıları əvvəlcə Fəxri xiyabanda ulu öndərin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub, gül dəstələri düzüblər. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb.
Sonra Şəhidlər xiyabanını ziyarət edən iştirakçılar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarları üzərinə gül dəstələri qoyublar. Şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış “Türk şəhidliyi” abidəsi də ziyarət edilib.
Azərbaycanda kardiologiyanın və ürək-damar cərrahiyyəsinin inkişafına töhfə vermək, əcnəbi mütəxəssislərlə təcrübə mübadiləsi aparmaq və tibb elminin bu sahədəki son yeniliklərini müzakirə etmək məqsədi daşıyan “Bakı Ürək Günləri” VI Beynəlxalq Konqresində yerli mütəxəssislərlə yanaşı, dünyanın 15 ölkəsindən 400-dək kardioloq və kardiocərrah iştirak edib.
Tədbirin rəsmi açılış mərasimində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva dövlətimizin başçısı İlham Əliyevin “Bakı Ürək Günləri” VI Beynəlxalq Konqresinin və Avrasiya Ürək-Damar Cərrahları Cəmiyyətinin XV konfransının iştirakçılarına təbrik məktubunu oxuyub.
Toplantıda çıxış edən Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov ölkəmizdə digər sahələrdə olduğu kimi, səhiyyə sahəsində də islahatlar aparıldığını, təbabətin gündən-günə inkişaf etdiyini bildirib. O, ulu öndər Heydər Əliyevin uğurlu səhiyyə siyasətinin Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini və bu sahədə əhəmiyyətli nəticələr əldə edildiyini diqqətə çatdırıb. Komitə sədri deyib ki, ümummilli liderin məqsədyönlü siyasəti ölkəmizdə təbabətin digər sahələri kimi, kardiologiya və kardiocərrahiyyənin də inkişafına təkan verib, Azərbaycanda bu sahədə peşəkar mütəxəssislər hazırlanıb və hazırda tək paytaxtda deyil, regionlarda da ən ağır, mürəkkəb ürək əməliyyatları həyata keçirilir.
Ölkəmizdə kardiologiyanın inkişaf tarixindən danışan Səhiyyə nazirinin müavini Elsevər Ağayev bildirib ki, hələ 1979-cu ildə keçmiş SSRİ ölkələri arasında ilk açıq ürək əməliyyatı Azərbaycanda professor Fikrət Zərgərli tərəfindən aparılıb. Azərbaycan səhiyyəsinin tarixinə nəzər salan E.Ağayev dövlət müstəqilliyimizin ilk illəri ilə müqayisədə bu sahədə vəziyyətin müsbət istiqamətə doğru dəyişdiyini diqqətə çatdırıb. O qeyd edib ki, ümummilli lider Heydər Əliyevin uzaqgörənliyi və nüfuzu sayəsində səhiyyənin bütün sahələri ilə yanaşı, kardiologiyanın da mühüm nailiyyətlərinin əsası qoyulub. Ulu öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində Azərbaycan səhiyyəsinin müasir infrastrukturu qurulub. Bir sıra dövlət proqramlarının reallaşdırılmasında Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük xidmətləri var.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədr müavini Nigar Bayramova xatırladıb ki, hazırda Mingəçevir şəhərində, Ağdaş və Yevlax rayonlarında pilot layihə kimi tətbiq olunan icbari tibbi sığorta gələn ildən bütün ölkə ərazisini əhatə edəcək. İcbari tibbi sığortanın tətbiq edildiyi ərazilərdə yaşayanlar baza zərfinə daxil olan 1829 tibbi xidmətdən ödənişsiz istifadə hüququna malikdirlər. 2017-2018-ci illərdə pilot ərazilərdə 756 nəfər üzərində kardiocərrahi əməliyyat həyata keçirilib. Əhalinin yararlana biləcəyi icbari tibbi sığortanın xidmətlər zərfinin hazırlanması üzərində iş gedir. Ürək-damar əməliyyatları da xidmətlər zərfinə daxil ediləcək.
AÜDCC-nin sədri, tibb elmləri doktoru Kamran Musayev bildirib ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası tərəfindən “Bakı Ürək Günləri” VI Beynəlxalq Konqresi davamlı tibbi təhsil verən tədbir kimi tanınıb və ona 24 kredit balı verilib: “Bu o deməkdir ki, konqresdə və müvafiq kurslarda iştirak etməklə illik tələb olunan 48 kredit balının 24-nü toplamaq olar. Gənc mütəxəssislər üçün təşkil ediləcək təcrübə məşğələləri “Bakı Ürək Günləri”nin elmi-praktik əhəmiyyətini daha da yüksəldir. Eyni zamanda, konqres azərbaycanlı həkimlərə dünyanın qabaqcıl mütəxəssisləri ilə kardiologiya sahəsində ən son nailiyyətləri müzakirə etmək imkanı yaradır”. “Bakı Ürək Günləri” VI Beynəlxalq Konqresi ilə paralel olaraq paytaxtımızda Avrasiya Ürək-Damar Cərrahları Cəmiyyətinin XV konfransının da keçirildiyini deyən K.Musayev bildirib ki, konqresin ilk günündə təşkil edilən kurslar xüsusilə gənc kardioloqlar üçün çox faydalı olub.
Avrasiya Ürək-Damar Cərrahları Cəmiyyətinin sədri, professor Belhan Akpınar, Türk Dünyası Kardiologiya Birliyinin sədri Firdovsi İbrahimov, Azərbaycan Kardiologiya Cəmiyyətinin sədri, professor Tofiq Cahangirov çıxışlarında tədbirin təcrübə mübadiləsi baxımından əhəmiyyətini vurğulayaraq, bu sahənin inkişafına töhfə verəcəyini deyiblər.
Üçgünlük konqres öz işini plenar sessiyalarla davam etdirib. Anadangəlmə ürək qüsurları, mitral annular kalsifikasiya, degenerativ mitral qapaq prolapsının bərpası və digər mövzularda məruzələr dinlənilib və müzakirələr aparılıb.
“Bakı Ürək Günləri” VI Beynəlxalq Konqresi çərçivəsində gənc cərrahlar və rezidentlər üçün “Mitral qapaq təmiri”, “Aorta anastomozu” və “EVAR və TEVAR ekspertlə görüş” mövzularında praktik məşğələlər də təşkil olunub.шаблоны для dle 11.2





İyun2019

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova