Valyuta.com

Gözlərə nur verən nurlu şəxsiyyət

Gözlərə nur verən nurlu şəxsiyyət

Akademik Zərifə Əliyevanın xatirəsi yad edilib

Ötən əsrin 60-70-ci illərində gözün infeksion xəstəliklərindən olan traxoma çox geniş yayılmışdı və əhalinin xeyli hissəsi kor olmaq təhlükəsi ilə üzləşmişdi. O dövrdə akademik Zərifə Əliyeva ölkəmizin tanınmış oftalmoloqları ilə birgə həmin xəstəliyin qarşısının alınmasında müstəsna xidmətlər göstərib. 1947-ci ildə Azərbaycan Tibb İnstitutunu fərqlənmə ilə bitirdikdən və Moskvada İxtisasartırma kursu keçəndən sonra traxoma xəstəliyi ilə əlaqədar tədqiqatlarını davam etdirən Z.Əliyeva bu sahədə ən yaxşı mütəxəssislərdən biri sayılırdı. Təsadüfi deyil ki, o, gözün peşə zədələnmələrinin öyrənilməsi və profilaktikası sahəsində orijinal işlərinə görə SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülüb və bu mükafatı alan ilk qadın oftalmoloq olub. Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın xalqımız qarşısında misilsiz xidmətləri var. SSRİ-nin Sülhü Müdafiə Komitəsinin üzvü və Azərbaycan Sülhü Müdafiə Komitəsinin sədr müavini Zərifə Əliyeva xeyirxah əməlləri ilə xalqımızın yaddaşında silinməz xatirələrlə yaşayır.
Bu barədə Səhiyyə Nazirliyi, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin təşəbbüsü ilə keçirilmiş, akademik Zərifə Əliyevanın anadan olmasının ildönümünə həsr olunan “Oftalmologiyanın aktual məsələləri” mövzusunda elmi konfransda söhbət açılıb.
Əvvəlcə konfrans iştirakçıları Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarlarını ziyarət ediblər. Ümummilli liderin və görkəmli oftalmoloq-alimin məzarlarına tər güllər düzülüb, əklillər qoyulub və əziz xatirələri dərin ehtiramla yad edilib.
Tədbirdə çıxış edən mərkəzin direktoru professor Elmar Qasımov tanınmış oftalmoloq-alim, akademik Zərifə Əliyevanın oftalmologiya elminin inkişafında müstəsna xidmətlərindən danışıb. Qeyd edib ki, görkəmli alimin 200-ə qədər elmi işi, 14 monoqrafiyası və 12 səmərələşdirici təklifi oftalmologiyanın bir sıra problem mövzularının tədqiqinə dəyərli töhfələr verib. E.Qasımov Zərifə xanımın yüksək ixtisaslı səhiyyə kadrlarının hazırlanmasında xidmətlərindən, Bakıda oftalmologiya mərkəzinin tikilməsi üçün təşəbbüslərindən danışıb, qeyd edib ki, bu gün Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin fəaliyyəti Zərifə xanımın arzularını gerçəkləşdirir.
Sonra mərkəzin elmi katibi, tibb elmləri doktoru Nazilə Rüstəmova görkəmli oftalmoloq-alimin ömür yolundan, pedaqoji və həkimlik fəaliyyətindən danışıb, oftalmologiya sahəsindəki misilsiz xidmətləri barədə məlumat verib.
Konfrans “Multifokal intraokulyar linzaların implantasiyasında “Mix And Match” texnikası”, “Gəncə-Qazax iqtisadi rayonunda uşaq və yeniyetmə əhalinin görmə itiliyinin səciyyələri”, “Şəkərli diabetin diaqnostikası və tibbi yardım üzrə alqoritmi”, “Keratakonus xəstələrinin ilkin mərhələsində Prk üsulunun və Krosslinkinq texnologiyasının tətbiqi”, “Gözdaxili cisim olan xəstələrdə müalicə taktikası” və s. mövzularda məruzələr və müzakirələrlə davam etdirilib.

Qayğıkeş və fədakar Azərbaycan həkimi

Azərbaycan Tibb Universitetində (ATU) Əməkdar elm xadimi, akademik Zərifə Əliyevaya həsr olunmuş xatirə tədbirində Universitetin rektoru, professor Gəray Gəraybəyli dünya şöhrətli oftalmoloq Zərifə Əliyevanın keçdiyi həyat yolu və həkimlik fəaliyyəti dövründəki müalicə üsulları barədə söhbət açıb.
Tədbirdə akademik Zərifə Əliyevanın həyat yolu və elmi fəaliyyətindən bəhs edən “Elegiya” sənədli filmi nümayiş etdirilib.
Universitetin Oftalmologiya kafedrasının müdiri, professor Paşa Qəlbinur akademikin peşəkarlığı, ana qayğıkeşliyi, insan kimi nəcib və xeyirxah keyfiyyətləri barədə bəhs edərkən deyib: “Zərifə xanım təkcə oftalmologiya sahəsində deyil, deontologiya, tibbi etika barədə də çox maraqlı tədqiqatların müəllifi idi. Onun qələmə aldığı “Yüksək etimad” kitabı bu gün də həkimlərin stolüstü kitabıdır”.
Oftalmologiya kafedrasının dosenti Solmaz Əliyeva və rezidenti Fərid İskəndərov məşhur oftalmoloq-alimin elmi araşdırmaları, monoqrafiyaları, müalicəyə çətin tabe olan xəstəliklər sahəsində apardığı tədqiqatlardan bəhs ediblər. Onlar görkəmli professorun kitablarının bu gün də həkimlər üçün ən yaxşı vəsait olduğunu söyləyiblər.
Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov xeyirxah və nəcib əməlləri ilə hələ sağlığında özünə əbədiyyət heykəli qoymuş görkəmli şəxsiyyət Zərifə Əliyevanın keçdiyi ömür yolunun sonrakı nəsillər üçün böyük örnək olduğunu qeyd edib, alimin xalqımız qarşısında misilsiz xidmətlərini xatırladıb.
Xatirə tədbirində rayonda yaşayan görmə qüsurlu uşaqlara eynəklər paylanılıb.

Görkəmli alimin mənalı həyat yolu

Bakı Dövlət Universitetində (BDU) görkəmli oftalmoloq, Əməkdar elm xadimi, akademik Zərifə Əliyevanın anadan olmasının ildönümünə həsr edilmiş tədbirdə əvvəlcə alimin ömür yolundan bəhs edən videoçarx nümayiş etdirilib.
Sonra universitetin rektoru Elçin Babayev çıxış edərək, tanınmış dövlət xadimi Əziz Əliyevin ailəsində dünyaya göz açan Zərifə Əliyevanın mənalı həyat yolu haqqında danışıb.
Akademik Zərifə Əliyeva adına MOM-nin aparıcı elmi işçisi, tibb üzrə fəlsəfə doktoru Nübar Haşımova Azərbaycanda oftalmologiya sahəsində ilk qadın akademik olaraq elmi kadrların hazırlanmasında Zərifə xanım Əliyevanın böyük xidmətlərini vurğulayıb.
Tədbirdə BDU-nun Biologiya fakültəsinin III kurs tələbəsi, Zərifə Əliyeva adına təqaüdçü Məryəm Ramazanova və həmin fakültənin II kurs tələbəsi Cəvahir Hacıbabazadə çıxış edərək bildiriblər ki, hər bir azərbaycanlı gənc insanlara nur bəxş edən Zərifə xanım Əliyeva kimi savadlı, dünyagörüşlü olarsa, ölkəmiz daha böyük uğurlar qazanar.

Xalqın yaddaşında yaşayan şəxsiyyət

2 nömrəli Bakı Baza Tibb Kollecində akademik Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunmuş tədbiri giriş sözü ilə açan kollecin direktoru Dilarə Məmmədəliyeva Zərifə xanımın beynəlxaq aləmdə yaxşı tanınan alim, həkim, ziyalı, ictimai xadim kimi fəaliyyətindən söz açıb.
Toplantıda çıxış edən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov akademik Zərifə Əliyevanın Azərbaycan tibb elminin tarixində və xalqın yaddaşında hər zaman yaşayacağını vurğulayıb.
“Göz xəstəlikləri” fənn müəllimi Aynur Səfixanova Zərifə xanımın həyat və yaradıcılığından bəhs edən məruzə ilə çıxış edib.
Sonda kollec tələbələrinin ifasında ədəbi-bədii kompozisiya səslənib, Zərifə xanım Əliyevanın ömür yoluna həsr olunan film nümayiş olunub.шаблоны для dle 11.2





Aprel2019

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova