Valyuta.com

Səhiyyə Nazirliyində Kollegiya İclası keçirildi

Səhiyyə Nazirliyində Kollegiya İclası keçirildi

Səhiyyə Nazirliyində Azərbaycan Respublikasında doğuşayardım xidmətinin vəziyyəti və 2018-ci ilin 8 ayı ərzində riskli hamiləlik və doğuş hallarının təhlilinə həsr edilmiş geniş Kollegiya iclası keçirilib.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, səhiyyə naziri Oqtay Şirəliyevin rəhbərliyi ilə keçirilən iclasda nazirliyin kollegiya üzvləri, doğuşayardım xidməti üzrə baş mütəxəssislər, perinatal mərkəzlərin, doğum evlərinin, qadın məsləhətxanalarının, əlaqədar elmi tədqiqat institutlarının rəhbərliyi, mama-ginekoloqlar və digər səlahiyyətli şəxslər iştirak ediblər.
Səhiyyə Nazirliyinin mamalıq-ginekologiya üzrə baş mütəxəssisi, Respublika Perinatal Mərkəzinin direktoru Sevinc Məmmədova 2018-ci ilin 8 ayının hesabatı və nəzərdə tutulan layihələrin tətbiqi üçün təkliflər planı ilə çıxış edib. O bildirib ki, ölkəmizdə gedən sürətli iqtisadi inkişaf bütün sosial sahələrin, o cümlədən səhiyyənin inkişafına da əsaslı təkan verib. Son illərdə səhiyyənin idarə olunması, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, yeni tibbi texnologiyaların tətbiqi, köklü kadr islahatları, əhalinin keyfiyyətli tibbi xidmətlə təmin olunması, müxtəlif dövlət proqramlarının həyata keçirilməsi və başqa geniş miqyaslı tədbirlər ana və uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılmasına zəmin yaradıb.
Baş mama-ginekoloq qeyd edib ki, Azərbaycanda doğuşayardım xidməti perinatal konsepsiyaya uyğun qurularaq, beynəlxalq standartlara müvafiq həyata keçirilir. Belə ki, ölkəmizdə antenatal qulluq ilkin səhiyyə müəssisələrində: müstəqil və mərkəzi rayon xəstəxanaları nəzdində fəaliyyət göstərən qadın məsləhətxanalarında, feldşer-mama məntəqələrində, kənd sahə xəstəxanalarında, kənd həkim ambulatoriyalarında, ailə planlaşdırılması mərkəzlərində, polikilinikaların nəzdindəki mama-ginekoloji kabinetlərdə göstərilir. Doğuşayardım xidməti I səviyyəli 53, II səviyyəli 18 və III səviyyəli 10 doğuşayardım tibb müəssisəsində təşkil edilib.
Yanvar-avqust ayları ərzində ölkə üzrə qeydiyyata götürülən hamilələrin ümumi sayı 76 020 olub. Onlardan 39 701-i (52%) hamiləliyin erkən müddətində qeydiyyata alınıb. Qeydə alınanlar arasında risk qrupuna daxil olanların sayı 27 834 (37%) nəfər təşkil edib.
Ekstragenital patologiyaların strukturuna gəldikdə, ölkə üzrə hamilələrin 41%-i anemiyalı, 28%-i uşaqlıq üzərində çapıqlı, 4%-i ürək, 6%-i böyrək patologiyalı, 2%-i preeklampsiyalı, 27 %-də digər xəstəliklər olub. Səkkiz ay ərzində doğuşların ümumi sayı qadın məsləhətxanalarından alınan məlumata əsasən 71 477, Dövlət Statistika Komitəsindən verilən rəqəmlərə görə isə 89 202 olub. Doğuşların sayında olan bu uyğunsuzluq təxminən 18 min qadının qadın məsləhətxanasında qeydiyyatdan kənarda qalması ilə izah olunur.
Ana və uşaq sağlamlığının yaxşılaşdırılmasına dair dövlət proqramına uyğun olaraq, hamiləlik registri təkmilləşdirilib, müvafiq təlimatlar keçirildikdən sonra ölkə üzrə tətbiq olunub. Bakı şəhərində 16, rayonlar üzrə 39 müəssisə, özəl tibb müəssisələrindən 5-i hamilələr haqqında məlumatları bu registrə daxil edir.
Müvafiq dövr ərzində perinatal mərkəzlərdən Şəki Regional Perinatal Mərkəzində (RPM) 1189 doğuş (q/k 21%), Gəncə RPM-də 2470 (q/k 44%), Quba RPM-də 1532 (q/k 22%), Lənkəran RPM-də 1080 (q/k 50%), Sabirabad RPM-də 1579 (q/k 37%), Respublika Perinatal Mərkəzində 1640 (q/k 58%), Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda 1462 doğuş (q/k 63,4) olub.
Ana və uşaqlara göstərilən tibbi xidməti daim diqqət mərkəzində saxlayan Səhiyyə Nazirliyində hər bir ana və uşaq ölümü hadisəsi mütəmadi olaraq təhlil olunur, çatışmazlıqların aşkar edilərək aradan qaldırılması istiqamətində müvafiq işlər görülür. 8 ay ərzində ümumi doğuşların 0,015%-i ölümlə nəticələnib. Ana ölümlərinə səbəb kəskin qan itirmə, ağciyər-ürək-damar çatışmazlığı, anestezioloji qüsur olub.
Hər bir ana ölümü hadisəsi Doğuşayardım Komissiyası tərəfindən müzakirə edilib və müvafiq tədbirlər görülüb. İşlərində yol verdikləri nöqsanlara görə 11 tibb işçisi, o cümlədən 1 baş həkim, 1 nəfər RPM-in direktor vəzifəsini icra edən, 3 nəfər həkim mama-ginekoloq, 3 nəfər həkim anestezioloq-reanimatoloq, 1 nəfər həkim-cərrah, 2 nəfər orta tibb işçisi tutduğu vəzifəsindən azad edilib. Bəzi digər şəxslərə qarşı müxtəlif inzibati cəza tədbirləri görülüb və onlar təkmilləşmə kurslarına göndəriliblər.
Bakı şəhəri üzrə antenatal qulluq 21 dövlət və 11 özəl, doğuşayardım xidməti isə 14 dövlət və 11 özəl tibb müəssisəsində göstərilir. Səkkiz ayda 18 772 nəfər qeydiyyata alınan olub. 14 312 doğuş qeydə alınıb.
Kritik halda olan hamilə və zahı qadınların bölgələrdən Bakı şəhərinin tibb müəssisələrinə köcürülməsi əksər hallarda Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası (SNTTTYS) tərəfindən həyata kecirilir. Belə ki, 8 ay ərzində 60 qadına 146 çağırış edilib və SNTTTYS xətti ilə dar ixtisaslı mütəxəssislər xəstəyə yerində yardım göstərib, 53 halda telesəhiyyə vasitəsilə konsultasiyalardan istifadə olunub. Yalnız 17 halda hamilə və zahılar Bakı şəhərinin doğuşayardım müəssisələrinə köçürülüb ki, bu da kecən ilin ilk 8 ayı ilə müqayisədə 43% az olub.
Çıxışının sonunda S.Məmmədova doğuşayardım xidmətində qeyd olunan çatışmazlıqları nəzərə alaraq, müxtəlif təkliflər irəli sürüb.
Daha sonra Bakı şəhəri 7 saylı Qadın Məsləhətxanasının baş həkimi Südabə İsmayılova, K.Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev ölkədə doğuşayardım xidmətinin vəziyyəti, cari ilin 8 ayının hesabatı ilə çıxış ediblər və bəzi təkliflərini kollegiya iştirakçıların diqqətinə çatdırıblar.
Sonda səhiyyə naziri Oqtay Şirəliyev çıxış edərək bildirib ki, səhiyyənin göstəricilərindən danışarkən ilk növbədə ana və uşaqların sağlamlığı önə çəkilir. Xoşagəlməz halların qarşısını vaxtında almaq üçün müxtəlif tədbirlər görülür, maarifləndirmə işi aparılır. Lakin buna baxmayaraq, yenə də 18 min hamilə, qadın məsləhətxanasına müraciət etməyib. Bu, çox böyük rəqəmdir və yolverilməz haldır. Belə halların azaldılması üçün maarifləndirmə işləri gücləndirilməli, yeni layihələr və təkliflər irəli sürülməlidir.
Sonda nazir doğum evlərinin və qadın məsləhətxanalarının baş həkimlərinə müvafiq tapşırıqlar verib.шаблоны для dle 11.2





Noyabr 2018

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova