Valyuta.com

Azərbaycan hökuməti ilə Ümumdünya Səhiyyə Təşkilatı birgə bəyanat imzalayıblar

Azərbaycan hökuməti ilə Ümumdünya Səhiyyə Təşkilatı birgə bəyanat imzalayıblar

Bakıda Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) “BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərində səhiyyə islahatları” mövzusunda konfransı keçirilib. Ölkəmizdə rəsmi səfərdə olan ÜST-nin Baş direktoru Tedros Adhanom Gebreyesus, Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyev, Dayanıqlı İnkişaf Məqsədləri üzrə Azərbaycanın Milli Əlaqələndirmə Şurasının üzvləri, habelə beynəlxalq təşkilatların nümayəndələri tədbirdə iştirak ediblər.
Konfransda çıxış edən səhiyyə naziri Oqtay Şirəliyev Ümumdünya Səhiyyə Assambleyasının 70-ci sessiyasında ÜST-nin Baş direktoru vəzifəsinə seçilmiş doktor Tedrosu tədbir iştirakçılarına təqdim etməkdən şərəf duyduğunu vurğuladı. Onun təşəbbüsü ilə qəbul edilən qətnamələrin, aparılan islahatların hər bir insanın səhiyyə xidmətlərindən istifadə etmək imkanını artırmağa, səhiyyə sistemlərinin təkmilləşdirilməsinə, infeksion və qeyri-infeksion xəstəliklərlə mübarizəyə yönəldildiyini bildirdi.
O.Şirəliyev 2015-ci ilin sentyabrında dünya liderlərinin bəşəriyyəti tərəqqiyə aparan yeni hədəfləri – Dayanıqlı İnkişaf Məqsədlərini qəbul etdiklərini vurğuladı. Bu sənədin 2000-2015-ci illəri əhatə edən Minilliyin İnkişaf Məqsədləri əsasında yaradıldığını dedi: “Minilliyin İnkişaf Məqsədləri sayəsində milyonlarla insanın həyat tərzində mühüm dəyişikliklər baş verdi. Yoxsulluğun azaldılması, keyfiyyətli içməli su mənbələrinə çıxışın təmin edilməsi, yoxsul təbəqənin həyat səviyyəsinin yaxşılaşdırılması, gender bərabərliyi kimi hədəflərə nail olundu.
Son 25 ildə dünyada 5 yaşadək uşaq ölümü yarıya enib və qlobal səviyyədə ana ölümü təqribən iki dəfə azalıb. Hazırda heç vaxt olmayan qədər insan immun çatışmazlığı virusu infeksiyasına qarşı antiretrovirus müalicəsinə cəlb edilir. Malyariyaya qarşı mübarizənin genişlənməsi nəticəsində həmin xəstəlikdən hər il 6 milyon nəfərin ölümünün qarşısı alınır”.
Səhiyyə naziri ölkəmizdə də Minilliyin İnkişaf Məqsədlərinin tətbiqi dövründə ifrat yoxsulluğun aradan qaldırıldığını, mütləq yoxsulluq səviyyəsinin 49 faizdən 5 faizə qədər azaldıldığını, məktəblərə qeydiyyat dərəcəsinin 99,8-100 faizə çatdırıldığını, gender bərabərliyinin təşviqi və qadınların səlahiyyətlərinin artırılmasında inkişafa nail olunduğunu diqqətə çatdırdı. Beş yaşadək körpələr arasında ölüm göstəricisinin hər 1000 nəfər diri doğulana 28-dən 12,8-ə endiyini, ana ölümünün əhəmiyyətli dərəcədə azaldığını, yoluxucu və digər xəstəliklərə qarşı mübarizənin gücləndirildiyini, o cümlədən malyariyanın qarşısının tamamilə alındığını vurğuladı. Ətraf mühitin mühafizəsi üçün qlobal tərəfdaşlıq üzrə mühüm irəliləyişlər əldə edildiyini dedi.
O.Şirəliyev Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan hökumətinin ölkədə yoxsulluğun ləğvinə, əsas səhiyyə problemlərinin tam həllinə, sosial ədalətin təminatina nail olacağından əminliyini vurğuladı. Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədləri üzrə milli planının ÜST tərəfindən dəstəklənməsini müsbət hal kimi qiymətləndirdi. Qeyd etdi ki, bəşəriyyətin gələcəyi naminə Azərbaycan hökuməti tərəfdaşlarla əməkdaşlıq edəcək və qarşısında duran bütün məqsədlərə nail olacaq.
Sonra çıxış edən ÜST-nin Baş direktoru Tedros Adhanom Gebreyesus ölkəmizdə səhiyyə sahəsində həyata keçirilən islahatlardan danışdı. Onun sözlərinə görə, bu gün Azərbaycan bütün istiqamətlərdə, o cümlədən səhiyyə sahəsində əhəmiyyətli tərəfdaşa çevrilib. Bu baxımdan ÜST Azərbaycanla əməkdaşlıq sferasını genişləndirməkdə maraqlıdır: “Azərbaycanda icra edilən pilot layihələrdən, əsasən də icbari sığortanın tətbiqi ilə bağlı görülən işlərdən xəbərim var. Buna ancaq sevinmək olar. Hesab edirəm ki, bu məsələdə Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycana dəstək göstərməyə hazırdır və bu, nümunəvi model kimi, digər ölkələrə təqdim edilməlidir. Səhiyyədə yaradılan şəraitə və bizlə səmərəli əməkdaşlığa görə Azərbaycan hökumətinə minnətdarlığımı bildirirəm”.
Konfransın yekununda Azərbaycanla Ümumdünya Səhiyyə Təşkilatı arasında əməkdaşlığa dair birgə bəyanat qəbul edildi. Sənədi Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyev və Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Gebreyesus imzaladılar.

Ü.FƏRZƏLİYEVAшаблоны для dle 11.2





Noyabr 2018

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova