Valyuta.com

Tibb İşçiləri günü və Səhiyyə Nazirliyinin 100 illiyi qeyd olundu

Tibb İşçiləri günü və Səhiyyə Nazirliyinin 100 illiyi qeyd olundu

“Bu gün biz öz taleyini ən nəcib və lazımlı peşə ilə bağlayanların – insanlara həyat və sağlamlıq bəxş edən tibb işçilərinin şərəfinə bayram keçiririk. Builki peşə bayramımız xüsusi məna daşıyır. Ümummilli lider, dahi şəxsiyyət Heydər Əliyevin Sərəncamı ilə tibb işçilərinin peşə bayramı üçün 17 iyun tarixinin müəyyən edilməsi təsadüfi deyil. Şərqdə ilk demokratik respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin ilk qərarlarından biri ilə 1918-ci il iyunun 17-də Səhiyyə Nazirliyi təsis olunub. Beləliklə, bu il biz Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 100 illik yubileyini qeyd edirik”.
Bu fikirləri 17 iyun Tibb İşçiləri günü və Səhiyyə Nazirliyinin yaranmasının 100 illiyi münasibətilə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda keçirilən tədbirdə səhiyyə naziri Oqtay Şirəliyev səsləndirdi. Nazir O.Şirəliyev Azərbaycan səhiyyəsinin ötən 100 ildə keçdiyi böyük inkişaf yolundan danışdı: “Ötən əsrin əvvəllərində Azərbaycanda nə kifayət qədər tibb müəssisəsi, nə də peşəkar tibb işçisi var idi. Əhaliyə tibbi xidməti barmaqla sayılacaq qədər həkim cəmi bir neçə xəstəxanada göstərirdi.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə səhiyyə sahəsində bir sıra mühüm tədbirlər həyata keçirildi. Tibbi yardımın təşkili üçün yeni xəstəxanalar və apteklər açıldı. Həmin dövrdə geniş yayılmış yoluxucu xəstəliklərin qarşısının alınması üçün işlər görüldü. AXC hökumətinin xaricə göndərdiyi tələbələrin bir çoxu orada təbabət üzrə təhsil alırdılar. Digər tərəfdən, 1919-cu ildə Bakı Dövlət Universitetinin əsası qoyuldu, onun tərkibində Tibb fakültəsi yaradıldı. Bu tibb kadrları sonralar səhiyyəmizin kadr potensialının özəyini təşkil etdilər.
Sovet hakimiyyətinin ilk illərində bu istiqamətdə fəaliyyət davam etdirildi. Yüzlərlə yeni xəstəxana, poliklinika, aptek yaradıldı. Bakı Dövlət Universitetinin Tibb fakültəsinin bazasında Azərbaycan Tibb İnstitutunun əsası qoyuldu, bir neçə elmi tədqiqat institutu yaradıldı. Burada milli tibb kadrları hazırlanmağa başladı, elmi məktəblər yarandı. Həmin dövrdə Mirəsədulla Mirqasımov, Əziz Əliyev, Mustafa bəy Topçubaşov, Əbülfəz Qarayev və digər tanınmış alimlərin adları sovet ölkəsində böyük hörmətlə çəkilir, onların tədqiqatları dərsliklərdə təqdim olunurdu.
Böyük Vətən müharibəsi illərində Azərbaycandan yüz minlərlə insan həm ön cəbhədə döyüşürdü, həm arxa cəbhədə fədakarlıq edirdi. Azərbaycan səhiyyəsi də qələbəmiz naminə böyük işlər görmüşdü. Onlarla hərbi hospital yaradılmışdı. Həkimlərimiz yaralıları həyata qaytarmaq, ayağa qaldırmaq üçün gecə-gündüz çalışır, bu işdə böyük uğurlar qazanırdılar.
Müharibədən sonrakı dövrdə Azərbaycan səhiyyəsi sülh dövrünə uyğunlaşmağa başladı. Əsas diqqət əhalinin sağlamlığına, müxtəlif xəstəliklərlə mübarizəyə yönəldi.
Səhiyyəmizin sonrakı inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Səhiyyə məsələlərinə böyük diqqət və qayğı ilə yanaşan Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə bugünkü iri tibb müəssisələrinin əksəriyyəti inşa olunub əhalinin istifadəsinə verildi. Ulu öndər kadr hazırlığına da böyük diqqət ayırırdı. O, istedadlı gəncləri tanınmış tibb təhsili ocaqlarına göndərir, orada yüksək ixtisaslı kadrlar kimi formalaşmasına yol açırdı. Həkimlərin ixtisasını artırması üçün Azərbaycanda müxtəlif konfranslar, simpoziumlar keçirilirdi. Ulu öndər bu fəaliyyətini müstəqillik illərində - xalqın təkidi və tələbi ilə hakimiyyətə qayıdışından sonra da davam etdirdi.
Müstəqilliyimizin ilk illəri bütün ölkəmiz, o cümlədən səhiyyəmiz üçün də çətin dövr idi. Müharibə şəraiti, bir milyon qaçqın və köçkün insanlar, çox çətin iqtisadi vəziyyət, yoluxucu xəstəliklərin epidemiya təhlükəsi... Ancaq ulu öndər o vəziyyətdən ölkəni xilas edə bildi. O öz beynəlxalq nüfuzu sayəsində ölkəmizə çoxlu vaksinlər, zərdablar gətirilməsinə nail oldu ki, bu da həmin xəstəliklərin qarşısının alınmasında həlledici rol oynadı.
Bu gün biz XXI əsrin əvvəllərini yada salanda səhiyyəmizin vəziyyətinin çox da ürəkaçan olmadığını xatırlayırıq. Bərbad, çox vaxt qəza vəziyyətində olan xəstəxanalar, ötən əsrdən qalma nasaz avadanlıq, dərman qıtlığı... Bütün bunları görən xarici ekspertlərin fikrincə, Azərbaycan səhiyyəsinin inkişafı üçün onilliklər lazım idi.
Ancaq Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin gərgin əməyi, səyi, möhkəm iradəsi sayəsində, ölkəmizdəki ictimai-siyasi sabitlik sayəsində Vətənimiz hər sahədə inkişaf etdi. O cümlədən səhiyyə sahəsində də 10 il ərzində inqilabi dəyişikliklər baş verdi”.
Səhiyyə naziri hazırda insanların sağlamlığının qorunmasının, gələcək nəslin sağlam böyüməsinin ölkəmizdə dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu, dövlət başçısının bu məsələləri daim diqqətdə saxladığını vurğuladı. O, dünyada çətin iqtisadi vəziyyətə, maliyyə böhranına baxmayaraq, Azərbaycanda sosial sahələrin maliyyələşdirilməsinin azaldılmadığını, əksinə, səhiyyənin inkişafina, maddi-texniki bazasının gücləndirilməsinə daha çox diqqət ayrıldığını dedi. Bunun hesabına son illər həm paytaxtda, həm ölkənin müxtəlif bölgələrində yeni-yeni tibb müəssisələrinin, səhiyyə mərkəzlərinin tikildiyini, əsaslı təmir olunduğunu, ən müasir avadanlıqlarla təchiz edildiyini bildirdi.
O.Şirəliyev Azərbaycan səhiyyəsinin inkişafının beynəlxalq aləmdə də xüsusi qeyd olunduğunu diqqətə çatdırdı: “Beynəlxalq qurumlar Azərbaycan dövlətinin əhalinin sağlamlığının qorunması sahəsində fəaliyyətini yüksək qiymətləndirir, bir sıra hallarda bunu digər dövlətlərə də nümunə göstərirlər. Bu yaxınlarda Ümumdünya Səhiyyə Assambleyasında Ümumdünya Səhiyyə Təşkilatının yeni seçilmiş Baş direktoru doktor Tedros Gebreyesus Azərbaycan səhiyyəsinin inkişafını, Prezident İlham Əliyevin bu sahədə fəaliyyətini yüksək qiymətləndirdi. Təsadüfi deyil ki, doktor Tedros Gebreyesus bu günlərdə Azərbaycan təcrübəsi ilə daha yaxın tanışlıq məqsədi ilə ölkəmizə səfər etməyə hazırlaşır”.
Nazir Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın səhiyyənin inkişafı sahəsində fəaliyyətini də xüsusi vurğuladı. Qeyd etdi ki, ölkədə əhalinin, xüsusilə də yeni nəslin sağlamlığı ilə bağlı ən mühüm problemlərin həllinə yönəldilmiş addımlar, onun tövsiyəsi ilə qəbul olunmuş qərarlar, qanunlar, dövlət proqramları, yaradılan tibb mərkəzləri səhiyyəmizin tərəqqisinə böyük töhfədir.
Çıxışının sonunda səhiyyə naziri Oqtay Şirəliyev tibb işçiləri ilə bağlı ürək sözlərini dilə gətirdi: “Siz qəlbinizin çağırışı ilə öz həyatınızı ən humanist və nəcib peşə ilə bağlamısınız. Bu peşədə ancaq o adamlar qalır ki, gücünü, vaxtını, sağlamlığını əsirgəmədən, başqalarının həyatı və sağlamlığı yolunda fədakarlıqla mübarizə aparmağa hazırdır. Sizin çətin gündəlik əməyiniz bir çox adama həyata qayıtmağa, sabahkı günə əminliklə baxmağa, həyatın sevincini yenidən hiss etməyə imkan verir. İnsanların mərhəmətə, qayğıya, qəlbin istisinə tələbatı heç vaxt yox olmayacaq. Yalnız həkim dayanmış ürəyi yenidən döyündürməyə, insana sağalmasına ümid verməyə, inam yaratmağa, həyatın bütün rənglərini bəxş etməyə qadirdir. Əziz həmkarlar! Siz öz əməyinizlə xalqımızın, millətimizin sağlamlığını qoruyursunuz. Ölkə səhiyyəsinin tərəqqisi naminə fədakar əməyinizə görə hər birinizə səmimi qəlbdən təşəkkür edirəm. Özünüzə və yaxınlarınıza möhkəm sağlamlıq, xoşbəxtlik, firavanlıq arzulayıram. Bayramınız mübarək olsun!”
Tədbirdə çıxış edən Azərbaycan Tibb Universitetinin Əczaçılığın texnologiyası və idarəçiliyi kafedrasının müdiri, professor Məhbubə Vəliyeva 100 illik yubiley və peşə bayramı münasibətilə tibb işçilərini təbrik etdi, xüsusi cəsarət, həssaslıq tələb edən həkimlik peşəsinin çətinliyindən, ağırlığından və əhəmiyyətindən danışdı. Savadlı tibb kadrlarının, o cümlədən milli əczaçıların hazırlanması sahəsində keçilən tarixi yola nəzər saldı. O, görkəmli dövlət xadimi, səhiyyə təşkilatçısı, müdrik insan Əziz Əliyevin ölkəmizdə tibbin inkişafında rolunu xüsusi vurğuladı. Onun 1937-ci ildə yaratdığı Azərbaycan Əczaçılıq İnstitutuna rəhbərlik etdiyini dedi. 5 il sonra fəaliyyətini dayandıran İnstitutun ilk məzunlarından olan İsrafil Dəmirovun, Dursun Hüseynovun, Ağasəf Rüstəmovun, Rüstəm Əliyevin və başqalarının bugünkü böyük əczaçılar ordusunun yetişməsində xidmətlərini diqqətə çatdırdı: “Əziz Əliyev savadlı kadrlar yetişdirməyə öz ailəsindən başlamışdı. Hər birimizə məlumdur ki, akademik Zərifə Əliyevanın, akademik Cəmil Əliyevin, Tamerlan Əliyevin Azərbaycan səhiyyəsinə verdiyi töhfələr əvəzsizdir”.
M.Vəliyeva Azərbaycan tibb elmi və tibb təhsili sisteminin, bütövlükdə Azərbaycan səhiyyəsinin müdrik şəxsiyyət H.Əliyevin rəhbərliyi altında ardıcıl olaraq formalaşdığını və müasirləşdiyini, beynəlxalq aləmdə tanındığını, yüksək inkişaf mərhələsinə qədəm qoyduğunu da vurğuladı. Onun həyata keçirdiyi vacib islahatlar nəticəsində səhiyyənin günün tələblərinə cavab verən maddi-texniki bazasının yaradıldığını dedi. Ulu öndərin “Mən həkimi, səhiyyəni çox sevirəm. Deyə bilərəm ki, mən səhiyyənin dostuyam. Siz isə mənim bir nömrəli dostlarımsınız” sözlərini xatırlatdı. O, bu gün də səhiyyəmizin ümummilli liderin layiqli davamçısı İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın bu sahəyə xüsusi diqqəti hesabına daha da inkişaf etdiyini vurğuladı. Çıxışının sonunda M.Vəliyeva səhiyyə naziri Oqtay Şirəliyevə tibb elminə, təhsilinə böyük qayğı göstərdiyi üçün minnətdarlığını bildirdi.
Azərbaycan Tibb Universitetinin professoru Rüxsarə Əliyeva da səhiyyə işçilərini böyük bayram münasibətilə təbrik etdi. O, Azərbaycanda səhiyyənin müxtəlif sahələrində qazanılan elmi uğurların dünya səhiyyəsində öz yerini tapdığını qeyd etdi. Müasir dövrdə səhiyyədə aparılan islahatların, tibbi sığortanın tətbiqinin və s. böyük əhəmiyyət kəsb etdiyini, tibb xidmətlərinin yaxşılaşdırılmasına doğru yönəldilmiş tədbirlər olduğunu söylədi: “Azərbaycanda insanların sağlamlığının mühafizəsi işi uğurla həyata keçirilir, səhiyyə nazirinin göstərişi ilə əhali arasında müntəzəm profilaktik tədbirlər aparılır. Ulu öndər H.Əliyev qeyd edirdi ki, müalicə vacibdir, lakin profilaktika ondan da vacibdir. Bu sözlər hazırda öz təsdiqini tapır”.
Neftçala Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidov son illər ölkəmizin misli görünməmiş inkişaf yolu keçməsindən, gündən-günə çiçəklənməsindən danışdı. Azərbaycan səhiyyəsinin indiki yüksək səviyyəyə birdən-birə çatmadığını, çətin, ağır və şərəfli inkişaf yolu keçdiyini dedi: “Səhiyyəmiz zamanın sınaqlarından uğurla çıxıb. Tarixin bütün dövrlərində Azərbaycan xalqına, vətəndaşlarına sədaqətlə xidmət edib. Ölkəmiz inkişaf etdikcə, gücləndikcə səhiyyəmiz də inkişaf edib və bu gün özünün ən yüksək tərəqqi dövrünə gəlib çatıb. Bu gün Vətənimizdə vaxtilə həyata keçirilməsi xəyal hesab edilən mürəkkəb müayinə və müalicələr, ağır əməliyyatlar və s. uğurla icra olunur. Bu isə bir vaxtlar xarici ölkələrə getməyə məcbur olan vətəndaşlarımıza mənəvi rahatlıq verir, Azərbaycan səhiyyəsinə minnətdarlıq duyğuları yaradır”.
T.Zahidov ötən illər ərzində istər Bakıda, istərsə də bölgələrdə səhiyyənin təşkili işinə, praktik təbabətin inkişafına öz layiqli töhfələrini vermiş böyük milli tibb ordusunun yetişdiyini də diqqətə çatdırdı. Ötən 100 ildə rayonlarımızda da səhiyyənin özünəməxsus çətin və şərəfli inkişaf yolu keçdiyini dedi: “XX əsrin əvvəllərində rayonlarda səhiyyə təcili tibbi yardımın at arabaları ilə göstərildiyi, tibbi avadanlıqların ancaq civəli manometr və termometrdən ibarət olduğu, diaqnozların xəstələrin şikayətləri əsasında qoyulduğu primitiv xidmət sahəsindən XXI əsrin əvvəlində ən son model təcili yardım avtomobilləri, müasir tibbi laborator avadanlıqlarla təchiz olunmuş sivil, yüksək keyfiyyətli xidmət sahəsinə çevrilib. Neftçala rayonu da bu baxımdan istisna təşkil etmir. Maraqlı fakt kimi bildirim ki, ölkəmizdə ilk aptek 1891-ci ildə Neftçala ərazisində, Bankə qəsəbəsində təşkil olunub. Buna baxmayaraq, XX əsrin əvvəlində rayonun səhiyyə strukturu yalnız Bankə qəsəbəsində və balıq vətəgələrində işləyən, əhaliyə tibbi xidmət üçün nəzərdə tutulmuş 15 çarpayılıq ambulatoriyadan ibarət idi. Sonradan 15 çarpayılıq ambulatoriya 10 çarpayılıq xəstəxanaya çevrildi. Kür çayı boyunca yerləşən bir neçə kənddə isə tibb məntəqələri təşkil olundu. Həmin dövrdə yerli tibb kadrları olmadığı üçün səhiyyə müəssisələrində Bakı şəhərindən gələn orta tibb işçiləri çalışırdılar. İllər ötdükcə həmin məntəqələr həkim məntəqələrinə çevrildi və Bakıda ali tibb təhsili almış bir neçə neftçalalı gənc həmin bu tibb ocaqlarında fəaliyyətə başladı. Sonralar isə Rayon Mərkəzi Xəstəxanası təşkil olundu, bir neçə kiçik şöbə yaradıldı və ixtisaslı kadrların sayı artdı. Hazırda isə Neftçala RMX da özünün inkişaf dövrünü yaşayır. Ötən il xəstəxanamızın əsaslı təmiri başa çatdı, ən müasir standartlara uyğun müalicə və diaqnostika, laboratoriya avadanlıqları ilə təchiz olundu”.
T.Zahidov çıxışının sonunda tibb işçilərini peşə bayramı və Azərbaycan səhiyyəsinin 100 illiyi münasibətilə təbrik etdi.
Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Hüseyn Əhmədov son 12 ildə səhiyyə sahəsində gedən inkişafdan danışdı: “2005-ci ildən səhiyyədə aparılan geniş, hərtərəfli islahatlar bu gün öz bəhrəsini verir. Nazir Oqtay Şirəliyevin xidməti sayəsində bu illər ərzində ölkəmizdə 672 səhiyyə müəssisəsi tikilib, təmir olunub, hər cür müasir avadanlıqla təmin edilib, istifadəyə verilib. Bu tibb müəssisələrində kadr potensialının artırılması üçün böyük işlər görülüb. Hazırda Azərbaycanın gənc həkimləri ABŞ, İngiltərə, Almaniya, Türkiyə klinikalarında təhsil alır, təkmilləşmə və ixtisasartırma kurslarında təhsillərini davam etdirirlər. Bu gün ölkəmizdə unikal cərrahi əməliyyatlar, böyrək, qaraciyər, sümük iliyi transplantasiyası uğurla aparılır. Bütün bu nailiyyətlər ümummilli lider Heydər Əliyevin siyasi kursunun davamçısı İlham Əliyevin dəstəyi ilə əldə edilib. Azərbaycan səhiyyəsinin inkişafında Birinci vitse-prezident Mehriban Əliyevanın da böyük əməyi və zəhməti olub. Qürurla deyə bilərəm ki, indi Azərbaycan səhiyyəsi çiçəklənmə dövrünü yaşayır”.
Sonra Azərbaycan səhiyyəsinin keçdiyi 100 illik inkişaf yolunu əks etdirən videoçarx nümayiş olundu.
Tədbirin sonunda səhiyyə naziri Oqtay Şirəliyev tibb işçilərini peşə bayramı və yubiley münasibətilə bir daha təbrik etdi, onlara uzun ömür, cansağlığı arzuladı. Ölkə səhiyyəsinə hər zaman xüsusi qayğı ilə yanaşan Prezident İlham Əliyevin hər il Tibb İşçiləri günü münasibətilə Sərəncamlar imzaladığını, Azərbaycan səhiyyəsinin inkişafında xidmətləri olan qabaqcıl tibb işçilərini fəxri adlarla, “Tərəqqi” medalı ilə təltif etdiyini dedi.
Daha sonra Oqtay Şirəliyev Səhiyyə Nazirliyinin əmrinə əsasən, Səhiyyə Nazirliyinin yaranmasının 100 illiyi münasibətilə, əməkdə xüsusi xidmət və nailiyyətləri ilə fərqləndiklərinə görə “Səhiyyə əlaçısı” döş nişanı ilə təltif edilən tibb işçilərinə - Naxçıvan Muxtar Respublikası (MR) Kardioloji Mərkəzinin, Culfa Rayon Mərkəzi Xəstəxanasının Doğum və ginekologiya şöbəsinin həkim mama-ginekoloqu Zülfiyyə Ağayevaya, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları Fərid Beybutova, Rüfət Keberlinskiyə, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin şöbə müdiri Pərviz Əzizbəyova, Bakı şəhəri 5 nömrəli Doğum Evinin həkim mama-ginekoloqu Səadət Əkbərovaya, Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının böyük həkimi Nuridə Fərzəliyevaya, Uşaq Nevroloji Xəstəxanasının həkim-otorinolarinqoloqu Nailə Həsənovaya, Respublika Müalicə-Diaqnostika Mərkəzinin Oftalmologiya şöbəsinin müdiri Xəlil Hüseynova, Avrasiya klinikasının həkim-nevropatoloqu Könül Hacıyevaya, Naxçıvan MR Kardioloji Mərkəzinin həkim-kardioloqu Cəfər İsmayılova, Quba Rayon Mərkəzi Xəstəxanasının Ginekologiya şöbəsinin müdiri Aynaxanım Nurəliyevaya, Kliniki Tibbi Mərkəzin Klinik diaqnostik laboratoriyasının müdiri Mais Sayilova, Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Səyyaf Tağıyevə, Azərbaycan Tibb Universitetinin Epidemiologiya kafedrasının dosenti Elman Vahabova, Bakı şəhəri 1 saylı Uşaq Evinin həkim-pediatrı Sevinc Vəliyevaya mükafatları təqdim etdi.
Həmçinin Səhiyyə Nazirliyinin yaranmasının 100 illiyi münasibətilə əhalinin sağlamlığının qorunması sahəsində qüsursuz və səhiyyə sistemində səmərəli fəaliyyətlərinə görə Səhiyyə Nazirliyinin Fəxri Fərmanı ilə mükafatlandırılan şəxslərə - Hacıqabul rayonu Udulu Kənd Xəstəxanasının həkim-terapevti Nazirə Ağayevaya, Füzuli rayonu Horadiz Şəhər Xəstəxanasının həkim-terapevti Soltan Əliyevə, Kliniki Tibbi Mərkəzin baş tibb bacısı İradə Həsənovaya, Respublika Müalicə-Diaqnostika Mərkəzinin Keyfiyyətə nəzarət şöbəsinin müdiri Zərifə Kamilovaya, Hacıqabul Rayon Mərkəzi Xəstəxanasının şöbə müdiri Əligüllah Qənbərova, Sabirabad rayon Qaratuğay Kənd Həkim Məntəqəsinin feldşeri Vidanə Mehtiyevaya, Lənkəran Perinatal Mərkəzinin tibb bacısı Şəbnəm Məmmədovaya, Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Nizami Mehtizadəyə, Ə.Əliyev adına Naxçıvan MR Mərkəzi Uşaq Xəstəxananın Poliklinika şöbəsinin həkim-kardiorevmatoloqu Nəzirə Mirişliyə, Ağsu rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Əhsən Nəsirova, Milli Onkologiya Mərkəzi Poliklinika şöbəsinin müdiri Afiq Rəhimova, Milli Onkologiya Mərkəzinin şüa diaqnostikası üzrə həkimi Vüqar Səmədova, Göyçay Rayon Mərkəzi Xəstəxanasının sahə terapevti Mirvari Sultanovaya, Naxçıvan Muxtar Respublika Xəstəxanasının həkim-qastroenteroloqu Mir Yusif Seyidova, Psixi Sağlamlıq Mərkəzinin şöbə müdiri Kəmalə Talıbovaya, Səhiyyə Nazirliyi Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim-terapevti Namiq Teymurova, Respublika Müalicə-Diaqnostika Mərkəzinin texniki işlər üzrə direktor müavini Samir Zeynalova mükafatlar təqdim olundu.

Ü.FƏRZƏLİYEVAшаблоны для dle 11.2





Oktyabr 2018

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova