Valyuta.com

Ümumdünya Səhiyyə Assambleyasının 71-ci sessiyası

Ümumdünya Səhiyyə Assambleyasının 71-ci sessiyası

ÜST Baş direktoru Tedros Gebreyesus: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin milli səhiyyənin inkişafına diqqət və qayğısı digər ölkə başçılarına nümunə ola bilər”


İsveçrə Konfederasiyasının Cenevrə şəhərində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) qərarların qəbulu üzrə ali orqanı olan Ümumdünya Səhiyyə Assambleyasının (ÜSA) növbəti 71-ci sessiyası keçirilib.
Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyevin başçılığı ilə ölkəmizin nümayəndə heyəti tədbirdə iştirak edib.
Həmişə olduğu kimi, bu sessiyanın da qarşısında ÜST-nin ümumi siyasətini və fəaliyyət istiqamətlərini müəyyənləşdirmək, qurumun maliyyə siyasətinə nəzarət etmək, proqram büdcə layihəsini nəzərdən keçirmək və təsdiq etmək kimi vəzifələr dururdu.
“Hamı üçün sağlamlıq” devizi altında keçirilən sessiyanın gündəliyinə ÜST Baş direktoru Tedros Adhanom Gebreyesusun hesabatı, regional komitələrin İcraiyyə Komitəsinə hesabatları, ÜST-də islahatlar, pandemiyalara hazırlıq, fövqəladə vəziyyətlərin aradan qaldırılması, qeyri-infeksion xəstəliklərə qarşı mübarizə, Beynəlxalq Səhiyyə Qaydaları, miqrantların sağlamlığı, sağlam həyat tərzinin təşviqi, səhiyyənin sosial determinantları, səhiyyə və sosial sektorun maliyyələşdirilməsi, layihə-büdcə komitəsinin hesabatı və digər məsələlər salınmışdı. Toplantıda ÜST İcraiyyə Komitəsinin yanvar və may sessiyalarının xülasəsi, resursların strateji bölgüsü, inzibati məsələlər, 2014-2020-ci illər üçün Davamlı İnkişaf Məqsədləri, ana və uşaqların sağlamlığı, dərman vasitələri istehlakı üzrə hüquqi bazanın təkmilləşdirilməsi, tibbi araşdırmalar üzrə ekspert qrupların rəyi, üzv ölkələrin daxili siyasətində səhiyyə və sosial məsələlərin əhəmiyyəti və digər məsələlər müzakirə olunub.
Sessiyanın ilk günü Ruandanın Prezidenti Paul Kaqame 71-ci Assambleyanın dəvət olunmuş fəxri qonağı qismində çıxış edib.
ÜST-nin qaydalarına uyğun olaraq, Zimbavenin səhiyyə naziri Paqvesese David Parienyatva 71-ci Assambleyanın Prezidenti seçilib.
ÜST-nin Baş direktoru Tedros Gebreyesus sessiyanın açılış günündə etdiyi ənənəvi məruzəsində bu vəzifəyə seçildiyi bir ərzində görülmüş işlərdən, təşkilatın son illərdə qazandığı nailiyyətlərdən danışıb. “Dünyada sağlamlıqdan böyük sərvət yoxdur. Buna görə 7 milyard insanın sağlamlığının mühafizəsi həvalə olunan qurumun üzərinə çox böyük məsuliyyət düşür və o, ən yüksək standartlara cavab verməlidir”, - deyən Baş direktor infeksion xəstəliklərə qarşı effektiv mübarizədən, geniş miqyaslı immunizasiya tədbirlərindən, bir sıra infeksiyaların tamamilə ləğv edilməsindən, Minilliyin İnkişaf Məqsədlərində səhiyyəyə aid hədəflərin təyini və onlara nail olmaqdan, QİÇS-lə mübarizədə antiretrovirus müalicəsinin geniş tətbiqindən, digər beynəlxalq təşkilatlarla məhsuldar əməkdaşlığın nəticələrindən söz açıb. Tedros Gebreyesus çıxışında ana və uşaq sağlamlığının qorunması, qeyri-infeksion xəstəliklərə qarşı mübarizənin qloballaşdırılması, habelə son zamanlar Yaxın Şərqdə baş verən siyasi hadisələrdə yaranmış səhiyyə problemlərinin həlli kimi məsələlərə də toxunub.
Baş Direktor öz nitqində deyib: “70 il əvvəl təşkilatımızın əsası qoyularkən qarşıda duran məqsədlər mütəvaze deyildi. Bu qurumu yaradanlar səhiyyədə kiçik irəliləyişə nail olmağı hədəf götürməmişdilər. Onlar elə bir dünya arzulayırdılar ki, orada bütün insanlar başlıca insan haqlarından biri kimi, mümkün olan ən yüksək sağlamlıq səviyyəsinə çatsınlar. Biz də onların yolu ilə gedirik və deyirik ki, bəzi ölkələr arasında gözlənilən ömür uzunluğu arasında 33 il fərq varsa, belə dünya bizi təmin eləmir. İnsanların nəfəs aldığı hava yararsız olduğuna görə onlar xəstələnirlərsə, belə dünya bizi təmin eləmir. İnsanlar tibbi yardım xərclərinə görə xəstəlik və yoxsulluq arasında seçim etmək məcburiyyətindədirlərsə, belə dünya bizi təmin eləmir. Bütün bunlar bizim yeni ümumi fəaliyyət proqramında əks olunub”.
Azərbaycan nümayəndə heyətinin üzvləri ÜSA-nın 71-ci sessiyasının plenar iclasları ilə yanaşı, Assambleyanın A və B Komitələrinin işində də yaxından iştirak ediblər. Ölkəmizin təmsilçiləri Beynəlxalq Səhiyyə Qaydaları, vərəmə qarşı mübarızə, Qadın, uşaq və yeniyetmələrin sağlamlığı üzrə Qlobal Strategiya, ana və uşaqların sağlam qidalanması, vaksinasiya və immunoprofilaktika məsələlərinə dair çıxışlar ediblər.



ÜSA-nın 71-ci sessiyası çərçivəsində Azərbaycan səhiyyə naziri Oqtay Şirəliyevin bir sıra rəsmi şəxslərlə görüşləri də olub.
QİÇS, Vərəm və Malyariya ilə mübarizə üzrə Qlobal Fondun İcraçı direktoru Piter Sands və Fondun nümayəndə heyəti ilə Millətlər Sarayında keçirilən görüşdə Qlobal Fond ilə imzalanmış Çərçivə Sazişinin yerinə yetirilməsi müzakirə edilib. Vurğulanıb ki, malyarıyanın Azərbaycanda tamamilə eliminasiyası layihənin ən böyük uğurudur.
Qeyd edək ki, Piter Sands həm dövlət sektorunda, həm də özəl sektorda bir sıra vacib vəzifələri icra edib. O, Azərbaycanda icbari tibbi sığortanın tətbiqi və yol xəritəsinin hazırlanması üzrə çalışan dünya nüfuzlu “Makkenzi” şirkətinin uzun illər tərəfdaşı olub. Görüşdə Qlobal Fondun nümayəndə heyəti hazırlanan sığorta paketinə QİÇS və vərəmin də salınması üçün texniki yardım edəcəyinə söz verib.
Səhiyyə nazirinin digər əhəmiyyətli görüşü ÜST-nin Baş direktoru Tedros Gebreyesus ilə baş tutub.
Görüşdə dünyada baş verən hadisələr, miqrasiya böhranı, infeksiyalara qarşı mübarizə və hazırlıq tədbirləri, infeksion xəstəliklərin transmilli sərhədlərdən yayılması və ÜST ekspertlərinin bu sahədə qazandığı müsbət təcrübə, habelə Azərbaycanda ÜST ofisinin statusunun dəyişilməsi məsələləri müzakirə edilib.
Azərbaycan tərəfi ölkəmizdə səhiyyə sahəsində aparılan islahatlar, səhiyyə sisteminin təkmilləşdirilməsi haqqında Baş direktora təfsilatı ilə məlumat verib.
Azərbaycanın son zamanlar bir sıra beynəlxalq tədbirlərin keçirilməsi üçün ev sahibliyi etməsi təqdirlə vurğulanıb, eyni zamanda, tədbirlərin təhlükəsizliyinin təmini və infeksiyalara qarşı mübarizə fəaliyyətlərinin müstəsna əhəmiyyəti qeyd edilib.
Görüşdə həmçinin Tedros Gebreyesusun bu ilin iyul ayında Azərbaycana səfəri də müzakirə edilib. Baş Direktor səfəri çərçivəsində “Dayanıqlı İnkişaf: səhiyyə sahəsində əldə edilmiş uğurlar, həyata keçirilən islahatlar və hədəflər” mövzusunda konfransın keçirilməsini, o tədbirdə Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası üzvlərinin, Azərbaycanın humanitar və sosial sektorunun, habelə gənc mütəxəssislərin iştirakını təklif edib.
Görüşün sonunda ÜST Baş direktoru vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin milli səhiyyənin inkişafına diqqət və qayğısı digər ölkə başçılarına nümunə ola bilər.
ÜSA çərçivəsində Oqtay Şirəliyev ÜST Avropa Regional Direktoru Jujanna Yakab ilə də görüşüb. Assambleyanın gündəliyində olan məsələlərə dair Avropa Regionunun mövqeyi, Azərbaycanın çıxışları və müdaxilələri, ÜST Azərbaycan ofisinin təkmilləşdirilərək oraya beynəlxalq statuslu ekspertlərin cəlb edilməsi, habelə ÜST islahatlarının təşkilati məsələləri müzakirə mövzusu olub.
Görüşlərdə Azərbaycan tərəfdən Səhiyyə Nazirliyinin nümayəndə heyəti ilə yanaşı, ölkəmizin BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Vaqif Sadıqov da iştirak edib.
Assambleyanın plenar iclasından sonra Türkiyə Cümhuriyyəti, Rusiya Federasiyası, İran İslam Respublikası, Qazaxıstan, Gürcüstan, Latviya, Özbəkistan, Cibuti, Əfqanıstan və Belarus Respublikasının səhiyyə rəsmiləri ilə də işçi görüşlər keçirilib. Görüşlərdə ölkələrimiz arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq əlaqələrinin perspektivləri müzakirə olunub.шаблоны для dle 11.2





İyul 2018

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova