Valyuta.com

Uşaq əlilliyi üzrə Milli Fəaliyyət Planı qəbul edildi

Uşaq əlilliyi üzrə Milli Fəaliyyət Planı qəbul edildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Uşaqlıq dövrünə xas olan əlilliyin erkən profilaktikası və müalicəsi üzrə 2018-2020-ci illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Sərəncam verib.
Sənəddə müvafiq Milli Fəaliyyət Planı təsdiq edilməklə yanaşı, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə həmin planda nəzərdə tutulmuş tədbirlərin icrasını əlaqələndirmək, onların icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tapşırılıb. Nazirlər Kabinetinə isə bu Sərəncamdan irəli gələn məsələlərin həlli həvalə olunub.
Uşaqlıq dövrünə xas olan əlilliyin erkən profilaktikası və müalicəsi üzrə 2018–2020-ci illər üçün Milli Fəaliyyət Planının (MFP) Giriş hissəsində qeyd olunur ki, ölkəmizin iqtisadi potensialı artdıqca səhiyyənin inkişafı üçün əlverişli şərait yaranır, əhalinin, o cümlədən uşaqların sağlamlığının qorunması problemləri ardıcıllıqla öz həllini tapır. Bu işdə səhiyyənin prioritet sahələri üzrə qəbul olunmuş dövlət proqramlarının müstəsna rolu olub. Uşaqlara tibbi yardım göstərən tibb müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, onların müasir tibbi texnika və ləvazimatlarla təchiz edilməsi, yeni tibbi texnologiyaların tətbiqi, tibbi kadrların peşə səviyyəsinin artırılması və digər tədbirlər nəticəsində uşaqların sağlamlığını xarakterizə edən göstəricilərdə müsbət dinamikaya nail olunub. Uşaqlar arasında xəstələnmə və ölümün səviyyəsi azalıb. Belə ki, körpə ölümü göstəricisi hər 1000 diridoğulana 2006-cı ildə 11,9 olmuşdusa, 2016-cı ildə bu rəqəm 11,4-ə enib.
Bununla yanaşı, sağlamlıq imkanları məhdud hesab edilən uşaqların sayının artması uşaqlıq dövrünə xas olan əlilliyin erkən aşkarlanması, profilaktikası və erkən müdaxiləsi xidmətlərinin səviyyəsinin gücləndirilməsinə, uşaq xəstəliklərinin profilaktikasına yönəlmiş tədbirlərin təkmilləşdirilməsinə ehtiyac olduğunu göstərir.
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında uşaqlıq dövrünə xas olan əlilliyin erkən profilaktikası və müalicəsi üzrə milli fəaliyyət planının qəbulu və həyata keçirilməsi nəzərdə tutulub. Qəbul edilən bu sənəd uşaqlıq dövrünə xas olan əlilliyin erkən aşkarlanma, profilaktika və erkən müdaxilə xidmətlərinin gücləndirilməsini, bu sahədə fəaliyyət göstərən tibb müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılmasını, skrininq və genetik analiz müayinələri üçün tibb müəssisələrinin avadanlıq və reaktivlərlə təchiz edilməsini, kadrların təkmilləşdirilməsini, əhali arasında geniş maarifləndirmə işlərinin aparılmasını nəzərdə tutur.
MFP antenatal, neonatal və sonrakı dövrlərdə uşaqlarda risk amillərinin və xəstəliklərin erkən mərhələdə aşkar edilməsini, bununla da sağlamlıq imkanlarının məhdudluğu səviyyəsinin azaldılmasını bir məqsəd kimi qarşıya qoyur.
Əsas vəzifələr anadangəlmə inkişaf qüsurları ilə müşahidə olunan doğuş hallarında sistemli perinatal nəzarətin aparılması; erkən aşkarlanma, profilaktika və erkən müdaxilə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi; az çəki ilə doğulmuş və inkişaf qüsuru olan uşaqların tibbi nəzarətdə saxlanılması məqsədi ilə registrin yaradılması; əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud olan uşaqlara xidmət göstərən tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, onların müasir standartlara uyğunlaşdırılması; erkən aşkarlanma, profilaktika və erkən müdaxilə xidmətləri göstərən tibb müəssisələrində kadrların bilik səviyyəsinin artırılması; uşaqlarda sağlamlıq imkanları məhdudluğunun azaldılması üçün erkən aşkarlanma, profilaktika və erkən müdaxilə xidmətləri ilə bağlı maarifləndirmə işinin gücləndirilməsidir.
Milli Fəaliyyət Planında nəzərdə tutulan tədbirlər müvafiq illər üzrə Azərbaycan Respublikasının dövlət büdcəsində aidiyyatlı icraçı dövlət orqanları və qurumları üçün nəzərdə tutulmuş vəsaitlər və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.
MFP-nın həyata keçirilməsi ilə bağlı Tədbirlər Planının "Sağlamlıq imkanları məhdud olan uşaqların erkən aşkarlanması sahəsində profilaktik tədbirlər” adlanan birinci hissəsində ilk bənd sağlamlıq imkanları məhdud olan uşaqlarla işləyən, tibb təhsili olmayan işçilərin və həmin uşaqların valideynlərinin bilik və bacarıqlarının artırılması məqsədilə psixoloji, sosial və fiziki reabilitasiya xidmətləri göstərən dövlət qurumları və ictimai birliklərin əməkdaşları üçün icbari intensiv təlim kurslarının hazırlanması və keçirilməsinə həsr olunub. Bu tədbirlər Səhiyyə Nazirliyi (SN), Təhsil Nazirliyi (TN), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN), Gənclər və İdman Nazirliyi (GİN) tərəfindən həyata keçiriləcək. Həmçinin belə uşaqların valideynləri və onlarla işləyən ictimai birliklər üçün müvafiq tibbi-profilaktika müəssisələri tərəfindən geniş maarifləndirmə işi aparılması (SN, ƏƏSMN), peyvəndlənmənin əhəmiyyəti barədə valideynlərin məlumatlılıq səviyyəsinin artırılması üçün tibb işçilərinin təlimləndirilməsi (SN), erkən aşkarlanma, profilaktika və erkən müdaxilə ilə bağlı yeni metodika və yanaşmaların sınaqdan keçirilməsi və elmi tədqiqatların dəstəklənməsi (SN), kənd təsərrüfatı sahəsində çalışan fertil yaş dövründəki (15-49 yaş) qadınlar arasında kimyəvi maddələrin (pestisidlər, aqrokimyəvi maddələr və s.) hamiləliyə və gələcəkdə doğulacaq uşağın sağlamlığına təsirləri ilə bağlı maarifləndirmə işi aparılması (SN, Kənd Təsərrüfatı Nazirliyi) nəzərdə tutulur.
Milli Fəaliyyət Planının “Uşaqlıq dövrünə xas olan xəstəliklərin erkən aşkarlanması və profilaktika xidmətləri göstərən tibb müəssisələrində kompleks tədbirlərin həyata keçirilməsi” adlanan ikinci hissəsinə əsasən, bu tibb müəssisələrinin maddi-texniki vəziyyətinin yaxşılaşdırılması (SN), bu xidmətləri göstərən həkimlərin və orta tibb işçilərinin bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə beynəlxalq mütəxəssislərin iştirakı ilə perinatal dövrdə fetal exokardioqrafiya və ultrasəs müayinəsi, audiometriya, fiziki reabilitasiya və s. üzrə intensiv nəzəri və praktik təlim kurslarının təşkili (SN), perinatal və tibbi-genetik məsləhət xidmətləri göstərən həkimlərin bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə beynəlxalq və yerli mütəxəssislərin iştirakı ilə tədris planlarının müasir standartlara və tələblərə uyğunlaşdırılması və onların əsasında hər il təkmilləşdirmə kurslarının keçilməsi (SN), uşaqlarda anadangəlmə inkişaf qüsurlarının (anadangəlmə ürək qüsurları, anadangəlmə karlıq, qarın boşluğu orqanlarının anomaliyaları, sinir borusu defektləri və s.) erkən aşkarlanması və ağır dərəcəli əlilliyin profilaktikası üçün ilkin mərhələdə tibb müəssisələrinin ixtisaslaşdırılmış, habelə müasir diaqnostika avadanlığı ilə təchiz edilməsi (SN), sağlamlıq imkanları məhdud olan uşaqlara göstərilən ambulator, stasionar və sanatoriya-kurort xidmətlərinin təkmilləşdirilməsi məqsədilə müvafiq dövlət orqan və qurumlarının tabeliyində olan sanatoriya-kurort müəssisələrinin ehtiyaclarının qiymətləndirilməsi, xidmətlərin müasir standartlara cavab verməsi və uşaqların ehtiyaclarının qarşılanması üçün maddi-texniki bazanın yaxşılaşdırılması (SN, ƏƏSMN, GİN), sağlamlıq imkanları məhdud olan uşaqların müalicəsində sanatoriya-kurort şəraitində yeni müalicə üsullarının tətbiqi (SN, ƏƏSMN), neonatal ürək-damar cərrahiyyəsi və neyrocərrahiyyə xidmətlərinin təkmilləşdirilməsi və tətbiqi sahəsinin genişləndirilməsi (SN, TN, ƏƏSMN, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi), uşaq müəssisələrində, uşaqlara xidmət göstərən sosial xidmət müəssisələrində (uşaq evləri, məktəbəqədər təhsil müəssisələri və s.) uşaqlıq dövrünə xas olan əlilliyin erkən aşkarlaması və profilaktikası məqsədilə mütəxəssis hazırlığının həyata keçirilməsi (SN, TN, ƏƏSMN) planlaşdırılır.
"Sağlamlıq imkanları məhdud olan uşaqların erkən aşkarlanması məqsədi ilə skrininq aparılması” adlanan üçüncü hissədə antenatal və neonatal skrininq (kardio, eşitmə, görmə, koqnitiv, ünsiyyət və hərəkətin inkişafı) aparılması, qiymətləndirilməsi və müayinə metodlarının təkmilləşdirilməsi (SN), geniş yayılmış irsi metabolik və hormonal pozuntuların aşkar edilməsi üçün mərkəzləşdirilmiş laborator diaqnostika imkanlarının yaradılması (SN), koqnitiv, ünsiyyət və özünəqulluq bacarıqlarının inkişafı, hərəkət və psixi inkişafda geriləmənin erkən aşkarlanması məqsədi ilə müasir proqramların hazırlanması və həyata keçirilməsi (SN), antenatal və neonatal dövrlərdə sağlamlıq imkanları məhdudluğunun erkən aşkarlanması məqsədilə koqnitiv, ünsiyyət, hərəkət, eşitmə, görmə patologiyaları, habelə ciddi əlilliyə səbəb olan və tez-tez rast gəlinən digər anadangəlmə qüsurların müayinəsi üçün vahid diaqnostika metodlarının geniş tətbiqi (SN, ƏƏSMN), tibbi-genetik məsləhət işinin regionlarda gücləndirilməsi məqsədilə regional səviyyədə tibbi genetika üzrə müvafiq kadrların bilik və bacarıqlarının təkmilləşdirilməsi (SN) kimi məsələlər yer alır.
“Sağlamlıq imkanları məhdud olan uşaqlara müasir standart və qaydalara uyğun tibbi xidmət göstərilməsi” adlı dördüncü hissədə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında və Azərbaycan Milli İdman Tibb və Reabilitasiya İnstitutunda çalışan pediatr, reabilitoloq, fizioterapevt və bədən tərbiyəsi müəllimləri üçün sağlamlıq imkanları məhdud olan uşaqlara müalicə-profilaktika müəssisələrində göstərilən tibbi xidmətlərlə bağlı uyğunlaşdırılmış nəzəri və praktik təlim kurslarının təşkili (SN, GİN), kəmiyyət və keyfiyyət indikatorları əsasında sağlamlıq imkanları məhdud olan uşaqlara hər il dövri monitorinqlər və illik qiymətləndirmələrin keçirilməsi (SN), az çəki ilə doğulmuş və inkişaf qüsuru olan uşaqların registrinin yaradılması (SN) nəzərdə tutulur.
Beşinci bənd "Sağlamlıq imkanları məhdud olan uşaqlara tibbi-sosial dəstək göstərilməsi” adlanır və geniş yayılmış irsi metabolik və hormonal pozuntulardan əziyyət çəkən uşaqların dərman preparatları ilə təmin edilməsini (SN), belə uşaqlar üçün müvafiq pəhriz qidalarının istehsalının təşviq edilməsini (İqtisadiyyat Nazirliyi, SN), sağlamlıq imkanları məhdud olan uşaqların ailələrinə tibbi-sosial dəstək göstərilməsi üçün beynəlxalq və yerli səviyyədə fəaliyyət göstərən ictimai birliklər və xeyriyyə fondları ilə əməkdaşlığın genişləndirilməsini (SN, ƏƏSMN, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi) ehtiva edir.
"Uşaqlarda erkən, habelə sonrakı yaş dövrlərində əlilliyin profilaktikası, aşkarlanması, müalicəsi və reabilitasiyası ilə bağlı normativ hüquqi bazanın təkmilləşdirilməsi” adlanan sonuncu hissə uşaqların sağlamlıq imkanları məhdudluğunun müəyyən edilməsi ilə bağlı mövcud normativ hüquqi aktların təkmilləşdirilməsini (SN, TN, ƏƏSMN, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi), uğurlu beynəlxalq təcrübə nəzərə alınmaqla psixoloji-tibbi-pedaqoji sahədə fəaliyyət göstərən qurumların işinin təkmilləşdirilməsini (TN, SN), uşaqların erkən, habelə sonrakı yaş dövrlərində sosial-psixoloji qiymətləndirilməsi, inkişaf xüsusiyyətlərinin aşkarlanması, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların müalicəsi və reabilitasiyası üzrə təlim-tədris proqramlarının işlənib hazırlanması və tətbiqini (SN, ƏƏSMN, TN, GİN), sağlamlıq imkanları məhdud olan uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin artırılması məqsədi ilə kəmiyyət və keyfiyyət indikatorlarının hazırlanmasını (SN), habelə neonatal ürək-damar cərrahiyyəsinin və neyrocərrahiyyənin təkmilləşdirilməsi məqsədi ilə beynəlxalq standartlara uyğun normativ sənədlərin hazırlanmasını (SN) nəzərdə tutur.шаблоны для dle 11.2





May 2018

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova