Valyuta.com

Akademik Zərifə Əliyevanın 95 illik yubileyi

Akademik Zərifə Əliyevanın 95 illik yubileyi

Azərbaycanın tanınmış oftalmoloqu, tibb elmləri doktoru, professor, Əməkdar Elm Xadimi, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 95-ci ildönümü ölkəmizin tibb ictimaiyyətinin nümayəndələri tərəfindən geniş qeyd olunub. Bu münasibətlə müxtəlif tibb müəssisələrində tədbirlər keçirilib.

Beynəlxalq elmi-praktik konfrans


Görkəmli alim, həkim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 95 illiyinə həsr olunmuş “Oftalmologiyanın aktual problemləri” adlı beynəlxalq elmi-praktik konfransda Azərbaycan alimləri ilə yanaşı, Türkiyə, Rusiya, Belarus və digər ölkələrdən gəlmiş qonaqlar iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin və Zərifə xanım Əliyevanın xatirələrini ehtiramla yad ediblər, məzarları önünə əklil və gül dəstələri qoyublar.
Görkəmli dövlət xadimi və ictimai xadim Əziz Əliyevin, istedadlı həkim Tamerlan Əliyevin məzarları üzərinə də tər çiçəklər düzülüb.
Mötəbər tədbirdə açılış nitqi söyləyən səhiyyə naziri Oqtay Şirəliyev bu konfransı səhiyyəmizdə, tibb elmində silinməz izlər qoymuş görkəmli alim və həkim, akademik Zərifə Əziz qızı Əliyevanın xatirəsinə dövlətin, tibb ictimaiyyətinin, elm adamlarının sonsuz ehtiramının ifadəsi adlandırıb: “Deyirlər ki, insan ömrü yaşadığı illərlə yox, həyatının mənası ilə, gördüyü işlərlə, xeyirxah əməllərlə ölçülür. Bu mənada demək olar ki, Zərifə xanım Əliyeva uzun ömür yaşayıb. Onun elmi əsərləri, tədqiqatları, çoxsaylı kitabları yaşadığı 62 illik ömrünə sığışmır. İşıqlı xatirəsi bu gün də insanların yaddaşında, tək yaxınlarının və həmkarlarının deyil, həm də gözlərinə gün işığı bağışladığı xəstələrinin qəlblərində yaşayır.
Təbabət aləmində öz dəst-xətti olan alim kimi, Zərifə xanım oftalmologiya sahəsində mühüm elmi əsərlər yaratmışdı. Onun zəngin elmi irsi bu gün də praktiki fəaliyyətlə məşğul olan göz həkimləri üçün dəyərli mənbədir. Traxoma, qlaukoma, peşə oftalmologiyası, göz travmatizmi, görmə orqanının virus zədələnmələri və bədxassəli şişləri – Zərifə xanımın bu və digər istiqamətlərdə tədqiqatları bu xəstəliklərin müalicəsinə yol açmışdı.
Onun praktik həkimlərin stolüstü kitabı olan tibbi deontologiya üzrə yazıları bu gün də aktuallığını qoruyub saxlayır”.
Oqtay Şirəliyev akademik Zərifə Əliyevanı həm elm aləmində yeni bir istiqamətin – peşə oftalmologiyasının əsasını qoyan və tədqiqatlarının nəticələrini həyata tətbiq edən alim, həm həkimlərin biliyini və ixtisasını artırması üçün qüvvəsini və vaxtını əsirgəməyən gözəl müəllim, həm də əsl ziyalı qadın kimi səciyyələndirib. Qeyd edib ki, Zərifə xanım Əziz Əliyev kimi, ulu öndər Heydər Əliyev kimi şəxsiyyətlərin ailə üzvü olaraq cəmiyyətdə yüksək mövqe tutsa da, çox sadə insan idi və bu yalnız onun kimi zəngin mənəviyyata malik insana xas xüsusiyyətdir: “Zərifə xanım onu sonsuz məhəbbətlə sevən, ona dəyər verən Heydər Əliyevə sədaqətli ömür-gün yoldaşı, mənəvi dayaq, əsl dost olmuşdu. Bu iki parlaq şəxsiyyətin ailəsi xalqa xidmət prinsipi ilə yaşayan bir ailə idi. Zərifə xanım öz övladlarını da bu yöndə tərbiyə etmişdi, onları Vətənə sevgi, insanlara xidmət ruhunda böyütmüşdü.
Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Vətənimiz sürətlə inkişaf edir, möhtəşəm uğurlar qazanır. Dövlət başçısının sosialyönümlü siyasətinin ən bariz nümunəsini ölkə səhiyyəsinə, əhalinin sağlamlığının qorunmasına çox böyük diqqət yetirməsində görmək olar.
Ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın zəngin, çoxcəhətli fəaliyyəti Vətənimizi bütün dünyada tanıdır və təbliğ edir. Onun təhsilə, mədəniyyətə, səhiyyəyə verdiyi töhfələr, onun rəhbərliyi altında Heydər Əliyev Fondunun həyata keçirdiyi humanitar layihələr insanlara sonsuz məhəbbətinin təzahürüdür.
Zərifə xanım öz 62-illik həyatı ilə o qədər xalq sevgisi qazanıb ki, ölümündən 30 ildən artıq vaxt keçməsinə baxmayaraq, bu sevgi hələ də xalqın qəlbində yaşayır. Xalqımız onun Vətən qarşısında böyük xidmətlərinə yüksək dəyər verir, əziz xatirəsini daim uca tutur”.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə çıxışında Zərifə xanım Əliyevanın Azərbaycanın oftalmologiya elmində özünəməxsus yer tutduğunu bildirib: “Zərifə xanım böyük alim və gözəl insan idi. Mən onun haqqında yazı yazmalı olsaydım, onun başlığı “Əvəzolunmaz insan” olardı. Azərbaycanın XX əsrinin görkəmli alimlərindən biri olan Zərifə xanım, eyni zamanda, alicənab, nəzakətli və çox sadə bir insan idi. Gözəl bir ailədə doğulan Zərifə Əliyeva çox qayğıkeş ana olub və ölkəmizə layiqli övladlar yetişdirib”.
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, professor Elmar Qasımov bu günü Azərbaycan elminin böyük bayramı kimi qiymətləndirib. O, görkəmli alim Zərifə xanım Əliyevanın Azərbaycan elmini yüksəklərə qaldıraraq, onun dünya səviyyəsində tanınmasında misilsiz xidmətlərindən danışıb: “Zərifə xanım dəyərli elmi əsərlərin müəllifi olmaqla yanaşı, elmi-pedaqoji və ictimai fəaliyyəti ilə yeni nəsil həkimlərin yetişməsində də böyük xidmətlər göstərib. Onun diqqəti digər göz problemləri ilə yanaşı, ötən əsrin 50-ci illərində Azərbaycanda geniş yayılmış traxoma xəstəliyi ilə mübarizəyə yönəlmişdi. O, Azərbaycanın traxoma ocağı aşkar edilən bütün rayonlarını gəzir, insanlar arasında bu istiqamətdə maarifləndirici söhbətlər aparır, traxoma və digər göz xəstəliklərinin profilaktikası, diaqnostikası və müalicəsinə dair əməli tədbirlər planını inamla həyata keçirirdi. Zərifə xanım ölkəmizdə traxoma əleyhinə işlədilən mövcud dərman preparatları ilə yanaşı, o dövrdə güclü antibiotik sayılan sintomisindən istifadənin ilk təşəbbüskarı olub. Kompleks şəkildə tətbiq edilən bu müalicənin effektli nəticələri tezliklə özünü göstərdi”.
E.Qasımov rəhbərlik etdiyi, Zərifə xanımın adını daşıyan mərkəz haqqında da məlumat verib, bu il tibb müəssisəsinə 100 mindən çox insanın müraciət etdiyini, hazırda burada bütün növ əməliyyatları həyata keçirməyin mümkün olduğunu söyləyib.
Rusiya Fasiləsiz Peşə Təhsili Tibb Akademiyasının rektoru, Rusiya Elmlər Akademiyasının akademiki Larisa Moşetova Zərifə Əliyeva ilə bağlı xatirələrini bölüşüb: “Zərifə xanım yalnız Azərbaycan elmi üçün deyil, Rusiya oftalmologiyası üçün də uğurlu fəaliyyət aparıb. O, gözəl və təvazökar qadın olmaqla yanaşı, müdrik və çox sadə insan kimi mənin yaddaşımda qalıb. Mən belə böyük alim, ziyalı qadınla tanış olduğum üçün taleyimə minnətdaram”.
Rusiya Fasiləsiz Peşə Təhsili Tibb Akademiyasının akademiki Alevtina Brovkina və Türkdilli Ölkələrin Oftalmoloji Cəmiyyətinin sədri Sunay Duman Zərifə Əliyeva haqqında fikirlərini bölüşüblər. Bildirilib ki, Zərifə xanımın həyat yolu gənclər üçün bir nümunədır. Onun əsərləri dünyanın elmi ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir.
İki gün davam edən konfransda görmə orqanının peşə patologiyaları, oftalmologiyanın sosial məsələləri, oftalmoloji yardımın təşkili, uşaq yaşlarında görmə orqanının patologiyası, optik mühitlərin patologiyaları, refraksiya pozuntuları, korreksiya, qlaukoma, vitreoretinal patologiya, oftalmoonkologiya, görmə orqanının zədələri, yoluxucu və parazitar xəstəlikləri kimi məsələlər müzakirə edilib.
Tədbirdə Prezident Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin İlham Əliyevin Sərəncamı ilə “Əməkdar elm xadimi” və “Əməkdar həkim” fəxri adları ilə təltif edilən həkimlərinə mükafatlar təqdim edilib. Həmçinin səhiyyə nazirinin əmrinə əsasən mərkəzin bir sıra əməkdaşı “Səhiyyə əlaçısı” döş nişanı və “Fəxri fərman”la təltif olunub.

Respublika Müalicə-Diaqnostika Mərkəzində konfrans


Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 95 illiyi münasibətilə Respublika Müalicə-Diaqnostika Mərkəzinin (RMDM) nəzdində fəaliyyət göstərən Bakı Ürək Mərkəzində “Səhiyyədə müasir nailiyyətlər” mövzusunda konfrans keçirildi.
Tədbir akademik Zərifə Əliyevanın həyat və elmi fəaliyyətini əks etdirən videoçarxın nümayişi ilə başladı.
RMDM-nin baş həkimi Könül Xəlilova Zərifə Əliyevanın keçdiyi şərəfli həyat yolundan, elmi nailiyyətlərindən, Azərbaycan və dünya oftalmologiya elminə verdiyi töhfələrdən, peşəkar həkim, ictimai xadim kimi fəaliyyətindən danışdı. Bildirdi ki, hər zaman həmvətənlərinin qayğısına qalan humanist insan Zərifə xanım Əliyevanın həyat ideyaları və şəxsiyyəti müasir Azərbaycan gəncliyi üçün əsl nümunədir: “Xalqımıza xas müsbət keyfiyyətlər, ali dəyərlər onun şəxsiyyətində cəmləşmişdi. İnsanlara nur bəxş edən, qayğıkeşliyi, nəcibliyi ilə könüllərdə əbədi yer qazanan Zərifə xanım tibb elminin ən uca pillələrinə yüksəlib, böyük uğur qazanıb. O, oftalmologiya sahəsində bir sıra orijinal işlərinə görə SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülən ilk qadın olub”.
K.Xəlilova qeyd etdi ki, Zərifə xanım kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların, nadir elmi əsərlərin, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir. Zərifə xanımın ölkəmizdə traxomanın ləğvi istiqamətində yorulmadan apardığı intensiv elmi axtarışlar, əldə etdiyi nəticələr onun namizədlik dissertasiyasının dayaq nöqtəsi idi”.
Baş həkim Zərifə xanım Əliyevanın dəyərli elmi əsərlər yaratmaqla yanaşı, elmi-pedaqoji, ictimai fəaliyyəti ilə yeni nəsil həkimlərin yetişməsində böyük xidmətlər göstərdiyini də vurğuladı.
Tədbirdə çıxış edən RMDM-in Oftalmologiya şöbəsinin müdiri Xəlil Hüseynov akademik Zərifə Əliyevanın ömür yolunun bu gün də hər bir alim, həkim, hər bir vətəndaş üçün kamillik və müdriklik nümunəsi olduğunu dedi. Zərifə xanım kimi alimlərin xidmətləri sayəsində böyük inkişaf yolu keçən Azərbyacan oftalmologiyasının son illər ciddi nailiyyətlər əldə etdiyini vurğuladı. Artıq ölkəmizdə oftalmoloji xəstəliklərin müalicəsində yeni üsullardan və texnologiyalardan istifadə olunduğunu, bunun da xəstəliklərin müalicəsinə və mürəkkəb əməliyyatların həyata keçirilməsinə imkan yaratdığını dilə gətirdi.
RMDM-in diaqnostik və invaziv radioloq və endovaskulyar cərrahı Ahmet Memiş isə son vaxtlar Azərbaycanda tibbin bu sahəsi üzrə görülən işlərdən danışdı.
Milli Oftalmologiya Mərkəzinin, RMDM-in və başqa tibb müəssisələrinin həkimlərinin iştirak etdiyi tədbirdə çıxış edən digər mütəxəssislərAzərbaycanda ümumilikdə səhiyyə sahəsində və konkret olaraq oftalmologiya üzrə əldə edilən müasir nailiyyətlərdən söz açdılar.

Azərbaycan Tibb Universitetində xatirə tədbiri


Azərbaycan Tibb Universitetində Əməkdar Elm Xadimi, akademik Zərifə Əliyevanın anadan olmasının 95 illiyinə həsr olunmuş xatirə tədbirində onun elmi, praktiki və pedaqoji fəaliyyətindən söz açılıb.
Tədbiri giriş sözü ilə açan universitetin rektoru, professor Gəray Gəraybəyli dünya şöhrətli oftalmoloq Zərifə Əliyevanın keçdiyi həyat yolu və həkimlik fəaliyyəti, oftalmologiyaya gətirdiyi yeniliklər barədə danışıb.
Məşhur oftalmoloqun həyatının ayrı-ayrı məqamlarını əks etdirən videogörüntülər nümayiş olunub.
Universitetin Oftalmologiya kafedrasının müdiri, professor Paşa Musayev akademikin oftalmoloq peşəkarlığından, ana qayğıkeşliyindən, insan kimi nəcib və xeyirxah keyfiyyətlərindən bəhs edərkən deyib: “Zərifə xanım təkcə oftalmologiya sahəsində deyil, deontologiya, tibbi etika barədə də çox maraqlı tədqiqatların müəllifi idi. Onun qələmə aldığı “Yüksək etimad” kitabı bu gün də həkimlərin stolüstü kitabıdır”.
Oftalmologiya kafedrasının dosenti Solmaz Əliyeva və rezidenti Şükür İmanov məşhur oftalmoloq-alimin elmi araşdırmaları, monoqrafiyaları, müalicəyə çətin tabe olan xəstəliklər sahəsində apardığı tədqiqatlardan danışıblar, görkəmli professorun kitablarının bu gün də xeyirxah peşə sahibləri üçün ən yaxşı vəsait olduğunu söyləyiblər.
Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov xeyirxah və nəcib əməlləri ilə hələ sağlığında özünə əbədiyyət heykəli qoymuş görkəmli şəxsiyyət Zərifə Əliyevanın keçdiyi ömür yolunu sonrakı nəsillər üçün misilsiz örnək adlandırıb, alimin xalqımız qarşısında xidmətlərini xatırladıb.
Xatirə tədbirində rayonda yaşayan aztəminatlı ailələrə tibbi ləvazimatlar paylanılıb.

Ü.FƏRZƏLİYEVAшаблоны для dle 11.2





Aprel 2018

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova