Valyuta.com

Prezidenti İlham Əliyev Bona Dea Beynəlxalq Hospitalını açdı

Prezidenti İlham Əliyev Bona Dea Beynəlxalq Hospitalını açdı

Bakının Nizami rayonu ərazisində Bona Dea Beynəlxalq Hospitalının açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.
Bona Dea Beynəlxalq Hospitalının baş icraçı direktoru Faiq Əliyev və baş həkim Musa Abbasov dövlət başçısına və birinci xanıma tibb müəssisəsi barədə məlumat verərək bildiriblər ki, hospital tibbi avadanlığına və texniki təchizatına görə dünyada bu sahədə ən müasir standartlara cavab verən az sayda müalicə ocaqlarından biridir.
Azərbaycan Prezidenti hospitalın rəmzi açılışını bildirən lenti kəsib.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva hospitalda yaradılan şəraitlə tanış olublar.
Məlumat verilib ki, 206 çarpayılıq hospital yeddimərtəbəli stasionar və dördmərtəbəli diaqnostik hissələrdən ibarətdir. Burada ürək-damar cərrahiyyəsi, invaziv-kardiologiya, mama-ginekologiya, neonatologiya, pediatriya, reanimasiya, süni mayalanma, ümumi cərrahiyyə, ortopediya-travmatologiya, neyrocərrahiyyə, qulaq, burun və boğaz xəstəlikləri, göz xəstəlikləri, urologiya, anesteziologiya, daxili xəstəliklər, qastroenterologiya, nevrologiya, onkologiya, stomatologiya, şüa diaqnostikası, tibbi laboratoriyalar, qan bankı, fizioterapiya-reabilitasiya, mərkəzi sterilizasiya kimi bütün əsas tibbi xidmət sahələri, 12 yerlik təcili tibbi yardım şöbəsi fəaliyyət göstərəcək.
Hospitalda ümumilikdə 850 nəfərdən ibarət tibbi heyətin işləyəcəyi nəzərdə tutulur. Onlardan 22 həkim və 30 orta tibb işçisi Avropadan dəvət olunmuş, dünyada öz sahələri üzrə məşhur olan yüksək ixtisaslı mütəxəssislərdir. Klinikada ABŞ, Kanada, Avstraliya, Almaniya, İtaliya, Fransa, Belçika, Niderland, Xorvatiya, Serbiya, Yunanıstan, İspaniyadan yüksək peşəkar həkimlər çalışacaq.
Dövlət başçısı və xanımı konfrans zalında hospitalda çalışan xarici həkimlərlə görüşüb, onlarla söhbət ediblər.
Prezident İlham Əliyev deyib: “Siz burada güclü tibb mərkəzi qurmağa kömək göstərirsiniz. Sizi Bakıda görməyə çox şadam. İndi bizim yüksək səviyyəli avadanlığımız və həkimlərimiz var. Bizə lazım olan məhz budur – avadanlıq və tibbi xidmət. Mənə məlumat verilib ki, siz regionda, düşünürəm, ən yaxşı tibb mərkəzlərindən birini, bəlkə də ən yaxşısını yaratmağa kömək etmək üçün xəstəxana ilə sıx şəkildə işləyirsiniz”.
Bildirilib ki, tibb müəssisəsi xəstələri səhiyyənin yüksək standartları ilə təmin edir. Burada müalicənin bütün mərhələləri üzrə innovasiyalar tətbiq olunur. Palatalarda xəstələrin müalicəsinin yüksək səviyyədə təşkili üçün bütün zəruri şərait yaradılıb.
Pediatriya və neonatologiya şöbəsində azyaşlıların müalicəsi üçün ümumi pediatriya, genetik konsultasiya, pediatrik nevrologiya, kardiologiya və cərrahiyyə xidmətləri göstəriləcək, qabaqcıl laparoskopik prosedurlar icra olunacaq.
Hospitalın Şüa diaqnostika-radiologiya şöbəsində ən müasir rentgen, MRT, kompüter tomoqrafiya və ultrasəs müayinəsi avadanlığı quraşdırılıb. Burada xəstələrə çoxmetodlu diaqnostik və müdaxiləvi vizualizasiya xidmətləri, rəqəmsal radioqrafiya, rəqəmsal flüoroskopiya və digər xidmətlər göstəriləcək.
Diqqətə çatdırılıb ki, müəssisənin Kliniki laboratoriya şöbəsi həftənin və sutkanın istənilən vaxtı xəstələri hərtərəfli müayinələr və qan bankı xidmətləri ilə təmin edir. Burada quraşdırılmış ən müasir avadanlıq laborator müayinələri qısa müddətdə, yüksək keyfiyyət və dəqiqliklə icra etməyə imkan verir. Laboratoriyanın məlumat sistemi xəstəxananın məlumat sistemi ilə əlaqəlidir. Kliniki kimyəvi laboratoriyada tamamilə avtomatlaşdırılmış nəzarət sistemi mövcuddur.
Hospitalın əməliyyat bloku texniki təminatına görə mövcud olan bütün dünya standartlarına tam cavab verir. Tibb müəssisəsində 10 əməliyyatxana, 2 angioqrafiya otağı yaradılıb. Ümumilikdə, burada fəaliyyət göstərən Cərrahiyyə Xidmətlər Klinikasında laparoskopik prosedurlar, açıq cərrahiyyə və digər cərrahi əməliyyatlar aparılacaq.
Ən müasir qeyri-invaziv və invaziv diaqnostik avadanlıqla təchiz edilmiş Ürək-damar cərrahiyyəsi şöbəsində açıq ürək cərrahiyyəsi, ürək çatışmazlığı, anadangəlmə ürək xəstəliyi cərrahiyyəsi və digər əməliyyatlar yerinə yetirmək mümkündür.
Tibb müəssisəsinin ümumi reanimasiyası 28, neonatoloji reanimasiyası 10, kardioloji reanimasiyası isə 8 çarpayılıqdır. Xəstələrin rahatlığı üçün reanimasiya otaqları bir-birindən ayrı təşkil olunub.
Hospitalın bütün şöbələrində tibbin son nailiyyətlərinə əsaslanan, dünyanın aparıcı şirkətlərinin məhsulları olan, ABŞ, Almaniya, Yaponiya, İtaliya, Fransa, İngiltərə, İsveç, Belçika və İspaniyada istehsal edilmiş avadanlıq quraşdırılıb. Bu avadanlıq və qurğular xəstələrə yüksək səviyyədə tibbi xidmət göstərməyə imkan verir, onların müayinəsini dəqiqliklə yerinə yetirmək, müalicə və profilaktika işlərini müasir tələblər səviyyəsində qurmaq üçün geniş şərait yaradır. Xəstəxanada ən müasir səviyyədə prenatal diaqnostik avadanlıq var. Hospitalda ümumilikdə 70-dən artıq tibbi avadanlıq inteqrasiya olunub ki, bu da vahid mərkəzdən idarəetmə üçün şərait yaradır.
Hospital Avropanın məşhur tibbi və paramedikal heyəti ilə işləyir, aparıcı tibb institutları ilə əməkdaşlıq edir. Burada fəaliyyət göstərən aptekdə bütün dərmanlar elektron reseptdən istifadə edilərək, həkimin cavabdehliyi altında təyin olunur, qapalı və nəzarət edilən avtomatlaşdırılmış paylanma kabinetlərində paylaşdırılır.
Tibb ocağında yaradılan pnevmo-poçtla müxtəlif şöbələrə, o cümlədən qəbul və laboratoriya şöbələrinə analiz nümunələri, xəstələr üçün isə dərmanlar göndərmək mümkündür. Hospital tibbi xidmətlər üzrə dünyada ən nüfuzlu keyfiyyət və təhlükəsizlik standartları olan JCI standartlarına uyğun layihələndirilib və qurulub.
Bona Dea Beynəlxalq Hospitalında helikopterlərin enməsi üçün meydança da yaradılıb.
Hospitalın ən müasir tələblərə cavab verən, 145 yerlik konfrans zalında müxtəlif toplantılar, təlimlər təşkil etmək, həmçinin cərrahi əməliyyatları birbaşa izləmək mümkündür.
Diqqətə çatdırılıb ki, havalandırma, yanğından mühafizə və videomüşahidə sistemləri ümumi sahəsi 40 min kvadratmetrə yaxın olan hospital binasının bütün ərazisini əhatə edir. Tibb ocağı fasiləsiz elektrik enerjisi ilə təmin olunur, bunun üçün binada güclü UPS dəstəyi və transformator quraşdırılıb.
Ölkəmizdə səhiyyənin müasirləşdirilməsi istiqamətində son illər icra olunan layihələrin tərkib hissəsi kimi, yeni hospitalın istifadəyə verilməsi də vətəndaşların sağlamlığının təmin edilməsi, profilaktik tədbirlərin görülməsi, müayinə və müalicənin yüksək səviyyədə təşkil olunması işinə yeni imkanlar açır.

“Azərbaycanda səhiyyənin inkişafı üçün çox böyük işlər görülür”

Bona Dea Beynəlxalq Hospitalında yaradılan şəraitlə tanışlıqdan sonra dövlətimizin başçısı və birinci xanım tibb ocağının kollektivi ilə görüşüblər.
Azərbaycan Prezidenti İlham Əliyev deyib: “Mən sizi ürəkdən salamlayıram və təbrik edirəm.
Bu gün Bakıda gözəl xəstəxana açılır. Bu, çox əlamətdar hadisədir. Xəstəxana çox gözəl təəssürat bağışlayır, həm xarici görünüşü, həm də daxili tərtibatı ən yüksək səviyyədədir. Burada ən müasir avadanlıq quraşdırılıb. Əminəm ki, xəstəxanada vətəndaşlara çox yüksək tibbi xidmət göstəriləcək.
Mən xəstəxana ilə tanış olarkən görürəm ki, çox böyük işlər görülüb. Bütün işlər ən yüksək səviyyədə təşkil edilib. Bu xəstəxana xarici mütəxəssislərin dəstəyi ilə ərsəyə gəlib. Əminəm ki, burada çalışan həkimlər, tibbi heyət xəstələrə yüksək xidmət göstərəcəklər. Mənə verilən məlumata görə, burada 800-dən çox iş yeri açılır. Həkimlər, tibbi heyət üçün burada gözəl şərait yaradılıb.
Bu xəstəxananın açılması ölkəmizin ümumi inkişafının göstəricisidir. Ancaq sürətli inkişaf edən ölkələrdə belə gözəl tibb ocaqları yaradılır. Hesab edirəm ki, bu xəstəxana nəinki Azərbaycanın, regionun ən qabaqcıl xəstəxanalarından biri olacaq, bəlkə də birincisi olacaq. Ümid edirəm ki, gün gələcək və turistlər Azərbaycana həm də tibbi xidmət almaq üçün gələcəklər. Yəni bu xəstəxanada yaradılan şərait belə imkanları təmin edir. Burada Azərbaycan vətəndaşlarına yüksək tibbi xidmət göstəriləcək. Ölkəmizə gələn qonaqlar da, əminəm ki, bu imkanlardan istifadə edəcəklər.
Son illərdə Azərbaycanda 600-dən çox tibb müəssisəsi tikilib və əsaslı təmir edilib. Biz səhiyyə sisteminin maddi-texniki bazasını böyük dərəcədə gücləndirə bilmişik. Təkcə bu il altı şəhərdə yeni xəstəxana tikiləcək. Beləliklə, Azərbaycanın hər bir şəhərində ən yüksək tibbi şərait yaradılır. Altı yüzdən çox xəstəxananın, tibb müəssisəsinin yaradılması, əlbəttə ki, böyük vəsait tələb edir. Azərbaycan dövləti bu vəsaiti ayırır.
Səhiyyə sisteminin təkmilləşdirilməsi bizim üçün prioritet məsələdir. Çünki insan sağlamlığı hər bir cəmiyyət, hər bir dövlət üçün əsas məsələdir. Son illər ərzində görülmüş işlər nəticəsində insanların ömrünün uzunluğu artır və bu, gözəl göstəricidir. Bu gün Azərbaycanda istənilən xəstəlik müalicə oluna və onun diaqnostikası aparıla bilər. Yəni diaqnostik müayinə, müalicə - bütün bunlar kompleks şəkildə təmin edilir. Bir məsələni də xüsusi olaraq diqqətə çatdırmaq istəyirəm. Bir neçə ildir ki, Azərbaycanda dövlət tərəfindən pulsuz tibbi müayinə həyata keçirilir. Hər il beş milyon Azərbaycan vətəndaşı bu xidmətdən istifadə edir. Bir neçə il bundan əvvəl mənim təşəbbüsümlə bu məsələ öz həllini tapmağa başlamışdır. Hazırda növbəti tibbi müayinə davam edir.
Beləliklə, Azərbaycanda sosial sahənin əsas istiqaməti olan səhiyyənin inkişafı üçün çox böyük işlər görülür. Xəstəxanalar tikilir, avadanlıq ən müasir standartlara cavab verir, tibbi xidmətin səviyyəsi artır və belə gözəl əsərlər yaradılır. Həmçinin bu xəstəxanada müalicə işində xarici mütəxəssislər də iştirak edəcəklər. Mənə məlumat verildi ki, daim burada Avropadan, digər ölkələrdən yüksək biliklərə malik olan mütəxəssislər işləyəcəklər”.
Görüşdə əcnəbilərin olduğunu nəzərə alaraq çıxışını ingilis dilində davam etdirən Prezident İlham Əliyev belə dərin təəssürat doğuran tibb mərkəzinin yaradılmasına verdikləri töhfəyə görə onlara minnətdarlığını bildirdi: “Düşünürəm ki, bu təkcə Azərbaycanda deyil, regionda ən yaxşı tibb mərkəzidir. Yəqin ki, vaxt gələcək, biz tibbi turizmin də Azərbaycana gəlməsinin şahidi olacağıq. Ölkəmizə gələn turistlərin sayı ildən-ilə artır. Ümidvaram ki, bizə tibbi məqsədlər üçün gələn turistlər də olacaq.
Çox şadam ki, bu xəstəxanada əcnəbi və yerli mütəxəssislərin fəaliyyətlərinin çox mühüm vəhdəti var. Həmçinin düşünürəm ki, xəstəxananın ən mühüm fəaliyyət sahələrindən biri yerli tibbi heyətin hazırlanması və təlimi olacaq. Fikrimcə, müalicə, diaqnostika və təlimin vəhdəti bu xəstəxananı çox xüsusi edəcək. Əlbəttə ki, zənnimcə, digər ölkələrdən olan qonaqlarımızın, yüksək səviyyəli mütəxəssislərin bu prosesdə fəal iştirakı daha çox pasiyent cəlb edəcək.
Tanışlıq zamanı mən bildirdim ki, biz hazırda Bakıda müasir avadanlıqla təchiz olunmuş və çox yüksək tibbi xidmət göstərən dünya səviyyəli tibb mərkəzinin olması ilə bağlı Azərbaycan əhalisini məlumatlandırmalıyıq. Burada hər növ müalicə, ən mürəkkəb əməliyyatlar həyata keçiriləcək və bu, Azərbaycan xalqının mənafeyinə xidmət edəcək.
Belə böyük xəstəxananın yaradılması həmçinin ölkəmizin sürətli inkişafını əks etdirir. Biz sosial sahəyə, xüsusilə səhiyyə sahəsinə çox böyük diqqət ayırırıq. Son illər ərzində biz yüzlərlə yeni xəstəxana və tibb mərkəzini tamamilə yenidən qurmağa və tikməyə müvəffəq olmuşuq. Lakin bu, əlbəttə ki, nadir tibb mərkəzidir.
Tanışlıq məndə çox dərin təəssürat yaratdı. Düşünürəm ki, burada sizdə olanların hamısı mənə göstərilib. Sizi bu nailiyyət münasibətilə təbrik etmək istərdim. Sizə uğurlar arzu edirəm. Bizim beynəlxalq və yerli komandamıza uğurlar arzu edirəm. Əminəm ki, buraya müalicə üçün gələnlər evlərinə sağlam qayıdacaqlar. Təşəkkür edirəm və sizi təbrik edirəm”.

“Bütün bunlar Azərbaycan xalqının sağlamlığına xidmət edəcək”


Sonra Bona Dea Beynəlxalq Hospitalının idarə heyətinin üzvü Herviq Flirakers çıxış edib: “Təntənəli açılış münasibətilə bizə baş çəkdiyinizə görə Sizə və xanımınıza təşəkkürümüzü bildirmək istərdik.
Siz ən müasir mərkəz, analoqu olmayan avadanlıq gördünüz. Lakin biz həmçinin xəstəxanada fəaliyyət göstərmək üçün ən müasir və analoqu olmayan komanda yaradırıq. Biz müxtəlif akademik institutlar və sənaye tərəfdaşlarımızla beynəlxalq əməkdaşlığımız sayəsində ən yüksək səviyyəli səhiyyə xidmətini Bakıya gətirə biləcəyik. Biz həmçinin yeni tibbi texnologiyalar təqdim edə biləcəyik. Komanda olaraq, Sizə təminat veririk ki, bütün bunlar Azərbaycan xalqının sağlamlığına xidmət edəcək”.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva hospitalın Təcili tibbi yardım şöbəsi ilə də tanış olublar.
Məlumat verilib ki, bu şöbə də ən müasir səviyyədə qurulub, xəstələrin rahat və təcili daşınmasına imkan verən nəqliyyat vasitələri ilə təmin edilib. Təcili tibbi yardım şöbəsi Azərbaycanda ilk dəfə olaraq “Mercedes-Benz” markalı ən yeni model iki reanimobil və bir transporter avtomobili ilə təchiz edilib. Azərbaycanın istənilən regionunda operativ və fasiləsiz təcili tibbi yardım göstərmək üçün briqada qısa müddət ərzində özünü çağırış yerinə çatdırmaq iqtidarındadır.
Hospitalla tanış olan dövlət başçısı və birinci xanım tibb ocağının kollektivinə uğurlar arzulayıblar.шаблоны для dle 11.2





Mart 2018

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova