Valyuta.com

Dağınıq skleroz xəstəliyi üzrə yeni Dövlət Proqramı qəbul olundu

Dağınıq skleroz xəstəliyi üzrə yeni Dövlət Proqramı qəbul olundu

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” təsdiq olunub.
Sərəncamda Səhiyyə Nazirliyinə proqramda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirmək, onun icrasının gedişi barədə ildə bir dəfə dövlət başçısına məlumat vermək, Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılır.
Yeni Dövlət Proqramının giriş hissəsində bildirilir ki, bu proqram ölkə rəhbərinin “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Fərmanına uyğun tərtib edilərək həyata keçirilmiş və 2013-2017-ci illəri əhatə edən birinci müvafiq Dövlət Proqramının davamı olaraq hazırlanıb.
Qeyd edilir ki, dağınıq skleroz baş və onurğa beyninin sinir liflərinin mielin örtüyünün zədələnməsi ilə müşayiət olunan xroniki autoimmun xəstəlikdir. Ona bütün yaş qruplarında təsadüf edilə bilər, lakin ən çox 18-45 yaşlı insanlarda rast gəlinir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, nevroloji xəstəliklər arasında dağınıq skleroz cavan yaşda əlilliyin əsas səbəblərindən biridir. Bu xəstəliyə tutulmuş şəxslər onun başlanmasından 10-15 il sonra sərbəst hərəkət etmək imkanından məhrum olurlar. Statistik məlumatlara əsasən, hazırda dünya üzrə dağınıq sklerozdan əziyyət çəkən xəstələrin sayı 2 milyona yaxındır.
Dağınıq skleroz xəstəliyi ilə mübarizə, bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da səhiyyənin aktual problemlərindəndir. Ölkəmizdə belə xəstələrin sayı min nəfərə yaxındır və xəstələnmə halları ilbəil artmağa meyillidir. İl ərzində hər yüz min nəfər əhaliyə 3-4 xəstələnmə hadisəsi qeydə alınır.
Həmçinin vurğulanır ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş, dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair birinci Dövlət Proqramı çərçivəsində bu xəstələrin müalicəsi ilə məşğul olan tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, diaqnostik laboratoriyaların müasir avadanlıq və reaktivlərlə təchiz edilməsi, xəstələrin spesifik dərman preparatları ilə təmin olunması, bu sahə üçün kadrların hazırlanması və əhali arasında geniş maarifləndirmə işinin aparılması istiqamətində mühüm addımlar atılıb. Nəticədə, xəstəliyin aşkarlanması işi yaxşılaşıb, fəsadlaşma hallarının sayı azalıb.
O da qeyd olunur ki, dağınıq skleroz probleminin ölkəmiz üçün aktuallığını nəzərə alaraq, belə tədbirlərin davamlı həyata keçirilməsinə ehtiyac var. 2018-2022-ci illər üçün yeni Dövlət Proqramı bu sahədə görülən işlərin həcminin və səmərəliliyinin daha da artırılmasını nəzərdə tutur. Onun məqsədi bu xəstəliyin profilaktikasının və müalicəsinin təkmilləşdirilməsi yolu ilə xəstələnmə, əlillik və ölüm hallarının azaldılmasından ibarətdir.
Dövlət Proqramının əsas vəzifələri dağınıq skleroz xəstəliyinin diaqnostikasının və müalicəsinin yaxşılaşdırılması, ağırlaşmalarının qarşısının alınması, bu xəstəliklə bağlı əlilliyin və ölüm hallarının azaldılması, xəstələrin spesifik dərman preparatları ilə davamlı təminatı və bərpa müalicəsinin təşkilidir. Onun reallaşdırılması nəticəsində dağınıq skleroz xəstələrinə göstərilən tibbi xidmətin səviyyəsinin yüksəldilməsinə, bu xəstəliklə bağlı diaqnostika işinin yaxşılaşdırılmasına və tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsinə, belə şəxslərin həyat fəaliyyətinin yüksəldilməsinə, onlarda ağırlaşma hallarının qarşısının alınmasına və ömürlərinin uzadılmasına, əhalinin dağınıq skleroz xəstəliyinin profilaktikası ilə bağlı məlumatlandırılmasına nail olunacağı gözlənilir.
Proqramın icrası üçün tələb olunan xərclərin maliyyələşdirilməsi müvafiq illər üzrə Azərbaycan Respublikası dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində “Səhiyyə” bölməsi üzrə nəzərdə tutulmuş vəsait dairəsində həyata keçirilir.
Sənədin tərkib hissəsi olan Tədbirlər Planı bütün bəndlər üzrə işlərin icraçısı kimi Səhiyyə Nazirliyini nəzərdə tutur.
“Dövlət Proqramının həyata keçirilməsi üzrə təşkilati tədbirlər” adlanan birinci bənddə dağınıq skleroz xəstəliyinə düçar olmuş şəxslərin vahid elektron registrdə və məlumat bazasında qeydiyyatının davam etdirilməsi vurğulanır.
“Tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi” adlanan ikinci bənddə dağınıq skleroz xəstəliyinin diaqnostikasını yaxşılaşdırmaq məqsədilə 2018-2019-cu illərdə Şirvan Şəhər Mərkəzi Xəstəxanasının və Quba Rayon Mərkəzi Xəstəxanasının maqnit-rezonans tomoqrafiya aparatları ilə təchiz edilməsi planlaşdırılır. Xəstəliyin müalicəsinin səmərəliliyini artırmaq məqsədilə 2018-2020-ci illərdə Akademik M.Mirqasmov adına Respublika Klinik Xəstəxanası, Kliniki Tibbi Mərkəz və Bakı şəhəri 3 nömrəli Şəhər Klinik Xəstəxanası plazmaferez aparatı ilə təchiz ediləcək. Xəstəliyin mərhələsini müəyyənləşdirmək məqsədilə tibb müəssisələri mütəmadi surətdə zəruri laboratoriya avadanlığı ilə və reaktivlərlə təmin olunacaq.
Tədbirlər planının “Dağınıq skleroz xəstəliyinin profilaktikası, müalicəsi və reabilitasiyası” adlı üçüncü bəndi xəstələrin zəruri dərman preparatları ilə davamlı təminatını, dağınıq skleroz xəstəliyinin diaqnostikası və müalicəsi üzrə klinik protokolların hazırlanmasını və tətbiqini nəzərdə tutur. Belə xəstələr üçün sanator-kurort və bərpa müalicəsinin təşkili Səhiyyə Nazirliyi ilə yanaşı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə də həvalə olunur.
Tədbirlər planının kadr hazırlığına həsr edilən dördüncü bəndi müvafiq mütəxəssislərin peşə biliklərinin artırılmasına yönəldilmiş tədbirləri, onların beynəlxalq konqres, konfrans və simpoziumlarda iştirakını, ilkin səhiyyə xidməti müəssisələrində çalışan tibb işçiləri üçün dağınıq skleroz xəstəliyinin aşkarlanması və müalicəsi ilə bağlı treninqlərin təşkilini özündə ehtiva edir.
“Dağınıq skleroza dair maarifləndirmə” adlanan sonuncu bənddə bu xəstəliyə dair maarifləndirici ədəbiyyatın, bukletlərin, vərəqələrin, plakatların çap edilməsi, kütləvi informasiya vasitələrində dağınıq skleroz xəstəliyinin profilaktikasına dair məlumatlar verilməsi kimi məsələlər öz əksini tapıb.шаблоны для dle 11.2





Mart 2018

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova