Valyuta.com

Səhiyyə Nazirliyində müşavirə keçirilib

Səhiyyə Nazirliyində müşavirə keçirilib

Səhiyyə Nazirliyində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş toplantı keçirilib.


Azərbaycan səhiyyəsi son 14 ildə böyük inkişaf yolu keçib



İclası giriş sözü ilə açan səhiyyə naziri Oqtay Şirəliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyevin səsləndirdiyi fikirləri diqqətə çatdırdı.
O.Şirəliyev əvvəlki illərdə regionlarda bütün sahələrdə, o cümlədən səhiyyədə acınacaqlı vəziyyətin hökm sürdüyünü xatırlatdı. 2004-cü ildə regionların sosial-iqtisadi inkişafı ilə bağlı ilk dövlət proqramı qəbul olunduqdan sonra isə vəziyyətin tədricən dəyişdiyini və bugünkü yüksək səviyyəyə çatdırıldığını vurğuladı. Çoxsaylı müəssisələrin tikildiyini, təmir və təchiz edildiyini, kənd təsərrüfatının inkişafı üçün sahibkarlara güzəştli kreditlərin verildiyini, dörd böyük su anbarının inşa olunduğunu, nəticədə, suvarılan torpaqların ərazisinin xeyli genişləndiyini bildirdi. Son illər pambıqçılıq və ipəkçilik sahəsində əhəmiyyətli irəliləyişi sevindirici hal kimi qeyd edən nazir ölkədə işsizliyin səviyyəsinin 5 faizə, yoxsulluğun isə 5,4 faizə qədər azaldığını, qazla təchizatın 93 faizə, fasiləsiz su təchizatının isə 67 faizə çatdırıldığını söylədi: “Kür çayının kənarındakı kəndlərdə sutəmizləyici qurğular quraşdırıldı və bunun hesabına əhali təmiz içməli sudan istifadə edir. Ceyranbatanda Avropanın ən iri sutəmizləyici qurğusu inşa edilib. İndi ölkəmizdə içməli su təchizatı Ümumdünya Səhiyyə Təşkilatının standartlarına uyğundur. Rayon mərkəzlərimiz Avropanın şəhərlərindən geri qalmır. Gözəl parklar, meydanlar, binalar, yollar, sosial infrastruktur obyektləri və s. əhalinin istifadəsinə verilib”.
Nazir O.Şirəliyev regionların sosial-iqtisadi inkişafı proqramları çərçivəsində səhiyyə sahəsində görülən işlərdən də danışdı: “Azərbaycan səhiyyəsi son 14 ildə böyük inkişaf yolu keçib. İlk növbədə bu sahədə struktur dəyişiklikləri aparılıb, dövlətdən vəsait ayrılsa da, işləməyən 300-ə qədər fəaliyyətsiz xəstəxana ləğv olunub, çarpayı fondu 50 faiz azaldılıb. Çarpayı məşğulluğu göstəricisi əvvəlki illərlə müqayisədə 2 dəfədən çox artıb. Dövlət başçısının tapşırığına uyğun olaraq, regionlarda müasir avadanlıqlarla təchiz edilmiş diaqnostika mərkəzləri tikilib, yeni səhiyyə müəssisələri inşa olunub və ya əsaslı təmir edilib. Qarşıya qoyulan tələblərə uyğun olaraq, hazırda bütün rayonlarda əhali yüksək səviyyəli səhiyyə xidmətindən yararlana bilir. İndiyədək 642 yeni tikilmiş və ya əsaslı təmir olunmuş səhiyyə müəssisəsi istifadəyə verilib. Ölkə başçısının geniş tərkibli müşavirədə qeyd etdiyi kimi, bu il Qubada, Şəmkirdə, Goranboyda, Qazaxda, Naftalanda və Qobustanda, gələn il isə Füzuli və Qəbələdə belə müəssisələrin açılışı olacaq. Bu müəssisələr də istifadəyə veriləndən sonra ölkənin, demək olar ki, bütün regionlarında müasir səhiyyə müəssisələri əhaliyə xidmət göstərəcək”.
Nazir ötən illər ərzində həyata keçirilən tədbirlər sırasında yoluxucu xəstəliklərlə, epidemiyalarla mübarizə sahəsində atılmış addımların xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırdı: “Kütləvi peyvəndləmə, həyata keçirilən tədbirlər sayəsində, qonşu ölkələrdə qeydə alınan yoluxucu xəstəliklər, epidemiyalar Azərbaycandan yan keçir. Hazırda ölkədə uşaq əhalisinin 93-97 faizi dövlət səviyyəsində 11 xəstəlik üzrə peyvəndlə əhatə edilib”.
O.Şirəliyev dövlət tərəfindən səhiyyənin bir çox vacib, həyati əhəmiyyətli sahələri üzrə dövlət proqramlarının qəbul edildiyini dedi. Xroniki böyrək çatışmazlığı üzrə tədbirlər proqramları çərçivəsində 26-sı regionlarda olmaqla, 34 dializ mərkəzinin istifadəyə verildiyini, “Şəkərli diabet xəstəliyi üzrə Dövlət Proqramı”na əsasən, 245 min diabetli xəstənin zəruri dərman vasitələri və nəzarət aparatları ilə təmin edildiyini bildirdi.
Səhiyyə naziri Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Respublika Talassemiya Mərkəzinin tikilib istifadəyə verildiyini xatırlatdı: “Talassemiyadan əziyyət çəkən uşaqların valideynləri üçün dərman vasitələri almaq, qan təminatı məsələsi olduqca ciddi problem idi, çünki buna böyük vəsait tələb olunurdu. Lakin indi bu insanlar tibbi xidmət baxımından, demək olar ki, heç bir problemlə qarşılaşmırlar. Onu da qeyd edim ki, indiyə qədər 55 uşağa sümük iliyi köçürülüb. Bu işin təşkili kadrların hazırlığı, zəruri avadanlıq, təchizat məsələlərinin həllini tələb edirdi. Əvvəl bizə möcüzə kimi görünən bu əməliyyatlar artıq ölkəmizdə yüksək səviyyədə həyata keçirilir”.
O.Şirəliyev hazırda Azərbaycanda minlərlə açıq ürək əməliyyatının aparıldığını, regionlarda da buna hər cür imkan olduğunu vurğuladı. Ölkədə transplantologiya sahəsinin inkişaf etdiyini dedi. Artıq vətəndaşların əməliyyat üçün xaricə getmək məcburiyyətində olmadığını, indiyədək 500 xəstəyə böyrək, 100-ə yaxın xəstəyə isə qaraciyər köcürüldüyünü, bu qrup insanların zəruri qayğı ilə əhatə edildiyini vurğuladı.
Səhiyyə naziri təcili yardıma müraciətlərin iki dəfəyə qədər artdığını da bildirdi: “Təcili yardıma 1000-ə yaxın müasir avtomobil verilib. Bu gün yüksək səviyyədə sanaviasiya xidməti var, regionlarda vətəndaşlara zəruri hallarda Bakıdan ezam edilən mütəxəssislər tibbi yardım edir, bəzən isə telesəhiyyə vasitəsilə öz məsləhətlərini verirlər”.
Ölkə başçısının tapşırığı ilə hər il əhalinin kütləvi müayinəsinin həyata keçirildiyini deyən O.Şirəliyev 6 milyona yaxın insanın bütün lazımi müayinələrə cəlb olunduğunu, uşaqların 90 faizə qədərinin dispanserizasiyadan keçirildiyini diqqətə çatdırdı.
Nazir Milli Onkologiya Mərkəzi, Milli Oftalmologiya Mərkəzi kimi müəssisələrin ən müasir zəruri avadanlıqlarla təchiz edildiyini, yüksək səviyyədə fəaliyyət göstərdiyini vurğuladı. Əvvəllər bir sıra hallarda insanların müalicəsi üçün xaricə üz tutduqları bəzi xəstəliklərin indi Azərbaycanda müalicəsinə hər imkanın olduğunu söylədi.
Səhiyyə naziri son illər səhiyyə sahəsində həyata keçirilən əsaslı islahatlar və quruculuq işləri haqqında məlumat verdikdən sonra, yerlərdə icra edilən tədbirlər haqqında məruzələr dinlənildi.


Naxçıvanda dövlət başçısının tapşırığı uğurla icra olunur



Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzinin baş həkimi Kəmalə Qurbanova Muxtar Respublikada müstəqillik illərində 266 səhiyyə obyektinin tikildiyini və ya yenidən qurularaq istifadəyə verildiyini dedi. O, ölkənin tanınmış xəstəxana və klinikaları ilə qarşılıqlı əməkdaşlıq edildiyini, mütəmadi olaraq birgə tibbi aksiyalar keçirildiyini vurğuladı. Hazırda aztəminatlı ailələrdən olan xəstələrə xüsusi sağlamlıq layihələri çərçivəsində açıq ürək, koronar angioqrafiya manipulyasiyası, ürək damarlarına stent qoyulması, göz əməliyyatları aparıldığını bildirdi.
Baş həkim dövlət proqramları çərçivəsində xəstələrə lazımi tibbi xidmət göstərildiyini qeyd etdi. Bildirdi ki, ölkə vətəndaşlarının kütləvi tibbi müayinədən keçirilməsi barədə dövlət başçısının müvafiq tapşırığı hər il Naxçıvanda da uğurla icra olunur: ““Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı”nın icrasını təmin etmək üçün Muxtar Respublikada ardıcıl tədbirlər həyata keçirilir, uşaq əhalisinə tibbi xidmətin səmərəliliyi ildən-ilə yüksəldilir. Təhsil müəssisələrində yaz və payız aylarında şagirdlərin pediatr, oftalmoloq, stomatoloq, ortoped tərəfindən kütləvi tibbi müayinəsi aparılır. Məktəblilər arasında ilkin vərəm intoksikasiyasını vaxtında aşkarlamaq məqsədilə əvvəlki illərdə Mantu sınağı, ötən ildən isə diaskin sınağı müayinəsi tətbiq olunur.
Digər yaş qruplarına, xüsusən risk qrupuna daxil olan əhali də kütləvi profilaktik müayinələrə cəlb edilir. 2016-cı ildə 51-55, ötən il 56-60 yaşlı əhali arasında dispanserizasiya aparılıb. Bu il isə həmin müayinələr 61-65 yaş qrupunu əhatə edəcək. Ali və orta ixtisas məktəblərində tələbələrin kütləvi tibbi müayinəsi, qadınlar arasında süd vəzisinin xərçəngönü xəstəliklərinin aşkarlanması üçün mammoqrafiya müayinələri ötən il də davam etdirilib”.
K.Qurbanova “Ana və uşaqların sağlamlığının qorunması üzrə Dövlət Proqramı”nın uğurlu icrası nəticəsində bu sahədə göstəricilərdə müsbət dinamika müşahidə edildiyini bildirdi.
Neftçala Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Telman Zahidov ötən il başa çatdırılan əsaslı təmir və yenidənqurma işlərindən sonra xəstəxananın müasir avadanlıq və cihazlarla təchiz edildiyini, rayon əhalisinə ən yüksək səviyyədə tibbi xidmət göstərildiyini dedi. O, 12 həkim və 20 orta tibb işçisinin Bakının müxtəlif klinikalarında təkmilləşmə kursu keçdiyini və nəticədə, müəssisədə ən çətin diaqnozların müəyyənləşdirilməsinin, mürəkkəb cərrahi əməliyyatların həyata keçirilməsinin mümkün olduğunu diqqətə çatdırdı.
Müşavirədə çıxış edən Bərdə Müalicə Diaqnostika Mərkəzinin baş həkimi Həsən Hüseynov bu bölgədə səhiyyənin inkişafı, bu sahədə qazanılan uğurlardan danışdı: “Dövlət başçısının qayğısı ilə bu gün regionlarda 12 müasir tipli Müalicə Diaqnostika Mərkəzi fəaliyyət göstərir və bu, əhalinin sağlamlıgının qorunması baxımından imkanları xeyli artırıb. Bu gün sərhəd bölgəsində yerləşən Bərdə MDM-də stasionar müalicə alan xəstələr dərman və tibbi ləvazimatlarla, müvafiq masalara uyğun pəhriz yeməkləri ilə təmin olunurlar”.

Son bir ildə Gəncə Perinatal Mərkəzində ana ölümü olmayıb



Gəncə Regional Perinatal Mərkəzinin direktoru Nəzakət Həsənova Azərbaycanda ana və uşaqların sağlamlığının qorunması məsələsinin daim dövlətin diqqət mərkəzində olduğunu bildirdi: “Son illər ölkəmizdə bu sahədə mühüm uğurlar qazanılıb. Perinatal yardımın keyfiyyətinin yaxşılaşdırılması və bu xidmətdə çalışan tibb işçilərinin peşə biliklərinin artırılması, beynəlxalq diridoğulma meyarlarına keçilməsi, antenatal dövrdə hamilə qadınların sağlamlığına təhlükə yaradan patoloji vəziyyətlərin vaxtında aşkarlanması işinin təkmilləşdirilməsi, müəssisələrin maddi-texniki bazasının gücləndirilməsi, təchizatının yaxşılaşdırılması və s. qarşıya qoyulan problemlərin həllinə şərait yaradıb. Həyata keçirilən tədbirlər nəticəsində ölkəmizdə ana və körpə ölümü göstəriciləri azalıb”.
N.Həsənova Gəncə Regional Perinatal Mərkəzinin 14 rayonun qadın əhalisinə xidmət göstərdiyini diqqətə çatdırdı. Son 1 ildə Mərkəzdə ana ölümü hadisəsinin baş vermədiyini vurğuladı: “Bizim işimiz təkcə Gəncə əhalisinə xidmət etməklə bitmir. Ana və uşaq ölümlərinin qarşısını almaq üçün reanimotoloq, mama-ginekoloq və USM həkimindən ibarət briqadalar rayonlara da göndərilir. Onlar köçürülməsi mümkün olmayan hamilə qadınlara yaşadığı yerdə tibbi yardım göstərirlər. Neonatoloqlardan təşkil olunmuş briqadalar da ehtiyac yarananda nəqliyyat küvezi yerləşdirilmiş təcili yardımla yeni doğulmuşlara kömək etmək üçün rayonlara gedirlər”.

İrandan Astaraya gələn xəstələrin sayı artıb



Astara Rayon Mərkəzi Xəstəxanasının (RMX) baş həkimi Əlövsət Əliyev isə çıxışı zamanı tibbi dispanserizasiya çərçivəsində ötən il rayonun 106,5 min sakinindən 81,9 nəfərinin, 29,5 min uşaq kontingentinin 28,7 min nəfərinin tibbi müayinə olunduğunu bildirdi. Onun sözlərinə görə, keçən il tibbi dispanserizasiya tədbirləri çərçivəsində 25,8 min nəfər laborator, 4,2 min nəfər exokardioqramma, 1,7 min nəfər rentgen, 72 nəfər kompüter tomoqrafiyası, 6,2 min nəfər ultrasəs, 769 nəfər oftalmoskopiya, 740 nəfər refraktometriya, 744 nəfər rinoskopiya, 717 nəfər otoskopiya müayinələrindən keçib: “Bunun nəticəsində aşkar edilmiş 8,3 min patoloji hala görə 152 xəstə stasionar, 7,9 min xəstə ambulator müalicəyə cəlb olunub, 178 xəstəyə ixtisaslaşdırılmış tibbi yardım göstərilməsi üçün mütəxəssislərlə məsləhətlər aparılıb. Onlardan bəziləri RMX-da Bakıdan dəvət olunmuş mütəxəssislər tərəfindən tibbi yardımla təmin edilib, az hallarda isə paytaxta göndərişlər verilib”.
Baş həkim onu da vurğulayıb ki, son illər ölkə səhiyyəsinə göstərilən diqqət və qayğı nəticəsində Astaradan İrana gedən deyil, İrandan Astaraya gələn xəstələrin sayı artıb.

Ü.FƏRZƏLİYEVAшаблоны для dle 11.2





Aprel 2018

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova