Valyuta.com

Prezident İlham Əliyev: “Bölgələrdə keyfiyyətli tibbi xidmət almaq üçün bütün imkanlar var”

Prezident İlham Əliyev: “Bölgələrdə keyfiyyətli tibbi xidmət almaq üçün bütün imkanlar var”

Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfrans keçirilib

Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfrans keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransda iştirak edib.
Öz giriş nitqində dövlət başçısı Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı üzrə bütün dövlət proqramlarının, o cümlədən üçüncü proqramın da icrasının çox uğurla getdiyini, qarşıda duran bütün vəzifələrin icra edildiyini, 2004-cü ilin əvvəllərində qəbul edilmiş ilk proqramdan sonra bölgələrimizin həyatında dönüş yarandığını söyləyib.
Son 14 il ərzində Azərbaycanın böyük və şərəfli yol keçdiyini vurğulayan Prezident İlham Əliyev ölkəmizin bütün sahələrdə böyük uğurlarından danışıb, xüsusən sosial sahəyə çox böyük diqqət göstərildiyini vurğulayıb: “Biz sosial infrastrukturla bağlı böyük işlər görmüşük, 3100-dən çox məktəb, 642 tibb müəssisəsi tikilmiş, yaxud təmir edilmişdir, 43 Olimpiya İdman Kompleksi inşa olunmuşdur. Bu da böyük vəsait tələb edən layihələrdir. Ancaq bu layihələr sosialyönümlü layihələrdir, ona görə investisiya proqramımızda daim bu layihələr var. Bu ilin investisiya proqramına əsasən də kifayət qədər sosial layihələr icra ediləcəkdir”.
İclasda Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov dövlət proqramı çərçivəsində rayonda görülən işlərdən danışıb. Bildirib ki, ölkə rəhbərinin tapşırığına əsasən inşa edilən Lənkəran İstisu Sağlamlıq Mərkəzi yaxın aylarda istifadəyə veriləcək, bu da rayonda turizmin inkişafına yeni təkan olacaq.
Naxçıvan Muxtar Respublikasındakı “Nəqşicahan Holdinq” şirkətlər qrupunun “Duzdağ” Müalicəvi İstirahət Mərkəzinin direktoru Novruz Novruzov öz çıxışında bildirib ki, ölkə rəhbərinin imzaladığı sərəncamlar, qəbul edilən dövlət proqramlarının uğurlu icrası Azərbaycanı həm də turizmin inkişaf etdiyi ölkəyə çevirib: “Zəngin tarixi-mədəni irsi, nadir təbiət abidəsi olan Duzdağ, mədəni memarlıq abidələri, sabitlik və müasir infrastruktura malik yaşayış məntəqələri Naxçıvanda turizmin inkişafını şərtləndirən əsas amillərdir. Muxtar Respublikada turizmin ekoloji, ziyarət, müalicə, dağçılıq və başqa növlərinin inkişafı üçün böyük potensial var”. N.Novruzov rəhbərlik etdiyi şirkətin əsas fəaliyyət istiqamətlərindən danışıb: “Tibb və sağlamlıq turizmi sahəsində fəaliyyətimizi davam etdiririk. Sizin iştirakınızla 2008-ci ildə istifadəyə verilən Duzdağ Fizioterapiya Mərkəzinə hər il müxtəlif ölkələrdən yüzlərlə insanın müalicəyə gəlməsi turizmin bu sahəsi üçün geniş imkanlar açır. Mərkəz Türkiyə, Rusiya, Amerika Birləşmiş Ştatları, Almaniya, İsrail, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, İran, Gürcüstan kimi ölkələrdən gələn turistlərin istirahət və müalicə məkanına çevrilib”.
Toplantıda Tərtər, Qazax, Salyan, Balakən Rayon İcra Hakimiyyətlərinin başçıları, bir sıra qurumların rəhbərləri çıxış edərək görülmüş işlərdən danışıblar.
Prezident İlham Əliyev konfransda yekun nitqi söyləyib, regionların inkişafı üzrə üçüncü Dövlət Proqramının başa çatdığı 2018-ci ildə görüləcək işlərlə bağlı tapşırıqlar verib.
Dövlət başçısı bu il sosial obyektlərin tikintisi ilə bağlı nəzərdə tutulan tədbirlərdən danışarkən bildirib: “Altı şəhərdə - Qazax, Qobustan, Şəmkir, Quba, Naftalan və Goranboy şəhərlərində yeni rayon mərkəzi xəstəxanalarının tikintisi başa çatmalıdır. Eyni zamanda, Füzuli rayonunda və Qəbələ şəhərində rayon mərkəzi xəstəxanalarının tikintisi aparılacaqdır ki, bu xəstəxanalar 2019-cu ildə istifadəyə verilsin. Ancaq onu da qeyd etməliyəm ki, həm Füzuli, həm də Qəbələ rayonlarında vaxtilə müasir diaqnostika mərkəzləri istifadəyə verilib. Yəni orada keyfiyyətli tibbi xidmət almaq üçün imkanlar var, sadəcə olaraq, yeni xəstəxanaların tikintisi təmin ediləcəkdir.
Keçən il 5 milyondan çox vətəndaş pulsuz tibbi müayinədən keçib. Bu da, bildiyimə görə, dünya praktikasında yeganə bir hadisədir ki, biz bunu edirik. Əlbəttə ki, bu il də vətəndaşlar bu gözəl imkanlardan istifadə etməlidirlər və artıq edirlər. Mən əvvəlki illərdə rayon mərkəzi xəstəxanalarının açılışı zamanı, demək olar ki, həmişə vətəndaşlara üz tutaraq onları bu məsələyə dəvət edirdim. Bu gün isə artıq bütün bölgələrdə keyfiyyətli tibbi xidmət almaq üçün müasir avadanlıq, müasir xəstəxanalar var və şadam ki, vətəndaşlar bu imkanlardan istifadə edirlər”.
Ölkə Prezidenti bu yaxınlarda yaradılmış Qida Təhlükəsizliyi Agentliyi barədə də danışıb: “Bu da çox ciddi məsələdir. Bu xüsusi qurum həm idxal olunan qida məhsullarına nəzarət edəcək ki, keyfiyyətsiz, yaxud da insan orqanizmi üçün zərərli mallar gətirilməsin, eyni zamanda, Azərbaycanda daxili bazar və həmçinin ixrac üçün kənd təsərrüfatı və emal məhsulları sağlamlığa tam fayda verəcək səviyyədə istehsal olunsun. Çünki biz qeyri-neft ixracımızı artırırıq və məhsul da keyfiyyətli olmalıdır. İndi demək olar ki, ölkələrin əksəriyyətində çox ciddi laboratoriya nəzarəti var. Əgər məhsul standartlara bir balaca uyğun deyilsə, onu heç kim almayacaq. Ona görə qida təhlükəsizliyi qurumu, ilk növbədə, ölkə əhalisinin sağlam qida əldə etməsi və eyni zamanda, ixracımız üçün yaradılır”.
Prezident İlham Əliyev öz çıxışında siqaretin zərəri barədə də danışıb: “Həm insanlar zəhərlənir, həm də pul gedir. Ona görə bu məsələyə çox ciddi baxmaq lazımdır. Əminəm ki, indi qəbul edilmiş qanun siqaret çəkənlər üçün, əlbəttə, yeni bir tövsiyə olacaq ki, camaat bu pis vərdişdən əl çəksin. Bilirsiniz, bu, xəstəlikdir, bədbəxtlikdir, çox pis vərdişdir. Bunun insan orqanizminə heç bir xeyri yoxdur, ziyandan başqa. …Xaricdən asılılığın azalmasında ən yaxşı hal o olar ki, Azərbaycanda siqareti az çəksinlər”.шаблоны для dle 11.2





Noyabr 2018

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova