Valyuta.com

Səhiyyə Nazirliyi 2017-ci ilə yekun vurdu

Səhiyyə Nazirliyi 2017-ci ilə yekun vurdu

Dekabrın 28-də Səhiyyə Nazirliyində 2017-ci ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirildi. Tədbirdə il ərzində səhiyyə sahəsində görülmüş işlər və əldə edilən nəticələr barədə məruzələr dinlənildi.
Səhiyyə naziri Oqtay Şirəliyevin sədrliyi ilə keçirilən iclasda ilk olaraq Tibbi yardımın təşkili şöbəsinin müdiri Gülmirzə Poladov Səhiyyə Nazirliyinin illik hesabatı ilə çıxış etdi.
Prezident İlham Əliyevin möhkəm iradəsi və düşünülmüş siyasəti sayəsində, dünyadakı maliyyə böhranına baxmayaraq, dövlətimizin inkişafdan qalmadığını qeyd edən G.Poladov ölkə başçısının sosialyönümlü siyasəti nəticəsində son illər Azərbaycanda çoxsaylı tibb müəssisələrinin tikintisi, əsaslı təmiri və müasir avadanlıqla təchizatının davam etdirildiyini, bu il Sabirabad, Neftçala rayon mərkəzi xəstəxanalarının (RMX) açılışında Prezident İlham Əliyevin, Elmi Tədqiqat (ET) Mamalıq və Ginekologiya İnstitutunun açılışında isə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın şəxsən iştirak etdiyini vurğuladı. O, Masallı RMX-nın əsaslı təmirdən sonra istifadəyə verildiyini, hazırda Qazax, Şəmkir, Naftalan, Goranboy, Füzuli, Quba xəstəxanalarında təmir-tikinti işlərinin davam etdirildiyini, ET Travmatologiya və Ortopediya İnstitutunda, həmçinin Psixi Sağlamlıq Mərkəzinin Uşaq reabilitasiyası şöbəsində təmir işlərinin başa çatdığını dedi.
Şöbə müdiri geniş diaqnostik imkanlara malik tibb ocaqlarında il ərzində 18 yaşdan yuxarı ölkə əhalisinin 76,6 faizinin tibbi müayinələrdən keçirildiyini, onların 3 faizində ilkin xəstəliklər aşkarlandığını, 37,1 faizinin əlavə müayinələrə cəlb edildiyini, 0,5 faizinin hospitalizasiya olunduğunu dedi.
G.Poladov əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin artırılmasında səhiyyənin ayrı-ayrı sahələri üzrə qəbul olunmuş dövlət proqramlarının xüsusi rolundan danışdı: “2017-ci ildə “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı” çərçivəsində uşaqların 90 faizdən çoxu dispanserizasiya müayinələrinə cəlb olunub. Onların 5,1 faizi sağlamlıq vəziyyətinə görə dispanser qeydiyyata götürülüb, 1 faizi isə hospitalizasiya edilib. Həmin dövlət proqramının icra müddəti bu il başa çatdığı üçün Səhiyyə Nazirliyi tərəfindən 2018-2022-ci illəri əhatə edən yeni dövlət proqramı layihəsi hazırlanaraq, Nazirlər Kabinetinə təqdim edilib.
“Ana və uşaqların sağlamlığının qorunması üzrə Dövlət Proqramı”na uyğun həyata keçirilən tədbirlər sayəsində ana və uşaq sağlamlığını xarakterizə edən göstəricilər müsbət istiqamətdə dəyişib. Ölkəmizdə 3 ildir tətbiq edilən beynəlxalq diridoğulma meyarlarına uyğun surətdə, bu günə qədər 1000 qramdan az çəki ilə doğulmuş 332 körpədən 111-ni xilas etmək mümkün olub.
Respublika Talassemiya Mərkəzində (RTM) talassemiyalı xəstələrin normal həyat fəaliyyətinin təmin olunması hesabına son 10 ildə bu xəstəlikdən ölüm göstəricisi 5 dəfə azalıb. Hazırda 3100 xəstə bu Mərkəzdə daimi müalicə alır. Onlardan 2977 nəfəri talassemiya xəstəsidir. 2017-ci ildə RTM-də 1 nəfər kəskin leykoz, 1 nəfər aplastik anemiya, 10 nəfər böyük beta-talassemiya xəstəsi olmaqla, ümumilikdə 12 nəfər üzərində ilik transplantasiyası əməliyyatı aparılıb.
Nikaha daxil olmaq istəyən cütlüklərin tibbi müayinəsi barədə Prezident İlham Əliyevin təşəbbüsü talassemiyanın profilaktikası baxımından böyük əhəmiyyət kəsb edir. Belə ki, il ərzində 130 minə yaxın insanın qan nümunəsi müayinədən keçirilib. Onlardan 3 611 nəfərdə talassemiya daşıyıcılığı, 103 nəfərdə İİV infeksiyası, 422 nəfərdə isə sifilis xəstəliyi aşkarlanıb. Müayinə olunanlar arasında hər ikisi talassemiyalı 38 cütlük müəyyən edilib. Onlardan hamilə qalan 24 qadından götürülən döl materialının müayinəsi nəticəsində 4 sağlam, 14 daşıyıcı, 6 xəstə döl aşkarlanıb.
Hazırda qeydiyyatda olan 1 583 hemofiliyalı xəstəyə Dövlət Proqramı çərçivəsində göstərilən tibbi xidmətin səviyyəsinin yüksəldilməsi, faktor preparatları ilə davamlı təminat nəticəsində onların həyat keyfiyyəti yaxşılaşıb və bu xəstəlikdən ölüm halları azalıb.
Son illər strateji əhəmiyyətli məsələ kimi, qan xidmətinin inkişafına xüsusi diqqət yetirilir. Əhalinin donorluğa cəlb edilməsi nəticəsində tədarük olunan qan və onun komponentlərinin miqdarı ilbəil artır. Əgər 2010-cu ildə 19,5 ton qan tədarük edilmişdisə, 2017-ci ildə bu rəqəm 37 tondan artıqdır.
Qanın bədxassəli xəstəliklərinin və bu səbəbdən ölüm hallarının yüksək göstəricilərini, bu xəstəliklərə əsasən əmək qabiliyyəti yaşında insanların və uşaqların düçar olmasını, müayinə və müalicə xərclərinin xəstələr üçün ağır maddi yük olduğunu nəzərə alaraq, “2017-2021-ci illər üçün qanın bədxassəli xəstəlikləri ilə mübarizə üzrə Tədbirlər Proqramı” qəbul edilib. Bu Proqram üzrə 1 852 xəstə dövlət hesabına innovasion preparatlarla təmin olunur. Beləliklə, əvvəlllər mütləq ölümlə nəticələnən bu xəstəliklərdən əziyyət çəkənlərin həyat keyfiyyəti yaxşılaşıb və bəzi hallarda sağalması mümkün olub.
Bədxassəli şişlərlə mübarizə sahəsində də irəliləyiş əldə edilib. Onkoloji yardım göstərən tibb müəssisələrinin maddi-texniki bazası mütəmadi olaraq yaxşılaşdırılır, yeni texnologiyalarla işləmək üçün mütəxəssislər hazırlanır. Milli Onkologiya Mərkəzində müayinə və müalicə Avropa və Amerikada qəbul olunmuş ən müasir protokollar üzrə həyata keçirilir.
Xroniki böyrək çatışmazlığından əziyyət çəkən insanların problemlərinin həlli üçün şəhər və rayonlarda fəaliyyət göstərən 43 hemodializ mərkəzində (34-ü bölgələrdə) 3 400-dən artıq xəstə hemodializ seansları, müvafiq dərman vasitələri ilə tam həcmdə pulsuz təmin olunur. 2017-ci ildə Masallı, Zərdab, Sabirabad, Neftçala rayonlarında yeni hemodializ şöbələri açılıb, Respublika Klinik Xəstəxanasının II Hemodializ şöbəsində təmir işləri başa çatıb, bəzi mövcud mərkəzlərdə əlavə aparatlar quraşdırılıb. Dövlət proqramı çərçivəsində belə xəstələrə böyrəkköçürmə əməliyyatları da həyata keçirilir. Hazırda ölkəmizdə böyrək transplantasiyası əməliyyatı olunmuş 900-dən artıq insan var və dövlət onların dərman təminatını öz üzərinə götürüb.
Bu gün 225 mindən çox şəkərli diabet xəstəsi bu sahədə qəbul olunmuş proqram çərçivəsində dövlət hesabına dərman və özünənəzarət vasitələri ilə təmin edilir. Bunun nəticəsində belə xəstələrin həyat keyfiyyəti yaxşılaşıb, xəstəlik səbəbindən ağırlaşmaların, əlilliyin, ölüm hallarının faizi azalıb.
“Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair Dövlət Proqramı” çərçivəsində dövlət tibb müəssisələrində 800-ə yaxın xəstənin müayinə və müalicəsi aparılır. Bütün xəstələr yüksək effektli dərman preparatları ilə pulsuz təmin olunurlar. Görülən tədbirlər bu xəstəlikdən də əlilliyin və ölüm hallarının azalmasına şərait yaradıb.
“Narkomanlığa düçar olmuş şəxslərin müalicəsi, reabilitasiyası üzrə Proqram”ın icrasına dair Səhiyyə Nazirliyi tərəfindən 2014-cü ildə təsdiq edilmiş Tədbirlər planı da uğurla həyata keçirilir. Proqram çərçivəsində digər tədbirlərlə yanaşı, inyeksion narkotik istifadəçiləri arasında əvəzedici müalicə proqramları tətbiq olunur. Cari ildə 224 xəstə bu müalicəyə cəlb edilib.
“2016-2020-ci illər üçün İİV/QİÇS-lə mübarizə üzrə Tədbirlər Proqramı”nın uğurla həyata keçirilməsi nəticəsində, ölkəmiz hazırda immun çatışmazlığı vurusuna yoluxma səviyyəsi aşağı olan ölkələr sırasındadır. Qeyd edək ki, ölkəmizdə İİV-ə yoluxmuş hamilə qadınların 96 faizi antiretrovirus müalicəsinə cəlb olunub. Nəticədə, dünya statistikasında virusun anadan uşağa ötürülməsi 5-11 faizdirsə, Azərbaycanda bu göstərici 1,8 faizdir.
Son 3 ildə Səhiyyə Nazirliyi nəzdində Viruslu hepatitlərin profilaktikası, diaqnostikası və müalicəsinin təşkili üzrə xüsusi Komissiya fəaliyyət göstərir. Bu quruma müraciət edən bütün xəstələr müayinə olunur, onlara müvafiq təyinat verilir. Hazırda 5 404 belə xəstə dövlət hesabına uzunmüddətli müalicə kursu alır”.
Gülmirzə Poladov ölkəmizdə əvvəllər əlacı olmayan bir sıra xəstəliklərin hazırda müalicə edildiyini, mürəkkəb əməliyyatların, o cümlədən qaraciyər transplantasiyası, süni oynaq və açıq ürək əməliyyatlarının uğurla həyata keçirildirini söylədi. Bildirdi ki, 2017-ci ildə 9 nəfərə qaraciyər, 81 nəfərə böyrək köçürülüb, 79 xəstəyə endoprotezləşmə əməliyyatı aparılıb. Dövlət hesabına 1106 xəstə üzərində ürək əməliyyatı (966 açıq, 140 qapalı) icra edilib, onlardan 266 nəfəri uşaqdır (201 açıq, 65 qapalı əməliyyat). 2 413 angioqrafiya müayinəsi, 684 nəfər üzərində koronar damarların stentlənməsi həyata keçirilib. Son iki ildə Səhiyyə Nazirliyinin maliyyə dəstəyi ilə 58 uşaqda uğurla koxlear implantasiya əməliyyatı icra edilib.
Şöbə müdiri bu ilin fevral ayından Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında ilk dəfə “telesəhiyyə” texnologiyalarının tətbiqi nəticəsində məsafədən videobağlantı ilə müxtəlif ixtisaslı mütəxəssislər tərəfindən konsultasiyaların aparıldığını dedi. O, hazırda bütün çağırışların qeydiyyatının elektron formada aparıldığını, təcili tibbi yardım maşınlarının lazımı yerlərə göndərilməsinin elektron xəritə üzərində real vaxt rejimində idarə olunduğunu vurğuladı: “Cari ildə “sanaviasiya” xidmətinə regionlardan 1108 çağırış daxil olub. Onlardan yalnız 247 xəstə Bakı və ya digər şəhərlərdə yerləşən tibb müəssisələrinə köcürülüb. Digər 854 xəstəyə yerində lazımi məsləhətlər və təyinatlar verilib, 36 xəstə üzərində cərrahi əməliyyat icra edilib. Qeyd edək ki, əvvəlki illərdə xəstələrin 50 faizindən çoxu Bakı şəhərinin müxtəlif tibb müəssisələrinə köçürülürdü”.
Şöbə müdiri səhiyyə ilə bağlı vətəndaşların müraciətlərinin təcili araşdırılması məqsədilə istifadəyə verilən Elektron Səhiyyə Mərkəzinə il ərzində 23 400 insanın müraciət etdiyini, onların əksər problemlərinin yerindəcə həll olunduğunu dedi. O, Səhiyyə Nazirliyinin “Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş 1 120 şikayətin araşdırıldığını, müvafiq tədbirlər görüldüyünü söylədi. Bildirdi ki, ölkə rəhbərinin tapşırıq və tövsiyələrinə uyğun olaraq, bu il səhiyyə nazirinin 12 regionda vətəndaşlarla görüşləri keçirilib, hər bir müraciətlə bağlı müvafiq tədbirlər görülüb. Xüsusi qeyd etdi ki, Səhiyyə Nazirliyinə daxil olan müraciətlər arasında minnətdarlıq məktublarının sayı ötən illə müqayisədə 2 dəfə artıb.
G.Poladov Səhiyyə Nazirliyinin mətbuat xidmətinin il ərzində 140-dan artıq tədbir keçirdiyini, bunun ötən ilin analoji göstəricisindən 2 dəfə çox olduğunu da vurğuladı.
Son illərdə nazirlik tərəfindən kadr hazırlığı sahəsində əhəmiyyətli tədbirlər həyata keçirildiyini deyən natiq bu il ərzində 4 748 həkimin, 8 243 orta tibb işçisinin təkmilləşmə kursları keçdiyini, 33 947 həkimin və 5 869 orta tibb işçisinin sertifikat aldığını söylədi. 2017-ci ildə 519 həkimin mərkəzləşdirilmiş qaydada keçirilən imtahanlarla işə qəbul olunduğunu, onlardan 218 nəfərinin müxtəlif regionlarda işlə təmin edildiyini bildirdi. O, 2016/2017-ci tədris ilində 38 ixtisas üzrə 428 həkim-mütəxəssisin rezidentura təhsilini bitirdiyini, onlardan 359-nun təyinatla iş yerlərinə göndərildiyini dedi.
Elektron xidmətlərdən istifadənin asanlaşdırılması məqsədilə 20 adda elektron xidmətin təkmilləşdirildiyini, interfeysin yenilənərək istifadəyə verildiyini diqqətə çatdıran şöbə müdiri “Davamlı tibbi təhsil tədbirlərinin akkreditasiyası üçün müraciət” yeni elektron xidmətinin yaradıldığını vurğuladı: “Bakı və Sumqayıt şəhərlərinin 10 böyük xəstəxanası və Səhiyyə Nazirliyi arasında optik kommunikasiya xətti çəkilib və görüntülərin arxivlənməsi və ötürülməsi üzrə mərkəzləşdirilmiş sistem tətbiq edilib. Hazırda bu xəstəxanalarda KT, MRT, rentgen və s. avadanlıqlarla çəkilən görüntülər Vahid Mərkəzləşmiş məlumat bazasına toplanır və radioloqların bu görüntülərə çıxışı təmin olunur. “Yeni doğulmuş uşaqlara Fərdi İdentifikasiya Nömrələrinin (FİN) verilməsi” layihəsi çərçivəsində 130 minə yaxın yenidoğulmuşa identifikasiya nömrəsi verilib və onun əsasında doğum şəhadətnaməsi alınıb. Bu sistem aidiyyəti olan butun dövlət təşkilatlarının qarşılıqlı əlaqəsini təmin edir.
Hamilə qadınların, icbari dispanserizasiyadan keçmiş uşaqların, şəkərli diabet, xroniki böyrək çatışmazlığı xəstələrinin registrləri üzrə proqram təminatları təkmilləşdirilib və mütəxəssislər üçün müvafiq təlimlər keçirilib.
Səhiyyə sisteminin fəaliyyətinin nəticələrinin davamlı elektron monitorinqi mexanizmini təkmilləşdirmək məqsədilə Vahid Səhiyyə İnformasiya Sisteminin “Analitik modulu” yenilənib, mövcud tibbi elektron registrlərin visual monitorinqi və analitikası üçün müasir məlumat panelləri yaradılıb”.
G.Poladov 2017-ci ildə beynəlxalq səhiyyə əlaqələrinin inkişafı istiqamətində fəaliyyətin davam etdirildiyini dedi. Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Gənc mütəxəssislərin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 160 müdavimin dünyanın nüfuzlu klinikalarında təlim kursları keçdiyini, eyni zamanda, tibb işçiləri üçün xaricdən dəvət olunmuş mütəxəssislər tərəfindən tibb elminin müxtəlif sahələri üzrə nəzəri-təcrübi kurslar təşkil olunduğunu söylədi.
Natiq 2017-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı çərçivəsində keçirilən, səhiyyənin müxtəlif sahələrinə aid konfranslarda Azərbaycanın 115 nümayəndəsinin iştirak etdiyini bildirdi. O, səhiyyə və tibb elmi sahəsində əməkdaşlığa dair bir sıra ölkələrlə imzalanmış sazişlərə əsasən, Türkiyə, İtaliya, Belarus, Latviya və Litvanın işçi qrupları ilə görüşlər keçirildiyini və qarşılıqlı fəaliyyət istiqamətlərinin müəyyənləşdirildiyini dedi.
Tibbi yardımın təşkili şöbəsinin müdiri çıxışının sonunda dövlət başçısının səhiyyə siyasətini daim dəstəkləyən tibb işçilərinin qarşıya qoyulan vəzifələri bundan sonra da əzmlə yerinə yetirəcəklərini vurğuladı.
Sonra çıxış edən Azərbaycan Tibb Universitetinin (ATU) rektoru Gəray Gəraybəyli 2017-ci il ərzində ATU-da görülən işlərdən danışdı. Bir neçə həftə öncə Təhsil Nazirliyinin Akkreditasiya Şurasının qərarı ilə Tibb Univetsitetinin 5 illik müddətə yenidən akkreditasiyadan keçirildiyini deyən natiq dövlət başçısının imzaladığı “İctimai iştirakçılıq haqqında Qanun”a əsasən, ATU-nun rektoru yanında İctimai Nəzarət və Məsləhət Şurasının Əsasnaməsinin qəbul edildiyini vurğuladı. G.Gəraybəyli universitetin nəzdində 19 ixtisas üzrə müdafiələr keçirən 5 dissertasiya şurasının təşkil edildiyini dedi. Qeyd etdi ki, əvvəllər cəmi 1 doktorluq şurası fəaliyyət göstərdiyi halda, indi 3 elmlər doktorluğu və 2 fəlsəfə doktorluğu şurasında elmi işlər müdafiə olunur. Noyabr ayında ATU-da Gənc Alimlərin IV Beynəlxalq Tibb Konqresinin keçirildiyini söyləyən natiq burada dünyanın bir çox ölkələrindən nümayəndələrin iştirak etdiyini bildirdi. Rektor dövrün tələbinə uyğun olaraq ATU-da Elektron Universitetin yaradılması ilə bağlı işlərə başlanıldığını və sürətlə davam etdirildiyini dedi.
G.Gəraybəyli rezidenturaya qəbul planının ilbəil artırıldığını, bu göstəricinin 2017-ci ildə 471 nəfər olduğunu (2011-ci ildən indiyədək 3255 nəfər), rezidentura təhsilinin keyfiyyətinin yüksəldilməsi istiqamətində ardıcıl işlərin davam etdirildiyini vurğuladı: “Bu il Səhiyyə Nazirliyinin əmri ilə “Həkimlərin bilik və bacarıqlarının təkmilləşdirilməsinə dair müvəqqəti Qaydalar” təsdiq edilib, beləliklə, dünyanın qabaqcıl ölkələrində istifadə olunan davamlı tibbi təhsil sisteminin tətbiqinə başlanılıb. Bununla bağlı həm əhalinin, həm də səhiyyə ictimaiyyətinin maarifləndirilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir. İstər baza tibb təhsilində, istərsə də diplomdan sonrakı təhsildə uğurlar əldə edilib və bu sahədə islahatlar davam etdiriləcək”.
İclasda çıxış edən ET Ağciyər Xəstəlikləri İnstitutunun direktoru Həqiqət Qədirova vərəmli xəstələrin aktiv müalicəyə cəlb edilməsi, geniş miqyaslı profilaktik tədbirlər, bu xəstələrin dərman preparatları ilə tam təminatı nəticəsində son üç ildə göstəricilərdə dinamik azalmaya nail olunduğunu dedi: “Əgər 2010-cu ildə hər 100 min nəfərə xəstələnmə göstəricisi 53 idisə, hazırda bu rəqəm 39-dur. İlkin aşkarlanan vərəm hallarının sayı 21 faiz azalıb. 2017-ci ildə vərəmdən ölüm göstəricisi də aşağı düşüb: 2010-cu ildə hər 100 min əhaliyə ölüm göstəricisi 7,9 təşkil edirdisə, 2016-cı ildə 4,6 olub, 2017-ci ildə isə ilkin göstərici 4,5 təşkil edir. Vərəmin gecikmiş və yayılmış formalarında da 2010-cu illə müqayisədə 2 dəfə azalma var”.
H.Qədirova vərəmlə mübarizədə iştirak edən mütəxəssislərin bilik və bacarıqlarının artırılması məqsədilə 2017-ci il ərzində ET Ağciyər Xəstəlikləri İnstitutu tərəfindən 48 treninq keçirildiyini, ümumilikdə 896 nəfər hazırlandığını qeyd etdi. Ölkə üzrə vərəmli xəstələrin vahid elektron qeydiyyat sisteminin tətbiq olunduğunu və xəstələrin qeydiyyatının dünya standartlarına uyğun aparıldığını bildirdi.
İnstitutun direktoru Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən bu ilin iyun ayından çoxsaylı dərmanlara davamlı vərəm xəstələrinin müalicəsinə başlanıldığını, bu günədək 183 xəstənin həmin müalicəyə qoşulduğunu da vurğuladı. O, vərəmlə mübarizə xidmətinin qarşısında vərəmin ölkədə azalması və gələcəkdə ləğv edilməsi kimi ciddi vəzifənin durduğunu qeyd etdi.
Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mirələm Cəlalov 2017-ci il ərzində Stansiyanın nəzdindəki 12 regional məntəqə və konsultativ bölmənin 2590 nəfərə xidmət göstərdiyini diqqətə çatdırdı: “Məntəqələrdə yol-nəqliyyat və digər fövqəladə hallarla bağlı 1022 hadisə zamanı 1736 pasiyentə tibbi yardım edilib və onlardan 70 faizi hospitalizasiya olunub. Ötən illə müqayisədə hadisələrin sayında 7 faiz, xəsarət alanların sayında isə 3 faiz artım olsa da, letallıq 18 faiz azalıb”. O, sanaviasiya xətti ilə regionlarda aparılmış cərrahi əməliyyatların sayının ötən illə müqayisədə 4 dəfə artdığını (2016-cı ildə 9, 2017-ci ildə 36) dedi. Vurğuladı ki, regionlarda müasir tibb ocaqlarının istifadəyə verilməsi xəstələrin artıq paytaxtda deyil, öz yaşadıqları yerdə əməliyyat olunmasına imkan verir.
M.Cəlalov il ərzində kritik vəziyyətdə olan 92 hamilə və zahıya 183 dəfə çağırış edildiyini də söylədi. Onlardan 32-nin Bakıya və digər rayonlara köçürüldüyünü, 24 nəfərinə isə telesəhiyyə vasitəsilə məsləhət verildiyini dedi. O, 2017-ci ildə ölkəmizdə ilk dəfə təcili və təxirəsalınmaz tibbi xidmətdə telesəhiyyə texnologiyalarının tətbiqi ilə məsafədən videobağlantı vasitəsilə konsultasiyalar həyata keçirildiyini diqqətə çatdırdı. Bu günədək 600-dən çox müraciətin telesəhiyyə texnologiyaları vasitəsilə cavablandırıldığını, xəstələrə məsafədən vaxtında məsləhətlər verildiyini bildirdi.
Quba Regional Perinatal Mərkəzinin direktoru Şəhla Həsənova rəhbərlik etdiyi müəssisədə hər il 3000-dən artıq doğuş qəbul edildiyini, onlardan 47 faizinin risk qrupuna aid olduğunu diqqətə çatdırdı. Son 2 ildə Şimal regionunun hər bölgəsində antenatal nəzarətin gücləndirildiyini, nəticədə, dölün antenatal ölüm sayının 56 faizədək azaldığını dedi. O, 2017-ci ildə ağır qanaxmaların sayının sıfıra endiyini, ətraf rayonlardan kritik vəziyyətdə daxil olan 8 preeklampsiyalı hamilənin hər birinin uşağının və özünün həyatının xilas edildiyini, erkən neonatal ölümün ötən illərə nisbətən 21 faizdən 5,8 faizə qədər azaldığını bildirdi.
Sonda çıxış edən səhiyyə naziri Oqtay Şirəliyev səhiyyə sahəsində görülən işlərin bu il də müsbət nəticə verdiyini vurğuladı. Dünyanın əksər ölkələrində iqtisadi böhranın hökm sürdüyü dövrdə Prezident İlham Əliyevin qayğısı sayəsində ölkəmizdə bütün sahələrin, o cümlədən səhiyyənin inkişaf etdiyini bildirdi. Qeyd etdi ki, bu il bir neçə tibb müəssisəsinin istifadəyə verilməsi, bir neçəsinin təmir və tikintisinin davam etməsi səhiyyədə gedən tərəqqiyə bariz nümunədir.
Nazir Oqtay Şirəliyev səhiyyənin ən prioritet istiqamətlərinə dair qəbul edilmiş dövlət proqramlarının uğurla həyata keçirilməsini, bu proqramların insanların həyatındakı xüsusi əhəmiyyətini vurğuladı. “Ana və uşaqların sağlamlığının qorunması üzrə Dövlət Proqramı” çərçivəsində mütəmadi olaraq ana və uşaqlara xidmət göstərən tibb müəssisələrinin, xüsusən neonatoloji reanimasion şöbələrin maddi-texniki bazasının gücləndirildiyini, dərman preparatları və tibbi texnika ilə təminatının yaxşılaşdırıldığını diqqətə çatdırdı. Bildirdi ki, hazırkı statistik göstəricilər səhiyyənin istənilən sahəsində irəliləyişlərin əldə olunduğunu sübut edir.
Uşaqların sağlamlığı ilə əlaqədar çox mühüm işlərin görüldüyünü söyləyən səhiyyə naziri bunlardan birinin də uşaqların icbari dispanserizasıyası olduğunu dedi, bu tədbirlər sayəsində azyaşlıların ölüm göstəricisinin dəfələrlə aşağı endiyini qeyd etdi. Vurğuladı ki, dispanserizasiya gələcək üçün yeni sağlam nəsil yetişməsinə imkan verir.
O.Şirəliyev əldə olunan nailiyyətlərlə yanaşı, problemlərin də mövcud olduğunu, bu gün bütün diqqətin onların həllinə yönəldilməsinin vacibliyini vurğuladı. O, səhiyyədə mövcud problemlərin kökündən həll edilməsində müasir elmi yanaşmanın, elmi tədqiqat institutlarının müasir tələblərə uyğun fəaliyyət göstərməsinin önəmini vurğuladı. Təəssüflə qeyd etdi ki, bəzən təbabət elmimiz zamanla ayaqlaşmayan, sovet dövründən qalma mövzuları tədqiq edir. Bildirdi ki, Azərbaycan Milli Elmlər Akademiyası ilə razılıq əldə olunub, tibb elminin ölkə üçün aktual istiqamətlərini müəyyənləşdirmək məqsədilə akademiyanın institutlarının, Səhiyyə Nazirliyinin elmi tədqiqat institutlarının, Tibb Universitetinin, Həkimləri Təkmilləşdirmə İnstitutunun iştirakı ilə geniş toplantı keçirilməsi planlaşdırılır.
Ölkə səhiyyəsində həm gələcək savadlı kadrların yetişməsi, həm də bugünkü həkimlərin müasir səviyyədə işləməsi üçün davamlı tibbi təhsilin əhəmiyyətini vurğulayan səhiyyə naziri bununla bağlı olaraq yaxın gələcəkdə həkimlərin sertifikasiyasının prinsiplərinin də dəyişdiriləcəyini söylədi. Qeyd etdi ki, hazırda zamanın tələblərinə uyğun olaraq, sertifikasiyanın yeni qaydaları hazırlanır. Bu qaydalara əsasən sertifikasiya tək kompüter imtahanı ilə məhdudlaşmayacaq və tibb işçisinin savadını, praktik fəaliyyət qabiliyyətini dəyərləndirməyə imkan verəcək.
Sonda nazir Qida Gigiyenası Agentliyinin yaradılması və iş xüsusiyyətləri, eləcə də hazırda pilot layihə çərçivəsində fəaliyyət göstərən icbari tibbi sığortanın üstünlükləri, habelə yeni qurumlarda innovativ idarəçilik üsullarının tətbiqi barədə danışdı.
Səhiyyə naziri həmçinin çıxışında nikahdan əvvəl vətəndaşların müayinəsi, kadr hazırlığı və s. əhəmiyyətli məsələlərə də toxundu.
Çıxışının sonunda nazir O.Şirəliyev tibb işçilərinə qarşıdan gələn 2018-ci ildə də öz peşələrinə həvəslə, sevgi ilə yanaşmağı tövsiyə etdi, hər kəsi Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı münasibətilə səmimi qəlbdən təbrik etdi, uğurlar arzuladı.
Kollegiya iclasının yekununda səhiyyə naziri Oqtay Şirəliyev səhiyyə və tibb elmi sahəsində fərqlənən tibb işçilərinə “Səhiyyə əlaçısı” döş nişanı və fəxri fərmanlar təqdim etdi.
Əhalinin sağlamlığının qorunması sahəsində qüsursuz və səmərəli fəaliyyətinə görə Səhiyyə Nazirliyinin mətbuat katibi Liya Bayramova, Gəncə Regional Perinatal Mərkəzinin direktoru Nəzakət Həsənova, Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Hüseyn Əhmədov, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Toksikoloji-kimyəvi müayinələr üzrə referens laboratoriyasının müdiri Gülşən Hüseynova, Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının həkim-ümumi cərrahı Nadir Abbasov, Quba Regional Perinatal Mərkəzinin direktoru Şəhla Həsənova, ATU-nun Tədris Cərrahiyyə Klinikasının Otorinolarinqologiya şöbəsinin müdiri Yusif Hacıyev Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Səhiyyə əlaçısı” döş nişanı ilə təltif edildilər. S.İmaməliyev adına Respublika Taun Əleyhinə Stansiyasının həkim-mikrobioloqu Mənzər Süleymanovaya, Analitik Ekspertiza Mərkəzi MMC-nin direktoru Murad Süleymanova Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Fəxri Fərmanı verildi.

Ü.FƏRZƏLİYEVAшаблоны для dle 11.2





Avqust 2018

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova