Valyuta.com

Prezidenti İlham Əliyev: “Sabirabad xəstəxanası dünya səviyyəsində seçilən xəstəxanalardandır”

Prezidenti İlham Əliyev: “Sabirabad xəstəxanası dünya səviyyəsində seçilən xəstəxanalardandır”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sabirabad rayonuna səfəri çərçivəsində 205 çarpayılıq Sabirabad Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak edib.
Dövlət başçısı xəstəxananın rəmzi açılışını bildirən lenti kəsib.
Səhiyyə naziri Oqtay Şirəliyev məlumat verib ki, xəstəxananın ötən əsrin 70-ci illərində inşa olunmuş binası yararsız vəziyyətə düşdüyündən ölkə Prezidentinin tapşırığı ilə yeni binanın tikintisinə başlanılıb. Yeni xəstəxana üçün ayrılmış torpaq sahəsində üç dördmərtəbəli binadan ibarət xəstəxana kompleksi inşa olunub. 2012-ci ildə başlanan tikinti işləri bu ilin oktyabrında başa çatdırılıb. Binalar milli memarlıq baxımından da göz oxşayır.
Diqqətə çatdırılıb ki, bu səhiyyə müəssisəsində 553 tibb işçisi, o cümlədən 70 həkim çalışacaq. Tibb ocağındakı cərrahiyyə, terapiya, pediatriya, ginekologiya, doğum, nevrologiya, anesteziologiya və reanimasiya, hemodializ, fizioterapiya, infeksion, poliklinika, təcili və təxirəsalınmaz yardım şöbələri, klinik laboratoriya, şüa diaqnostika kabinetləri tibbin ən son nailiyyətləri olan avadanlıq və cihazlarla təmin edilib. Xəstəxananın yardımçı binalarında qazanxana, su anbarı və generatorlar quraşdırılıb. Ərazi abadlaşdırılıb, yaşıllıq salınıb.
Beləliklə, ən müasir standartlar səviyyəsində tikilmiş və təchiz olunmuş bu tibb müəssisəsində əhalinin müayinəsi və müalicəsinin yüksək səviyyədə təşkili üçün hər cür imkanlar yaradılıb.
Xəstəxana kompleksi ilə tanışlıqdan sonra Prezident İlham Əliyev Sabirabad rayon ictimaiyyətinin nümayəndələri və xəstəxananın kollektivi ilə görüşüb.
Görüş iştirakçılarını salamlayan dövlət başçısı gözəl səhiyyə ocağının açılışı münasibətlə onları təbrik edib: “Həm xarici görünüşü, həm də daxili şəraiti baxımından zövq oxşayan 205 çarpayılıq Sabirabad Rayon Mərkəzi Xəstəxanası ən yüksək standartlara cavab verir. Bu, çox gözəl memarlıq abidəsidir. Burada dünyanın aparıcı şirkətlərinin ən qabaqcıl avadanlığı quraşdırılıb, bütün şərait yaradılıb. Burada bütün şöbələr, o cümlədən cərrahiyyə, dializ, reanimasiya, terapiya şöbələri fəaliyyət göstərir. Bir sözlə, Sabirabad şəhərində açılan bu xəstəxana dünya səviyyəsində seçilən xəstəxanalardan biri olacaq.



Bu onu göstərir ki, ölkəmizin bütün bölgələrində gözəl imkanlar var. Bu onu göstərir ki, Azərbaycan bundan sonra da sosial sahədə böyük uğurlara imza atacaq. Çünki belə xəstəxanaların tikintisi, əlbəttə ki, maliyyə vəsaiti tələb edir və bu təmin olunur. Azərbaycan iqtisadiyyatı inkişaf edir, maliyyə vəziyyətimiz sabitdir, siyasətimiz sosialyönümlüdür və sosial sahənin inkişafı bizim prioritetimizdir. Ölkəmizin bütün bölgələrində müasir xəstəxanalar istifadəyə verilib. Hesab edirəm, 2019-cu ildə bir dənə də şəhər qalmayacaq ki, orada müasir tibb ocağı olmasın. Gələn il təqribən altı yeni mərkəzi rayon xəstəxanası açılacaqdır. 2019-cu ildə qalan xəstəxanalar da istifadəyə veriləcək və beləliklə, Azərbaycanın hər bir şəhərində ən müasir tibbi xidmət göstəriləcək.
Səhiyyə sahəsində görülmüş işlər öz nəticəsini verir. Çünki bizim bütün göstəricilərimiz müsbətə doğru dəyişir, insanların ömrünün uzunluğu artır, həyat keyfiyyəti yaxşılaşır, ana və uşaq ölümü azalır. Bütün bunlar beynəlxalq səhiyyə təşkilatları tərəfindən də qiymətləndirilir. Bu gün Azərbaycan səhiyyə infrastrukturu baxımından dünya miqyasında qabaqcıl yerlərdədir. Bununla paralel olaraq, Azərbaycan, hesab edirəm, yeganə ölkədir ki, burada hər bir vətəndaş dövlət hesabına ildə bir dəfə pulsuz müayinədən keçir. Biz bu layihəyə bir neçə il bundan əvvəl başlamışıq. Hər il beş milyondan çox Azərbaycan vətəndaşı dövlət hesabına müayinədən keçir və artıq öz sağlamlığı, səhhəti ilə bağlı bütün bilgiləri alır. Bu imkan verir ki, xəstəliklər vaxtında müəyyən edilsin və lazımi müalicə də təyin olunsun. Belə gözəl tibb ocaqlarının yaradılması, əlbəttə ki, bizə bu təşəbbüsü irəli sürməyə imkan verdi. Çünki əgər şərait olmasaydı, biz bu proqramı icra edə bilməzdik.
Bir sözlə, Bakı şəhərində, bütün rayonlarda yeni səhiyyə ocaqlarının tikintisi prosesi, demək olar ki, başa çatır. Biz bu işlərə 2004-cü ildən başlamışıq. O vaxt birinci növbədə müalicə-diaqnostika mərkəzləri, ondan sonra mərkəzi rayon xəstəxanaları, ixtisaslaşmış xəstəxanalar yaradıldı. Bu gün səhiyyə sisteminin maddi-texniki bazası yüksək standartlara tam cavab verir”.
Sabirabad rayonunda sosial məsələlərin həllinə həmişə böyük diqqət göstərilməsindən danışan Azərbaycan Prezidenti bildirib ki, bu işlərin məqsədi insanların daha yaxşı yaşaması, daha yaxşı xidmətlərə malik olması, səhiyyə, təhsil, idman, ictimai xidmətlərin yüksək səviyyədə təmin edilməsidir.
Dövlət başçısı həmçinin rayonda icra edilən infrastruktur layihələrindən, Sabirabad Sənaye Məhəlləsinin yaradılmasından, sənayenin və kənd təsərrüfatının inkişafı üçün görülən işlərdən danışıb. Qeyd edib ki, son illər ölkə iqtisadiyyatı üçün o qədər də asan illər olmasa da, bu il uğurla başa çatır: “Təbii ki, neftin qiymətinin aşağı düşməsi, dünyada gedən iqtisadi-maliyyə böhranı bizə də təsir etdi. Ancaq hesab edirəm ki, biz bu sınaqdan şərəflə çıxdıq. Heç bir sosial proqramı ixtisar etmədik, nəzərdə tutulmuş bütün məsələlər öz həllini tapdı. Biz hətta böhranlı illərdə xəstəxanalar açırıq. …Əminəm ki, 2018-ci il də ölkəmiz üçün uğurlu olacaq və biz gələn ili də uğurla başa vuracağıq”.
Görüşdə Sabirabad RMX-nın həkimi Elmira Zeynalova Sabirabadın səhiyyə işçiləri və əhalisi adından Prezident İlham Əliyevi salamlayıb, rayon əhalisinin böyük sevinc içində olduğunu söyləyib: “Sizin tapşırığınızla belə gözəl, müasir standartlara cavab verən böyük səhiyyə ocağı inşa edilib və bu gün Sabirabad əhalisinin istifadəsinə verilib. Bizə göstərdiyiniz etimada, bu gözəl səhiyyə ocağını sabirabadlılara bəxş etdiyinizə görə Sizə dərindən minnətdarlığımızı bildiririk. Sizi əmin edirik ki, belə gözəl şəraitdə biz daha yaxşı işləyəcəyik və vətəndaşlarımıza layiqincə xidmət göstərəcəyik.
Möhtərəm cənab Prezident, hamıya yaxşı məlumdur ki, Siz insanların sağlamlığına ciddi fikir verirsiniz. Sizin tapşırığınızla əhalimiz hər il kütləvi surətdə tibbi müayinədən keçirilir. Belə tibbi müayinələrin keçirilməsi bu cür gözəl şəraitdə daha geniş, mütəşəkkil şəkildə təşkil olunacaqdır. Bu baxımdan bizə yaradılan şəraitə görə Sizə və Mehriban xanıma dərin minnətdarlığımızı bildiririk”.
Prezident İlham Əliyev qeyd edib ki, bu müasir xəstəxana həkimlər üçün gözəl iş yeridir. O belə gözəl şəraitdə vətəndaşların yüksək səviyyədə müalicə olunacağına əminliyini ifadə edib.шаблоны для dle 11.2





Noyabr 2017

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova