Valyuta.com

Mehriban Əliyeva Dünya Tibbi Hüquq Assosiasiyasının mükafat və fəxri diplomuna layiq görüldü

Mehriban Əliyeva Dünya Tibbi Hüquq Assosiasiyasının mükafat və fəxri diplomuna layiq görüldü

Bakıda Dünya Tibbi Hüquq Assosiasiyasının (DTHA) 23-cü konqresi keçirildi. Qurumun 50 illik qızıl yubileyinə həsr olunan, “Tibbi hüquq, bioetika və multikulturalizm” mövzusunda tədbir dünyanın bu sahədə aparıcı mütəxəssislərinin öz bilik və təcrübələrini bölüşməsi məqsədi daşıyırdı.
Yubiley konqresinin açılış mərasimində çıxış edən DTHA-nın təsisçilərindən biri və hazırkı prezidenti, professor Tomas Noquçi tədbirin əhəmiyyətini vurğulayaraq, onun yüksək səviyyəli təşkilinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və təşkilatçılara öz minnətdarlığını bildirdi, rəhbərlik etdiyi qurumun yaranma tarixi barədə geniş məlumat verdi: “DTHA 1967-ci ildə Belçikada hüquq və məhkəmə təbabəti üzrə bir qrup tanınmış mütəxəssis tərəfindən, tibbi hüquq sahəsində multikultural və fənlərarası problemlərin tədqiqi məqsədilə yaradılıb. Qərargahı ABŞ-ın Los-Anceles şəhərində yerləşən Assosiasiyanın konqreslərində tibbi hüquq, məhkəmə təbabəti, bioetika sahələrində aktual problemlər və onların həlli yolları müzakirə edilir, eyni zamanda, səhiyyədə baş vermiş dəyişikliklərin, yeniliklərin, hadisələrin qanunverici və etik nəticələrinin öyrənilməsinə zəmin yaradılır. DTHA UNESCO, Ümumdünya Səhiyyə Təşkilatı, Beynəlxalq Cinayət Məhkəməsi və bir çox milli peşəkar assosiasiyalarla əməkdaşlıq edir”.
Professor T.Noquçi təşkilatın Belçika, ABŞ, Filippin, Çexiya, İsrail, CAR, Macarıstan, Finlandiya, Niderland, Avstraliya, Fransa, Çin, Xorvatiya, Braziliya, İndoneziya, Portuqaliya kimi müxtəlif ölkələrdə keçirilən tədbirləri barədə də danışdı. Hazırda dünyada tibb və tibbi ekspertiza sahəsində geniş islahatların həyata keçirildiyini diqqətə çatdırdı.
Tədbirdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Tibbi hüquq, bioetika və multikulturalizmin inkişafında xüsusi xidmətlərinə görə Dünya Tibbi Hüquq Assosiasiyasının 50 illik Qızıl yubiley mükafatı və fəxri diplomu ilə təltif olundu. Bildirildi ki, Mehriban xanım Əliyeva postsovet məkanında evtanaziyanın bioetik və hüquqi aspektlərini elmi cəhətdən tədqiq edən ilk alimlərdəndir. DTHA-nın təltifləri onun bu sahədə apardığı elmi işlərin nəticələrinin, səhiyyə, təhsil və elm sahələrində rəhbərlik etdiyi layihələrin əhəmiyyətini vurğulayır, eləcə də sülh, tolerantlıq və qlobal təhlükəsizliyin dünyada bərqərar olması naminə müxtəlif sivilizasiyalar və dinlərarası multikultural dialoqun təmini və təbliğində səylərinin beynəlxalq elmi ictimaiyyət və hüquqşünaslar tərəfindən yüksək qiymətləndirilməsinin təzahürüdür.
Mükafat və fəxri diplom Birinci vitse-prezident Mehriban Əliyevaya çatdırılmaq üçün Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyevə təqdim edildi.
Konqresdə çıxış edən səhiyyə naziri Oqtay Şirəliyev yubiley tədbirinin iştirakçılarını salamlayaraq, onlara maraqlı və məhsuldar fəaliyyət arzuladı. Nazir Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın adından, onu Dünya Tibbi Hüquq Assosiasiyasının 50 illik Qızıl yubiley mükafatı və Fəxri diplomu ilə təltif etdiyi üçün quruma dərin minnətdarlığını bildirdi: “Bu mükafat tibbi hüquq, bioetika və multikulturalizmin inkişafına verdiyi dəstəyə, bu sahələrdə əldə etdiyi nailiyyətlərə, dünyada tolerantlıq, sülh və təhlükəsizliyin qorunmasında böyük xidmətlərinə görə təqdim olunmuşdur. Azərbaycanın birinci xanımının öz xalqı və dövləti qarşısında xidmətləri o qədər zəngin, onun beynəlxalq xeyriyyəçilik fəaliyyətinin coğrafiyası o qədər geniş və əhəmiyyətlidir ki, şübhəsiz, bu mükafat, eləcə də əvvəllər təltif olunduğu “Qızıl ürək”, “Sülh qızılgülü”, “Prix de la Foundation”, “Əsrin mesenatı”, “Birlik ulduzları” beynəlxalq mükafatları, Ümumdünya Səhiyyə Təşkilatının “Ana, uşaq və ailə sağlamlığının qorunması və möhkəmləndirilməsində müstəsna xidmətlərə görə” mükafatı onun nəcib missiyasına verilən layiqli qiymətdir desəm, ümumi fikri ifadə etmiş olaram”.
Səhiyyə naziri çıxışında multikulturalizmin ölkəmizdə dərin köklərə malik olduğunu diqqətə çatdırdı: “Əsrlər boyu Azərbaycanda multikultural dəyərlər cəmiyyətin həyat norması olub və bu gün də dövlətimizdə gedən demokratik proseslərin tərkib hissəsidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sözləri ilə desək, “Multikulturalizm Azərbaycanda həyat tərzidir. Ölkəmizdə xalqlar arasında dostluq və həmrəylik buna əyani sübutdur”. Təsadüfi deyil ki, 2016-cı il Azərbaycanda dövlət başçısı tərəfindən “Multikulturalizm ili” elan olunmuşdu”.
Nazir ölkəmizdə müxtəlif xalqların nümayəndələrinin dinc şəraitdə yaşamasını, bunun bir dünya modelinə çevrilməsini söylədi, buna baxmayaraq, Azərbaycan torpaqlarının hələ də erməni işğalı altında olduğunu vurğuladı: “Bu gün planetimiz çox təhlükəli və gərgin bir dövr yaşayır – Yer kürəsini çoxsaylı konfliktlər, müharibələr bürüyüb. Azərbaycan da Ermənistanın təcavüzünə məruz qalıb – ərazisinin 20 faizini itirib, on minlərlə insan, o cümlədən uşaqlar, qadınlar, qocalar həlak olub, minlərlə insan itkin düşüb. Bu müharibə nəticəsində Azərbaycanda bir milyon nəfər qaçqın və məcburi köçkün taleyi yaşayır. Lakin BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı 1993-cü ildə qəbul etdiyi, təcavüzkarın işğal olunmuş ərazilərimizdən çıxmasını tələb edən 822, 853, 874 və 884 saylı qətnamələri 24 il ərzində hələ də yerinə yetirilmir. Bu da insan hüquqlarının kobud surətdə pozulması deməkdir.
Qeyd edim ki, monoetnik Ermənistandan fərqli olaraq, Azərbaycan çoxmillətliliyini və çoxkonfessiyalılığını ən böyük dəyər kimi qoruyur. Təsadüfi deyil ki, Avropanın 15 dövlətində “Azərbaycan multikulturalizmi” fənni tədris olunur”.
Nazir O.Şirəliyev belə forumların fikir və təcrübə mübadiləsi baxımından çox əhəmiyyətli olduğunu dedi və bildirdi ki, konqresin əhatə etdiyi mövzular arasında tibb işçiləri üçün ən mühüm olanı tibbi etika və deontologiya problemidir: “Tibbi etika təbabətin tərkib hissələrindən biri kimi, minilliklər boyu mövcuddur və inkişaf edir. Hippokratın zamanında, İntibah dövründə həkimlər qarşısında qoyulan bir çox norma və tələblər bu günədək öz əhəmiyyətini itirməyib. Qayğı, yardım, dəstək – bütün bu xüsusiyyətlər həkimin professional etikasının başlıca cəhətləridir.
Elmi-texniki tərəqqi tibbi deontologiya sahəsində bir sıra yeni mənəvi problemlərin meydana çıxmasını şərtləndirib. Bu, insanlar üzərində eksperimentlərin aparılması, geni modifikasiya olunmuş məhsullardan istifadə, evtanaziya, transplantologiya, abort problemləri, pasiyent hüquqlarının qorunması, sonsuzluğun müalicəsinin müxtəlif aspektləri kimi məsələlərdir.
Çox vaxt belə forumlarda məsələ qaldırılır ki, tibbi texnika, aparatura, çoxsaylı laborator analizlər həkimi xəstədən uzaqlaşdırıb. Bəzən elə situasiya yaranır ki, həkim xəstəni deyil, xəstəliyi müalicə edir. Bütün bunlar həkimlik sənətinin əsasını təşkil edən təməl prinsiplərin pozulmasına zəmin yaradır. Ancaq məhz belə şəraitdə xəstədə tibb işçilərinin səmimi münasibətinə ehtiyac daha da artır”.
Çıxışının sonunda səhiyyə naziri konqresin mövzusunun tibb elminin ən aktual problemini əhatə etdiyini, bu sahədə hər bir səmimi fikrin diqqətəlayiq olduğunu vurğuladı.
Sonra konqres işini mövzu ətrafında məruzələrlə davam etdirdi. 50 ölkədən 320-dən çox qonağın iştirak etdiyi bu beynəlxalq forum çərçivəsində Assosiasiyanın İcraiyyə Komitəsinin və İdarə Heyətinin iclasları keçirildi.
Bakı konqresində dünyanın aparıcı universitetlərinin professor-müəllim heyətinin “Tibbi hüquq və bioetika sahəsində təhsil”, “Bioetika, din və multikulturalizm”, “Ətraf mühit və tibbi hüquq”, “XXI əsrdə tibbi hüququn və məhkəmə təbabətinin perspektivləri” mövzularını əhatə edən 130-dan çox məruzəsi dinlənildi, 100-ə yaxın poster təqdim olundu. Konqresin elmi proqramına təqribən 275 tezis daxil edilmişdi. Məruzələrin tezisləri beynəlxalq “Tibb və hüquq” elmi jurnalında nəşr olunacaq.шаблоны для dle 11.2





Aprel 2018

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova