Valyuta.com

Afaq Bəşirqızı: “Həkimlərimizin xalatları kimi, bəxtləri də ağ olsun”

Afaq Bəşirqızı: “Həkimlərimizin xalatları kimi, bəxtləri də ağ olsun”

Bəzən hər hansı həmsöhbətinin Azərbaycan tarixində, mədəniyyətində, elmində və s. tutduğu yeri, nə dərəcədə dəyərli olduğunu oxucuya çatdırmaq üçün uzun-uzun təqdimata ehtiyac hiss edirsən. Aktyordursa, rol aldığı tamaşaları, filmləri, musiqiçidirsə, ifa etdiyi və ya bəstələdiyi əsərləri, titullarını, mükafatlarını... xatırlatmadan ötüb keçə bilmirsən. Kiminsə onu unuda biləcəyi, haqqında məlumatsız, qismən məlumatlı olacağı və ya tanımayacağı ehtimalı ilə bağlı tərəddüdlərin olur.
Elə insanlar da var ki, təkcə adı sənin yaza biləcəyindən daha geniş və əhatəli təqdimatdır. Budəfəki həmsöhbətim Afaq Bəşirqızı kimi.
Onun teatrda, televiziya tamaşalarında, filmlərdə yaratdığı, öz dili ilə desək, yaşadığı obrazları sadalamağa ehtiyac varmı?! Və yaxud “Xalq artisti, “Şöhrət” ordenli Afaq Bəşirqızı” deyəndə mükafatların ən dəyərlisini – xalq sevgisini qazanmış insan barəsində təsəvvürümüzdə nəsə dəyişirmi?!


- Söhbətimizə ənənəvi sualımızla başlayaq. Səhhətiniz necədir, Afaq xanım?
- Əla.

- Çox şükür. Sizə müraciət edəndə xəstəlikdən danışmamaq şərtilə müsahibəyə razı oldunuz...

- Sözün düzü, maraq dairəsi səhhətim olanda, bu barədə çox sual veriləndə inciyirəm. İndi çox yaxşıyam. Sağlamlığımda problem olanda cəmiyyət arasına çıxmamağa çalışıram. Mən çətin vəziyyətimin, xəstəliyimin xəbər olmasını heç vaxt sevməmişəm.

- Necə oldu sənətə gəldiniz? Atanızın yolunu davam etdirmək uşaqlıq arzunuz idi?

- Doğrusu, aktrisa olmaq haqqında heç düşünmürdüm. Yəni nə uşaqlıqda, nə də böyüdükdən sonra atamın yolunu davam etdirməyi arzulamamışam. Tamamilə başqa sahəyə marağım var idi. Hətta məktəbdə də hamı bilirdi ki, şərqşünas olmaq istəyirəm. Amma təsadüflər məni sənətə gətirdi. Yəqin bu alın yazım, taleyim idi. Düşünürəm ki, qismətdən qaçmaq mümkün deyil. Mən qaçmağa çalışdım, gördüyünüz kimi, bacarmadım.

- Bu gün geriyə baxanda sizi sənətə gətirən o təsadüflər sizi təəssüfləndirir, yoxsa sevindirir?
- Ömrümün hər anı sevindirir. Mən bu sənətdə mənliyimi, kimliyimi təsdiq etməyi bacardım. Hər an kimin qızı olduğumu xatırladım, Bəşir Səfəroğlunun övladı kimi üzərimə düşən məsuliyyəti hiss etdim, ancaq bu adın kölgəsində gizlənmədim, itib batmadım. Xoşbəxtəm ki, mənim sənətimi sevənlər və qiymətləndirənlər var. Xoşbəxtəm ki, sənətkar adını qazana bildim, xalqın artisti oldum.

- Afaq xanım, oynadığınız rollardan özünüzə bənzəyəni var?

- Yox. Gerçək həyatdakı Afaq səhnədəki Söylüdən də, Suğradan da, Darçınbəyimdən də, Zəhradan da, həyat verdiyim digər obrazlardan da tamamilə fərqlənir. Onlar mənim müşahidələrimdir. Nəinki obrazlarım, ümumiyyətlə, sənətimlə xarakterim arasında həddən artıq təzad var.

- Özünüz səhnədəki güldürən Afaqı çox sevirsiniz, yoxsa həyatdakı ciddi təbiətli, zəhmli Afaqı?
- Gerçək həyatın bütün yumruqlarına dözən, keşməkeşlərindən keçən, daşlı-kəsəkli yollarında dizləri qanayan Afaqı.

- Həyatla bu günə qədərki mübarizənizdə qalibiyyət hansı tərəfdədir?
- Az fərqlə mənim tərəfimdə. Hər zaman istəmişəm ki, həyat məndən aldıqlarını xatırlamasın, məndən qorxsun. Vaxtilə mənə etdiklərini, çəkdirdiyi əzabları, iztirabları, məni əzməsini unutsun.
Məğlub olmağı sevmirəm. Hansısa çətinliyim, problemim olanda da onu özüm həll etməyə çalışıram. Düşüncələrimlə, fikirlərimlə, dərdlərimlə ancaq özümü yora bilərəm. Bunu qarşı tərəfə heç vaxt hiss etdirmirəm. Kiməsə əziyyət vermək istəmirəm. Öz dünyama aid olan şeyləri müzakirəyə çıxarmağı xoşlamıram. Dərdimi sevdiklərimlə də bölüşmürəm. Bu sənətin yükü elə ağırdır ki, onun altına girmişəmsə, deməli, tək daşımağı bacarmalıyam.
Allahın köməyi ilə, hələ ki həyata qalib gələ bilirəm. Allahı çox sevirəm və onun ədalətinə inanıram. Dünyada ən böyük hakim Allahdır. Ona görə də hər zaman insanlara deyirəm ki, bir-birinizi mühakimə etməyin. Kimisə haqlı və ya haqsız yerə mühakimə etmək çox asandır. Amma gerçək mühakimə edənin hüzurunda bunun cavabını vermək çətin olacaq.

- Sizi haqsız yerə mühakimə ediblər?
- Edə bilməzlər. Buna heç vaxt şərait yaratmamışam.

- Allahın ədalətinə inanan biri kimi, Afaq Bəşirqızı özünün cənnəti qazandığını düşünürmü?
- Cəhənnəmdən qorxuram. Çox istərdim cənnətdə olum. Amma hamı kimi, mənim də günahlarım var. Deyirlər cənnətin 3 təbəqəsi var. Bəlkə də 3-cü təbəqədə, yaxşılıqları günahları ilə müqayisədə daha çox olan insanların arasında olaram.

- Özünüz-özünüzə hesabat verirsiz?
- Bəli, verirəm. Bəzən səhvlərim də olur, peşmançılıqlarım da. Amma mən arxaya baxmağı sevmirəm. Geriyə yalnız bir məqsədlə dönə bilərəm – haradan haraya gəldiyimi görmək və qazandıqlarıma görə kimlərə borclu olduğumu unutmamaq üçün.

- Kimlərə borclusunuz?

- Valideynlərimə, 30 ildən artıqdır ömür yolunda birgə addımladığım, dostum, sirdaşım olan həyat yoldaşıma. Məni sevən, hər zaman olduğum kimi qiymətləndirməyi bacaran yaxşı insanlara. Heç kim deməsin ki, “mən tək bacardım”. Hamının həyatda dayağı olur.

- Özünüzü şanslı insan hesab edirsiniz?

- Hərçənd ki, heç nəyə zəhmətsiz nail olmamışam, yenə də özümü şanslı sayıram. Çünki əziyyətim əlimdə qalmayıb. Sərf etdiyim gücün müqabilində hər zaman qazancım olub.

- Afaq ancaq güldürür, yoxsa həm də özü gülür?
- Həm gülür, həm də güldürür. Məni həyatda ürəkdən güldürməyi bacaran insan isə oğlum Səmraldı. Çox güclü yumor hissi var. Onunla danışanda sözün həqiqi mənasında qəşş edirəm.

- Bəs, həyatda qarşılaşdığınız problemlərə gülərək, onları zarafata salmaqla ötüb keçə bilirsiniz?
- Yox, qətiyyən. Həyatda üzləşdiyim problemi kiminsə bilərəkdən yaratdığını görürəmsə, o insanı cəzalandırmaq istəyirəm. Bir insana vəzifə verilirsə, bu o demək deyil ki, oturduğu yeri dağıtmalıdır. Vəzifə verilir ki, xalqı düşün, insanların qeydinə qal. Bu dəqiqə müəyyən dairələrdə çalışan şəxslərin heç biri maaşa işləmir və işləmək fikrində də deyil. Amma onlara heç kim ixtiyar verməyib ki, zəli kimi xalqın qanını sorsunlar. Demirəm qanundan, ya da kimdənsə qorxsunlar. Heç olmasa, Yaradandan qorxsunlar.

- Hazırkı cəmiyyətdə sizi daha çox nə narahat edir?
- Yalan, yaltaqlıq, ikiüzlülük, korrupsiya. Ancaq eyni zamanda, xalqın bu qədər pessimizmə qapılmasından da narahat oluram. İnsanların düşünməsinin tərəfdarıyam, bunun üçün çalışıram. Bəzi rollarımla problemləri qabardanda məqsədim onları müxtəlif təbəqələrdən olan insanların anlayacağı səviyyədə göstərməkdir ki, hər kəs fikirləşsin, çatışmazlıqların aradan qaldırılması üçün yol arasın, addım atsın. Bununla belə, düşünmək başqadır, ruhdan düşmək başqa. Ruhdan düşməməliyik.
Onu da qeyd edim ki, ölkəmizdə bu gün hansı əskikliklər nəzərinizə çarpırsa, bilin ki, o, bütün dünyadadır, təkcə Azərbaycanda deyil.

- Sizcə, sənətinizin zirvəsini fəth etmisiniz, yoxsa?..

- Mən geri çəkilməyi, “artıq zamanım keçib, elədiyimi eləmişəm, möhürümü vurmuşam” deməyi sevmirəm. Bu sözlərdən uzağam. Hesab edirəm ki, zirvə sondur. Hansısa rola möhür vura bilərəm, amma bu, sənətin möhürü sayılmamalıdır. Mən hələ istədiyim rolu oynamamışam.

- Yaradıcılığınızın ilk illərində dramatik rollarda oynamısınız. İstiqaməti dəyişməyinizə səbəb özünüzü komediya janrında görməyinizmi oldu?
- Doğrusu, belə bölgünü qəbul etmirəm. Professional aktyor və ya aktrisanın həm dramatik, həm də komik rollar oynamaq potensialı olmalıdır. Mən hər iki sahədə özümü görürəm. Sadəcə olaraq, həyat elə gətirdi ki, dramatik rollarım komik obrazlarımdan az oldu. İlk səhnə fəaliyyətinə başladığım Lənkəran teatrında da, sonra çalışdığım Sumqayıt teatrında da dramatik rollar oynamışam. Sonradan isə Musiqili Komediya Teatrına keçdim və müvafiq olaraq, yaradıcılığımda komik rollar üstünlük təşkil etdi. Onu da deyim ki, hazırda dramatik obrazlar üçün özümdə böyük potensial hiss edirəm.

- Müsahibələrinizdən birində qeyd edirsiniz ki, indiki qadınların Söylüdən öyrənəcəyi çox şey var. Nəyi nəzərdə tuturdunuz?
- Bu gün cəmiyyətdə gördüklərim məni bu qənaətə gətirib. Əksər qadınlar üçün maddiyyat bütün dəyərlərin önünə keçib. “Niyə başqası bu qədər qazanır, mənim həyat yoldaşım yox? Niyə o bunu aldı, mən yox?” Bu cür xoşagəlməz söhbətlər edirlər, müqayisələr aparırlar. Həyat yoldaşlarına barmaqarası baxan, onları dəyərləndirməyən qadınlar çoxdur. Cəmiyyətdə belə qadınları görmək istəmirəm. Qadın hətta bəzi məqamlarda haqlı da olsa, nəzərə almalıdır ki, haqqında danışdığı onun bir yastığa baş qoyduğu insandır. Ona hörmət etməlidir. Heç olmasa, nəzərə almalıdır ki, zorla, polis gücü ilə ərə getməyib. Öz seçiminə hörmət edə bilməyən insan, deməli, özünə hörmət etmir.
Mən Söylünün sadəliyini, saflığını, səmimiyyətini, insanlığını, ərinə, övladlarına sevgisini, sədaqətini yüksək qiymətləndirirəm. Söylü xoşbəxtliyə qafiyə tapa bilməyən bir “şair”in arvadıdır. Amma onu necə yüksək dəyərləndirir! Qadınlarımızı belə görmək istərdim.

- Moşunun qafiyə tapmadığı xoşbəxtliyə necə tərif verərdiniz?
- Mənim üçün xoşbəxtlik ailəmin, sevdiklərimin yanımda olmasıdır. Onu da deyim ki, mən şir bürcüyəm. Bəlkə də mənə dəyən insana pəncəm gec çatar, amma əzizlərimə, doğmalarıma heç kim toxuna bilməz.
Bir də dünyamızda sülh olsa, insanlar bir-birinə qayğı ilə yanaşsa, çox xoşbəxt olaram.

- Afaq xanım özü falçı Zəhranın qapısını döyüb?

- Yox, heç vaxt. Amma falçıya üz tutanları da qınamıram. Hər yerdən əli üzülən insanı yaşadan ümiddir və həmin ümidi kimin verməsinin o qədər də önəmi yoxdur. Bəzən insanın həyatında elə dözülməz anlar olur ki, istəyirsən kimsə səni aldatsın, desin ki, hər şey yaxşı olacaq. Bu cür düşünəndə fala baxdıranlara bəraət qazandıra bilirəm.

- Səbrli insansınız?
- Həddən artıq. Güzəştə getməyi bacarıram. Amma hər şeyin sərhəddi, bir pik nöqtəsi var. O nöqtəyə çatdımsa, kimliyindən asılı olmayaraq, həmin insan mənim üçün ölür. Hətta onun varlığından belə xəbərdar olmuram.

- Varlığını unutduğunuz belə insanlar çox olub?

- Yox, 5-6 nəfər.

- Deyirlər ki, qadın üçün həm incəsənət sahəsində irəliləmək, həm də uğurlu ailəyə sahib olmaq çətindir. Əksər hallarda qadın sənətçilər bunlardan birini digərinə qurban verməli olurlar. Bəs, siz ailə ilə sənət arasında balansı necə qoruya bildiniz?
- Düşünürəm ki, bu təkcə incəsənət sahəsinə aid deyil. Elə həkim üçün də, müəllim üçün də bu balansı qorumaq eyni dərəcədə çətindir. Sadəcə olaraq, qadınlar zəkalarını işə salmalıdırlar. Ailə ilə sənəti qarışdırmamalı, onların heç birini o birinə qurban verməməlidirlər. Bir də burada ən önəmli şərt anlayışlı, qadınını başa düşən, müəyyən məqamda güzəşt etməyi bacaran həyat yoldaşının olmasıdır.
Mən həm ağlım, həm də məni başa düşən, qayğı ilə yanaşan insanın – həyat yoldaşımın hesabına həm işdə, həm də ailədə uğurlu ola bildim.

- Afaq Bəşirqızı necə anadır?
- Məncə, pis ana deyiləm. Biz oğlumla dostuq. Hər gün onunla ən azı bir saat telefonla danışıram. Hər şeyi bir-birimizlə bölüşürük. O mənim məsləhətlərimi dinləyir, lazım gələndə, mən də onun.

- Deyirlər nəvə övladdan da əziz olur?
- Nəvə əzizdir, çox şirindir. Amma Səmralımın yerini heç kim verə bilməz. Sadəcə olaraq, övladdan qəbul etmədiyin ərköyünlüyə nəvədə göz yumursan.

- Övladınız sizin sənətinizi davam etdirmədi. Bəs, nəvələrinizdən hansınınsa bu sahəyə meyli var?
- Rəşid çox istedadlı uşaqdır. Amma istəmirəm sənətə gəlsin.

- Sənətə yeni gələn gənclərlə bağlı nə fikirləşirsiniz?
- İstəyirəm gənclər bilsinlər ki, sənətlə biznes, sənətlə şou heç vaxt yanaşı gedə bilməz. Əgər kimsə fikirləşirsə ki, oxuyub tamadalıq edəcək və ya dramaturqsuz, rejissorsuz konsertlər verəcək, bu, səhv yoldur. İndi gənclər bu düşüncə ilə sənətə gəlirlər. Mədəniyyət abidədir. Ona şou demək olmaz. Hər çatı malalamaq mümkündür. Ancaq mədəniyyət çat verəndə onu ört-basdır etmək imkansızdır. Ona görə ziyalıları qorumaq lazımdır.
Amma ümidverici gənclər də var. Hamınızın Keyxanım kimi tanıdığı tələbəm Ülviyyə Əliyeva hazırda mənimlə çiyin-çiyinə çalışır. İki gün öncə bir tamaşasına baxdım. Özümdən zərrə gördüm onda. İndi yaxşı oynayır. Bir azdan obrazı lap yaşayaraq yaradacaq.

- Uzun illər Azərbaycan Dövlət İncəsənət Universitetində müəllim kimi çalışmısınız. Niyə davam etmədiniz?

- Artıq beş ildir ki, dərs demirəm. İşlərim çox idi. Əsas səbəblərdən biri də o oldu ki, yeni gələn tələbələrlə tanış olanda onlar etiraf edirdilər ki, başqa sahəni istəsələr də, balları çatmadığı üçün buraya gəliblər. İncəsənət Universiteti, səhnə haqqında heç bir təsəvvürü olmayan bir adam necə mənim tələbəm ola bilər? İstedadı olmayan adamdan necə aktyor yetişdirə bilərəm?

- Həyatda hər kəsin bir məqsədi olur. Afaq Bəşirqızının məqsədi nədir?

- Vicdanlı, qayğıkeş, ədalətli insan olmaq.

- Təəssüfləndiyiniz nə isə var?
- Fikirləşirəm ki, böyük bir ölkənin vətəndaşı olmaq hər kəs üçün, xüsusən istedadı olan sənət adamları üçün dünyada tanınmaq baxımından böyük şansdır, xoşbəxtlikdir. Doğrudur, Moskvada rəsmi qeydiyyatdan keçmiş ilk Azərbaycan teatrını – Bəşir teatrını yaratdım. Rusiyanın 68 şəhərində, 14 xarici ölkədə qastrol səfərlərimiz oldu. Türkiyədə də, İranda da müəyyən qədər tanındım. Çox istərdim ki, dünyada tanınan aktrisa olum. Bəlkə də bunu gec arzulamışam. Bəlkə vaxtında istəsəydim, bu istəyimə də nail olardım. Ancaq sənət sahəsində bir Azərbaycan aktrisasının edə biləcəyindən artığını bacardığıma inanıram.

- Afaq xanım, deyirlər həyat da bir səhnədir. Gerçək həyatda rol oynamaq məcburiyyətində qalmısınız?
- Təəssüf ki, hə. Şekspir deyirdi ki, həyat bir səhnədir, insanlar aktyor. Əvvəllər mən bu fikri qətiyyən qəbul etmirdim. Sonra özüm də oynadım.

- Nə məcbur etdi sizi?
- Həyat adlı rejissor. Amma etiraf edim ki, həyat səhnəsində teatr səhnəsi qədər professional ola bilmirəm.

- Ən çox sevdiyiniz yazar?
- Mopassanı çox sevirəm. Mənim üçün onun qədər həyata açıq gözlə baxa bilən sənətkar yoxdur. Əsərlərini dəfələrlə oxumaqdan bezmirəm.

- Afaq xanım, gülüş hədəfləriniz arasında həkimlərə təsadüf etməmişəm...

- “Afaq gülür, güldürür”də həkim obrazı yaratmışam. Amma heç vaxt həkimlərə mənfi yanaşmağı sevməmişəm. Çünki həmişə taleyim bilavasitə onların əlində olub. Onların necə çətin, ağır peşə ilə məşğul olduqlarını bilirəm. Həkimləri onların özlərindən də yaxşı tanıyıram.

- Azərbaycan həkimlərinə inanırsınız?
- Əlbəttə, onlara etibar edirəm. Mənim axırıncı ağır ürək əməliyyatım da Azərbaycanda, Mərkəzi Neftçilər Xəstəxanasında aparılıb. Həkimlərimin hamısını balam kimi çox istəyirəm. Hər biri çox savadlı gənc mütəxəssislərdir. Respublika Diaqnostika Mərkəzinin həkimlərini də xüsusi qeyd etmək istəyirəm.
Ümumiyyətlə isə, düşünürəm ki, 2 il ərzində Azərbaycan səhiyyəsi dünyanın ən inkişaf etmiş ölkələrinin səhiyyəsi ilə müqayisə olunacaq. Avadanlıq, təchizat baxımından bu gün də müqayisə oluna bilər. Xaricdə təhsil alan savadlı mütəxəssislərimizin sayı ilbəil artır. Səhiyyə naziri həkimlərin fəaliyyəti üçün yüksək şəraitin yaradılmasına çalışır. Ümumiyyətlə, bu sahə dövlət başçısının da diqqətindədir.

- Yeni il ərəfəsində həkimlərimizə arzularınızı eşitmək istərdik.
- Arzu edirəm ki, həkimlərimizin xalatları kimi, bəxtləri də ağ olsun. İstərdim onların heç nəyə ehtiyacları olmasın. Həkimlərimizin timsalında bütün xalqıma xoruz ilində əmin-amanlıq, bol ruzi-bərəkət arzulayıram. Allah yeriyən ayaqları, tutan əlləri, görən gözləri, danışan dili, ağılı insanlardan əsirgəməsin, heç kəs heç kəsə möhtac olmasın.

Ü.FƏRZƏLİYEVA
шаблоны для dle 11.2





İyun 2017

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova