Valyuta.com

Təyyar Bayramov: “Hər bir insanın həyatında musiqi var”

Təyyar Bayramov: “Hər bir insanın həyatında musiqi var”

O, xanəndəlik sənətinə bir qədər gec – 27 yaşında gəlsə də, qısa zamanda şöhrət qazanıb, gənc yaşda Əməkdar artist fəxri adına layiq görülüb. Onu hər birimiz ilk Televiziya Muğam Müsabiqəsinin qalibi, Opera və Balet Teatrının Şah İsmayılı kimi tanıyırıq. Həmsöhbətim muğamlarımızın istedadlı ifaçısı, gözəl səsini sevə-sevə dinlədiyimiz Təyyar Bayramovdur.

- “Tibb qəzeti” olduğumuza görə söhbətə səhhətinizdən başlayaq.
- Səhhətim yaxşıdır. Ümumiyyətlə, mən gec-gec xəstələnirəm. Ciddi ehtiyac olmayınca da həkimə müraciət etməyənlərdənəm. Bu sanki bizim millətin qanındadır.

- Səsinizə qarşı da belə biganəsiniz?
- Əslində, nə səhhətimə, nə də səsimə qarşı biganə deyiləm. Zərərli vərdişlərdən uzağam, tez-tez səs həkiminə müraciət edirəm. Hətta deyərdim ki, səsinin qayğısına qalan, onu qoruyan 5-6 nəfər xanəndə varsa, onlardan biri mənəm. Səsimə zərər verən, onu korlayan qidaları da qəbul etmirəm.

- Qarabağlı uşaqlar adətən oxumağa çox tez başlayırlar. Bəs siz niyə sənətə 27 yaşında gəldiniz? O vaxta qədər səsinizdən əmin deyildiniz, yoxsa xanəndə olmaq istəmirdiniz?
- Əslində, uşaqlıqdan mənə yaxşı səsim olduğunu çox deyiblər. Orta məktəbdə müəllimlərim də valideynlərimə bu barədə bildirmişdilər. Hələ o vaxtlar müxtəlif tədbirlərdə, dərnəklərdə iştirak edirdim. Ümumiyyətlə, bizim nəsildə yaxşı səsi olanlar çoxdur. Amma heç biri bu sənətin ardınca getməyib. Axı, Qarabağda səsi olmaq qeyri-adi hal sayılmırdı. Ona görə mən də uşaqlıq arzuma çatmaq üçün çalışdım, hüquqşünas oldum. Çünki hələ kiçik yaşlarımdan böyüyüb cinayətkarları tutacağımı, onlara qarşı mübarizə aparacağımı düşünürdüm.
Məni xanəndə kimi görmək anamın arzusu idi. Ancaq mən buna qeyri-ciddi yanaşırdım. Bir gün məndən xəbərsiz anam dayımla birlikdə böyük sənətkarımız Mənsum İbrahimovun yanına gedib və deyib ki, oğlumun çox yaxşı səsi var, onu dinləməyinizi xahiş eləyirəm. Mənsum müəllim də razılaşıb. Onda mənim artıq 27 yaşım var idi və bir neçə il idi ki, hüquq mühafizə orqanlarında çalışırdım. Düzü, ilk eşidəndə anama etiraz etdim, nahaq yerə getdiklərini, oxuyan olmayacağımı dedim. Nədənsə, bu sahə mənə çətin gəlirdi. Bəlkə də səbəb xarakterimdə olan utancaqlıq idi. Amma getdim və bir də ayıldım ki, artıq sənətdəyəm. 2003-cü ildə Asəf Zeynallı adına Musiqi Kollecinə daxil oldum. Bir il sonra Opera və Balet Teatrına dəvət aldım. Burada səhnə fəaliyyətimə “Leyli və Məcnun” tamaşasında İbn Səlam obrazı ilə başladım. 2006-cı ildə isə dahi sənətkarımız Müslim Maqomayevin “Şah İsmayıl” operasında baş rol – Şah İsmayıl mənə həvalə olundu. Bu tamaşalarla bərabər, “O olmasın, bu olsun”, “Natəvan” operalarında xanəndə rolunu ifa etdim.
Heydər Əliyev Fondunun keçirdiyi 3 böyük layihənin – 2005-2006-cı illərdə ilk Televiziya Muğam Müsabiqəsinin, 2009-cu ildə keçirilən Ümumrespublika Muğam Müsabiqəsinin və Beynəlxalq Muğam Festivalının qalibi oldum. Bu yaxınlarda 5-ci diskim işıq üzü gördü. Bütün bu uğurlar, eyni zamanda, dövlət başçısının Sərəncamı ilə gənc yaşda Əməkdar artist fəxri adına layiq görülməyim mənim üçün böyük stimul oldu.

- Qısa zamanda bu qədər uğur qazanmaq və sevilmək hər kəsə nəsib olmur. Həyatınızdakı bu qəfil dəyişiklikliklər sizi insan olaraq dəyişmədi ki?
- Həqiqətən də, Televiziya Muğam Müsabiqəsi bizi cəmi 3 ayın içində xalqa tanıtdı və sevdirdi. Həmin dövrdə bir gün görkəmli sənətkarımız Rasim Balayev məni, sənət dostlarım İlkin Əhmədovu və Babək Niftəliyevi kənara çəkib, bizə bir məsləhət vermək istədiyini dedi. Bildirdi ki, mən də sizin kimi qəflətən tanınmışam və xalqın sevimlisinə çevrilmişəm. Bu cür tanınanda insanın özünü nəzarətdə saxlaması bir az çətindir. Çalışın, bu dövrdə özünüzü itirməyəsiniz. Əgər ulduz xəstəliyinə tutulsanız, irəli gedə bilməyəcəksiniz. Çünki uğur qazanmaq nə qədər çətindirsə, onu qoruyub saxlamaq ondan da çətindir.
Bu sözlər hər zaman yaddaşımdadır. Ona görə deyə bilərəm ki, məşhurluq məni dəyişməyib, bir sözlə, ulduz xəstəliyinə tutulmamışam. Bu məsələdə insanın xarakteri, ailədə aldığı tərbiyə də mühüm rol oynayır.

- Tənqidə münasibətiniz necədir?
- Normaldır. Elə əsas tənqidçim də özüməm. Əvvəlki lent yazılarıma baxıram, dinləyirəm, təbii ki, bəyənmədiyim nələrsə olur. Onları düzəltməyə çalışıram. Ustadlara yaxınlaşıb, ifamda hər hansı qüsur görüb-görmədiklərini soruşuram. Hər zaman məni bu sənətə gətirən insanla – ustadım Mənsum müəllimlə, sənət dostlarımla məsləhətləşirəm. Deyilən hər bir fikri nəzərə alıram.
İndi biz öyrənirik ki, gələcəkdə də kimlərsə bizə baxıb öyrənə bilsin. Böyük sənətkarların qoruyub bu günə gətirdikləri klassik muğamlarımızı olduğu kimi gələcək nəslə ötürmək bizim borcumuzdur.

- Muğamı qorumaq demişkən, sizcə, muğamla cazın və digər janrların sintezi, muğamda müəyyən improvizasiyaların edilməsi və s. onun mükəmməlliyinə, özəlliyinə xələl gətirir?
- Əlbəttə ki, yox. Muğamda hər cür improvizasiyalar etmək mümkündür. Onu cazla da, estrada musiqisi ilə də və s. sintez etmək olar. Əsas məsələ professionallıq və işə peşəkar yanaşmadır.
Hətta bir neçə il öncə professor Siyavuş Kəriminin ideyası əsasında Latın Amerikası musiqiçiləri ilə bərabər reallaşdırılan “Salam Hola” layihəsində mən də çıxış etmişəm və yüksək sənətkarlıqla hazırlanmış layihənin iştirakçısı olmaqdan zövq almışam.
Təbii ki, zövqlər müxtəlifdir. Hər ifaçının olduğu kimi, hər ifa tərzinin də öz tamaşaçısı, dinləyicisi var.
Bəzən deyirlər ki, estrada müğənniləri niyə muğam oxuyurlar? Mən bu fikrə çox təəccüblənirəm. Niyə oxumasınlar?! Muğamlar bizim milli musiqimizdir və əlbəttə ki, onların da oxumağa haqqı çatır.
Estrada müğənniləri adətən muğamı dəsgah şəklində deyil, ondan hər hansı bir şöbə oxuyurlar. Və ola bilər ki, kimsə muğamı elə o kiçicik ifada sevər.

- Xarici dövlətlərdə dəfələrlə Azərbaycan musiqisini təmsil etmək necə hissdir? Muğam başqa xalqlar tərəfindən necə qəbul olunur?
- İndiyədək 30-a qədər ölkədə səfərdə olmuşuq, konsert proqramları ilə çıxış etmişik. Elə bir yer deyə bilmərəm ki, orada muğam ifa olunsun və xüsusi heyranlıqla qarşılanmasın, sevilməsin. Tamaşaçılar çox zaman hisslərini gizlədə bilmirlər, konsertdən sonra bizə yaxınlaşırlar, çox bəyəndiklərini, heyrətlə dinlədiklərini ifadə edirlər. Bəzən soruşurlar ki, bu zəngulələri necə etmək olar, yəqin boğazınıza xüsusi aparat yerləşdirmisiniz?
Əlbəttə ki, bütün bunları yaşayan insan Azərbaycan musiqisini təmsil etdiyi üçün ancaq qürur hissi keçirə bilər.

- Həm də müəllim kimi fəaliyyət göstərirsiniz. Tələbə olmaq çətindir, ya müəllim?
- Məsuliyyətli insan üçün hər işin, o cümlədən tələbəliyin də, müəllimliyin də öz çətinlikləri var. Mən müəllimlik fəaliyyətinə 2005-ci ildən başlamışam. Artıq 5 ildir ki, Azərbaycan Dövlət Milli Konservatoriyasında dərs deyirəm. Çalışıram ki, üzərimə götürdüyüm işlərin layiqincə öhdəsindən gəlim.
Mən ustadlarımızın bir fikri ilə də razılaşıram ki, müəllimlik peşəsi ilə məşğul olan zaman xanəndə tələbəni öyrədə-öyrədə özü də öyrənir.
Onu da qeyd edim ki, tələbələrim həm də muğam müsabiqələrində iştirak edirlər. Hətta sonuncu Televiziya Muğam Müsabiqəsində onlardan biri – Məhəbbət Səfərov ikinci yeri qazandı. Onlar səhnədə ifa edən zaman nə qədər həyəcan hissi keçirdiyimi sözlə ifadə edə bilmərəm. Mənim müsabiqələrdə çıxışım başlayandan bitənədək Mənsum müəllimin nələr çəkdiyini onda anladım. Həqiqətən, çox çətindir.
Yeri gəlmişkən vurğulayım ki, belə müsabiqələr gənclərin həyatında öz ifa tərzlərini göstərmələri üçün xüsusi rol oynayır. Əvvəlki nəsillərin uzun yol qət edərək, çətinliklərlə gəldikləri yolu biz qısa müddətdə keçdik. Müsabiqə keçirilən 3-4 ay ərzində orada iştirak edən gənclər xalqın sevimlisinə çevrilir və məşhurlaşırlar. İştirakçılar hər həftə oxuduqları sahənin mütəxəssislərindən nələrisə öyrənirlər. Hər həftə ustadların qarşısında çıxış etmək, repertuar hazırlamaq, canlı efirdə ifa etmək bu sahəyə yeni gələn gənc ifaçılar üçün böyük bir məktəbdir.

- Təyyar müəllim, Ağdamı tərk edəndə oranı xatırlayacaq yaşda idiniz. Darıxırsınız heç?
- Ağdam mənim doğulduğum torpaqdır. Hər zaman, hər dəqiqə darıxıram. Əslən müxtəlif bölgələrdən olub şəhərdə yaşayan insanlar tez-tez doğulduğu rayonlara gedir, əzizlərinin qəbrini ziyarət edirlər. Amma biz doğulduğumuz torpaqların havasını ciyərimizə çəkə bilmirik. Elə qıraqdan baxa-baxa qalırıq. Bu, olduqca ağır hissdir. Ağdamın işğal olunduğu vaxtları yadıma saldıqca əziyyət çəkirəm. O zaman Ağdamın nə vaxtsa işğal oluna biləcəyini heç ağlımıza da gətirmirdik. Yurd yerinin itirilməsinin nə olduğunu, onun ağırlığını bunu yaşayanlar kimi heç kəs hiss edə bilməz. O dəhşətli vaxtlarda atamı itirdim. Atamla birgə Ağdam çox şəhid verdi.
O yerlərlə bağlı o qədər xatirələrim var ki... Amma çətinlik çəkirəm danışmağa. Ağdam tez-tez yuxuma girir. Uşaq vaxtı gedib-gəldiyim yolları yuxuda görürəm. Mən işğal altında olan torpaqlarımızın, o cümlədən də Ağdamın azad olunacağına inanıram və o günü səbirsizliklə gözləyirəm. Allah o günü bizə nəsib edəcək.

- İşinizə olduğu kimi, şəxsiyyətinizə də tələbkarlıqla yanaşdığınızı deyə bilərsinizmi?
- Mən hesab edirəm ki, xanəndə davranışı ilə, mədəniyyəti ilə, insanlara münasibəti ilə, ədəb-ərkanı, geyimi ilə, bir sözlə, hər cəhətdən nümunəvi insan olmalıdır. Amma təkcə efirdə yox, həm də həyatda. Təəssüf ki, sənət adamlarında bu bəzən təzad təşkil edir. Əsas odur ki, vucdanını itirməyəsən.
Əslində, heç kim özü haqqında “vicdansızam” demir. İnsan özü haqqında həmişə yüksək fikirdə olur. Ancaq şəxsən mən çalışıram ki, vicdansızlıq etməyim, kiminsə haqqını tapdalamayım, zəhmətini itirməyim.

- Komplekslisiniz?
- Bəli, çox. Bəlkə də sənətimlə əlaqəlidir. Bəlkə başqa peşə ilə məşğul olsaydım, daha rahat olardım.

- Qismətə inanırsınız?
- Bəli. Məsələn, düşünürəm ki, xanəndə olmaq mənim qismətim, alın yazım imiş.

- Risk edə bilən insansınız?
- Bəli. 27 yaşımda həyatımın istiqamətini tamamilə dəyişə biləcək qədər.

- Nə vaxtsa hüquq sahəsində fəaliyyətinizi yarımçıq qoymağınıza peşman olmusunuz?
- Xeyr. Mənsum müəllim mənə demişdi ki, bu, çox çətin sənətdir, əgər əzmkarlıqla çalışacaqsansa, gəl. Çünki həmin dövrdə mənim yaşım az deyildi, doğru və çox ciddi qərar verməli idim. Qarşıma məqsəd qoydum və ardınca getdim. Peşman da deyiləm.

- Sizcə, real həyatda Leyli və Məcnun məhəbbəti var?
- Dastanlardan, əsərlərdən görürük ki, o cür böyük sevgilər nakam olanlardır. Bəlkə real həyatda da var. İndi ağlıma ancaq İlham və Fərizə gəlir.

- Yeri gəlmişkən, heç Məcnunu oynamaq istəmisiniz?
- Tanıyanlar bilir ki, görkəmimə, səsimə uyğun olduğuna görə Şah İsmayıl mənə çox doğmadır. Artıq 10 ildir ki, səhnədə Şah İsmayıl rolunu ifa edirəm. Məncə, Məcnun mənim görkəmimə uyğun deyil. Amma nə bilmək olar, bəlkə gələcəkdə onu da oynayaram. Onu zaman göstərər.

- İdmanla məşğul olursunuz?
- Vaxtilə yunan-roma güləşi ilə ciddi məşğul olmuşam. Yarışlara da gedirdim. Sonra zədə aldım və bu sahədən uzaqlaşdım.

- Bir çox sənət adamları deyirlər ki, bu sahədə heç kim bir-birinə səmimi dost olmur...
- Mənim xanəndə dostlarım var. Ümumiyyətlə, münasibətim pis olan sənət yoldaşım yoxdur. Çünki heç bir dedi-qoduya əhəmiyyət verən insan deyiləm.

- Sizcə, musiqinin insan sağlamlığına, psixoloji vəziyyətinə təsiri var?
- Əlbəttə. Mən demirəm ki, musiqi cərrahiyyəni əvəz edə bilər, ya hansısa ağır xəstəliyi sağaldar. Amma musiqi insana xoş təsir bağışlayır, ruhunu sağlamlaşdırır, onun psixoloji durumunu yaxşılaşdırır. Məncə, hər bir insanın həyatında janrından asılı olmayaraq musiqi var.

- Bəzən deyirlər ki, muğam insanlarda ruh düşkünlüyü, depressiya yaradır...
- Əgər muğam kimdəsə depressiya yaradırsa, qulaq asmasın. Məncə, ifaçıdan da çox şey asılıdır. Muğam coşqunluq, ruh yüksəkliyi də yarada bilər. Həm də muğamı hər beyin qəbul etmir axı, gərək beyin yetkin olsun. Yaxşı bir deyim də var ki, muğam ayağı yox, başı tərpədən janrdır.

- Sonda həkimlərimizə arzularınızı eşitmək istərdik.
- Mən həkimləri çox istəyirəm. Onlar bizim sağlamlığımızın keşiyində dayanırlar. Bizim hərəmiz bir sahədə xalqa xidmət edirik, onun əsgərləriyik. Həkimlər ön cəbhədə xidmət göstərənlərdir. Çünki onların işi daha çətin və məsuliyyətlidir. Həkimlərimizə sağlamlıq və uğurlar arzulayıram.

Ü.FƏRZƏLİYEVAшаблоны для dle 11.2





Oktyabr 2017

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova